- Daxili siyasət
- 09:37 20.09.2024
Qlobal istiləşmənin, kəskin iqlim dəyişikliklərinin mənfi təzahürlərindən əziyyət çəkən bəşəriyyət ənənəvi enerjidən bərpaolunan enerjiyə doğru yön alıb. Bu məqsədlə son illər dünya ölkələri bəşəriyyətin xilası naminə səylərini getdikcə artırır, “yaşıl enerji”yə keçidi sürətləndirmək üçün enerji sahəsində əməkdaşlığı genişləndirməyə can atırlar. Hətta uzun illər dünyanın neft-qaz sektorunda uğurla fəaliyyət göstərən şirkətlər də enerji sahəsinə yeni prizmadan yanaşır, “yaşıl” potensialın istifadəsinə öz töhfələrini verməyə çalışırlar.
Ölkə Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bu vacib məqama toxunaraq bildirib ki, hazırda bir çox aparıcı neft şirkətləri hətta öz adlarını da dəyişdirib enerji şirkətlərinə çevirirlər: “Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər “yaşıl enerji” layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Orada müxtəlif məhdudlaşdırıcı addımlar da istisna deyil”.
Belə bir şəraitdə Azərbaycanın da bu ümumi trendin içində olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamaq üçün ölkəmizin misilsiz potensialı var. Belə ki, təsdiqlənmiş proqnozlara görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Yeri gəlmişkən, Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizindəki 157 min meqavatlıq bərpaolunan enerji potensialını yüksək qiymətləndirib.
Məlum olduğu kimi, son illər Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilib. Bu da təsadüfi deyil. Çünki dünyanın neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının reallaşmasına da mühüm töhfələr verməyə çalışır. Heç şübhəsiz, bu da ölkəmizə olan inamı bir qədər də artırır. Elə COP29 kimi böyük bir tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması da məhz bu inamdan irəli gəlir. Yeri gəlmişkən, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarı Azərbaycanın beynəlxalq nüfuzunun və uğurlu siyasətinin göstəricisi kimi dəyərləndirərək deyib: “Tam səmimiyyətlə deyə bilərəm ki, bizim çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik... Biz istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkəmizdə, necə deyərlər, “yaşıl enerji” inkişaf etsin, həm dünyaya töhfə verək. Burada, əlbəttə ki, indi mahiyyət üzrə də çox ciddi proseslər gedəcək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq”
Hazırda ölkəmizin ümumi enerji istehsalında bərpaolunan enerjinin payı, təqribən, 20 faiz təşkil edir. Bununla belə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. Bu da onu göstəririr ki, Azərbaycan yaxın gələcəkdə karbon emissiyalarının azaldılmasına mühüm töhfələr verməyə tam qadirdir. Elə Prezident İlham Əliyev də məlum müsahibəsində bu məqama toxunaraq bildirib ki, “yaşıl enerji”yə gəldikdə, yenə də burada Azərbaycan öz rolunu oynayacaq. “Yaşıl enerji” dəhlizinin, o cümlədən Qara dənizin dibi ilə çəkiləcək kabelin də Azərbaycanın resurslarına hesablandığını diqqətə çatdıran dövlət başçısının sözlərinə görə, “yaşıl enerji”ni ixrac etməklə ölkəmizin önəminin daha da artacağını Avropa Komissiyasında yaxşı anlayırlar. Yeri gəlmişkən, bu il martın 1-də öz Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin növbəti Məşvərət Şurası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək. Azərbaycanla Avropa Komissiyasının həmsədrliyi ilə reallaşdırılacq bu mötəbər enerji toplantısının gedişində bərpaolunan enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv imkanlar geniş müzakirə olunacaq.
Ölkə Prezidenti yerli televiziya kanallarına müsahibəsi zamanı bərpaolunan eneji potensialından səmərəli istifadənin Azərbaycanın enerji siyasətinin prioritet istiqaməti kimi xarakterizə edərək bu sahədə həyata keçirilən tədbirlərə də nəzər salıb. Dövlətimizn başçısı ötən ilin oktyabrında Qaradağ rayonunda Günəş Elektrik Stansiyasının istismara verilməsini bu baxımdan təqdirəlayiq addım kimi dəyərləndirərək qeyd edib ki, ölkəmizdə yaxın 3-4 ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdırmaq mümkün olacaq. Ölkə rəhbəri fikrinin davamı olaraq bildirib ki, hazırda elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. “Yaşıl enerji” istehsalının artırılması isə il ərzində, təqribən, 3-3,5 miyard kubmetr “mavi yanacağ”a qənaət etməyə imkan yaradacaq. Heç şübhəsiz, Avropada Azərbaycan qazına tələbatın getdikcə artdığı indiki şəraitdə bunun iqtisadi səmərəsi olduqca yüksəkdir.
Məlum olduğu kimi, ötən müddətdə Azərbaycan hökuməti bərpaolunan enerji sektorunda əməkdaşlıq etdiyi dünyanın aparıcı şirkətləri ilə imzaladığı müqavilə və anlaşma memorandumları çərçivəsində 10 min meqavat “yaşıl enerji” istehsalına nail olmağı hədəfləyib. Bunun iqlim dəyişikliyi məsələlərinə, həmçinin təbii qazı daha böyük həcmdə ixrac etməyə imkan yaradacağını diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin bu sahədəki potensialı həddindən artıq çox olduğundan bununla kifayətlənmək olmaz. Deməli, son illər mötəbər və etibarlı enerji tərəfdaşı imicini qazanmış Azərbaycanın Avropa İttifaqı ilə “yaşıl keçid” platforması sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanları kifayət qədərdir.
Eyni zamanda, bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi ilə bağlı həyata keçirilən layihələrin ölkədə məşğulluğun təminatına da mühüm töhfə verəcəyi şəksizdir. Təsadüfi deyil ki, yerli televizya kanallarına verdiyi müsahibədə bu vacib məqama toxunan dövlətimizin başçısı bildirib ki, bərpaolunan eneji layihələrinin reallaşdırılması yeni texnologiyaların Azərbaycana gətirilməsinə imkan yaratmaqla yanaşı, həm iş yerlərinin açılmasına, həm də bölgələrin inkişafına böyük təsiri olacaq. “Çünki Xəzər dənizindən kənarda bizim bütün qalan potensial stansiyalarımız bölgələrdə yerləşir, o cümlədən Qarabağ bölgəsində”, – deyə ölkə Prezidenti əlavə edib.
Mirbağır YAQUBZADƏ