- Daxili siyasət
- 09:37 20.09.2024
Qardaş Türkiyə Respublikası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da ölkəmizin etibarlı tərəfdaşıdır. Artıq uzun illərdir ki, ölkələrimiz aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq edirlər.
Ötən müddətdə kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət əlaqələri xeyli inkişaf edib, bu sahədə ticarət dövriyyəsinin artırılması istiqamətində lazımi işlər görülüb. Bununla yanaşı, hazırda ölkəmizdə Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsi də öyrənilir.
Bugünlərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Avropa İttifaqı və xarici əlaqələr, Təhsil və mətbuat, Dövlət su işləri, Qida və nəzarət, kənd təsərrüfatı islahatları və kadr məsələləri üzrə baş idarələrinin və TÜRKSAT-ın rəsmi şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə fermerlərin müraciətlərinə baxılması mexanizmi, elektron sənəd dövriyyəsinin tətbiqi qaydaları və digər məsələlər müzakirə olunub.
Səfər çərçivəsində ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, tətbiq olunan rəqəmsal texnologiyalar, aqrar təhsil və tədqiqat, beynəlxalq layihələr, fermerlərə göstərilən dəstək və onların icra mexanizmləri, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulması, ekologiyanın mühafizəsi və biomüxtəlifliyin qorunmasına yönəlmiş ən son texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib.
Görüşlər zamanı türkiyəli həmkarlarla aqrar sahədə mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ölkələrimiz arasında aqrar sahədə sazişlərin və yol xəritələrinin səmərəli icrası, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə konkret addımların atılması barədə müzakirələr aparılıb.
Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin aidiyyəti qurumlarının rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı ilə təşkil olunmuş “dəyirmi masa”larda kadr məsələləri, elektron sənəd dövriyyəsi, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası, torpaq və sudan səmərəli istifadə, kooperativlərin fəaliyyəti, həmçinin təhsil və elmi-tədqiqat, kənd yerlərinin inkişafı sahəsində həyata keçirilən layihələr, dövlət dəstəyi və onların icra mexanizmi və çağrı mərkəzlərinin fəaliyyəti ilə bağlı hər iki tərəfin təcrübəsinə əsaslanan təqdimatlar edilib.
Sonda kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsinin və müvafiq icra proseslərinin uğurla davam etdirilməsinin, bu kimi mübadilə və görüşlərin mütəmadi qaydada təşkil olunmasının vacibliyi bir daha vurğulanıb.
Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Ankarada Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşü zamanı da aqrar sektorda ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanmış, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdı.
Həmin görüşdə tərəflər “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında” Niyyət Bəyannaməsi imzalamışdılar. Sənəddə Türkiyədə həyata keçirilən kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi fəaliyyətlərinin Azərbaycan Respublikasında tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsi aparmaq niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.
Yeri gəlmişkən, son zamanlar qardaş Türkiyə ilə ölkəmizin işğaldan azad olunmuş ərazilərinin kənd təsərrüfatı potensialından səmərəli istifadə etmək istiqamətində də fəal əməkdaşlıq edilir. Bu baxımdan 2021-ci ilin oktyabr ayında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Zəngilanda əsası qoyulmuş “Dost Aqropark” layihəsi xüsusi diqqət çəkir. Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Dost Aqropark”ın 3 mərhələdə icra olunacağı nəzərdə tutulur.
Artıq türk və azərbaycanlı sərmayədarlar tərəfindən icra olunan layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikilir. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Layihə başa çatdırıldıqdan sonra 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində “ağıllı kənd” təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra 500 nəfər işlə təmin ediləcək.
Mirbağır YAQUBZADƏ