USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda elektromobillərə “yaşıl işıq” yandırılır


https://img.baki-baku.az/news/2024/04/photo_12026.jpg

Son illər dünyanın avtomobil bazarında elektriklə işləyən nəqliyyat vasitələrinə tələbatın getdikcə artması müşahidə olunur. Artıq dünyanın nəhəng avtomobil istehsalçıları ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədilə elektromobillərin istehsalını ildən-ilə genişləndirirlər. 

Azərbaycanda da elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər müəyyənləşdirilib. Adıçəkilən sənəddə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün də bir sıra tədbirlər nəzərdə tutulur. 2024-cü il martın 7-də isə dövlət başçısı “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” sərəncam imzalayıb. 

Aprelin 17-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə ölkə Prezidentinin sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib. Baş nazir dövlət başçısının sərəncamından irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər.  Daha sonra elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb. İclasın yekununda qarşıda duran vəzifələrin icrası istiqamətində irəli sürülən təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

Yeri gəlmişkən, son illər dövlətin elektromobillərin istifadəsinin təşviqi istiqamətində həyata keçirdiyi bir sıra stimullaşdırıcı tədbirlərin müsbət nəticələri getdikcə daha çox hiss olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2020-ci ildə Azərbaycana elektrik mühərriki ilə işləyən 191 avtomobil idxal olunmuşdusa, 2023-cü ildə onların sayı 3190-a çatıb. Statistikaya əsasən, ötən il ölkəyə gətirilən elektromobillərə 125 milyon 268 min ABŞ dollar xərclənib. Bu tendensiya cari ilin birinci rübündə də davam edib. Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, yanvar-mart aylarında Azərbaycana 35 milyon 308 min dollar dəyərində 830 ədəd elektromobil idxal olunub. 2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 18 milyon 340 min dollar və ya 2,1 dəfə, miqdar ifadəsi ilə 422 ədəd və ya 2 dəfə artıb. Bu da elektrikli avtomobillərə marağın getdikcə artmasının göstəricisidir. 

Bununla yanaşı, elektrikdoldurma məntəqələrinin yaradılmasında istifadə olunan cihaz və avadanlıqların idxalının da gömrük rüsumlardan azad edilməsi müsbət məqamlardan biri kimi diqqət çəkir. Ekspertlər hesab edirlər ki, elektromobillərdən istifadənin təşviqi üçün təkcə idxal və satış qiymətlərinin azaldılması deyil, əlverişli infrastrukturun yaradılması da vacib məsələdir. Yəni ölkədə elektromobillərin kifayət sayda şarj məntəqələri, ehtiyat hissələri anbarları olmalı, onlara keyfiyyətli servis xidməti göstərilməlidir. 

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.  Bu məqsədlə işçi qrupun yaradıldığını bildirən R. Səttarzadənin sözlərinə görə, qurumun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər nəticəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişlənib.

Elməddin MURADLI, 
nəqliyyat üzrə ekspert

Hazırda dünyada trendə çevrilmiş yeniliklərdən, texnologiyalardan biri də  elektriklə işləyən avtomobillərdir. Bu avtomobillər ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bir ideya olaraq meydana çıxıb və artıq dünyanın böyük bir hissəsində yayılmağa başlayıb. Azərbaycanda da elektromobillərə çox böyük maraq, tələbat var. Xüsusən də, Çin istehsalı olan avtomobillər qiymətinə görə əlçatan olduğu üçün daxili bazara daha çox daxil olur. İnsanlar da bu avtomobillərdən həvəslə istifadə edirlər. 

Bununla belə, hələlik, ölkəmizdə elektrik avtomobilləri üçün geniş baza yoxdur. Maddi-texniki təminatın mövcud səviyyəsi insanlarda belə avtomobilləri almaqda bir qədər tərəddüd yaradır. Onları belə avtomobillərdən istifadə zamanı texniki xidmətin necə olacağı, ehtiyat hissələrinin tapılıb-tapılmaycağı, bu sahədə bacarıqlı ustaların xidmətindən lazımi anda istifadə edə biləcəkləri kimi məsələlər düşündürür. Ən vacib və ciddi narahatlığa səbəb olan məsələ isə  elektrikdoldurma məntəqələri ilə bağlıdır. Hesab edirəm ki, bu sahədə ciddi addımlar atılmalıdır. Aidiyyəti qurumlar cənab Prezidentin bununla bağlı verdiyi tapşırıqları vaxtında icra etsələr, ölkədə elektrikdoldurma stansiyalarının sayı sürətlə artacaq. Eyni zamanda,  insanların bu avtomobilləri yalnız Bakıda deyil, bölgələrdə də rahat idarə etmələri üçün hər yerdə lazımi infrastruktur qurulmalıdır. Beynəlxalq təcrübəyə baxsaq, görərik ki, hətta bir sıra ölkələrdə elektromobil alan insanlara dövlət tərəfindən müəyyən güzəştlər edilir, kompensasiyalar verilir. Məsələn, elektrikdoldurma qurğusu, cihazı ona hədiyyə olunur. Bəzi hallarda isə onun çəkdiyi xərcin 60-70 faizini dövlət özü qarşılayır ki, insanlar buna maraq göstərsinlər.

Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Düzdür, son dövrlər müəyyən dəyişikliklər müşahidə olunur, bu sahədə kifayət qədər stimullaşdırıcı addımlar atılır. Ölkəyə gətirilən elektromobillərə gömrük güzəştləri tətbiq olunur, belə nəqliyyat vasitələri əlavə dəyər vergisindən azad edilir. Cənab Prezidentin tapşırığı ilə ölkədə elektrikdoldurma stansiyalarının sayının artırılması ilə bağlı işlər görülür. Bununla yanaşı, tikinti şirkətlərinin üzərinə belə bir məsuliyyət qoyulmalıdır ki, onlar da inşa etdikləri yeni binaların həyətlərində, qarajlarında tikinti normalarını gözləməklə sakinlər üçün elektrikdoldurma stansiyaları yaratsınlar. 

Yeri gəlmişkən, gələcəkdə elektromobillərlə bağlı müəyyən fəsadların olması ehtimalı da var. Çünki elektriklə işləyən avtomobillər üçün istehsal olunan batareyaların utilizasiya prosesi bir qədər çətin görünür. Bu prosesin necə tənzimlənməsi insanları çox düşündürür. Bununla belə, gələcəyə çox da bədbin yanaşmamalıyıq. Ümid edirəm ki, bunun da müvafiq həll yolu tapılacaq.

Mirbağır YAQUBZADƏ 




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

Mirbağır YAQUBZADƏ