USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Latviyanın ölkəmizin kənd məhsullarına böyük ehtiyacı var


https://img.baki-baku.az/news/2024/02/photo_11337.jpg

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Latviyaya ixrac missiyası təşkil edəcək. AZPROMO-nun bununla bağlı yaydığı məlumatda bildirilir ki, ixrac missiyasının təşkilinə dair müzakirələr Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmitsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüş zamanı aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti, ixracın təşviqi mexanizmləri, “Made in Azerbaijan” brendi, logistikanın subsi­diyalaşdırılması barədə qonağa ətraflı məlumat verib. Qeyd olunub yerli ixracatçıların Latviya bazarına çıxış imkanlarının araşdırılması və ge­nişləndirilməsi, o cümlədən ölkəmizdə istehsal olunan məhsullarının təqdim edilməsi məqsədilə bu ölkəyə ixrac missiyasının təşkili planlaşdırılır. Söhbət zamanı, həmçinin Latviyanın ənənəvi qida məhsullarının ölkəmizin bazarına girişini təmin et­mək üçün latviyalı sahibkarlar cari ilin may ayında keçiriləcək “InterFood Azerbaijan” sərgisində işti­rak etməyə dəvət olunublar.

Latviyanın kənd təsərrüfatı naziri Normunds Şmits Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarına Latviyada əhəmiyyətli tələbin ol­duğunu qeyd edib. İki ölkədən olan idxalçılar və ixracatçılar arasında əlaqələndirmə işlərinin apa­rılmasının vacibliyini vurğulayan nazir müavini bil­dirib ki, qida məhsullarının təhlükəsizliyi, baytarlıq, fitosanitar nəzarəti kimi sahələrdə əməkdaşlığın intensivləşdirilməsi yerli şirkətlərin Latviyaya ixra­cını stimullaşdıracaq. 

Görüş zamanı bu kontekstdə hər iki ölkədə fəaliyyət göstərən sahibkarların əlaqələndirilməsi çərçivəsində tərəflər arasında potensial ixrac və idxal oluna biləcək məhsullar üzrə məlumat mü­badiləsinin aparılmasına dair razılıq əldə olunub.

Yeri gəlmişkən, Azərbaycanla Latviya arasın­da münasibətlərin tarixi keçmiş SSRİ dövründə başlayıb. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlər yeni mərhələyə qədəm qoyub. Azərbaycanın və Latviyanın müstəqil subyektlər kimi iqtisadi-siyasi münasibətlərin dərinləşdiril­məsinə, qarşılıqlı maraqların təmin olunmasına xidmət edən təşəbbüslərlə çıxış etməsi gələcək əməkdaşlıq üçün yeni imkanlar açıb. 

Ötən müddətdə ölkələrimiz arasında əmək­daşlığa təkan verən lazımi hüquqi baza yaradılıb. Bu baxımdan Azərbaycan və Latviya hökumətlə­ri arasında ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında Saziş, habelə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın ara­dan qaldırılması və vergidən yayınmanın qarşısı­nın alınması haqqında konvensiyanı qeyd etmək olar. 

Son illər Azərbaycanla Latviya arasında hö­kumətlərarası komissiyalar çərçivəsində də qarşı­lıqlı iqtisadi əlaqələrə təkan verən bir sıra mühüm layihələr həyata keçirilib. Eyni zamanda ölkələri­miz regional təşkilatlar, o cümlədən Baltik–Qara Dəniz–Xəzər hövzəsi regionunda inteqrasiya pro­seslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində uğurla əmək­daşlıq ediblər. 

Ötən əsrin 90-cı illərindən başlayaraq Azər­baycan və Latviya arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində fəal əməkdaşlıq həyata ke­çirilib. Belə ki, 1995–2022-ci illərdə Latviya Azər­baycan iqtisadiyyatına 1 milyard dollar investisiya qoyub. Azərbaycan isə öz növbəsində Latviya iq­tisadiyyatına 166 milyon dollar məbləğində inves­tisiya yönəldib.

İki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər yüksək olmasa da, son illər bu sahədə müəyyən irəliləyiş hiss olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, pandemiyanın tüğyan et­diyi 2020-ci ildə Azərbaycanla Latviya arasında ti­carət dövriyyəsi 12 milyon 673 min dollar təşkil et­diyi halda, 2022-ci ildə bu göstərici 4 dəfəyə yaxın artaraq 46 milyon 342 min dolları ötüb. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, son illər ümumi ticarət dövriyyəsində müsbət saldo Azər­baycanın xeyrinə dəyişməkdədir. Belə ki, 2020-ci ildə ölkəmizdən Latviyaya cəmi 874 min dollar­lıq ixrac həyata keçirildiyi halda, 2022-ci ildə bu göstərici 3 dəfədən çox artaraq 27,6 milyon dol­lar təşkil edib. Həmin il bu ölkə ilə aparılmış ixrac əməliyyatlarının, demək olar ki, 98 faizi qeyri-neft sektorunun payına düşüb. Bu, o deməkdir ki, Lat­viya qeyri-neft məhsullarımızın idxalı baxımından Şimal-Şərqi Avropada mühüm ölkədir.

Latviya Respublikasının Prezidenti Egils Le­vitsin 2023-cü il martın 8-də Azərbaycana işgüzar səfəri isə ölkələrimiz arasında iqtisadi əlaqələrə bir dinamizm gətirib. Elə ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsində qeydə alınmış ar­tım dinamikası da bunu deməyə əsas verir. Tək­cə bir faktı qeyd etmək yetərlidir ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın Latviya ilə ticarət dövriyyəsinin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,76 milyon dollar və ya 68,1 faiz artaraq 43,8 milyon dolları üstələyib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin 8 ayında Azərbaycandan Latviyaya 30,2 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 16,96 milyon dollar və ya 2,27 dəfədən çoxdur. Həmin dövrdə Azərbaycanın ümumi qeyri-neft-qaz məhsulları üzrə ixracın 1,2 faizi bu ölkənin payına düşüb.

2023-cü ilin 8 ayında Latviyadan Azərbaycana göndərilən məhsulların dəyəri isə 13,6 milyon dol­lar təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 800,4 min dollar və ya 6,2 faiz çoxdur. Yeri gəlmişkən, ötən ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyə­sində Latviya ilə ticarətin payı 0,12 faiz təşkil edib. Bu isə bir il öncəki eyni göstəricini 0,05 faiz bəndi üstələməsi deməkdir. 

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Mirbağır YAQUBZADƏ