USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünyanın ölkəmizə “yaşıl” marağı artır


https://img.baki-baku.az/news/2024/05/photo_12495.jpg

Son illər planetmizdə baş verən iqlim dəyişikliklərinin təzahürü olan qlobal istiləşmənin törətdiyi çətinliklər bütün bəşəriyyəti ciddi narahat edir. Müşahidələr göstərir ki, iqlim dəyişiklərinin fəsadları dünyanın ayrı-ayrı ölkələrində temperatur tərəddüdləri ilə yanaşı, sel və daşqınlara səbəb olur ki, bunun da nəticəsində iqtisadiyyatın bir çox sahələrinə, xüsusən də kənd təsərrüfatına ziyan dəyir. 

Bakıda keçirilmiş “Ambisiyaların artı­rılması və fəaliyyətə təkan: COP-29 Da­yanıqlı biznes forumu”nda da bu barədə ətraflı bəhs olunub, iqlim dəyişiliklərinin mənfi təzahürləri və onların aradan qal­dırılması ilə bağlı geniş müzakirələr apa­rılıb, bir sıra maraqlı təkliflər irəli sürülüb. Həmin tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, hazırda iqlim dəyi­şiklikləri müxtəlif ölkələrdə böyük fəsad­lar yaradaraq biznesin və ümumilikdə, iqtisadiyyatın inkişafının qarşısını alır. 

Artıq bütün dünya iqlim dəyişiklikləri ilə mübarizəyə səfərbər olunub. Dünya­nın prioritet elan etdiyi “yaşıl keçid” plat­formasının fəal iştirakçılarından birinə çevrilmiş Azərbaycanda da bu baxımdan mühüm tədbirlər həyata keçirilir. “Ambi­siyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda bu barədə ətraflı məlumat verən nazir Mux­tar Babayev deyib ki, Azərbaycan “yaşıl enerji”yə keçid üçün böyük tədbirlər hə­yata keçirir, sərmayələr cəlb edir. 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçi­rilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də məhz Azərbaycan­da bərpaolunan enerji mənbələrinin po­tensialından səmərəli istifadənin güclən­dirilməsindən ibarətdir. Təsadüfi deyil ki, biznes forumunda COP29-un Azərbay­canda keçirilməsinin təsadüfi xarakter daşımadığını vurğulayan M. Babayev deyib ki, Azərbaycan Prezidenti iqlim də­yişikliyinin təsirinin azaldılmasını prioritet siyasət hesab edir.

Yeri gəlmişkən, ölkəmizin alternativ və bərpaolunan enerji potensialı ilə zən­gin olması artıq öz təsdiqini tapıb. Belə ki, son tədqiqatlar Azərbaycanın quru ərazisində 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının möv­cudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqa­vatı günəş enerjisinin, 380 meqavatı bi­oenerjinin, 520 meqavatı dağ çaylarının payına düşür. Xəzər dənizinin Azərbay­can sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahə­sində potensialı 200 qiqavata yaxın qiy­mətləndirilir.

Hazırda həmin potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm la­yihələr həyata keçirilir, “yaşıl enerji” isteh­salı ilə əlaqədar cəlb olunan sərmayələr nəticəsində ölkəmizin ayrı-ayrı yerlərində günəş, külək və su elektrik stansiyaları tikilir. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Bakının Qaradağ ra­yonunda reallaşdırdığı layihə real fəaliy­yət sahəsinə çevrilib. Ötən ilin oktyabr ayında istismara verilmiş “Qaradağ” Günəş Elektrik Stansiyasında istehsal tədricən artır. Yeri gəlmişkən, bu ilin yan­var–aprel aylarında Azərbaycanın günəş elektrik stansiyalarında 144,4 milyon kilo­vat-saat elektrik enerjisi istehsal olunub, bu da əvvəlki ilin eyni dövrü ilə müqa­yisədə 7,6 dəfə çoxdur. Bununla yana­şı, ilin ilk 4 ayında ölkənin külək elektrik qurğularında 21 milyon kilovat-saat elekt­rik enerjisi istehsal edilib. Yaxın illərdə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə reallaşdırılan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ilə əlaqədar bu sahədə də cid­di artım əldə ediləcək. Hesabat dövrün­də, həmçinin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 90,5 milyon ki­lovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz çoxdur. 

Bütün bunlarla yanaşı, yaxın vaxtlar­da Böyük Britaniyanın BP şirkəri işğal­dan azad olunmuş Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlayacaq. Eyni zamanda qar­şıdakı illərdə ölkənin bir sıra ərazilərində günəş və külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulur. Bütün bu la­yihələrin həyata keçirilməsi nəticəsində 2030-cu ilə kimi ölkəmizin enerji təmina­tının 30 faizi “yaşıl enerji”dən ibarət ola­caq. 

Bugünlərdə isə energetika naziri Pərviz Şahbazovla “China Energy En­gineering Group Co.Ltd” şirkətinin sədri Song Hailiangin rəhbərlik etdiyi və “Chi­na Energy International Group Co. Ltd” şirkətinin sədri Lyu Zexiangin da daxil olduğu nümayəndə heyəti arasında ke­çirilən görüşdə Çinlə “yaşıl enerji” əmək­daşlığının inkişafı müzakirə edilib. Ener­getika Nazirliyindən verilən məlumata görə, görüşdə bərpaolunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin inkişafına və COP29 çərçivəsində Çin şirkətləri ilə birgə fəaliyyətə dair müza­kirələr aparılıb. 

Görüş zamanı Çində və qlobal miq­yasda energetika və infrastruktur sə­nayeləri üçün sistematik, inteqrasiya olunmuş, hərtərəfli inkişaf planları və xid­mətləri təqdim edən “China Energy Engi­neering Group Co.Ltd” şirkətinin həyata keçirdiyi layihələr barədə məlumat verilib. Çin şirkətlərinin ölkəmizdə nəhəng bər­paolunan enerji potensialının reallaşdırıl­ması üzrə genişmiqyaslı fəaliyyət sahələ­rində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb. “Yaşıl enerji” dəhlizləri və inter­konnektorların yaradılması, bərpaolunan enerjinin ixracı, “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı-nəqli, həmçinin enerji saxlanc sistemləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. 

Energetika Nazirliyi ilə “China Gez­houba Group Overseas Investment” şirkə­ti arasında imzalanmış 2 qiqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandu­mundan irəli gələn məsələlər müzakirə edilib. Eyni zamanda 60 və 100 meqavat gücündə günəş elektrik stansiyalarının ti­kintisi ilə bağlı görülən tədbirlər və növbəti addımlar nəzərdən keçirilib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev biznes forumundakı çıxışı zamanı deyib ki, ölkəmizin “yaşıl” potensialından təkcə hökumət deyil, özəl sektor, biznes strukturları da istifadə et­məlidir. Azərbaycanda hazırda dekar­bonizasiya haqqında qanun layihəsinin hazırlandığını diqqətə çatdıran nazirin sözlərinə görə, həmin sənəddə müəs­sisələrin tullantılarının tənzimlənməsi, yeni texnologiyalardan istifadə edərək tullantıların minimuma endirilməsi kimi məsələlər nəzərdə tutulub. “Qanunun qəbulundan sonra atmosferə atılan zərərli maddələrin həcminin daha çox azalması müşahidə olunacaq. Azərbay­can 2030-cu ilə qədər atmosferə atılan zərərli qazları 40 faiz azaldacaq”,–deyə o əlavə edib. 

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Mirbağır YAQUBZADƏ