- Daxili siyasət
- 09:37 20.09.2024
Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər digər sahələr kimi, aqrar bölmənin də inkişafı üçün əlverişli imkanlar yaradıb. Onu da deyək ki, hazırda əhalisinin təqribən yarısının bölgələrdə yaşadığı Azərbaycanda aqrar sahənin inkişaf etdirilməsi daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi ilə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təminatına və ixracın strukturunda qeyri-neft mallarının xüsusi çəkisinin artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməkdədir.
Ötən müddətdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorun inkişafını ləngidən problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması müsbət nəticələr verir. Hökumətin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirləri aqrar sektorda təşəbbüskarlığa geniş meydan açır. Bütün bunlar kənd təsərrrüfatının dinamik inkişafını təmin etməklə yanaşı, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının artmasına imkan yaradır.
Elə son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının, təqribən, 50 faiz artması da bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Statistik məlumatlara əsasən, son illər ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının təqribən 30 faiz artmasına imkan yaradıb.
Bu baxımdan yola saldığımız 2023-cü ili də Azərbaycanın kənd təsərrüfatı sahəsi üçün uğurlu hesab etmək olar. Hər şeydən əvvəl qeyd edək ki, dövlətin prioritet elan etdiyi ərzaq təhlükəsizliyi ötən ildə də diqqət mərkəzində saxlanılıb. Bu baxımdan hökumətin ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti verməsini, eləcə də faiz subsidiyası ödəməklə bağlı qərarını xüsusi qeyd etmək lazımdır.
Ölkə Prezidenti İlham Əliyevin bu məqsədlə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik etməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə imzaladığı fərman müstəsna əhəmiyyət daşıyır.
2023-cü ildə Azərbaycanda bir ton ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 2022-ci illə müqayisədə 22,4 faiz az – 450 manat müəyyənləşdirilib. Əvəzində fermerlərdən alınan şəkər çuğundurunun qiyməti artırılıb. “Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 2023-2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə şəkər çuğundurunun hər tonunu şəkərlilik faizinə uyğun olaraq 4 manat baha – 485 manata almağa qərar verib.
Yola saldığımız ildə ölkənin aqrar sektoru üçün mühüm hadisələrdən biri də Nazirlər Kabineti tərəfindən kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun həyata keçirilməsi haqqında qəbul etdiyi qərarla bağlıdır. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, siyahıyaalınma 2025-ci il iyulun 15-dən avqustun 15-nə qədər, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə baş tutacaq.
Ölkəmizdə 3 il əvvəl tətbiqinə başlanılmış aqrar sığortanın uğurlu nəticələri ilbəil artır. Aqrar sektorda mühüm stimullaşdırıcı tədbir kimi getdikcə daha çox maraq kəsb edən bu sahənin əhatə dairəsi ötən il bir qədər də genişləndirilib. Məhz bunun nəticəsidir ki, il ərzində Aqrar Sığorta Fondu tərəfindən fermerlərə verilən sığorta ödənişləri rekord həddə çatıb. Ümumilikdə, ötən il fermerlərin fonddan aldıqları sığorta ödənişləri 4 milyon manat təşkil edib ki, bu da 2021-2022-ci illərlə müqayisədə təxminən 2 dəfə çoxdur.
2023-cü ildə kənd təsərrüfatının yüksək ixtisaslı kadrlarla təminatının artırılması istiqamətində də tədbirlər də davam etdirilib. Bu baxımdan ölkədə təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq Nazirlər Kabinetinin Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi ilə bağlı qərarını qeyd etmək olar. Bundan əlavə, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin dəstəyi ilə ADA Universitetində kənd təsərrüfatı və qida elmi fakültəsinin açılmasının da aqrar sahənin kadr təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyi şəksizdir.
Bu ildən isə Azərbaycanda yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Xatırladaq ki, Azərbaycanda siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək.
Məlum olduğu kimi, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı, satışı vergidən azaddır və bununla bağlı Vergi Məcəlləsində ayrıca maddələrdə izahlar verilib. Bununla belə, bütün kənd təsərrüfatı məhsullarının sonrakı mərhələdə dövriyyəsi, yəni tədarükü və ticarəti tam olaraq vergidən azad deyil. 2020-ci il yanvarın 1-dən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr tam olaraq ƏDV-dən azad edilib. Həmin malların siyahısı Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli qərarı ilə təsdiq eidlib. Bu siyahıya yemlərin tərkibinə daxil olan qüvvəli, qaba və sulu şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda istifadə olunan müəyyən amin turşuları, həmçinin, yem əlavəsi, müxtəlif təyinatlı minerallar, vitaminlər və digər maddələr daxil edilib.
Ekspertlər hesab edirlər ki, artıq bu cür məhsulların bütün zəncirlər üzrə dövriyyəsinin ƏDV-dən azad olunması heyvandarlığın inkişafına öz təsirini göstərəcək. Eyni zamanda, mal ətinin, eləcə də digər heydandarlıq və quşçuluq məhsullarının dövriyyəsinə edilən vergi güzəştləri son istehlakçının həmin məhsulu aşağı dəyərlə əldə etməsinə səbəb olacaq. Bütövlükdə isə, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin tam olaraq ƏDV-dən azad edilməsi, ümumilikdə, kənd təsərrüfatı sektorunda qiymət artımının qarşısını almağa imkan yaradacaq.
Mirbağır YAQUBZADƏ