USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çin Şanxay Əməkdaşlıq Təşkilatında ölkəmizin aparıcı tərəfdaşıdır


https://img.baki-baku.az/news/2024/07/photo_13245.jpg

Xəbər verildiyi kimi, iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əli­yev ŞƏT-in sədri statusu daşıyan Qa­zaxıstan Prezidenti Kasım-Jomart To­kayevin dəvəti ilə tədbirdə iştirak edib. Bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplan­tısında ikinci iştirakıdır. Xatırladaq ki, bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkis­tan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. 

Yeri gəlmişkən, Azərbaycanın belə mö­təbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması isə, heç şübhəsiz, ölkəmizin, xü­susilə Prezident İlham Əliyevin dünya miq­yasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Ümu­milikdə, Qazaxıstan paytaxtının “Müstəqil­lik” Sarayında keçirilən “ŞƏT plyus” for­matlı görüşə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar.

Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Qazaxıstan Prezidenti Kasım-Jomart Toka­yev “ŞƏT plyus” formatında görüşdə iştirak edən dövlət və hökumət başçılarını salam­layaraq Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə yüksək səviyyəli əlaqələrinə toxunub. Cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayan Qazaxıstan Pre­zidenti konfransda iqlim gündəliyi ilə bağlı ümumi həmrəyliyin nümayiş etdiriləcəyini əminliyini bildirib, dövlətimizin başçısına qlobal tədbirin keçirilməsində uğurlar arzu­layıb. 

Zirvə görüşü çərçivəsində keçirilən “ŞƏT plyus” toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaş­lıq Təşkilatının Zirvə görüşünə dəvətə görə Qazaxıstanın dövlət başçısına təşəkkürünü bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin ŞƏT-in Zirvə toplantısına ikinci dəfə dəvət aldığını xatırladıb. Dövlətimizin başçısı bu amili Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev, həmçinin Şərq–Qərb və Şimal–Cənub nəq­liyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın inkişafına təkan verdiyini vur­ğulayıb. 

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini xatırladan Prezident İlham Əliyev respublikamızın bu mötəbər iqlim toplantısı çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcəyini, eləcə də inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağını bildirib. Qeyd olunub ki, Azər­baycanın prioritetləri sırasında, həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzis­tensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Bu baxımdan Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yar­dım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

“Biz dünyada ən böyük beynəlxalq təd­bir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Xatırladaq ki, həm ərazisinə, həm də əha­lisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qır­ğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda qurumun 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqa­nıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Mi­sir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myan­ma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. 2022-ci ilin sentyabrında isə Səmərqənd­də keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Astana Sammitində Belarusun da Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəf­daşı statusuna sahibdir. 2016-cı ildə ölkəmiz ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, re­gional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin bey­nəlxalq müstəvidə mühüm rol oynadığı sivi­lizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkə­zində olan məsələlərdəndir.

Yeri gəlmişkən, Şanxay Əməkdaşlıq Təş­kilatının 9 əsas üzvündən ikisi ölkəmizin əsas ticari tərəfdaşlarıdır. Bunlardan da biri Çin Xalq Respublikasıdır. Astana Zirvə toplan­tısı isə ölkəmizin Şanxay Əməkdaşlıq Təş­kilatında dialoq tərəfdaşı olduğu Çin Xalq Respublikası ilə iqtisadi əməkdaşlığında yeni səhifə açıb. Məlum olduğu kimi, Qazaxıstan paytaxtında keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində “Azərbaycan Res­publikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Bir­gə Bəyannamə” imzalanıb. Sənəddə Azər­baycan Respublikası və Çin Xalq Respubli­kasının diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasın­da ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə səmərəli nəticələr verdiyi yekdilliklə vurğu­lanır.

Bütövlükdə isə, ölkəmizin dörd ən böyük ticarət tərəfdaşından biri olan Çinlə iqtisa­di əlaqələrimiz yüksələn xətlə inkişaf edir. 2023-cü ildə Azərbaycanla Çin arasında 3,1 milyard dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilib. Bu ilin əvvəlindən isə bu sahədə yüksək artım müşahidə olunur. Müqa­yisə üçün qeyd edək ki, 2023-cü ilin on ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2,6 milyard dollara yaxın idisə, cari ilin bi­rinci rübündə açıqlanan statistikaya əsasən, bu məbləğ 3 milyarda dolları ötüb. 

İqtisadçı ekspert Eldəniz Əmirov Çinin Azərbaycanın idxal ölkəsinə çevrilməkdə olduğu qənaətindədir. Onun sözlərinə görə, ölkəmizin mövcud nəqliyyat-kommunikasi­ya və enerji dəhlizləri bu dövriyyənin artırıl­masına imkan verir. Eyni zamanda, ikitərəfli iqtisadi münasibətlər, strateji razılaşmalar bu istiqamətdə fəaliyyəti dəstəkləyərək daha da artırır. Ekspert hesab edir ki, Şanxay Əmək­daşlıq Təşkilatında ölkəmizin mövqeyinin güclənməsi Azərbaycan–Çin münasibətlərini daha da möhkəmləndirəcək. 

Bu baxımdan Birgə Bəyannamə iki ölkə arasında bütün sahələrdə olduğu kimi, iqti­sadi-ticarət əlaqələrinin genişləndirilməsini də özündə ehtiva edir. Bəyannaməyə əsasən, tərəflər ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimal­laşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildiriblər. Xüsusi olaraq vurğulanıb ki, tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da güclən­dirmək üçün Hökumətlərarası Ticarət-İqtisa­di Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan–Çin ticarət-iqtisadi əməkdaşlı­ğının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, “yaşıl enerji”, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar. 

Bir məqamı da qeyd edək ki, son za­manlar Çin şirkətlərinin Azərbaycana olan marağında artım tendensiyası müşahidə edi­lir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə ölkəmizdə 300-dən çox Çin şirkəti qeydiyyata alınıb. Həmin şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Ümumilikdə isə, indiyədək Çindən Azərbay­cana 930,8 milyon dollar, Azərbaycandan isə Çinə 263,3 milyon dollar həcmində investi­siya qoyulub.

Azərbaycan və Çinin güclü iqtisadi ta­mamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malik olduğu vurğulanan Birgə Bəyannamə bu baxımdan da müstəsna əhə­miyyət daşıyır. Sənəddə bildirilir ki, tərəflər Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmin­dən tam istifadə edəcək, baxış, planlaşdır­ma və siyasət sahəsində əlaqələri artıracaq, Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz hasilatı və emalı, “yaşıl enerji” və nəqliyyat infrastrukturu, informasiya və telekommuni­kasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar, tikinti materialları və s. kimi prioritet sahələr­də əməkdaşlığı fəal şəkildə təşviq edəcək, bazar iqtisadiyyatı prinsipi əsasında iki ölkə arasında əməkdaşlığı reallaşdıracaq və hər iki ölkə və onların xalqları üçün faydalı nəticələr əldə edəcəklər. 

Ümumilikdə, tərəflər arasında strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslandığını özündə ehtiva edən Birgə Bəyannamə xarici amillərdən asılı olmayaraq iki ölkənin bir-bi­rini etibarlı tərəfdaşa çevirməyi nəzərdə tutur.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Mirbağır YAQUBZADƏ