- Daxili siyasət
- 11:03 30.09.2024
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” (SGC) Qapalı Səhmdar Cəmiyyətinin yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bu barədə beynəlxalq reytinq agentliyi açıqlama yayıb. Bildirilib ki, bu, “Fitch”in müddəti 2026-cı ildə başa çatan, Azərbaycan ("BB+"/Pozitiv) tərəfindən tam təminat verilən 2 milyard ABŞ dolları həcmində avrobondlara dair dəyişməz mövqeyini əks etdirir. Yeri gəlmişkən, reytinq dövlət tərəfindən Cənub Qaz Dəhlizi sahiblərinə tam və vaxtında ödəmə ilə bağlı qeyd-şərtsiz, geri alınmaz təminatını əhatə edir. Nəticədə, “Fitch” avrobondların reytinqini Azərbaycanın uzunmüddətli xarici valyuta İDR ilə bərabər olduğunu hesab edir.
Bu arada, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin builki ehtiyaclarının maliyyələşdirmə mənbələri müəyyənləşib. Belə ki, 2024-cü ildə SGC ümumi nağd pula olan ehtiyaclarını “Şahdəniz”, “Cənubi Qafqaz Boru Kəməri”, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan vəsaitlər və yığılmış pul vəsaitləri hesabına təmin edəcəyi proqnozlaşdırır.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məsələ ilə bağlı yaydığı məlumata görə, buna səbəb Cənub Qaz Dəhlizi ilə bağlı bütün layihələrin artıq istismara verilməsidir. “2023-cü ilin sonuna SGC-nin maliyyələşməsi dövlət tərəfindən təmin edilən borc (6,4 milyard ABŞ dolları) və kapital (2,4 milyard ABŞ dolları) kombinasiyasından ibarət olub. SGC 2020-2023-cü illərdə yeni borc götürməyib, ancaq ötən ilin sonuna onun ümumi borc ehtiyatının təxminən 72 faizi Dövlət Neft Fondunun buraxdığı istiqrazlar və avrobondlar, 28 faizi isə beynəlxalq maliyyə institutlarının kreditləri və onlar tərəfindən dəstəklənən kreditlər təşkil edib”, – deyə agentlik bəyan edib.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılıb. Cəmiyyətin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Qurumun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir.
Yeri gəlmişkən, Avropanın enerji xəritəsini zənginləşdirən Cənub Qaz Dəhlizi layihəsi uzun illər aparılan səmərəli danışıqların, bu sahədə imzalanan sənədlərin nəticəsi olaraq ərsəyə gəlib. Məlum olduğu kimi, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıblar. Sözügedən sənəd TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Bir il sonra Azərbaycan və Türkiyənin dövlət başçıları Trans-Anadolu Qaz Boru Kəməri ilə bağlı müqaviləyə imza atıblar. 2013-cü ildə isə Trans-Adritik Qaz Boru kəməri layihəsi həyata vəsiqə alıb. Beləliklə, Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin reallaşdırılması üçün hüquqi baza formalaşdırıldıqdan sonra konkret işlərə start verilib.
SGC-nin ilk seqmenti olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji layihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan illik 10 milyard kubmetrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən çox kondensat həcmində qiymətləndirilib.
Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.
“Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir.
Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya nəql etmək məqsədilə inşa edilib. Adı çəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Həmin il dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. Bununla da, ölkəmiz “köhnə qitə”nin əsas qaz tədarükçülərindən birinə çevrilib. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərlə il ərzində 10 milyard kubmetrdən artıq qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Mirbağır YAQUBZADƏ