- Daxili siyasət
- 11:04 16.09.2024
2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəfləyən Avropa İttifaqı bu məqsədlə ənənəvi enerji mənbələrini ekoloji cəhətdən daha təmiz olanlarla əvəz etmək üçün mühüm tədbirlər həyata keçirir. Bu baxımdan hidrogen də ekoloji cəhətdən ən təmiz enerji növlərindən biri sayılır. Mütəxəssislərin fikrincə, hidrogen istehsalında külək və günəş enerjisi kimi bərpaolunan enerjidən istifadə olunduğundan onun tərkibində heç bir istixana qazı emissiyası yoxdur. Eyni zamanda, hidrogen yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür. Təsadüfi deyil ki, bu sahədə potensialın yüksək olmasına və ekoloji təmizliyinə görə hidrogeni “gələcəyin yanacağı” adlandırırlar.
Məlum olduğu kimi, hazırda istehsal olunan hidrogenin çox cüzi hissəsi, təqribən 1 faizi “yaşıl hidrogen”dir. Bununla belə, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, 2050-ci ilə qədər enerji istehsalının 12 faizi hidrogenin payına düşəcək. Son illər Avropada “yaşıl keçid” platformasının əsas istiqamətlərindən sayılan “yaşıl hidrogen”in istehsalı və ixracına nail olunması sahəsində intensiv iş aparılır. Alternativ və bərpaolunan enerji sahəsində yükək potensiala malik olan Azərbaycan da Avropanın prioritet elan etdiyi “yaşıl enerji” platformasına qoşulan ilk ölkələrdəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqu var, bura təkcə qaz deyil, həm də bərpaolunan enerji və yaşıl hidrogen daxildir.
Bu baxımdan gələcək uğurlu əməkdaşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji istehsalına nail olmalıdır. “Yaşıl hidrogen”ə gəldikdə isə, Azərbaycan özünün zəngin qaz ehtiyatları hesabına hidrogen enerjisi istehsalına nail olmaq baxımından yaxşı imkanlara malikdir. Məlum olduğu kimi, ölkəmizin “yaşıl enerji” potensialı artıq dünyanın bir sıra nüfuzlu elmi-tədqiqat və beyin mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Amerika Birləşmiş Ştatlarının nüfuzlu beyin mərkəzlərindən sayılan Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin ştatdankənar baş elmi işçisi Çarlz Ellinas deyib ki, Azərbaycan Avropanın “yaşıl hidrogen” tədarükçüsü olmaq üçün çox yaxşı imkana malikdir. Onun sözlərinə görə, ölkəmizin Avropaya ixrac etmək məqsədilə ekoloji təmiz hidrogen istehsalını inkişaf etdirmək üçün zəngin potensialı və lazımi infrastrukturu var.
Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən aparılan tədqiqatlar da Azərbaycanda ekoloji cəhətdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Eyni zamanda, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlilini yekunlaşdırıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.
Bütövlükdə isə, Azərbaycan böyük qaz yataqları, zəngin ehtiyatları hesabına hidrogenə keçid baxımından yaxşı imkanlara malikdir. Ekspertlər deyirlər ki, hidrogenin istehsalı üçün ölkəmizdə yeni emal müəssisəsi tikilməlidir. Həmin müəssisənin günəş panellərindən və külək qurğularından alınan enerji hesabına fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Azərbaycan Respublikası Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, artıq ölkəmizdə hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanmasına başlanılıb.
Hazırda bütün dünyada “yaşıl hidrogen”in istehsalı və istifadəsi ilə yanaşı, onun ixracı məsələsi də xüsusi aktuallıq kəsb edir. Mütəxəssislər bu yanacağın boru kəmərləri ilə nəqlini ən optimal variant hesab edirlər. Hazırda bunun üçün məqbul sayılan iki variant üzərində iş gedir. Birinci variant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çəkilməsi ilə bağlıdır. Digər variant isə mövcud magistral qaz kəmərlərinin “yaşıl hidrogen”in daşınması üçün modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur.
Ekspertlər Azərbaycanın gələcəkdə istehsal edəcəyi “yaşıl hidrogen”i dünya bazarlarına ixracı üçün Cənub Qaz Dəhlizinin imkanlarından istifadəni ən məqbul variantlardan biri hesab edirlər. Onların fikrincə, hidrogen qarışığının elə təbii qazla birlikdə ixracı mümkün olacaq. Bununla yanaşı, hazırda “yaşıl hidrogen” ixracı üçün ayrıca boru kəmərinin çəkilməsi imkanları da nəzərdən keçirilir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, “yaşıl hidrogen”in boru kəmərləri ilə nəqli ən optimal variant hesab olunur. Ekspert bu baxımdan Cənub Qaz Dəhlizinin seqmentləri sayılan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ı metan nəqlindən hidrogenə çevirlmək üçün texniki və texnoloji baxımdan daha münasib hesab edir. Onun sözlərinə görə, 2035–2040-cı illərdə istər elmin, istərsə də qaz sənayesinin “yaşl hidrogen”in ötürülməsi ilə bağlı oturuşmuş bir baxışı olacaq.
Bu arada, Trans-Adriatik Boru Kəməri Konsorsiumu (TAP AG) da hidrogen enerjisinin tədarükü ilə bağlı sınaqlara hazırlaşır. Hazırda isə konsorsium tərəfindən boru kəməri ilə təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki imkanın qiymətləndirilməsi həyata keçirilir. Konsorsiumun 2021-ci ildə həyata keçirdiyi tədqiqatın yekunlarına görə, TAP-ın potensial olaraq hidrogen qarışığını nəql edə biləcəyi tam təsdiqlənib. Konsorsiumda boru kəmərinin dəniz hissəsi ilə ilk nəticələrin 2024-cü ilin ikinci rübünün əvvəlinə əldə olunacağını ehtimal edirlər. Eyni zamanda, TAP AG-dən bildiriblər ki, qurumun məqsədi hidrogenin ilkin olaraq təbii qazla qarışıq formasında nəqlini təmin etmək məqsədilə infrastrukturun inkişafından ibarətdir.
Yeri gəlmişkən, hazırda Azərbaycanın ixrac etdiyi “mavi yanacağ”ın 50 faizindən çoxu məhz Avropa ölkələrinin payına düşür. “Köhnə qitə” isə 2050-ci ilədək karbon emissiyalı yanacaq növündən tam imtina etməyi hədəfləyir. Bu baxımdan gələcək uğurlu əməkdaşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji, o cümlədən “yaşıl hidrogen” istehsalına nail olmalıdır. Bunun üçün isə ölkəmizin bərpaolunan enerji potensialı kifayət qədərdir. “Yaşıl hidrogen” istehsalına gəldikdə isə, Azərbaycan özünün zəngin qaz ehtiyatları hesabına hidrogen enerjisi istehsalına nail olmaq baxımından yaxşı imkanlara malikdir.
M.YAQUBZADƏ