- Daxili siyasət
- 11:02 02.10.2024
Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin inkişafı məqsədilə sağlam bünövrə yaradılır. İqtisadiyyat Nazirliyindən redaksiyamıza verilən məlumata görə, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının qurulması da bu istiqamətdə həyata keçirilən ən önəmli layihələrdən biridir.
Hazırda hər iki sənaye parkında sahibkarlara biznes fəaliyyətini stimullaşdırmaq üçün müxtəlif güzəştlər əsasında əlverişli şərait yaradılır. Belə ki, burada iş adamları üçün aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulması diqqətdə saxlanılır.
Xatırladaq ki, infrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, eyni zamanda, daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir. Sənaye zonalarının avtomobil və dəmir yolları qovşaqlarının üzərində yerləşməsi isə yüklərin asan daşınmasına imkan verir. Belə bir şərait həm də investisiya xərclərinin qənaət olunmasını, məhsulun maya dəyərinin aşağı salınmasını şərtləndirir.
Bundan əlavə, sənaye parklarında iş adamlarına idarəetmə ilə bağlı məsləhətlər verilir, sənaye üzrə ixtisaslı kadrlar hazırlanır və digər dövlət dəstəyi tədbirləri təşkil olunur.
Ölkəmizin digər yerlərində fəaliyyət göstərən sənaye zonalarından fərqli olaraq, Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında kommunal, xammal, sosial sahələr üzrə əlavə güzəştlər paketi təklif edilir. Burada rezidentlərə qeydiyyata alındıqları vaxtdan başlayaraq 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olmaq imkanı yaradılır. Müvafiq iqtisadi fəaliyyət sahələrinə aid texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumlarından azad olunur.
Bütün bunlarla yanaşı, məcburi dövlət sosial sığorta haqqı da subsidiyalaşdırılır. Bölgədə vergi uçotuna alınan və riskli vergi ödəyicisi olmayan, eyni zamanda, istehsal fəaliyyəti göstərən sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı edilir. Sahibkarlara maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir.
İş adamları bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan da yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarlara məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsi dövlət zəmanəti ilə verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi (https://edf.gov.az) üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək həmin mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
İnsan kapitalının inkişafı məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə iş yeri olan mütəxəssislərə əlavə məzuniyyət verilir və onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır.
Yeri gəlmişkən, Ağdam Sənaye Parkında tikinti materiallarının, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, müxtəlif metal məmulatlarının, eləcə də ayaqqabı və s. məhsulların istehsalı müəssisələri tezliklə istehsal fəaliyyətinə başlayacaq. Yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq artıq bu sənaye parkı rezidentlərinin sayına görə ölkədə ikinci sənaye parkına çevrilib.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlovun bildirdiyinə əsasən, artıq parkın ərazisinin 60 faizdən çox hissəsi sahibkarların uzun müddətlik istifadəsinə verilib. Burada ümumi investisiyaları 200,6 milyon manat olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik verilib. Parkda, ümumilikdə, 1900-dən çox iş yeri yaratmaq nəzərdə tutulub. İndiyədək 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri açılıb.
Bu il Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqlarının və müxtəlif metal məmulatlarının, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların istehsalına başlanılması nəzərdə tutulur. Eyni zamanda, hazırda parkda dövlət vəsaiti hesabına rezidentlər üçün infrastrukturun qurulması, elektrik yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı işğalçıdan təmizlənən ərazilərin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsində, eləcə də sənaye sahəsində məşğulluğun təmin olunmasında mühüm rol oynayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Cəbrayıl rayonunda yaradılıb.
Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınmasına imkan verir.
200 hektar ərazini əhatə edən parkın prioritet istiqamətləri kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Bütün bu amillər həm yerli, həm də xarici iş adamalarının marağına səbəb olub.
Bir sözlə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasında əsas məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil olunması, eyni zamanda, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında mühüm yer tutan sənayeləşmə siyasəti artıq öz real nəticələrini verməkdədir. Hazırda bu bölgədə yerli və xarici investisiyalar hesabına adları çəkilən sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infastrukturun yaradılması sürətlə davam etdirilir.
Vaqif BAYRAMOV