USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın beynəlxalq aqrar sferada nüfuzu artır


https://img.baki-baku.az/news/2024/05/photo_12546.jpg

Xəbər verildiyi kimi, İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa Regional Konfransının 34-cü sessiyası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, tədbirdə 53 ölkədən dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri və aqrar sahədə çalışan mütəxəssislər iştirak ediblər.

Beynəlxalq tədbirdə ölkəmizi kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini  Leyla Cabbarlı, Azərbaycanın İtaliya, San Marino və Maltadakı səfiri Rəşad Aslanov təmsil ediblər.

Tədbirdə çıxış edən FAO-nun baş direktoru Qu Donqyu müasir çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması və ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması məsələlərinə toxunub. Qeyd olunub ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir. Baş direktor belə tədbirlərin aqrar sahənin inkişafı istiqamətində prioritetlərin müəyyənləşdirilməsi işinə mühüm töhfə verdiyini qeyd edib.

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova  çıxışında ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatlardan söz açıb. O, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, bu sahədə reallaşdırılan innovativ layihələr barədə məlumat verib. Qlobal iqlim dəyişikliyinin aqrar sahəyə təsirindən danışan nazir müavini müasir çağırışlar fonunda torpaq və su ehtiyatlarından səmərəli istifadənin zəruriliyini diqqətə çatdırıb. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edən İ. Qədimova iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə ölkəmizdə görülən işlər barədə iştirakçılara məlumat verib. 

Tədbirdə təbii ehtiyatların davamlı istifadəsində innovasiya və rəqəmsallaşmanın rolu xüsusi müzakirə olunub. Mütəxəssislər qlobal iqlim dəyişikliklərinin su mənbələrinə təsirinin idarə edilməsi üçün su ehtiyatlarının sektorlar üzrə bölüşdürülməsi və dəqiq uçotunun aparılmasının, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin aktual olduğunu vurğulayıblar.

Sessiyada, həmçinin əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi fonunda dünyada ərzaq və qida təhlükəsizliyinin təmin olunması ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıblar.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Dünya Ərzaq Təhlükəsizliyi Komitəsinin (CFS) sədri Nosipho Jezile ilə görüş keçirilib. Görüşdə aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi, əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, BMT-nin ixtisalaşmış qurumu olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 1945-ci ildə yaradılıb. FAO dünya əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirir. Hazırda dünyanın 191 ölkəsində fəaliyyət göstərən qurumun 130-dan çox nümayəndəliyi var. 

Azərbaycan 1995-ci il oktyabrın 20-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına üzv olib. FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Həmin layihələr, əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur.

Qurumun layihələri Azərbaycan hökumətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq texniki əməkdaşlıq proqramlarına əsaslanır. 2009-cu ildən etibarən FAO kənd təsərrüfatının inkişafı sahəsində ölkəmizə yardım proqramının hazırlanması prosesinə başlayıb. Bu məqsədlə Azərbaycan üçün 2016–2020-ci illər üzrə FAO-nun Milli Orta-müddətli Prioritetlər üzrə Çərçivə Sənədi hazırlanıb. Hazırda həmin sənəd Azərbaycanın prioritetlərinə uyğun olaraq müntəzəm surətdə yenilənməkdədir. Sözügedən sənəd hökumətin mövcud milli siyasəti və planları çərçivəsində kənd təsərrüfatı üzrə inkişaf prioritetlərinin həyata keçirilməsində FAO-nun ölkəmizə müvafiq sahələrdə və müəyyən olmuş səviyyədə xidmətlər göstərməsini nəzərdə tutur. Sənəd ölkədəki vəziyyətin qısa təhlili və növbəti 3–4 il müddətində FAO-nun  yardımı üçün prioritet tədbirlərdən ibarətdir.

Yeri gəlmişkən, FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün qurumdan dəstək alıb. FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Ötən müddətdə tərəflər aqrar sahədə 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən, qida təhlükəsizliyi yaxşılaşdırılıb.

Hazırda isə FAO tərəfindən Azərbaycanda 21 layihə həyata keçirilir. Ölkəmizdə kənd təsərrüfatının mühüm sahələrindən sayılan heyvandarlığın və balıqçılıığın inkişaf etdirilməsi, fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi, milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi, pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi, kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və digər layihələr bu baxımdan maraq doğurur. 

Mirbağır YAQUBZADƏ 




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Mirbağır YAQUBZADƏ