- Daxili siyasət
- 11:04 16.09.2024
Dünən Bakıda biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev tədbirdə çıxış edərək bildirib ki, komissiya çərçivəsində daha səmərəli və çevik koordinasiya/kommunikasiyanın təşkil edilməsi, eləcə də inklüzivliyin və vahid sinerjinin yaradılması hədəflənir. Qeyd olunub ki, bu il üçün əsas hədəflər islahat təşəbbüslərinə özəl sektorun və maraqlı tərəflərin daha geniş cəlb edilməsi, işçi qruplarda təmsil olunan özəl sektor nümayəndələrinin rolunun gücləndirilməsindən ibarətdir.
Ötən il komissiya çərçivəsində bir sıra iqtisadi təşəbbüslərin irəli sürüldüyünü, islahat layihələri hazırlanaraq aidiyyəti qaydada təsdiq edildiyini diqqətə çatdıran sektor müdirinin sözlərinə görə, komissiyanın mandatına uyğun olaraq aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə prioritet istiqamətlərdə 5 yeni işçi qrup və 2 yeni əlaqələndirmə qrupu yaradılıb. “Bütövlükdə, komissiya çərçivəsində 25 işçi qrup, 2 əlaqələndirmə qrupu və spesifik sahələr (ekoloji nəqliyyat, elmi potensial, sərhəddə ticarət) üzrə 4 altqrup fəaliyyət göstərir və komissiyanın işçi qruplarının üzvlərinin ümumi sayı 660-dan çoxdur”, – deyə V.Şıxəliyev əlavə edib.
Azərbaycanda biznes startapları üçün rəqəmsal dövlət xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinin hədəfləndiyini vurğulayan Prezident Admininstrasiyasının rəsmisi deyib ki, bu məsələ komissiyanın ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, əlverişliliyin artırılması üzrə prioritetlərinə daxildir. Onun bildirdiyinə görə, “yaşıl binalar” və “yaşıl tikinti" ilə bağlı norma və standartların hazırlanması, qəbulu, daşınmaz əmlakın ilkin qeydiyyatı üzrə elektron sistemin yaradılması, elektrik şəbəkəsinə qoşulma üzrə onlayn müraciət sisteminin əhatə dairəsinin genişləndirilməsi, su şəbəkəsinə qoşulma üzrə tələb olunan prosedurların, müddətin və xərclərin azaldılması, “bir pəncərə” prinsipinin tətbiqi, internetə qoşulma və internet infrastrukturu üzrə təkmilləşmələrin aparılması, dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşma səviyyəsinin artırılması, malların beynəlxalq ticarətin asanlaşdırılması üçün dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vergi inzibatçılığı sahəsində yeni elektron xidmətlərin yaradılması və s. məsələlər həmin prioritetlər sırasındadır.
“2023-cü ildə Azərbaycanla Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9 milyard ABŞ dolları təşkil edib. Türkdilli ölkələr arasında əsas ticarət tərəfdaşımız isə qardaş Türkiyə olub”. Bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov tədbirdə çıxışı zamanı səsləndirib. 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirdiyini, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın üzv, Türkmənistan, Macarıstan və Şimali Kiprin isə müşahidəçi statusu ilə qurumda iştirakını xatırladan nazir müavini deyib ki, ticarətin asanlaşdırılması üzrə strategiya sənədi TDT çərçivəsində ticarət əlaqələrinin inkişafına və biznes mühitinə müsbət təsir göstərəcək. Qeyd olunub ki, sənədin icrası ilə bağlı tədbirlər planının hazırlanması məqsədilə müəyyən edilmiş istiqamətlərə regional ticarət sazişlərinin təşviqi, ticarətin asanlaşdırılması fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, eləcə də ticarət əməliyyatlarının rəqəmsallaşdırılması daxildir ki, bunlar da təşkilat çərçivəsində fəaliyyət, cari mühit və gələcək çağırışlar ölkə üçün olduqca əhəmiyyətlidir.
Türkiyə ilə ticarət həcminin artırılması üçün ortaq işçi qrupunun yaradıla biləcəyini vurğulayan S.Ələkbərov deyib ki, ölkələrimiz arasında ikitərəfli ticarət həcminin artırılması, xarici ticarət üzrə xərclərin azaldılması və gömrük əməliyyatlarının sürətləndirilməsi məqsədilə ticarətin asanlaşdırılması üzrə ortaq işçi qrupunun yaradılması ilə bağlı müzakirələr aparılır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Texnologiya və innovasiyalar” işçi qrupunun rəhbəri Samir Məmmədov çıxış edərək bildirib ki, hazırda Azərbaycanda fəal mobil internet istifadəçilərinin sayı 8,8 milyon nəfərdən çoxdur, hər 100 nəfərə düşən fəal mobil internet abunəçilərinin sayı isə 86 nəfər təşkil edir. Əhali üzrə 3G və 4G şəbəkəsinin əhatə dairəsinin 100 faizə yaxın olduğunu deyən nazir müavininin sözlərinə görə, 2021–2023-cü illərdə rabitə sektoruna 792 milyon manat, informasiya sektoruna isə 133,6 milyon manat vəsait yatırılıb. Ölkə əhalisinin 88,1 faizinin internetdən istifadə etdiyini vurğulayan S.Məmmədov, həmçinin deyib ki, hazırda Azərbaycanda 150-dən çox internet operatoru və provayderinin 1,9 milyona yaxin sabit genişzolaqli internet abunəçisi var. Bunun isə təxminən 70 faizə yaxınına fiber-optik kabel üzərindən internet xidmətləri göstərilir.
Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov çıxışında bildirib ki, 2023-cü ildə ölkəmizdə maliyyə sektorunun aktivləri 5 faiz artaraq 52 milyard manata çatıb. Hesabat dövründə bankların kredit portfelinin 18 faiz artdığını, kapitalın adekvatlıq göstəricilərinin isə 20 faiz təşkil etdiyini diqqətə çatdıran birinci müavininin dediyinə görə, görülmüş işlər nəticəsində biznes mühitində maliyyə əlçatanlığı artıb, maliyyə xidmətlərinin rəqəmsallaşması genişləndirilib. Qeyd olunub ki, ötən il həyata keçirilmiş təşəbbüslərin başlıca məqsədi maliyyə institutlarının dayanıqlığının artırılması, elektron ödənişlərin genişləndirilməsi, kredit informasiya infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarlarının genişləndirilməsi, habelə “yaşıl maliyyə” üzrə ekosistemin formalaşdırılması olub.
Mirbağır YAQUBZADƏ