- Daxili siyasət
- 09:37 20.09.2024
Bu ildən ölkəmizdə iqtisadiyyatın dayanıqlılığının və inkişafının təmin olunmasında əsas iqtisadi normativ baza sayılan Rəqabət Məcəlləsinin tətbiqinə başlanılır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2024-cü il yanvarın 23-də “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Bundan əvvəl isə, ötən ilin dekabr ayında sözügedən sənəd Milli Məclisdə üçüncü oxunuşda qəbul edilmişdi. Rəqabət Məcəlləsini ölkəmizin iqtisadi inkişafı üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Belə ki, sənədin qüvvəyə minməsi nəticəsində ölkəmizdə rəqabətin tənzimlənməsi təmin olunacaq, yeni yanaşmalar tətbiq olunacaq. Yeni Məcəllə sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının inkişafına, ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verəcək.
Prezident fərmanına əsasən, Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsi hazırlanacaq, sözügedən sənədin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar müəyyənləşəcək. Fərmanda qeyd olunduğu kimi, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarlar, eləcə də bazarda sahələrin təmərküzləşmə səviyyəsi müəyyənləşdiriləcək, bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydası hazırlanacaq. Eyni zamanda, ölkədə bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları və maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri müəyyənləşəcək, təbii inhisar subyektlərinin siyahısı hazırlanacaq.
İndən belə ölkədə Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektlərinə maliyyə sanksiyası tətbiq ediləcək. Fərmana əsasən, Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Heç şübhəsiz, bu da ölkədə süni qiymət artımının və inflyasiyanın qarşısını almağa imkan verəcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, Məcəllədə rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər, bazar payının müəyyən edilməsi, bazarda hakim mövqe və bundan sui-istifadə halları, haqsız rəqabət və onun formaları, iqtisadi təmərküzləşmələr üzrə yeni qaydalar tətbiq olunacaq.
M.Abbasbəyli deyib ki, yeni Məcəllə sahibkarlıq subyektləri ilə yanaşı, dövlət və yerli özünüidarəetmə orqanlarının antiinhisar qanunvericiliyinə zidd olan hərəkətlərinin və ya hərəkətsizliyinin qarşısının alınmasını və tənzimləmə fəaliyyətinin rəqabətə təsirinin qiymətləndirilməsini tənzimləyəcək. Bütövlükdə isə, Rəqabət Məcəlləsinin qəbul edilməsi inhisarçılığın məhdudlaşdırılması vasitəsilə ölkədə özəl sektorun inkişafına dəstək vercək. Bu da yerli sahibkarlığı inkişaf etdirməklə rəqabət qabiliyyətli məhsulların istehsalının genişləndirilməsinə, eləcə də ölkənin ixrac potensialının artırılmasına imkan yaradacaq.
Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərindən birinin rəqabət təhlilləri, müxtəlif əmtəə bazarlarında araşdırmaların və monitorinqlərin aparılmasından ibarət olduğunu diqqətə çatdıran xidmət rəisi bildirib ki, qurum bununla hər hansı bir əmtəə məhsulları seqmentində rəqabətin pozulub-pozulmaması barədə ehtimallar irəli sürə və onun əsasında müəyyən tənzimləyici və nəzarət addımları ata bilir. Bu baxımdan 2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiqlənmiş illik fəaliyyəti planına uyğun olaraq dərman vasitələri, karqo xidmətləri və geniş zolaqlı internet bazarlarında, eləcə də da kənd təsərrüfatı sektorunda müxtəlif araşdırmalar aparılıb. Həmin araşdırmaların nəticəsi olaraq bazarda çoxiştirakçılığın təmin edilməsi, texniki və iqtisadi tənzimləmələrin optimallaşdırılması üzrə geniş təkliflər paketi hazırlanaraq hökumətə təqdim olunub.
Yeri gəlmişkən, dövlət başçısının imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmana əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti təkmilləşdiriləcək.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
2023-cü ilin dekabr ayında Rəqabət Məcəlləsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edildi. Bu il yanvarın 23-də isə Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu təsdiqlədi.
Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəd ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir sənəddir.
Yeni Məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir. Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir.
Bu gün bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabətlə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq.
Bütövlükdə isə, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu yeni dövrdə islahatların daha da dərinləşəcəyindən xəbər verir.
Mirbağır YAQUBZADƏ