- Daxili siyasət
- 11:03 30.09.2024
Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün “yaşıl kart” qiymətləri (sığorta haqları) müəyyənləşib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının kollegiyası “Yaşıl kart” sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və “yaşıl kart” hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək haqlarının müəyyən edilməsi barədə qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, Azərbaycandan Türkiyə və İrana gedən elektromobillər üçün sığorta haqqı 1 aylıq 15 manat, 3 aylıq 40 manat, 6 aylıq 60 manat və bir illik 80 manat müəyyən edilib. Belarus, Moldova, Rusiya və Ukraynaya gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 12 manat, 3 aylıq 35 manat, 6 aylıq 60 manat, bir illik sığorta haqqı 70 manat, digər ölkələrə gedən elektromobillər üçün isə 1 aylıq sığorta haqqı 35 manat, 3 aylıq 60 manat, 6 aylıq 80 manat, bir illik sığorta haqqı 150 manat müəyyən edilib.
Bundan əlavə, texnoloji nəqliyyat vasitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri üçün "Yaşıl kart"ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib. Belə ki, Türkiyə və İrana gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 25 manat, 3 aylıq 45 manat, 6 aylıq 75 manat, bir illik sığorta haqqı 100 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 20 manat, 3 aylıq 40 manat, 6 aylıq 60 manat, bir illik sığorta haqqı 80 manat, digər ölkələrə gedən nəqliyyat vasitələri üçün isə 1 aylıq sığorta haqqı 60 manat, 3 aylıq 110 manat, 6 aylıq 180 manat, bir illik sığorta haqqı 250 manat müəyyən edilib.
Yeri gəlmişkən, son illər dünyanın avtomobil bazarında elektriklə işləyən nəqliyyat vasitələrinə tələbatın getdikcə artması müşahidə olunur. Artıq dünyanın nəhəng avtomobil istehsalçıları ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədilə hibrid avtomobillərlə yanaşı, elektromobillərin də istehsalını ildən-ilə genişləndirirlər. Beynəlxalq Enerji Agentliyi (İEA) analitiklərinin hesablamalarına görə, 2020-ci ildə elektrik avtomobillərinin bazarda payı 4 faiz təşkil etdiyi halda, ötən il bu rəqəm 18 faizə çatıb. Başqa sözlə, ötən il dünyada satılan hər 5 avtomobildən 1-i elektromobillərin və hibridlərin payına düşüb.
Azərbaycanda da elektriklə işləyən avtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər müəyyənləşdirilib. Adıçəkilən sənəddə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün də bir sıra tədbirlər nəzərdə tutulur.
Artıq həmin tədbirlərin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Belə ki, 2022-ci ildən elektromobillər və onlar üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı əlavə dəyər vergisindən azad edilib. Bununla yanaşı, ötən ildən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərin idxalına gömrük rüsumunun tətbiqi dayandırılıb. Eyni zamanda, elektrikdoldurma məntəqələrinin yaradılmasında istifadə olunan cihaz və avadanlıqların idxalının da gömrük rüsumlardan azad edilməsi müsbət məqamlarından biri kimi diqqət çəkir. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda elektriklə işləyən avtomobillərə maraq xeyli artıb. Elə ölkəyə elektromobil idxalının ildən-ilə çoxalması da bunu deməyə əsas verir. Statistikaya əsasən, 2023-cü ildə Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur.
Bununla belə, ekspertlər hesab edirlər ki, elektromobillərdən istifadənin təşviqi üçün təkcə idxal və satış qiymətlərinin azaldılması deyil, əlverişli infrastrukturun yaradılması da vacib məsələdir. Yəni ölkədə elektromobillərin kifayət sayda şarj məntəqələri, ehtiyat hissələri anbarları olmalı, onlara keyfiyyətli servis xidməti göstərilməlidir.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, artıq rəsmi dilerlər elektromobil alanları lazımi ehtiyat hissələri ilə də təmin edirlər. Onun sözlərinə görə, 2023-cü ildə bir neçə rəsmi diler, xüsusən də Çindən elektromobil gətirənlər öz əməkdaşlarını ixtisasartırma məqsədilə bu ölkənin istehsalçı zavodlarına ezam ediblər. Onlar həmin zavodlarda təlimlərdə iştirak etməklə yanaşı, Çində istehsal edilən Avropa modelləri üzrə də təlimatlar alıblar. Elektromobillərə texniki xidmət göstərilməsi ənənəvi mühərrikli avtomobillərdən tamamilə fərqli olduğunu deyən E. Əliyev, həmçinin deyib ki, artıq ölkəmizdə elektromobillərin usta problemləri də tədricən həll olunur.
Bununla belə, ölkəmizdə elektromobillərin istifadəsi artdıqca onları şarj edən məntəqələrin sayının genişləndirilməsinə böyük ehtiyac olduğunu bildirən Eyyub Əliyevin sözlərinə görə, paytaxtda onların sayı kifayət qədər olsa da, bölgələrdə bu sahədə problemlər mövcuddur. “Rəsmi dilerlər ölkənin müxtəlif yerlərində öz avtomobilləri üçün məhdud sayda pulsuz şarj məntəqələri yerləşdirib. Amma ekoloji avtomobillərin sayını artırmaq istəyiriksə, bu say kifayət deyil. Ümid edirəm ki, ilin 2-ci və ya 3-cü rübündən sonra bu məsələ həllini tapar. Prosesin içində olan bir adam kimi demək istəyirəm ki, bu il ərzində elektromobillərin şarj məntəqələri probleminin müəyyən hissəsi həll olunacaq”, – deyə o əlavə edib.
Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, qanunvericilikdə elektrik doldurma məntəqələri yaradan sahibkarın elektrik enerjisini dövlətdən alaraq istehlakçıya satmasını təmin edən dəyişikliklər edilməlidir. Onun sözlərinə görə, ölkə ərazisində şarj məntəqələrinin sayının artırılması ilə yanaşı, elektrik avtomobillərini idxal edən şirkətlər onların servisini qurmalı, vətəndaşları həmin avtomobillərin ehtiyat hissələri və ustalarla təmin etməlidirlər.
Mirbağır YAQUBZADƏ