- Daxili siyasət
- 09:37 20.09.2024
Qlobal iqlim dəyişikliyi ilə mübarizədə xüsusi fəallığı ilə seçilən Azərbaycan dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır. Elə 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına imza atan 171 ölkədən birinin məhz Azərbaycan Respublikası olması da bunun bariz nümunəsidir. Paris sazişinə əsasən, ölkəmiz baza ili kimi müəyyənləşdirilən 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasına dair öhdəlik götürüb.
Eyni zamanda, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi üçün isə imkanları yetərincədir. Belə ki, əlverişli coğrafi mövqeyi və iqlim şəraiti ilə seçilən ölkəmiz bərpaolunan enerji mənbələri ilə zəngindir. Mütəxəssilərin hesablamalarına görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir.
Bütün bunlar Azərbaycanın dünyanın etibarlı “yaşıl enerji” tərəfdaşı kimi mövqeyini gücləndirir. Elə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu inam və etibardan irəli gəlir. COP29-un Bakıda keçirilməsinə dair qərar son illər iqlim problemləri ilə qlobal mübarizənin ön sıralarında olan ölkəmizin bu sahədə göstərdiyi uğurlu fəaliyyətə verilən beynəlxalq qiymətin təzahürüdür. Bununla yanaşı, dünya birliyinin belə bir mötəbər beynəlxalq tədbirə ev sahibi kimi məhz Azərbaycanı seçməsi, həm də ölkəmizin son illər Cənubi Qafqaz regionunun iqtisadi, siyasi və humanitar mərkəzi rolunda çıxış etməsindən irəli gəlir. Yeri gəlmişkən. bu məqam Prezident İlham Əliyevin 2023-cü il dekabrın 25-də imzaladığı Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamında da öz əksini tapıb. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, – deyə sənəddə qeyd olunub.
Göründüyü kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar xalqımız üçün olduqca qürurverici bir hadisədir. Bu tədbiri, həm də ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyərin təsdiqidir.
Son illər Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi ümidləri doğruldan və bir sıra mötəbər beynəlxalq tədbirlərin ünvanına çevrilən Azərbaycanın COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkilini də ən yüksək səviyyədə həyata keçirəcəyi heç kimdə şübhə doğurmur. Artıq 2024-cü ilin ilk günlərindən etibarən ölkəmizdə bu mötəbər beynəlxalq tədbirə, mühüm enerji platformasına hazırlıq işlərinə başlanılıb. Prezident İlham Əliyevin 13 və 19 yanvar tarixlərində imzaladığı sərəncamlar bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə ki, sözügedən sənədlərə əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb, komitənin sədri və üzvləri müəyyənləşdirilib. Prezident sərəncamına əsasən, Təşkilat Komitəsinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanıb həyata keçirilməsi və əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlərin görülməsi tapşırılıb.
Artıq Təşkilat Komitəsi Prezident sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində ilkin tədbirlərə start verib. Yanvarın 22-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən ilk iclasda COP29-un ən yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb. Toplantıda Azərbaycan Prezidentinin COP29-la bağlı tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə məlumat verilib. Toplantıda ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, yerli və beynəlxalq media, digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğu bildirilib.
Yeri gəlmişkən, bəşəriyyətin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP29-dan gözləntilər çoxdur. Belə ki, “yaşıl dünya” ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyənləşdiriləcəyi gözlənilir ki, bu da qlobal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə sayılacaq. Eyni zamanda, uzun illərdir ki, dünya ölkələri qlobal istiləşmənin, karbon emissiyalarının təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrin maliyyələşdirilməsi ilə bağlı yekdil rəyə gələ bilmirlər. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirsələr də, məsələnin həlli düyünə düşüb. Ekspertlərin fikrincə, COP29 bu düyünün açılmasına, iştirakçı ölkələrin maliyyə məsələsində razılığa gələ biləcəyinə böyük ümid bəsləyirlər.
Mirbağır YAQUBZADƏ