- Daxili siyasət
- 09:37 20.09.2024
Bakı şəhərinin 2040-cı ilədək inkişafı çoxmərkəzli inkişaf strategiyasına əsaslanacaq. Bu məsələ paytaxtın yeni Baş planında əksini tapıb. Sənədin əsas məqsədlərindən biri Bakının mərkəzi hissəsinin yüklənmədən azad olunmasından ibarətdir. Bu da şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılmasını və gücləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, mənzil fondunun müasirləşdirilməsini, eləcə də xidmət səviyyəsinin yüksəldilməsini özündə ehtiva edir.
Baş plana əsasən, paytaxtın ötən dövrdə formalaşmış mərkəzi əraziləri, yəni, şəhər nüvəsini əhatə edən Bakının Mərkəzi Planlaşdırma Rayonunun konkret sərhədləri müəyyən edilib. Şəhərin tarixi simasına xələl gətirməmək məqsədilə bu rayonun hüdudları daxilində yerləşən ərazilərdə aparılacaq gələcək inkişaf tədbirləri üzrə müəyyən qaydaların tətbiqi planlaşdırılır. Sənədə əsasən, şəhər ərazisində Mərdəkan və Ələt olmaqla iki regional və 4 alt-mərkəzin (Zığ – Hövsan, Sabunçu, Binəqədi və Lökbatan) yaradılması nəzərdə tutulur.
Baş planın hazırlanması zamanı əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda, təqribən, əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün, təqribən, 9 min hektar sahə nəzərdə tutulub ki, burada da 200 min mənzilin inşası mümkün olacaq.
Paytaxtın yeni Baş Planında ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. İlk növbədə, mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin mərkəzdən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir. Bu baxımdan Səngəçal və Ələt qəsəbələri ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişli hesab olunur. Hazırda bu qəsəbələrdə neft və neft-kimya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir. Eyni zamanda, burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), mayeləşdirilmiş qaz, həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur.
Bundan əlavə, paytaxtın ayrı-ayrı ərazilərində ekoloji cəhətdən təmiz enerji istehsalı müəssisələrinin yaradılması nəzərdə tutlur. Baş Plana əsasən, 2040-cı ilə qədər Ələt, Lökbatan, Sabunçu və Mərdəkan alt-mərkəzlərində 2650 hektar ərzidə qoyuluş gücü 1200 meqavat olan bir külək və üç günəş elektrik stansiyasının inşası, sonrakı dövrdə isə həmin ərazilərdə bərpaolunan enerji təsərrüfatlarının inkişafı üçün əlavə 3313 hektar torpaq sahəsinin ayrılması planlaşdırılır.
2040-cı ilədək paytaxtın Sabunçu rayonunda Eko-Sənaye Parkı yaradılacaq. Baş Planda qeyd olunduğu kimi, göllərin və torpağın ekoloji təmizlənməsi tədbirləri çirklənmiş torpaqların saxlanması və texniki emalı və təmizlənməsi üçün böyük ərazi sahələrinin ayrılmasını şərtləndirəcək. Böyükşor gölünün şimalında, “Təmiz şəhər” ərazisinin yaxınlığında yaradılması planlaşdırılan park eko sənaye sahəsi üçün vahid mərkəz formalaşdırmağa və bu sahədə fəaliyyət göstərən müxtəlif müəssisələr arasında əlaqələndirməni təmin etməyə imkan verəcək.
Baş Planda paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması ilə bağlı konkret tədbirlər də nəzərdə tutulur. Belə ki, 2040-cı ilədək Bakıda təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 min 370 hektar artırılması tələb olunur. Baş Plan çərçivəsində şəhərin yarımsəhra landşaft xüsusiyyəti və iqlim şəraiti, həmçinin güclü küləklər və suvarma üçün su ehtiyatlarının çatışmazlığı nəzərə alınmaqla kiçik və ya orta ölçülü yaşıllıqlar yaradılacaq.
Bundan başqa, şəhərdə əlçatan yaşıllıqların payının artırılması hədəfinə və Baş Planın təkliflərinə uyğun olaraq Xocəsən gölü ətrafında təxminən 500 hektar ərazidə geniş ictimai parkın salınması planlaşdırılır. Həmin park ətrafdakı sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və Xocəsən gölünün ekoloji təmizlənməsinə təkan verəcək. Eyni zamanda, Xocəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur.
2040-cı ilədək paytaxtın yol-nəqliyyat infrastrukturunun imkanlarının genişləndirilməsi ilə bağlı son dərəcə vacib tədbirlər həyata keçiriləcək. Baş plana əsasən, şəhərdə nəqliyyat sıxlığının və tıxacların azaldılması məqsədilə dairəvi metro şəbəkəsinin tamamlanması planlaşdırılır. Əks istiqamətlərdə də eyni vaxtlı hərəkətə imkan verən dairəvi metro şəbəkəsi yaradılacaq, relsli nəqliyyatın şəhərin şərq hissəsini tam əhatə etməsinə nail olunacaq, metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqları yaradılacaq, paytaxtın yeni inkişaf edən əraziləri ilə metro əlaqəsi təmin olunacaq. Bununla yanaşı, 2040-cı ilədək hava limanı ərazisinə gediş-gəlişin 30 faizinin dəmir yolu nəqliyyatı hesabına təmin edilməsi nəzərdə tutulur.
Qarşıdakı illərdə Bakıda tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması da nəzərdə tutulur ki, bu da xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsi hesabına mümkün olacaq. Bununla, həm də paytaxtın ictimai nəqliyyat sisteminin səmərəli fəaliyyəti (rentabelli, yüksək tutumlu, sürətli, rahat, etibarlı, dəqiq, əhatə dairəsi geniş və s.) təmin ediləcək.
2040-cı ilədək Bakıda küçə-yol şəbəkəsinin uzunluğu, təqribən, 368,7 kilometrədək artırılaracaq ki, bu da ümumi şəbəkənin 2300 kilometrdən 2668 kilometrə çatdırmağa imkan yaradacaq. Sənədə əsasən, paytaxtın mərkəzi ərazisində nəqliyyat sıxlığının azaldılması, şəhərin şərq və qərb hissələri arasındakı nəqliyyat yerdəyişmələri zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxilolmadan şəhərkənarı həlqəvi magistrallara çıxışlarının təmin edilməsi, habelə mövcud yolların perspektivdə ifrat yüklənmələrinin qarşısının alınması məqsədilə yeni alternativ yol infrastrukturlarının yaradılması nəzərdə tutulub.
Bütövlükdə isə, 2040-cı ilədək Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur. Baş Plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpaolunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur. Həmin vəsaitin 60,5 milyard manatı dövlət, 33,1 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.
Mirbağır YAQUBZADƏ