- Daxili siyasət
- 09:37 20.09.2024
2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əməliyyat mənfəəti 11,5 milyon manat, xalis mənfəəti isə 4,6 milyon manat təşkil edib. İl ərzində qurumun gəlirləri və xərcləri, təxminən, 10 faiz artaraq müvafiq olaraq 72,3 milyon manata və 67,5 milyon manata çatıb. Xərclərin artımının əsas hissəsi əməkhaqqı ödənişlərinin payına düşüb. Bu da 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17 faiz artırılması ilə bağlıdır. Bu və digər məsələlər barədə “Azərpoçt” MMC-nin ötən ilin yekunları ilə bağlı hesabat tədbirində qurumun idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev məlumat verib.
Qeyd olunub ki, “Azərpoçt” rəqəmsal çatdırma hesab olunan ilk poçtamatını da AZ1000 indeksli mərkəzi poçt məntəqəsində müştərilərinin istifadəsinə verib. İnsan əməyi olmadan, avtomatlaşdırılmış şəkildə özünəxidmət funksiyalı poçt qutuları həftənin bütün günlərində 24 saat ərzində fəaliyyət göstərərək müştərilərin məmnunluğunu tam təmin edir. “Azərpoçt”un quraşdırdığı poçtamatların əsas üstünlüyü ondan ibarətdir ki, tam avtomatlaşdırılmış rejimdə, mərkəz sistemlə birbaşa inteqrasiyalı şəkildə işləyir. İ.Mustafayevin dediyinə görə, bu zaman poçtamata yaxınlaşan müştəri özünə məxsus kodu yığaraq açılan qutudan heç kəslə onlayn və ya fiziki şəkildə təmasda olmadan bağlamasını götürə bilir. Ötən il Azərbaycana gətirilən bu tip qurğular qısa müddətdə hipermarketlərdə də quraşdırılacaq.
Bundan əlavə, “Azərpoçt” yalnız onlayn sifarişlərin çatdırılması üçün nəzərdə tutulan, xüsusi xidmət nöqtələri olan PUDO məntəqələrini də istifadəyə verib. Hazırda 50-yə yaxın bu tip məntəqə səhər 9:00-dan etibarən 12 saat ərzində əhaliyə xidmət göstərir. “20 mindən çox müştəri bazası olan, Türkiyədən onlayn məhsulların sifarişini çatdıran “Postcargo” bu gün 1113 şöbədə vətəndaşlara xidmət göstərir. Hazırda ABŞ-dən test rejimində bağlamaların çatdırılmasını icra edir, yaxın zamanda xidmətin tam istifadəyə veriləcəyi planlaşdırılır”, – deyə İ.Mustafayev bildirib.
Qeyd olunub ki, “Azərpoçt" MMC-nin məlumat sistemi ötən 20 il ərzində mütəmadi olaraq yenilənsə də, bu istiqamətdə əsaslı işlər son dövrlərdə aparılıb. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq 2022–2023-cü illərdə “Azərpoçt”un IT sistemi tam yenilənib. Hazırda isə ölkənin baş poçtunun internet bankinq sistemi üzərində işlər davam etdirilir. Bu məqsədlə “AzIntelecom” MMC tərəfindən sistem yoxlanılır. Yaxın günlərdə isə internet bankinq sisteminin təqdimatı keçiriləcək.
İşğaldan azad olunmuş ərazilərdə də poçt xidmətlərinin təşkili ilə bağlı lazımi işlərin görüldüyünü diqqətə çatdıran İ.Mustafayev bildirib ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbələri yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda “Azərpoçt”un Xankəndi Poçt Filialının yaradıldığını bildirən sədr vəzifəsinin icra edən İsi Mustafayevin sözlərinə görə, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində də poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən olunması ilə bağlı işlər davam etdirilir.
Yeri gəlmişkən, son zamanlar “Azərpoçt” MMC-nin adından əhaliyə saxta mesajlar göndərilir. Xüsusən də 2023-cü ildən başlayaraq bu cür xoşagəlməz halların sayında artım müşahidə olunur. Belə bir narahatedici məqama toxunan İ. Mustafayev deyib ki, ölkəmizdə hətta bir sıra maliyyə qurumları da belə hallarla üzləşirlər. Bildirilib ki, “Azərpoçt” MMC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Elektron Təhlükəsizliyi Xidməti tərəfindən bu istiqamətdə müntəzəm tədbirlər görülür, əhali arasında maarifləndirmə işləri aparılır.
“Azərpoçt” MMC-də istifadə olunan mövcud proqramın 20 ildir ki, fəaliyyət göstərdiyini vurğulayan qurum rəhbərinin sözlərinə görə, köhnəlmiş proqram səbəbindən sistemdə müəyyən problemlər yaranır. O deyib ki, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin sistemlərində ləngimənin baş verməsinin səbəbi də məhz onun köhnə olması ilə bağlıdır. Sistem ləngiməsinin aradan qaldırılması üçün müvafiq prosedurların davamlı olaraq həyata keçiriləcəyini bildirən İ.Mustafayev onu da deyib ki, köhnə sistemin yenilənməsi üçün avadanlıqların və cihazların hər birinin dəyişdirilməsi lazımdır. “Bununla bağlı 2023-cü ildə xeyli iş görülüb. Amma bu gün məsələnin tam həlli mümkün deyil. Bu problem tədricən öz həllini tapacaq ki, bu da ayrıca bir layihədir. Təəssüf ki, bunun üçün il yarımadək vaxt lazımdır”, – deyə İ.Mustafayev əlavə edib. Yeri gəlmişkən, bəzi hallarda vətəndaşlar bağlamaların itməsi ilə yanaşı, onların vaxtında çatdırılmamasından narazılıqlarını bildirirlər. Məsələyə aydınlıq gətirən İsi Mustafayevin dediyinə görə, bağlamaların gec çatdırılmasının əsas səbəbi ünvanın göstərilməməsi və ya səhv qeyd olunmasıdır.
2024-cü ili mənfəətlə başa vurmaq üçün imkanların səfərbər olunduğunu vurğulayan qurum rəhbəri qeyd edib ki, il ərzində ölkə ərazisində yeni çeşidləmə mərkəzləri tikiləcək, IT infrastrukturu modernləşdiriləcək. Bununla yanaşı, cari ildə “Azərpoçt” MMC-nin inzibati binaları təmir olunacaq, müştəri loyallığı indeksinin artırılması məqsədilə lazımi tədbirlər həyata keçiriləcək. Azərbaycanda universal poçt xidmətləri üzrə tariflərin qaldırılması ilə bağlı hər hansı təklifin olmadığını deyən qurum rəhbərinin sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı ehtimal edilən qərarlar poçt xidmətlərinin maya dəyərinə təsir etsə də, bu sahədə hər hansı dəyişiklik gözlənilmir.
Mirbağır YAQUBZADƏ