USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yeni texnologiyalar neft hasilatını yüksəldir


https://img.baki-baku.az/news/2023/12/photo_10205.jpg

Ölkəmizin qurudakı karbohidrogen yataqları uzun illərdir istismar olunmasına baxmayaraq, buradakı neft-qaz ehtiyatları hələ tükənməyib. Məlumat üçün bildiririk ki, ölkəmizdə neftin sənaye üsulu ilə çıxarılmasına başlandığı ötən 177 ildə quruda lazımi axtarış-geofiziki tədqiqat işləri aparılıb. Bunun da nəticəsində coxsaylı neft yataqları, perspektivli strukturlar aşkar edilib. Ötən illərdə yeni strukturların əksəriyyətində uğurlu geoloji kəşfiyyat işləri aparılaraq buradakı ehtiyatların işlənməyə cəlb edilməsi təmin edilib. Hazırda qurudakı yataqların 28-i SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansındadır. Bundan əlavə, ölkənin quru ərazisində yerləşən daha 25 neft-qaz yatağı SOCAR-la yaradılmış birgə müəssisə və əməliyyat şirkətləri tərəfindən istismar olunur.

Azərbaycanın ilk özəl enerji şirkəti GL tabeliyindəki əməliyyat şirkəti “Taghiyev Operating Company” (TOC) tərəfindən istismar edilən “Buzovna-Maştağa” yatağında dörd yeni quyunun qazılması zamanı mühüm ilklərə imza atıb. Bununla da, ölkəmizdə quruda qazma əməliyyatlarının yeni standartlarını müəyyənləşdirərək istismarda olan yataqların bərpası strategiyasına keyfiyyət etibarı ilə yeni yanaşma təklif edir.

GL şirkəti Azərbaycanın quru ərazisində ilk dəfə olaraq “GeoTap” sistemindən istifadə edərək yatağın lay təzyiqi, neftlə doyumluluğu, məhsuldarlığı və neftin mobilliyi haqqında əhəmiyyətli texniki məlumatların əldə edilməsinə müvəffəq olub. Bu məlumatlar qazma və tamamlama əməliyyatları zamanı yüksək dəqiqliklə qərarların qəbul edilməsi prosesini dəstəkləməklə hər mənimsənilən quyudan ilkin olaraq planlaşdırılandan iki dəfə çox hasilata nail olunmasına gətirib çıxarıb. Qeyd olunan məlumatlar yataqda quyuların əsaslı təmiri və növbəti qazma əməliyyatları zamanı görülən işlərin uğurla tamamlanmasına töhfə verəcək.

Yeri gəlmişkən, şirkət Azərbaycanda quruda 2 min metr dərinlikdə qazma əməliyyatını ən qısa müddətdə reallaşdırmaqla da rekorda imza atıb. Belə ki, yüksək icra göstəricisi ilə qazma işləri ilk quyuda 28 günə, ikinci və üçüncü quyunun hər birində 22 günə, dördüncü quyuda isə cəmi 18 günə tamamlanıb. Bununla da, “Buzovna-Maştağa” yatağında son 30 il ərzində ilk dəfə GL-in operatorluğu ilə Qırmaki altı lay dəstinin alt laylarından neft əldə edilib.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, yatağın tarixində ilk dəfə olaraq GL qazma zamanı 180 metr yana istiqamətləndirmə ilə maili qazma texnologiyasını tətbiq etməklə yanaşı, neft əsaslı məhluldan istifadə edib və qazma prosesini çınqıllı süzgəc üsulu ilə tamamlayıb. GL şirkətinin baş icraçı direktoru Asif Zeynalovun sözlərinə görə, səriştəli idarəetmə komandası, quyuların düzgün texniki-mühəndis layihələndirilməsi, müasir texnologiyaların tətbiqi, dəqiq planlaşdırma və podratçılarla işin düzgün qurulması şirkətin üç ay əvvəl başladığı qazma layihəsinin uğurla və təhlükəsiz başa çatdırılmasına töhfə verən əsas amillərdir.

“Biz tərəfdaşlarımıza və podratçılarımıza, o cümlədən SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR AQŞ, “Halliburton”, “Weatherford”, “Baker Hughes” və digər şirkətlərə səmərəli əməkdaşlığa və uğurlu qazma işlərinə verdikləri töhfəyə görə təşəkkür edirik. Bu quyulardan əldə olunan nəticələr sübut edir ki, istismarda olan yataqlara düzgün yanaşma ilə onların istismar müddətini uzatmaq və hasilatı artırmaq üçün böyük potensial var”, – deyə baş icraçı direktor əlavə edib.

Yeri gəlmişkən, GL International LTD ilə SOCAR arasında “Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar” risk xidmət sazişi 2021-ci il dekabrın 14-də  imzalanıb. Sazişə əsasən, hazırda yataqların bərpası və işlənməsi GL-in “Taghiyev Operating Company” əməliyyat şirkəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, GL şirkəti hazırda Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir. Şirkət 2024-cü ilin ortalarına kimi müasir texnologiya və metodların tətbiqi ilə daha iki quyunun qazılmasını planlaşdırır.

Göründüyü kimi, Azərbaycanın quruda yerləşən yataqlarının işlənilməsinin davam etdirilməsi ölkəmizdə neft hasilatının artırılmasına əlavə imkanlar yarada bilər. Elə  mütəxəssislər də bu yataqları hasilatın artırılması üçün sabit və etibarlı mənbə hesab edirlər.

Mirbağır YAQUBZADƏ

Ekspert rəyi

İlham ŞABAN, Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycanın ilk özəl enerji şirkəti GL-nin tabeliyindəki əməliyyat şirkəti “Taghiyev Operating Company” (TOC) tərəfindən istismar edilən “Buzovna-Maştağa” yatağında dörd yeni quyunun qazılması zamanı əldə etdiyi nəticə, həqiqətən də, ölkəmizin neft-qaz sənayesi üçün önəmli bir  hadisədir. Bu, bariz şəkildə göstərir ki, məsələyə kompleks yanaşmanın nəticəsi olaraq yeni texnologiyaların tətbiqi ilə quyuların qazılmasında, eləcə də mənimsənilməsində və layların neftveriminin artırılmasında necə yüksək nailiyyətlər əldə etmək mümkündür.

Məsələnin ən önəmli cəhətlərindən biri də budur ki, özəl sektor neft-qaz sənayesinə yatırım edir. Heç şübhəsiz, bu Azərbaycanın neft-qaz sənayesinin cəlbedici olmasının nəticəsi, iqtisadiyyatın digər sektorları ilə müqayisədə rəqabətdə qalib gəlməsidir. Yəni kapital rəqabətində daha cəlbedici olmasının göstəricisidir ki, məhz yeni texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq mümkündür. Digər bir tərəfdən, burada nə qədər yerli şirkət, onların birgə əməyi, həmçinin SOCAR-ın törəmə şirkətləri iştirak edir. Yəni, bu, kompleks şəkildə zəncirvari dəyər yarada bilən bir hadisədir. Çünki bundan həm hasilatçılar, həm bu sahəyə xidmət göstərənlər, həm də nefti satanlar, təbii ki, “qara qızıl”ı kapitala çevirəndən sonra ondan yararlanırlar.

Yeri gəlmişkən, Azərbaycanın yerli istehsalçı şirkəti GL-in rəhbəri Asif Zeynalovun fikrincə, karbohidrogen yatağı özü canlı orqanizm kimidir. Hər insanın sağlamlığının bərpası tibbi nöqteyi-nəzərdən individual xarakter daşıdığı kimi, yataqların neftverimliyinin artırılması da onun xüsusiyyəti və geoloji xarakteri ilə bağlıdır. Ona görə də yeni yataq axtarışı və ya köhnəsinə kapital yatırımı sırf yerin təkində müəyyən limintlənmiş hissədə baş verənlərlə əlaqəlidir.

A. Zeynalov bir qədər əvvəl buna misal kimi “Salyan Oil” əməliyyat şirkətindəki yataqlarda davamlı olaraq 21 illik hasilat azalmasının GL-in quyuların mənimsənilməsinə tətbiq etdiyi innovativ həllər hesabına artım nümayiş etdirdiyini bildirmişdi. “Buzovna-Maştağa” yatağında əldə edilmiş uğurlu nəticə də məhz innovativ həllərin, yeni texnologiyaların tətbiqi sayəsində mümkün olub.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ