- Daxili siyasət
- 11:04 16.09.2024
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik (PV) günəş elektrik stansiyasının tikinti işlərinə bu ilin ikinci yarısında başlanacaq. Bu məqsədlə Azərbaycan hökuməti ilə BP şirkəti arasında 2021-ci ildə əməkdaşlıq sazişi imzalanıb. Həmin sənəd “Şəfəq” layihəsini həyata keçirməsi üçün BP şirkətinə müstəsna hüquq verir. Layihəyə Azərbaycanın Cəbrayıl rayonunda yerləşən yerüstü günəş enerjisinin generasiyası sistemi (günəş qurğusu) və əlaqədar infrastruktur daxildir.
Layihənin operatoru “Lighsource BP” şirkətidir. Yeri gəlmişkən, günəş elektrik stansiyasının quraşdırılması sahəsində yüksək beynəlxalq təcrübəyə malik olan “Lighsource” şirkəti artıq BP tərəfindən alınıb. Şirkət seçilmiş sahələrdə günəş panellərinin və əlaqədar qurğuların quraşdırılması üçün müstəsna hüquqla BP şirkətinin adından işlənməni həyata keçirən tərəf qismində çıxış edir. Artıq BP şirkəti “Şəfəq” layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını hazırlayaraq ictimaiyyətin müzakirəsinə verib. Məlumat üçün bildirək ki, ƏMSSTQ sənədində “Şəfəq” layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.
Martın 6-da ƏMSSTQ sənədinin ilkin variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçirildi. Tədbiri BP-nin şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı açaraq qurumun ötən 32 il ərzində Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verdi. Qeyd olundu ki, BP şirkəti və onun tərəfdaşları Azərbaycanda və regionda həyata keçirilən layihələrə indiyədək 84 milyard ABŞ dollarından artıq investisiya yatırıb. O, həmçinin dedi ki, BP artıq Azərbaycanda “yaşıl enerji” layihəsini həyata keçirməyi planlaşdırır. Onun sözlərinə görə, bu layihə şirkətin sıfır neytrallığa nail olmaq məqsədinə və bərpaolunan enerji sektorunun inkişafında Azərbaycanın maraqlarına cavab verir.
T.Bayatlı Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən bir sıra iri layihələrin operatoru olan BP şirkəti tərəfindən ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi üçün belə bir layihənin həyata keçirilməsi təqdirəlayiq addım kimi dəyərləndirdi. Bildirdi ki, bu addım digər əcnəbi şirkətlərin də Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin icrasında yaxından iştiraka sövq edə bilər.
BP-nin Ətraf mühit və sosial məsələlər üzrə baş planlama mütəxəssisi Aaron Şihan “Şəfəq” layihəsinin iş proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verdi. O dedi ki, Cəbrayıl şəhərindən 5-10 kilometr məsafədə yerləşəcək günəş elektrik stansiyası, təxminən, 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan ( MVtAC ) gücünə malik olacaq. Ümumilikdə isə, layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir. Aaron Şihanın sözlərinə görə, layihə çərçivəsində tikinti işləri, təxminən, 18 ayadək davam edəcək.
Daha sonra şirkətin baş məsləhətçisi Ülviyyə Seyidməmmədova ƏMSSTQ sənədi çərçivəsində “Şəfəq” layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri və onların azaldılması, eləcə də ərazidə biomüxtəlifliyin qorunması ilə bağlı tədbirlər barədə məlumat verdi. Qeyd olundu ki, bu ay Ekologiya Nazirliyinə təqdim olunması planlaşdırılan ƏMSSTQ sənədinin aprel ayında təsdiq olunması gözlənilir.
Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Nicat Kərimov çıxış edərək layihənin ərsəyə gəlməsində xüsusi əməyi olan BP şirkətinin komandasına təşəkkürünü bildirdi. Qeyd olundu ki, layihə hazırda icra mərhələsində olan Dövlət Proqramına mühüm töhfə olmaqla yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə tam uyğundur. Onun sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində yaxın illərdə Cəbrayıl şəhərinə böyük köçün başlanması ilə əlaqədar bu kimi layihələr məşğulluğun təminatına mühüm töhfələr verəcək.
Sonda tədbir iştirakçılarının layihə ilə bağlı çoxsaylı sualları ətraflı cavablandırıldı, rəy və təkliflərlə bağlı geniş müzakirələr aparıldı.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
BP-nin işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində günəş elektrik stansiyasının inşa edilməsi ilə bağlı qərarı özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, adətən, dünyada bu sahədə ixtisaslaşmış şirkətlər “yaşıl enerji”yə öz töhfələrini verirlər.
Bunun Azərbaycan üçün də əhəmiyyəti olduqca yüksəkdir. Belə ki, Xəzəryanı ölkələr içərisində ilk dəfə məhz Azərbaycanda ən böyük neft və qaz hasilatçısı olan şirkət belə bir layihənin ilhamvericisi rolunda çıxış edir. Digər tərəfdən, cəmi il yarımdan sonra, 2025-ci ilin sonlarında stansiya istismara verildikdən sonra bu, postsovet məkanında ilk ən böyük günəş elektrik stansiyası kimi tarixə düşəcək. Məlum olduğu kimi, “Şəfəq” Günəş Elektrik Stansiyasının istehsal gücü 240 meqavat olacaq ki, bu da kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, Xəzərin coğrafi məkanında ən böyük, eləcə də dünya üzrə ilk beşliyə daxil olan Səngəçal terminalının elektrik təchizatı tam olaraq “yaşıl enerji” hesabına ödəniləcək. Yeri gəlmişkən, 550 hektar ərazidə yerləşən bu nəhəng enerji obyekti, ümumilikdə, 60 milyon tona qədər nefti və təqribən, 30 milyard kubmetrdən çox qazı nəqletmə imkanına malikdir.
BP, həm də Azərbaycanın bərpaolunan enerji sektoruna, Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə ona görə sərmayə qoyur ki, regionun təbii şəraitindən asılı olaraq günəş enerjisini daha çox elektrik enerjisinə çevirmək imkanları qazansın. Eyni zamanda, həmin enerjini “AzərEnerji”nin mövcud sistemi vasitəsilə Səngəçal terminalına çatdırsın. Bununla da, neft və qaz ixracı zamanı karbon izi deyilən məsələni minimuma endirsin.
Yeri gəlmişkən, BP-nin bərpa-olunan enerji sektoruna, təqribən, 300 milyon dollar həcmində investisiya qoyması digər şirkətlər üçün də bir siqnal olacaq. Mən deyərdim ki, artıq bunun ilk cücərtiləri baş verib. Ancaq onun daha da genişləndirilməsinə ehtiyac var. Bunun üçün BP-nin imkanları kifayət qədərdir. Çünki BP 2017-ci ildən günəş enerjisi istehsalı sahəsində məşhur olan “Lightsource” şirkəti ilə bu sahədə yaxından əməkdaşlıq edib. İndi isə həmin şirkəti faktiki olaraq alıb.
Mirbağır YAQUBZADƏ