- Daxili siyasət
- 11:04 16.09.2024
Əhalinin bu həyat iksirinə illik tələbatı 10 milyard kubmetrdir
Dünən Bakı Su Həftəsi çərçivəsində Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı (“Baku Water Week”) öz işini davam etdirib. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxış edərək bildirib ki, uzunmüddətli perspektivdə əsas hədəf suyun insanlar və cəmiyyət tərəfindən dəyərinin doğru anlaşılması və doğru qəbul olunmasını təmin etməkdir. “Söhbət suyun qiymətindən deyil, məhz ona verilən dəyərdən gedir. Bu istiqamətdə, ilk növbədə, qanunvericilik bazasının yaradılmasına ehtiyac var. Bununla yanaşı, institusional dəyişikliklər görülməlidir. Biz regionlarda “bir pəncərə” prinsipinin tətbiq etmək istəyirik. Yəni insanlarımız su dedikdə, bizim quruma müraciət etsinlər. Məqsədimiz nəticə etibarı ilə dayanıqlı və etibarlı su təminatını təmin etməkdir”,– deyə agentlik sədri əlavə edib.
Qeyd olunub ki, son zamanlar ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı mühüm layihələr həyata keçirilir. bu məqsədlə ölkə ərazisində 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub ki, hazırda həmin kanalların 2-də işlər artıq başlamaq üzrədir, 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 12-də isə hazırlıq işləri tamamlanmaq ərəfəsindədir. Bununla yanaşı, ölkə ərazisində 13 su anbarının yenidən qurulması nəzərdə tutulur ki, artıq onların 2-sində bərpa işləri başa çatdırılıb.
Agentlik sədri, həmçinin deyib ki, cari ilin ortalarına kimi Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir. Paralel olaraq digər anbarların da texniki-iqtisadi əsaslandırılması üzrə işlərin aparıldığını diqqətə çatdıran Z.Mikayılov deyib ki, Həkəri çayı üzərində Zabuxçay su anbarının tikintisinə dair layihə-smeta sənədlərinin hazırlanıb, Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət A.Ş.” tərəfindən tikinti-quraşdırma işləri aparılır. Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsi üçün şirkətlə 128,2 milyon manatlıq müqavilə imzalanıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə çıxışında qeyd edib ki, hazırda dünyada su ehtiyatlarının təxminən 70 faizi aqrar sahədə istifadə olunur. Azərbaycanın da bu mənada istisna olmadığını vurğulayan nazirin sözlərinə görə, ölkəmizdə təxminən 1,5 milyon hektara yaxın suvarılan sahə mövcuddur ki, bunun da 78 faizini birillik, 9 faizini çoxillik, təxminən 13 faizini isə böyük sahələrin suvarılması təşkil edir.
Nazir, həmçinin bildirib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan sahələrdən əldə olunur. Onun sözlərinə görə, məhsuldarlığın artırılması və sudan səmərəli istifadə üçün suyun sistemli şəkildə idarə olunmasına nail olunmalıdır. Qeyd olunub ki, dünyada baş verən iqlim dəyişiklikləri ölkəmizdən də yan keçməyib. Elə ötən il ölkəmizdə 160 min hektara yaxın sahənin quraqlığa görə məhv olması da qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərinin nəticəsidir.
“Bakı Su Həftəsi” sərgisinə həsr olunmuş konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək bildirib ki, su problemi Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbirində iştirakçı dövlətlər qarşısında qaldırılacaq. Onun sözlərinə görə, COP29 zamanı məhz su təhlükəsizliyi, uyğunlaşma planı strategiyaları ilə bağlı danışıqların aparılması planlaşdırılır. “Təbii ki, region səviyyəsində əməkdaşlıq mexanizmindən bəhrələnə bilmirik. Dünyada 153 ölkə qonşu dövlətlərdən gələn sulardan istifadə edir. Təxminən 3 milyard insan bir neçə ölkənin ərazisində yerləşən çayların hövzəsində yaşayır. Bu səbəbdən beynəlxalq əməkdaşlığın önəminə region ölkələrinin diqqətini cəlb etməliyik”, – deyə U.Tağıyeva vurğulayıb.
Nazir müavini daha sonra qeyd edib ki, bu gün ölkədəki su problemini şəhər əhalisi bir o qədər hiss etməsə də, fermerlər qıtlıqdan ciddi əziyyət çəkirlər. Ü.Tağıyeva hesab edir ki, qıtlığa səbəb olan amil əhalinin artımı və sudan düzgün istifadə edilməməsidir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov çıxışında ölkəmizin su ehtiyatları ilə bağlı məsələlərdən bəhs edib. Azərbaycanın su ehtiyatlarının məhdud olan ölkələrdən olduğunu vurğulayan müşavir bu səbəbdən də şirin sudan səmərəli istifadə etməyin vacibliyini önə çəkib. Ölkəmizin şirin suya olan illik tələbatının 10 milyard kubmetr təşkil etdiyini söyləyən müşavirin sözlərinə görə, su ehtiyatlarımızın əsas hissəsi transsərhəd çaylardan asılıdır ki, bunun da 90 faizi Böyük və Kiçik Qafqaz dağlarının hesabına formalaşır. Qeyd olunub ki, 2020-ci ildən bu yana Azərbaycanda su anbarlarında təqribən 5 milyard kubmetrdən çox su toplanıb ki, bu da ciddi tənzimləmə, dürüstləşdirmə və qrafiklər nəticəsində mümkün olub. “Ötən ilə nisbətən anbarlarda olan su ehtiyatları 3 milyard kubmetr daha çoxdur. Bunlar yaxşı nəticələr olsa da, üzünmüddətli strategiyaya və inkişaf yoluna baxdıqda toplanan su bir il və ya ilin yarısına bəs edəcək həcmdədir”, – deyə o əlavə edib.
Agentlik sədrinin müşaviri daha sonra deyib ki, son 20 ildə Azərbaycanda buzlaqların əriməsi 13 kilometrə çatıb. Onun sözlərinə görə, mövcud buzlaqların 80 faizi əsrin sonuna qədər tükənəcək ki, bu da o deməkdir ki, ölkədəki mövcud kiçik dağ çaylarının əksəriyyəti tamamilə quruyacaq, digər qismi isə mövsümi çaylara dönəcək. Ə.Şirinovun sözlərinə görə, iqlim dəyişikliklərinin sürətini, urbanizasiyanı və əhalinin artımını nəzərə alsaq, Azərbaycan qətiyyətlə yeni müasir texnologiyaların istifadəsinə, yeni əməkdaşlıqlara açıq olmalıdır.
Konfransda çıxış edən “Hidroloq” MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru, Əməkdar mühəndis Əhməd Məmmədov isə bildirib ki, son üç ilin məlumatına əsasən, Mingəçevir su anbarının səthindən ildə 1,2-1,4 milyard kubmetr su buxarlanır ki, daha əvvəllər bu rəqəm 1 milyard kubmetr təşkil edib. Tanınmış mütəxəssisin sözlərinə görə, Azərbaycanın daxili su ehtiyatı illik orta hesabla 10 milyard kubmetr təşkil edir ki, bunun da 1,4 milyard kubmetri buxarlanır. Qeyd olunub ki, su anbarlarının tikintisi bir çox məsələlərin həllinə kömək etməklə yanaşı, həmin sututarların səthindən böyük buxarlanmalar müəyyən problemlər də yaradır.
Baş mütəxəssis daha sonra qeyd edib ki, düzənlikdə tikilən su anbarlarında itkilər dağətəyi ərazilərə nisbətən daha çox olur. “Yağan qarların əksəriyyəti artıq fevral ayından əriyib. İqlim dəyişikliyindən əvvəl isə qarlar may ayında əriməyə başlayırdı. Bu, su anbarlarının tikintisini vacib edir. Amma anbarları düzənlik yox, dağətəyi yerdə tikməliyik. Çünki dağətəyi yerdə tikilən su anbarı ilə düzənlikdəki su anbarı arasında su itkilərində 15-20 faiz fərq var”,– deyə Ə.Məmmədov bildirib.
Mirbağır YAQUBZADƏ