- Daxili siyasət
- 11:03 30.09.2024
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq getdikcə genişlənir. Bu da təsadüfi deyil. Çünki son illər bəzi Avropa ölkələri təbii qaza olan tələbatının ödənilməsində ölkəmizə böyük ümid bəsləyirlər. Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində vaxtilə söylədiyi 100 il bundan sonra da Azərbaycanın tərəfdaşlar üçün önəmli ölkə olacağı fikrinə diqqət çəkərək deyib: “Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır”.
Hazırda Cənub Qaz Dəhlizinin tam gücü ilə işlədiyini vurğulayan dövlət başçısı bu dəhlizlə əlavə qaz həcminin göndərilməsinə zərurət yaranacağı təqdirdə onun genişləndirilməsinin vacibliyini bildirib. Bunun üçün əlavə vəsait lazım olacağnı diqqətə çatdıran Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin nasos stansiyaları vasitəsilə genişləndirilə biləcəyini də istisna etməyib.
Bu arada, İtaliya mətbuatı Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsinə dair son qərarın cari ilin mart ayına qədər veriləcəyi ilə bağlı xəbər yayıb. Məlumatda bildirilir ki, mart ayına qədər TAP konsorsiumunun və onun beş üzvünün bununla bağlı qərarı məlum olacaq. Yəni konsorsiumun payçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Böyük Britaniyanın BP, İtaliyanın “Snam”, Belçikanın “Fluxys” və İspaniyanın “Enagàs” şirkətləri son qərarı həmin vaxtda verəcəklər.
Xəbərdə o da deyilir ki, əgər boru kəmərinin ötürmə gücünün ikiqat artımı həyata keçiriləcəksə, daha doğrusu, hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılacaqsa, bu zaman kompressor stansiyalarında struktur müdaxilələri ilə yanaşı, üç iştirakçı ölkədə, yəni Yunanıstan, Albaniya və İtaliyada inzibati və tənzimləyici dəyişikliklərin həyata keçirilməsi, həmçinin icazələrin verilməsinə zərurət yaranacaq. TAP konsorsiumu ilə müqavilə bağlamış əsas daşıyıcı operatorların və istehlakçıların Azərbaycan qazına olan real marağına da aydınlıq gətirən italyan jurnalistlər bunu mart ayında kəmərin gücünün iki dəfə artırılıb-artırılmaması ilə bağlı qərarın qəbul olunması üçün mühüm məqam hesab edirlər.
İtaliya ərazisində 400 milyon ABŞ dollarına başa gələn qaz kəmərinin strateji əhəmiyyət daşıdığı və onun gücləndirilməsinə ehtiyac olduğunu təsdiq edən rəqəmlər mövcuddur. Əvvəldən tədarükün həcmini artırmaq üçün yaradılan borulara yeni sərmayələr tələb etməyən TAP-ın onu Trans-Anadolu Boru Kəmərindən qəbul etdiyi Yunanıstan–Türkiyə sərhədindəki mövcud qaz-kompressor stansiyalarının modernləşdirilməsi ilə bağlı əməliyyat həyata keçiriləcək.
Məlumatda o da vurğulanır ki, boru kəmərinin ötürücülüyünün genişləndirilməsi İtaliyanın “mavi yanacağ”a olan tələbatının ödənilməsində Azərbaycan qazının payını 15 faizə qaldıracaq, Rusiya qazının payı isə 3 faizə enəcək. Həmçinin, kəmərin ötürücülük gücünün iki dəfə artırılması Balkanlardan Avropa İttifaqına uzanan Cənub Qaz Dəhlizi üçün də faydalıdır.
Qeyd edək ki, ötən ilin dekabrında Niş şəhərində Bolqarıstan və Serbiyanın qaz şəbəkələri arasında birləşdirici boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan ümumi qaz alıcılarının sayı 8-ə çatdırıldı ki, bunun da 6-sı Avropa ölkələridir. Bu da Avropanın enerji xəritəsini zənginləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətinin bir daha təsdiqləyir.
Bu məqamda daha bir maraqlı məsələyə toxunmaq lazım gəlir. Ötən ilin noyabr ayında Almaniya kansleri Olaf Şolts Berlində İtaliyanın Baş naziri Giorgia Meloni ilə birgə mətbuat konfransı zamanı deyib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi Alp dağlarından keçəcək yeni boru kəmərinin imkanları nəzərə alınmaqla genişləndirilə bilər. Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyini vurğulayan Almaniya kanslerinin fikrincə, Alp dağlarından keçən yeni boru kəməri ilə hər iki ölkə üçün enerji təchizatının təhlükəsizliyini yaxşılaşdırmaq mümkün olacaq.
Bugünlərdə isə Avropa Komissiyası Mərkəzi və Cənub-Şərqi Avropa Qaz Ötürmə Sistemləri Təşəbbüsünə (CESEC) üzv ölkələrin energetika nazirlərinin Yunanıstanın paytaxtı Afinada keçirilən görüşü ilə bağlı məlumat yayıb. Məlumatdan aydın olur ki, görüş zamanı bir sıra sənədlərlə yanaşı, qazla bağlı yenilənmiş tədbirlər planı da qəbul edilib. Tədbirlər planında nəzərdə tutulmuş təbii qaz üzrə prioritet infrastruktur layihələrinin siyahısında Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi də yer alıb. Göründüyü kimi, sözügedən tədbirlər planında TAP-ın genişləndirilməsi ilə bağlı məsələnin Mərkəzi və Cənub-Şərqi Avropa üçün prioritet sayılan layihələrin sırasına daxil edilməsi heç də təsadüfi deyil.
Qeyd edək ki, CESEC Mərkəzi və Cənub-Şərqi Avropanın qaz və elektrik enerjisi bazarlarının inteqrasiyasının sürətləndirilməsini nəzərdə tutur. Yüksək səviyyəli CESEC işçi qrupu 2015-ci ilin fevral ayında yaradılıb.
Xatırladaq ki, Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 30 milyard kubmetr Azərbaycan qazı ixrac olunub. Bu həcmlərin 24 milyard kubmetri İtaliyaya, qalan 6 milyard kubmetri isə Yunanıstana nəql edilib. Eyni zamanda, son illər interkonnektorların (birləşdirici kəmərlər) yaradılması məsələsi də getdikcə aktuallığını artırır. Bu da Avropada Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsinə, enerji sahəsində tərəfdaş ölkələrin sayının artmasına səbəb olur.
Mirbağır YAQUBZADƏ