- Daxili siyasət
- 11:04 16.09.2024
2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Həmin sahibkarlıq subyektləri tərəfindən sənaye zonalarına 471 milyon manat investisiyanın yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu və digər məsələlər barədə dünən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəziifələrə həsr olunmuş mətbuat konfransında bildirilib.
Ötən il sənaye zonalarında və aqroparklarda görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə media nümayəndələrinə ətraflı məlumat verən İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib ki, il ərzində Sumqayıt Kimya Sənaye Parkında 8, Ağdam Sənaye Parkında 7, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5, Pirallahı Sənaye Parkında 3, Sabirabad Sənaye Məhəlləsində 2 və Hacıqabul Sənaye Məhəlləsində 1 sahibkarlıq subyekti rezidenti kimi qeydiyyata alınıb. Onun sözlərinə görə, həmin rezidentlər sənaye zonalarında baza yağların, kompozit armaturların, güzgülərin, birdəfəlik üçkomponentli şprislərin, müxtəlif təyinatlı dərmanların, süd məhsullarının, qazobeton blokların, əmtəə beton və quru yapışdırıcıların və s. məhsulların istehsalını həyata keçirəcəklər.
Qeyd olunub ki, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb. Həmin müəssisələrdə polimer qatqıları, keramik plitələr, qablaşdırma məhsulları, istilik izolyasiya lövhələri, nəqliyyat vasitələri üçün əyləc bəndləri və s. məhsullar istehsal olunur. İl ərzində rezidentlər tərəfindən sənaye zonalarına 135 milyon manatdan artıq investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Ötən il sənaye zonalarının rezidentləri tərəfindən 3,3 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 989 milyon manatı ixracın payına düşür. Əvvəlki illə müqayisədə satışın 12,5 faiz artdığını bildirən agentlik sədrinin sözlərinə görə, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6 faiz, ixracında isə 23,6 faiz təşkil edib. İndiyədək sənaye zonaları üzrə 142 subyektə rezidentlik statusunun verildiyini diqqətə çatdıran agentlik sədri deyib ki, ötən müddətdə sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Bütövlükdə isə, ötən qısa qısa müddətdə ölkənin sənaye zonalarında 12,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,9 milyard manatlıq və ya 32,2 faizə yaxın hissəsi ixrac olunub. Sənaye zonalarında istehsal olunan məhsullar Kanada, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. olmaqla dünyanın 70-dək ölkəsinə göndərilib.
Agentlik sədri, həmçinin deyib ki, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, 2024-cü il ərzində İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır ki, bu da, təqribən, 1000 nəfərin daimi işlə təmin edilməsinə imkan yaradacaq.
Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə də məlumat verilib. Qeyd olunub ki, hazırda sözügedən sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır.
Diqqətə çatdırılıb ki, indiyədək Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Həmin rezidentlər tərəfindən sözügedən sənaye parkına 190 milyon manatdan çox investisiyanın yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək isə rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb. Cari ildə burada divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları, müxtəlif metal məmulatlarının və digər məhsulların istehsalını həyata keçirəcək 5-dən çox müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar, ilk növbədə, daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.
Şərqi Zərgəzur iqtisadi rayonunda yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 1 qeyri-rezidenti var. Bugünədək rezidentlər tərəfindən adı çəkilən sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb. İnvestorlar tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına, ümumilikdə, 67 milyon manatdan çox investisiyanın yatırılması və 700-dən artıq daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirən agenlik sədrinin dediyinə görə, 2024-cü ildə burada 2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatlarının, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisələri fəaliyyətə başlayacaq.
Mətbuat konfransında, həmçinin agentliyin idarəçiliyində olan aqroparklarda, o cümlədən Yevlax və Sabirabad aqroparklarında görülmüş işlər və qarşıda duran hədəflər barədə də məlumat verilib. Qeyd olunub ki, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq ötən il 2-si dövlət, 22-si özəl olmaqla, ümumilikdə, 24 aqropark qeydiyyata alınıb. Hazırda aqroparklarda 2660-dan çox daimi və 4300 nəfər mövsümi işlərə cəlb edilib. Gələcəkdə isə əlavə 2300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, hazırda daha 2 aqroparkda tikinti-quraşdırma işləri aparılır.
Hazırda ölkənin 22 rayonu üzrə 66 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlərin görüldüyünü diqqətə çatdıran Seymur Adıgözəlovun sözlərinə görə, indiyədək 58,6 min hektar ərazidə 22 aqropark fəaliyyətə başlayıb. Bunun da 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. 2023-cü ildə aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı həyata keçirilib. Aqroparkların ümumi layihə dəyərinin 1,2 milyard manat təşkil etdiyini vurğulayan agentlik sədri bildirib ki, ötən müddətdə 14 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,1 milyon manat dəyərində güzəşt əldə edilib.
Mirbağır YAQUBZADƏ