USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Abşeron” yatağı beynəlxalq tərəfdaşlıq platformasıdır

​​​​​​​ Bu layihə Avropanın qaz təchizatına ölkəmizin töhfəsini artıracaq


https://img.baki-baku.az/news/2023/09/photo_7978.jpg

Ötən ayın son günü Azərbaycanın neft-qaz sənayesi tarixində daha bir əlamətdar hadisə ilə yaddaqalan oldu. Həmin gün “Abşeron” qaz-kondensat yatağından ilk qazın alınması dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizə gələn “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi.

Görüş zamanı şirkət rəhbəri“Abşeron” yatağında hasilata başlanılmasını diqqətə çatdıraraq layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verib. İlk hasilat quyusunun ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyu kimi xarakterizə edən Patrik Puyanne qeyd edib ki, bu, yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı, həmçinin “TotalEnergies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, “Total Energies” şirkətinin ölkəmizdə digər layihələrdə iştirakla bağlı maraq ifadə olunub. Bu xüsusda ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.

 “Abşeron” qaz-kondensat yatağından ilk qazın alınmasına həsr olunmuş tədbirdə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğu 2023-cü ildə “Abşeron” qaz-kondensat yatağından ilk qazın alınması Azərbaycan üçün son dərəcə əlamətdar hadisədir. “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlərin intensiv şəkildə davam etdirildiyini diqqətə çatdıran nazir  Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini ifadə edib.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov çıxış edərək dünyada ölkəmizin enerji resurslarına tələbatın artdığı bir vaxtda “Abşeron”un yüksək hasilatla işə düşməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir “Abşeron” yatağının ölkəmizdə qaz istehsalı, istehlakı mənbələrini şaxələndirməklə yanaşı, Avropaya əlavə qaz tədarükünün də mühüm mənbəyi olacağını bildirib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında “Abşeron” qaz-kondensat yatağının tarixi, ötən illər ərzində beynəlxalq tərəfdaşlarla birgə atılan mühüm addımlardan bəhs edib. Dövlət başçısı tərəfindən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqların icrası istiqamətində görülən işlərdən bəhs edən SOCAR prezidenti “Abşeron” qaz-kondensat yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyini bildirib.

“Abşeron” qaz-kondensat yatağından hasilata başlanılmasından məmnunluğunu ifadə edən “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane SOCAR və layihəyə yeni qoşulmuş ADNOC şirkəti ilə əməkdaşlığın daha da möhkəmləndiriləcəyini diqqətə çatdırıb. Tərəfdaş şirkətlərlə birgə “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi üzrə görülən işlərdən danışan Patrik Puyane təbii qazın karbohidrogenlər içərisində ən təmiz yanacaq olduğunu diqqətə çatdıraraq “Abşeron” layihəsinin “TotalEnergies”in aşağı karbonlu enerjiyə keçid öhdəliyinə tam uyğun olduğunu deyib.

ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti) şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi SOCAR və “TotalEnergies” ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında strateji əlaqələrdə və enerji tərəfdaşlığında daha bir mühüm mərhələ olan “Abşeron” yatağından ilk qazın hasil olunmasına həsr edilən tədbirdə iştirakdan məmnunluğunu ifadə edərək təmsil etdiyi şirkətin strateji əhəmiyyətli layihədə oynayacağı mühüm rolu səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz bu ilin iyul ayının əvvəlində hasil edilib. Avqustun 4-də isə SOCAR, “TotalEnergies” və ADNOC  şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payının satışı ilə bağlı saziş imzalanıb. SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin layihədə iştirak payı isə 35 faiz təşkil edir.

Mirbağır YAQUBZADƏ,

 

Ekspert rəyi

İlham ŞABAN,

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

2023-cü il Azərbaycanın neft-qaz sektoru üçün əlamətdar bir il kimi yadda qalacaq. Çünki zəngin qaz yatağı olan “Abşeron”dan ilk qazı əldə etmək mümkün oldu. Buna da gərgin danışıqlar, ətraflı müzakirələr sayəsində nail olundu. Təkcə onu qeyd etmək kifayətdir ki, bu il Fransanın enerji nəhəngi sayılan “TotalEnergies”in top-menecerləri üç dəfə Azərbaycan rəhbərliyi ilə görüşüblər.

Bu baxımdan avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyannı qəbul etməsi də diqqət çəkir. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Fransanın enerji şirkəti rəhbərinin ölkəmizə gəlişi artıq istər “Abşeron” layihəsinin gələcəyi, istərsə də “TotalEnergies”in Azərbaycandakı gələcək fəaliyyəti ilə bağlı razılaşmalardan xəbər verir. Bundan belə nəticəyə gəlmək olar ki, tərəflər “Abşeron” qaz yatağının işlənməsinin növbəti mərhələsinə dair məsələdə qarşılıqlı anlaşma əldə ediblər.

Düşünürəm ki, məsələnin hüquqi çərçivədə həlli artıq qısa müddətdə–məsələn, Neftçilər Günü ərəfəsində baş verə bilər. Bundan əlavə, səfər “TotalEnergies” şirkətinin Azərbaycanın “yaşıl enerji” sektoruna sərmayə qoyması məsləsinin prinsipcə həll olunması qənaətini möhkəmləndirir. Mümkün razılşamalardan biri kimi rəsmi Bakının “TotalEnergies” ilə yeni qaz layihələri (məsələn, “Babək” layihəsi) üzrə gələcək əməkdaşlıq üçün “yaşıl işığın” yandırılmasında maraqlı olduğunu ortaya qoymasını da ehtimal etmək olar.  

O ki qaldı “Abşeron” yatağından ilk qazın əldə edilməsinə, bu, ölkəmiz  üçün son dərəcə əhəmiyyətli bir hadisədir. Çünki Azərbaycan dünyanın enerji bazarında davam edən gərginliyin aradan qaldırılması üçün yeni bir şans qazanır. Düzdür, “Abşeron” yatağının ilkin işlənmə mərhələsi çərçivəsində il ərzində çıxarılacaq 1,5 milyard kubmetr qaz bütünlüklə Azərbaycanın daxili tələbatına yönəldiləcək.  Bununla da, ölkəmiz özünün qaza olan tələbatının ödənilməsi üçün “Şahdəniz” yatağından aldığı, eləcə də qısa müddətli sazişlər əsasında Rusiyadan idxal etdiyi qazı dayandıracaq. Əvəzində isə, bu həcmdə qaz Avropa və Türkiyədəki istehlakçıların tələbatının ödənilməsinə yönəldiləcək.

 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ