- Daxili siyasət
- 11:04 16.09.2024
Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası öz işini başa çatdırdı. Yubiley tədbiri, həm də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük və möhtəşəm iclas kimi yadda qaldı. Belə ki, Azərbaycanla Avropa ölkələri arasında mühüm enerji dialoqu kimi xarakterizə olunan budəfəki toplantı istər iştirakçı sayına, istərsə də müzakirə olunan məsələlər baxımından əvvəlkilərdən xeyli dərəcədə fərqlənirdi. İclasa Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, eləcə də bir sıra beynəlxalq təşkilat və enerji şirkətləri qatılmışdı ki, bu da respublikamıza, onun təbii resurslarına olan böyük inamın, marağın göstəricisi idi.
Məlum olduğu kimi, ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası da keçirildi. Bu isə Azərbaycanda elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə və cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransından əvvəl müstəsna əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Yeri gəlmişkən, Bakıda artıq ikinci dəfə keçirilən Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin iclası heç də təsadüfi xarakter daşımırdı. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, artıq uzun illərdir ki, özünü Avropa İttifaqının ənənəvi enerji sahəsində etibarlı tərəfdaşı kimi təsdiq edən Azərbaycan artıq “köhnə qitə”də, eləcə də bütün dünyada prioritet elan olunmuş “yaşıl keçid” platformasının da fəal iştirakçılarından birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasında çıxışı zamanı diqqəti bu mühüm məqama yönəldərək deyib: “Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir”.
Azərbaycanın “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji potensialı kifayət qədərdir. Belə ki, təsdiqlənmiş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpaolunan enerji potensialına malik olduğunu təsdiqləyib.
Məlum olduğu kimi, bir neçə ildir ki, ölkəmizdə bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan ölkəmizin əsas investorları sayılan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri xüsusi fəallıqları ilə seçilir. Artıq “Masdar” şirkətinin layihəsi olan Qaradağ Günəş Elektrik Stansiyası real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin oktyabr ayında istismara verilmiş 230 meqavatlıq stansiyadan təmiz enerji alınır. Bununla yanaşı, hazırda “ACWA Power” şirkəti tərəfindən 240 meqavatlıq “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam edir. Bütün bunlarla yanaşı, ötən müddətdə imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, Azərbaycan 2030-cu ilədək 5 min meqavata qədər günəş və külək enerjisi istehsal etməyi hədəfləyir.
Dövlətimizin başçısı Bakıda keçirilən məlum enerji toplantısında bununla bağlı nikbin fikirlər səsləndirib: “Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır”.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson Bakıda keçirilən ənənəvi enerji toplantısının önəmini vurğulayaraq deyib ki, nazirlərin iclası Cənub Qaz Dəhlizi, həmçinin bərpaolunan enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi: “Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik. Biz burada, küləklər şəhərindəyik. Bu, Xəzər dənizində böyük bərpaolunan enerji potensialının növbəti bir nümunəsidir”. Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulduğunu xatırladan enerji komissarı, həmçinin qeyd edib ki, həmin beynəlxalq təşəbbüs, beynəlxalq ticarət və sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq və milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxilində aydın şəkildə müəyyən edilmiş öhdəliyə uyğundur.
Tədbir çərçivəsində “yaşıl enerji” sahəsində sənədlər imzalanıb. Bu baxımdan Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu diqqəti xüsusilə cəlb edir. Belə ki, sözügedən sənəddə külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, istehsal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq öz əksini tapıb.
“WindEurope”un baş direktoru Gils Dikson imzalanma mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycan və Avropa Külək Enerjisi Assosiasiyası arasında əməkdaşlıq “yaşıl enerji” sahəsində Avropa üçün yeni perspektivlər açır. Onun sözlərinə görə, bu memorandum üç giqavatlıq quruda enerji və ən azı yeddi giqavatlıq dəniz enerjisi istehsal etmək kimi iddialı külək enerjisi məqsədlərimizə çatmağa kömək edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək “yaşıl artım”ı və bərpaolunan enerji növlərinin yaradılması, dünya bazarına nəqlini prioritetləşdirən siyasəti olkənin nəhəng kulək enerjisi potensialından müasir texnologiyalar, qabaqcıl təcrübə və beynəlxalq enerji tərəfdaslığı əsasında geniş istifadəni aktuallaşdırdığını diqqətə çatdıran energetika naziri Pərviz Şahbazov isə qeyd edib ki, “WindEurope” ilə əməkdaşlığımız Xəzərin külək enerjisinin Avropaya ixracı ilə bağlı səylərimizi dəstəkləməklə Aİ ilə strateji tərəfdaşlığımıza da töhfə verəcək.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası çərçivəsində, həmçinin Azərbaycanın Energetika Nazirliyi ilə “Nobel Energy” və İspaniyanın “Elecnor” şirkətləri ilə külək və günəş enejisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb.
Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Cəbrayıl rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 meqavatı ilkin mərhələdə, daha 50 meqavatı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.
İspaniyanın “Elecnor” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu isə Qaradağ rayonunda 70 meqavat gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.
Mirbağır YAQUBZADƏ