USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Odlar yurdu”nun “yaşıl enerji” keçidinə önəmli töhfələri

Bərpaolunan enerjinin payı hazırda 17 faizi ötüb


https://img.baki-baku.az/news/2023/12/photo_10251.jpg

Müasir dünyamız ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid mərhələsini yaşayır. Hətta bu sahə neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələrin belə, enerji sahəsində dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Artıq dünyanın qabaqcıl, inkişaf etmiş ölkələri ənənəvi enerjini ekoloji cəhətdən təmiz, təbiətin özündən gələn enerji ilə əvəz etməyə başlayıblar. Hətta bir sıra ölkələr 2035-2050-ci ilə qədər mədən yanacaqlarından tamamilə imtina etməyi və “yaşıl enerji”dən istifadəyə keçməyi planlaşdırır.

Bu məqsədlə külək və günəş enerjisini elektrikə çevirən ən müasir qurğular quraşdırılır, ekoloji təmiz enerjinin istehsalı ildən-ilə artırılır. Bunun nəticəsidir ki, bərpaolunan enerji mənbələrinin energetika sektorunda payı getdikcə artır. Dünyada enerji istehlakının 18 faizinin məhz bərpaolunan enerji mənbələrinin payına düşməsi də “yaşıl keçid”in ilkin uğurlarından soraq verir.

Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini getdikcə gücləndirən Azərbaycan da artıq “yaşıl keçid” platformasının əsas iştirakçılarından birinə çevrilib. Elə Prezident İlham Əliyevin yeni enerji siyasətinin əsas istiqamətlərindən biri də məhz ölkəmizin Avropanın başladığı dekarbonizasiya prosesində fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla ölkəmiz, həm də Avropaya yeni enerji körpüsü salmaqla “köhnə qitə”nin mühüm elektrik enerjisi, əsasən də, “yaşıl enerji” təchizatçısına çevrilməyi hədəfləyir.

Azərbaycanın alternativ və bərpaolunan enerji potensialı isə olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.

Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, dekabrın 18-də Bakıda “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə “Xəzər – Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji qurumları arasında görüş keçirilib. Görüşdə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev, energetika nazirinin müavini Elnur Sultanov, “Gürcüstan Dövlət Elektrik Sistemi” şirkətinin baş direktoru George Gigineishvili, Rumıniyanın “Transelectrica” şirkətinin İdarə heyətinin üzvü Bogdan Toncescu və Macarıstanın “MVM” qrupun nümayəndəsi Robert Endrejterin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası istiqamətində görülən işlərə həsr olunmuş tədbirdə tərəflərin məsul qurumları arasında ilk işçi görüşün keçirilməsi və layihənin icrası ilə bağlı hüquqi və digər praktiki aspektlər ətraflı müzakirə olunub. Görüşdə, həmçinin birgə müəssisənin yaradılması və layihənin davamı üçün yol xəritəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, tərəflərin məsul qurumları arasında ilk işçi görüşün razılaşma protokolu imzalanıb. Eyni zamanda, növbəti görüşün bu formatda Gürcüstanda keçirilməsi razılaşdırılıb.

Xatırladaq ki, Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış 17 dekabr 2022-ci il tarixli Buxarest sazişinin icrası istiqamətində 4 ölkənin məsul nazirlərindən ibarət yaradılmış Rəhbər Komitənin artıq 5 iclası keçirilib. Budapeşt şəhərində keçirilmiş son görüşdə növbəti addım olaraq Bakıda ötürücü qurumların arasında birgə müəssisənin yaradılması məqsədilə görüşün təşkil edilməsi razılaşdırılıb.

Məlum olduğu kimi, hökumətlərarası sazişdə Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi nəzərdə tutulub. Sənədə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycandan Gürcüstana, oradan kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, daha sonra isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər – Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul edilib. Qara dənizin dibi ilə çəkiləcək 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda olan kabel ölkəmizdə istehsal edilən “yaşıl enerji”ni Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Yeri gəlmişkən, Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsini nəzərdə tutan layihə dörd ölkənin–Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə regionda və Avropada yeni tərəfdaşlıq formatı, yeni əməkdaşlıq mühiti formalaşdırıb. Bu istiqamətdə birgə əməkdaşlığın Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcəyi isə şəksizdir.

Sualtı kabelin çəkilməsi başa çatana qədər isə ölkəmiz  “yaşıl enerji” istehsalını təmin etməlidir. Bu məqsədlə ötən müddətdə 25 qiqavat enerjini istehsal etmək məqsədilə dünyanın bərpaolunan enerji sahəsində tanınmış bir neçə beynəlxalq şirkət ilə müqavilə və anlaşma memorandumları imzalanılıb. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Qaradağ rayonunun ərazisində inşa etdiyi günəş elektrik stansiyası istifadəyə verilib. Bundan əlavə, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti tərəfindən 240 meqavat gücündə olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası davam etdirilir. Bütövlükdə isə, 2025-ci ilə qədər Azərbaycanda 700 meqavatdan artıq günəş və külək enerjisini istehsalının təmin edilməsi planlaşdırılır.

Göründüyü kimi, Azərbaycanın gələn il ev sahibliyi edəcəyi  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hesabatı üçün uğurlu işləri, “yaşıl enerji” layihələri kifayət qədərdir.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ