- Daxili siyasət
- 11:04 16.09.2024
Yaxın zamanlarda Azərbaycanda elektriklə işləyən avtomobillər üçün enerji doldurma məntəqələri quraşdırılacaq. Bu məsələ Prezident İlham Əliyevin “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” 7 mart 2024-cü il tarixli Sərəncamında öz əksini tapıb.
Dövlət başçısının imzaladığı sənəddə qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.
Məlum olduğu kimi, bu ilin noyabr ayında ölkəmizdə qlobal iqlim dəyişikliklərinin təzahürlərinə qarşı mötəbər beynəlxalq tədbir keçiriləcək. Bununla əlaqədar olaraq Prezident İlham Əliyevin məlum sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Heç şübhəsiz, bütün bunlar dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına ölkəmizin verdiyi ilkin töhfələrdir. Elə dövlət başçısının sərəncamında da qeyd olunduğu kimi, COP29-un Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.
Ölkəmizdə elektromobillərdən istifadənin təşviqini nəzərdə tutan sərəncam da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sözügedən sənədə əsasən, Nazirlər Kabineti elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bununla yanaşı, hökumət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən eməli, elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülməsini təmin etməlidir.
Yeri gəlmişkən, ekspertlər hesab edirlər ki, yaxın illərdə Azərbaycanda elektriklə işləyən avtomobillərdən istifadə geniş vüsət alacaq. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini Sahib Xəlilov bildirib ki, bu il ərzində ölkəmizdə elektromobilliklə bağlı geniş proqram təsdiq olunacaq. Onun sözlərinə görə, 2025-ci ildən sonra Azərbaycanda elektrik avtomobillərin istifadəsi sahəsində sıçrayış baş verəcək.
Qeyd edək ki, 2024-cü ilin ilk ayında Azərbaycana 9 milyon 663 min dollar dəyərində 239 ədəd elektromobil idxal olunub. Dövlət Gömrük Komitəsinin bununla bağlı hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 4 milyon 725 min dollar və ya 95,7 faiz, miqdar ifadəsi ilə 120 ədəd və ya iki dəfə artıb.
Ərşad HÜSEYNOV,
nəqliyyat üzrə ekspert
Prezident İlham Əliyevin məlum sərəncamı Azərbaycanda elektromobillərin kütləviləşməsinin, onlardan geniş istifadə olunmasının qarşısında duran maneələrdən birinin aradan qaldırılmasına yönəlib. Həmin maneə isə ölkəmizdə elektromobillərin elektrik enerjisi ilə doldurulması şəbəkəsinin azlığı ilə bağlıdır. Hazırda belə məntəqələrə yalnız Bakı şəhərinin bəzi yerlərində rast gəlmək mümkündür. Rayonlarımızın əksəriyyətində isə bu şəbəkələr, demək olar ki, yoxdur. Bu səbəbdən də elektriklə işləyən avtomobillərdən istifadə edənlər konkret olaraq uzaq məsafələrə səyahət etməkdə çətinlik çəkirlər. Rayonlarda yaşayanlar isə, demək olar ki, elektromobillərdən istifadə etmirlər. Düşünürlər ki, elektromobil alsalar, rayonda onu istismar edə bilməyəcəklər. Bu olduqca aktual problemdir. Çünki Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil. Avtomobilləşmə prosesinə ölkənin hər yerində eyni şəkildə yanaşılmalıdır.
Elektromobillərin populyarlaşması ölkəmizdə 2018-ci ildə qəbul olunmuş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vacib bir istiqamətin tərkib hissəsidir. Həmin istiqamət də ondan ibarətdir ki, ölkəmizin kifayət qədər köhnə olan avtomobil parkını müəyyən tədbirlər hesabına tədricən yenilənməsinə ehtiyac var. Bunun üçün Azərbaycanda artıq utilizasiya ilə bağlı qanunvericilik qəbul olunub. Bununla yanaşı, elektromobillərin ölkəyə idxalı ilə bağlı çoxsaylı güzəştlər müəyyən olunub. Həmin güzəştlərə əlavə dəyər və aksiz vergilərindən azadolunma, hətta gömrük rüsumunun sıfır səviyyəsində hesablanması kimi mühüm tədbirlər daxildir. Eyni zamanda 2021-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, elektrik mühərrikli avtomobillərin şarj edilməsi üçün tələb olunan ikinci və üçüncü səviyyəli doldurma avadanlıqları, eləcə də onların Azərbaycana idxalı və ölkə ərazisində satışı 3 il müddətinə, 2025-ci il yanvarın 1-dək əlavə dəyər vergisindən azad olunmuşdu.
Yeni sərəncamda o da nəzərdə tutulur ki, sahibkarlıq subyektlərinin marağının artırılması, bu işin təkmilləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilsin. Böyük ehtimalla Vergi Məcəlləsində də yeni güzəştlər müəyyənləşdirilə, sahibkarlara daha əlverişli şərtlərlə kreditlərin verilməsi məsələsi ortaya çıxa bilər. Bu sahədə fəaliyyət göstərən sahibkarlara elektrik enerjisinin ucuz qiymətə satılması məsələsini də ehtimal etmək mümkündür. Prezident sərəncamında diqqətçəkən məqam ondan ibarətdir ki, “AzərEnerji” və “Azərişığ”a elektrikdoldurma məntəqələri üçün yerlərin müəyyənləşdirilməsi, həmin obyektlərə elektrik verilişi xətlərinin çəkilməsi tapşırılır.
Elektromobillərin populyarlaşması, bu tip nəqliyyat vasitələrindən istifadə hazırda dünyada bir dəb halını alıb. Həmin dəb də ona yönəlib ki, daxiliyanma mühərrikli avtomobillərdən atmosferə atılan tullantıların miqdarını minimuma endirməklə planetimizdə daha dayanıqlı ekoloji vəziyyət yaradılsın. Yeri gəlmişkən, bu məsələ sərəncamda da xüsusi vurğulanır. Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Ölkəmiz bununla bəyan edir ki, bizim karbon emissiyalarının azaldılmasına töhfələrimiz təkcə sözdən ibarət deyil, bu sahədə praktiki işlər də görürük.
Mirbağır YAQUBZADƏ