USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Polietilen bəlası” – ekoloji epidemiya

60-dan çox ölkə plastic qablardan istifadəni məhdudlaşdırıb


https://img.baki-baku.az/news/2023/08/photo_7760.jpg

Təqribən, yarım əsr əvvəl dünyada plastik qabların və polietilen torbaların istehsalına başlandıqda insanlar bunu rahatlıq kimi qarşılayaraq ondan istifadəyə getdikcə daha çox üstünlük verməyə başladılar. Bu isə maya dəyəri daha ucuz olan, hazırlanmasında saf xammaldan yox, məişət tullantılarından istifadə edilən və daha sərfəli qiymətə başa gələn polietilen torbaların istehsalının ilbəil artmasına səbəb oldu. Bununla da, ətraf mühiti zərərli tullantılarla çirkləndirən daha bir ekoloji terror mənbəyinin əsası qoyuldu.

Statistik məlumatlara görə, hazırda dünyada hər dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Hətta bəzi hallarda həmin torbalar  hara və  necə gəldi, atılır. Çoxları isə bunun ətraf mühitə vurduğu ziyanın fərqində deyil. Belə ki, ekoloqların araşdırmalarına görə, polietilenin çürüməsi torpaqda 800 ilə, dənizdə isə 400 ilə başa gəlir. Bütövlükdə isə, polietilen torbaların qalıqlarının təbiətdə tamamilə yox olması üçün ən azı min il lazım gəlir. Mütəxəssislərin hesablamalarına görə, okean sularında hərəkət edən gəmilərdən ildə 4 milyon kiloqrama qədər polietilen torba dənizə atılır. Bunlar da dənizin dibinə çökərək su mənbələrinin çirklənməsinə səbəb olmaqla yanaşı, canlı aləmin tədricən məhvinə gətirib çıxarır.

Artıq bir neçə ildir ki, dünya plastik və polietilen məhsullardan istifadənin azaldılmasına start verib. Hələlik isə bir sıra dünya ölkələrində çıxış yolu kimi plastik torbalarla alış-verişə davam edən obyektlərin vergiyə cəlb olunmasına, bəzilərində isə pulla təklifinə başlanılıb. Məsələn, Danimarka, Bolqarıstan, İspaniya və digər Avropa ölkələrində polietilen torbalardan istifadə vergiyə cəlb edilir, Hollandiya, İsveç Xorvatiya, Sloveniya, Latviya, Tayvan, Kolumbiya, Mozambik və Cənubi Afrikada pulla təklif edilir. İtaliya, Fransa, Rumıniya və Litvada isə plastik qablardan və polietilen torbalardan istifadə tamamilə qadağan edilib.

Bütövlükdə isə, hazırda dünyanın 60-dan çox ölkəsində plastik torbalardan istifadə ilə bağlı qaydalar müəyyənləşdirilib. Bundan da məqsəd ilk baxışdan istifadəsi rahat görünən, amma ətraf mühitə və insan sağlamlığına zərəri bundan qat-qat narahatlıq doğuran belə məhsullardan istifadəni azaltmaqdan və ya buna tamamilə son qoymaqdan ibarətdir. Amma görünən budur ki, plastik və polietilenlərin törətdiyi ekoloji terrorla mübarizə, heç də, asan başa gəlməyəcək, bundan tam xilas olmaq üçün uzun vaxt lazım gələcək.

 Ölkəmizdə də polietilen torbaların istifadənin azaldılması ilə bağlı bir neçə il əvvəl qərar verilsə də, prosesə başlamaq xeyli vaxt aparıb. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti polietinlərin ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə 2021-ci il fevralın 2-də  mağaza kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satışı ilə bağlı qərar qəbul edib. Cari ilin fevral ayının 15-dən etibarən isə ölkəmizdəki iri ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb.  Hazırda bu torbaların qiyməti ölçüsünə görə 3-5 qəpik arasında dəyişir. Ekoloji təmiz xüsusi torbalar isə daha yüksək qiymətə təklif edilir.

Hökumətin qərarına əsasən ölkəmizin irili-xırdalı ticarət şəbəkələrində satılan polietilen torbalar ayrıca məhsul növü kimi kassa çekində öz əksini tapmalıdır. Buna əməl etməyən ticarət obyektlərini isə 6 min manata qədər cərimə gözləyir. Müşahidələr göstərir ki, hazırda marketlərdə bu qaydaya riayət edilsə də, bir çox təsərrüfat mağazalarında, geyim dükanlarında və digər ticarət mərkəzlərində polietilen paketlərin kütləvi, özü də heç bir ödəniş həyata keçirilmədən istifadəsi davam edir. Ötən 6 ay ərzində ölkəmizdə polietilen torbaların istifadəsi bir qədər azalsa da, ətraf mühitin bu cür zərərli tullantılardan xilası ilə bağlı görülən işləri qənatbəxş hesab etmək qətiyyən mümkün deyil.

Bu da başadüşüləndir. Çünki qadağan edilmiş belə malları əvəz edəcək  alternativlər, demək olar ki, yoxdur. Yəni ölkəmizdə plastik qabların və polietilen torbaların alternativlərinin kütləvi istehsalına, hələlik, başlanılmayıb. Düzdür, son zamanlar marketlərdə çörək və bulka məmulatlarının satışı zamanı kağız torbalardan geniş istifadə olunsa da (həm də onlar üçün heç bir məbləğ tələb olunmur), bu, heç də polietilen torbalardan istifadəni azaltmağa yetərli deyil.

Deməli, yeganə, həm də düzgün çıxış yolu ekoloji cəhətdən daha təmiz kağız və parçadan olan torbaların istehsalına nail olmaqdan ibarətdir. Bunun üçün isə bir sıra stimullaşdırıcı tədbirlərdən istifadə edilməklə özəl sektorda bu sahəyə marağı artırmaq lazımdır. Yəni, ölkəmizdə alternativ məhsulların istehsalının təşkili  hökumət və biznes qurumlarının birgə fəaliyyətindən asılıdır. Əks təqdirdə, 3-5 qəpiyin müqabilində təbiəti və insanlarımızı bu zərərli tullantıların mənfi təsirlərindən qorumaq mümkün olmayacaq.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ