USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kiçik və orta biznes qeyri-neft sektorunun inkişafına təkan verir


https://img.baki-baku.az/news/2024/04/photo_12152.jpg

Ölkə iqtisadiyyatının dinamik inkişafında mühüm rol oynayan özəl sektora, o cümlədən kiçik və orta biznes subyektlərinə dövlət dəstəyi getdikcə gücləndiri­lir. Bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən ölkəmizdə uzun illərdir ki, əlve­rişli biznes və investisiya mühiti hökm sürür. İndi biznes fəaliyyətinə başlamaq istəyən şəxslər özünü daha inamlı və güvənli hiss edirlər. Bunun nəticəsidir ki, son illər sosial-iqtisadi həyatın bütün sahələrində sahibkarlıq subyektlərinin sayı getdikcə artır. Artıq iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilmiş özəl sektor ümumi daxili məhsul istehsalında xüsusi pay sahibinə çevrilib. 

Son 5 ildə Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin sayı 54 faiz artıb. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi­nin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun dediyinə görə, hazırda ölkənin qeyri-neft sektorunu əhatə edən layihələrin əksəriyyəti məhz sahibkarla­rın səyləri və onların vəsaitləri hesabına reallaşdırılır. 

Qurum rəhbəri 25 aprel – Sahibkarlar Gününə həsr olunmuş tədbirdə bildirib ki, bu müddətdə KOB-ların qeyri-neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5 fa­izdən 27,2 faizə yüksəlib. Onun sözlərinə görə, son 5 ildə kiçik və orta biznes su­byektlərinin yaratdığı əlavə dəyər 74 fa­izdən çox artaraq, təqribən, 17,2 milyard manat təşkil edib. KOB-ların işçilərinin sayında da müsbət dinamikanın müşa­hidə olunduğunu vurğulayan O. Məmmə­dov deyib ki, hesabat dövründə bu göstə­rici 31 faiz artaraq 370 min nəfəri keçib. 

Bu ilin birinci rübündə KOBİA tərə­findən kiçik və orta biznes subyektlə­rinə 152 biznes-planın hazırlanmasında dəstək göstərilib. Qurum, həmçinin 800-dən çox KOB subyetinin və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biz­nes biliklərinin artırılmasına kömək edib. Bununla yanaşı, yanvar-mart aylarında KOB subyektləri üçün 75 təlim keçirilib, 208 sahibkara məsləhət xidməti göstəri­lib.

Son illər ölkədə KOBİA-nın təsis etdi­yi “Startap” şəhadətnaməsinə də maraq xeyli artıb. Bu da təsadüfi deyil. Çünki bu sənəd KOB subyektlərini şəhadətnamə­ni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddə­tinə azad edir. Kiçik və Orta Biznesin İnki­şafı Agentliyinin məlumatına görə, 2024-cü ilin yanvar–mart aylarında 26 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün quruma müraciət edib. Agentlik­dən bildiriblər ki, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən ekspertlər şurası tərəfindən hesabat dövründə 16 mikro və kiçik sahibkara belə şəhadətnamələ­rin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarlıq subyekt­lərin 11-i hüquqi, 5-i fiziki şəxsdir. Onlar­dan da 15-i mikro, 1-i isə kiçik sahibkar­lıq subyektidir. “Startap” şəhadətnaməsi almış layihələr təhsil, ictimai-iaşə, İKT, sənaye kimi sahələrdə innovativ həllə­ri nəzərdə tutan onlayn platformaların, mobil tətbiqlərin yaradılması, müxtəlif cihaz və qurğuların istehsalını nəzərdə tutur. Ümumilikdə, ölkə üzrə indiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Azərbaycanda keçiriləcək COP29 və “Yaşıl Dünya Naminə Həmrəylik ili” tədbir­ləri fonunda biznesin “yaşıl” transforma­siyası mühüm əhəmiyyət kəsb edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KO­BİA) İdarə Heyətinin sədri Orxan Məmmə­dovun dediyinə görə, 2024-cü il ərzində KOB-ların “yaşıl” iqtisadiyyatda rolunun artırılması məqsədlə yeni institusional tə­sisatın və təşviq mexanizmlərinin yaradıl­ması üzrə təkliflər hazırlanacaq. “KOBİA, həmçinin Azərbaycanın biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyasının “Ekoloji, sosial və korporativ idarəetmə standartları” altqrupuna rəhbərlik edir. Sö­zügedən altqrup çərçivəsində fəaliyyətlər ətraf mühit məsələlərinin də geniş əhatə olunduğu Ətraf mühit, sosial və idarəetmə prinsiplərinin Azərbaycanda tətbiqinin təş­viqini hədəfləyir”, – deyə O.Məmmədov əlavə edib.

Agentlik rəhbəri deyib ki, resurs baxı­mından səmərəli və qənaətli texnologi­yaların tətbiqi, eləcə də “yaşıl” innovasi­yaların biznes proseslərinə inteqrasiyası kiçik və orta biznes subyektlərinin xərc­lərinin optimallaşdırılmasına, məhsuldar­lığının yüksəldilməsinə və rəqabət qabi­liyyətinin artırılmasına böyük ölçüdə təsir göstərməklə yanaşı, istehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılmasına, eləcə də “yaşıl” məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. 

Bir məqamı da qeyd edək ki, ölkə­mizdə kiçik və orta sahibkarlığın sti­mullaşdırılması məqsədilə KOB evləri yaradılır. Artıq Bakı, Xaçmaz və Yevlax şəhərlərində KOB evləri fəaliyyət göstə­rir. Bu yaxınlarda isə daha bir KOB evinin Gəncə şəhərində fəaliyyətə başlaması nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, Kiçik və Orta Biznesin İnkişafı Agent­liyinin struktur bölməsi olan KOB evləri sahibkarlara dövlət və biznes xidmətlə­rinin təqdim olunduğu vahid məkandır. Sahibkarlar bu məkana daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət ediblər. KOB evlərində, həmçinin biznes subyektlərinə investi­siya təşviqi sənədləri də təqdim olunur. Qeyd edək ki, investisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Mə­cəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnves­tisiya təşviqi sənədini almış sahibkarlar 7 il müdətində mənfəət və gəlirin 50 fa­izinin vergisindən, əmlak və torpaq ver­gisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan azad edilir. Ötən müddətdə ölkəmizdə sahibkarların 588 layihəsinə investisiya təşviqi sənədi verilib.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Qara fikirlərə işıq salan cavab
  • Daxili siyasət
  • 10:14 09.05.2024
Qara fikirlərə işıq salan cavab
Məğlub millətçilər İrəvanda sülhə qarşı
  • Daxili siyasət
  • 13:29 08.05.2024
Məğlub millətçilər İrəvanda sülhə qarşı
Fransa siyasi qızdırma ağuşunda
  • Daxili siyasət
  • 12:26 08.05.2024
Fransa siyasi qızdırma ağuşunda

Mirbağır YAQUBZADƏ