- Daxili siyasət
- 11:02 02.10.2024
Son illər Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadiyyatın bir çox sahələrində, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edirlər. Dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçılarından olan ölkəmiz regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin də əsas təşəbbüskarı kimi çıxış edir. Artıq Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji”nin ixracı ilə bağlı imkanlarını əlaqələndirməyə başlayıblar.
Mayın 1-də Daşkənddə keçirilən görüşdə adıçəkilən ölkələrin iqtisadiyyat və energetika nazirləri Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin körpü rolunu oynayacaq Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini müzakirə ediblər. Bununla bağlı Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar. Beləliklə, keçmiş sovet müttəfiqləri və indiki tərəfdaşlar Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel çəkməklə öz enerji sistemlərinin inteqrasiyası imkanlarını öyrənəcəklər.
Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumunun imzalanması ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, sənədin icrası “yaşıl enerji”nin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.
Əslində, hər üç ölkənin bu sahədə əməkdaşlığa başlaması üçün imkanları yetərincədir. Zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı üçün də böyük potensialı var. Belə ki, son tədqiqatlar Azərbaycanda 27,5 qiqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun 3 qiqavatı külək enerjisinin, 23 qiqavatı günəş enerjisinin, qalanı isə bioenerjinin və dağ çaylarının payına düşür. Eyni zamanda, ölkənin Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün, təxminən, 157 qiqavatlıq potensialı var. Gözləntilərə gəlincə, Azərbaycan bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır.
Hazırda uran hasilatında lider olan Qazaxıstan da günəş və külək stansiyaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək “yaşıl enerji” mərkəzinə çevrilməyi hədəfləyir. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat-saatdan artıq, günəş enerjisi isə 1 trilyon kilovat-saatdır. Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə, 2050-ci ilə qədər isə 50 faizə çatdırmağı planlaşdırır.
Mərkəzi Asiyanın güclü iqtisadiyyata malik ölkəsi olan Özbəkistan isə “yaşıl enerji”yə dayanıqlı gələcəyin açarı kimi baxır. Ölkədə külək enerjisinin potensialı 520 qiqavat, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kilovat təşkil edir. Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 25 faizə çatdırmağı nəzərdə tutur.
Ekspertlər hesab edirlər ki, belə bir yüksək potensialı hərəkətə gətirməklə bu ölkələr birlikdə Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çevrilə bilərlər. Onların fikrincə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əldə olunmuş razılaşmalar, sadəcə, biznes xarakteri daşımır. Bu, Mərkəzi Asiya ölkələri üçün dünya arenasında rollarını möhkəmləndirmək, Avropa ilə əlaqələri gücləndirmək və vətəndaşları üçün dayanıqlı gələcək yaratmaq şansıdır.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Azərbaycan, Özbəkistan və Qazaxıstanın energetika nazirləri tərəfindən imzalanan Anlaşma Memorandumu çox böyük əhəmiyyətə malik bir sənəddir. Belə ki, əgər 2022-ci ilin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə əsasən Qara dənizin dibi ilə keçəcək sualtı kabelin çəkilməsini nəzərdə tutan layihə həyat vəsiqə almışdırsa, artıq onun gerçəkləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Mayın 1-də baş tutan mərasim isə Azərbaycanı nəinki “yaşıl enerji”nin istehsalçısı və Avropaya ixracatçısı kimi gündəmə gətirdi, həm də ölkəmizin bu növ enerjinin tranziti üzrə vacib bir dövlətə çevrilməsinin reallaşdırılması istiqamətində xüsusi bir addım oldu. Çünki Xəzər dənizinin dibi ilə yüksək gərginlikli elektrik infrastrukturunun çəkilməsi ölkəmizin enerji tarixində yeni bir səhifə açacaq. Eyni zamanda, Azərbaycanın bu məsələdə Mərkəzi Asiya ölkələri ilə razılığa gəlməsi də təsadüfi deyil. Çünki postsovet məkanında alternativ və bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin real istifadəsinə görə Qazaxıstan birinci yerdədir. Təkcə onu demək kifayətdir ki, 2023-cü ildə bu ölkə alternativ və bərpaolunan enerji mənbələrindən 6,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Özbəkistan da son üç ildə günəş elektrik stansiyalarının tikintisinə böyük investisiyalar qoyub. Yeri gəlmişkən, Azərbaycanın “yaşıl enerji” investorları olan “Masdar” və “ACWA Power” şirkətləri bu ölkənin enerji bazarında fəal işləyirlər. Bir məsələni də qeyd edim ki, bir neçə ildən sonra Qazaxıstan “yaşıl enerji” istehsalını 10 milyard kilovat-saata çatdırmaq istəyir. Özbəkistan isə günəş və külək mənbələrindən 3-4 milyard kilovat-saat enerji əldə etməyi planlaşdırır. Azərbaycanda ötən il 200 milyon kilovat-saata qədər günəş və külək enerjisi istehsal olunmasına baxmayaraq, yaxın gələcəkdə bu həcmin, təqribən, 10-15 dəfə artırılmsı planlaşdırılır.
“Yaşıl enerji”nin istehsalı üçün ən vacib amil isə günəş panellərinin və külək turbinlərinin quraşdırılması üçün kifayət qədər sahənin olmasından ibarətdir. Bu baxımdan Qazaxıstan və Özbəkistanın imkanları olduqca yüksəkdir. Belə ki, bu ölkələrin ərazilərinin, təqribən, 80 faizə yaxını çöllük, səhralıq və yarımsəhralıqlar təşkil edir. Həmin ərazilərdən kənd təsərrüfatı və digər məqsədlər üçün istifadə edilmir. Ona görə də “yaşıl enerji” istehsalını daha səmərəli şəkildə, daha ucuz kapital hesabına, yəni əlavə torpaq almadan ərsəyə gətirmək mümkündür.
Sual oluna bilər: nəyə görə Türkmənistan bu sazişdə yoxdur? İş orasındadır ki, hələ 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Agentliyi bu ölkəyə alternativ enerji mənbələrindən istifadə ilə bağlı tövsiyələrini vermişdi. Üstündən 5 il keçməsinə baxmayaraq, Türkmənistanda bu sahədə heç bir irəliləyiş yoxdur. Hətta bu ölkənin statistikasında belə, alternativ enerji mənbələrinin istehsalı ilə bağlı hər hansı məlumata rast gəlinmir. Baxmayaraq ki, Türkmənistanın günəş enerjisini elektrikə çevirmək sahəsində çox böyük potensialı var. Çünki bu ölkənin ərazisinin 80 faizi səhralıq olduğu üçün orada elə panellər yerləşdirmək mümkündür ki, həmin qurğular həm Günəşdən aldığı, həm də qızmar istilərin təsirinə məruz qalan qumun əks etdirdiyi enerjini elektrikə çevirə bilsin. Buna baxmayaraq, Türkmənistan yenə qazdan istifadə etməkdə israrlı olduğundan bu sahəyə meyil göstərmək istəmir.
Mirbağır YAQUBZADƏ