USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropaya illik qaz nəqli 12 milyard kubmetrə çatacaq

Bu, ümumi ixracın yarısını təşkil edəcək


https://img.baki-baku.az/news/2023/12/photo_10121.jpg

Artıq 3 ildir ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. Bu, ölkəmiz üçün tarixi nailiyyətdir. Hər şeydən əvvəl, Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmaq imkanı əldə edib. Digər tərəfdən, Avropanın enerji xəritəsini zənginləşdirən Azərbaycan  təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla, həm də özünün ixrac imkanlarını şaxələndirməyə nail olub.

Ötən müddətdə Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilmiş Azərbaycan əsas qaz tədarükçüsü rolunda öz mövqeyini xeyli möhkəmləndirib. Məlum olduğu kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bununla belə, Prezident İlham Əliyev bu rəqəmin daha çox olması ilə bağlı nikbinliyini dəfələrlə bəyan edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın neft yataqlarında fəaliyyət təcrübəsi göstərir ki, qazma işləri davam etdikcə ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcminin daha çox olması öz təsdiqini tapır. Bu da Azərbaycanın qaz sahəsinin azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcəyini deməyə əsas verir.

Xatırladaq ki, bir qədər əvvəl Yunanıstan – Bolqarıstan interkonnektorunun  (birləşdirici kəmər) istifadəyə verilməsi ilə Azərbaycan qazı Bolqarıstan və  Rumıniya bazarına daxil olmağa başlamışdı. Artıq Serbiya ilə qaz tədarükünə dair aparılan danışıqlar da müsbət sonluqla nəticələnib. Məlum olduğu kimi, ötən bazar günü Serbiyanın Niş şəhərində Azərbaycan təbii qazına çıxışı təmin edəcək Serbiya – Bolqarıstan qaz interkonnektoru işə salınıb. Boru kəmərinin açılış mərasimində 3 ölkənin – Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radevin iştirak etməsi Avropanın enerji sektorunda uğurlu əməkdaşlığın əyani təcəssümü kimi diqqət çəkir.

 Elə dövlətimizin başçısı İlham Əliyevin Serbiya – Bolqarıstan qaz interkonnektorunun açılışına həsr olunmuş tədbiri dostluq və strateji tərəfdaşlıq mərasimi adlandırması da bunu təsdiq edir. Yeri gəlmişkən, yeni birləşdirici kəməri Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihə kimi dəyərləndirən Prezident İlham Əliyev bununla, həm də Azərbaycanın qaz ixracı coğrafiyasının daha da genişləndiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib ki, hazırda Azərbaycan 9 ölkəyə “mavi yanacaq” ixrac edir ki, bunun da 7-si Avropa ölkəsidir. 

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunu xatırladan Prezident İlham Əliyev  qeyd edib ki, bu sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. “Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən, 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir”, – deyə dövlətimizin başçısı əlavə edib.

Qeyd edək ki, Serbiya – Bolqarıstan qaz birləşdiricisi layihəsi (Niş –Dimitrovqrad – Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilir. Bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək.

Yeri gəlmişkən, hazırda Serbiyanın ilkin enerji istehlakının 13 faizi təbii qazdan əldə edilir. Bu da adı çəkilən ölkənin yalnız iki giriş nöqtəsindən - Balkan axını boru kəməri vasitəsilə və Macarıstandan əldə edə biləcəyi qazdır. Ekspertlər hesab edirlər ki, Serbiya və Bolqarıstanın qaz şəbəkələrini birləşdirən interkonnektor Serbiya və Qərbi Balkanlar regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək. Onların fikrincə, yeni interkonnektor Serbiyanı müxtəlif qaz şəbəkələri sistemlərindən, xüsusən də Azərbaycandan və Yunanıstanın Aleksandrupolis şəhərində yerləşən maye qaz terminalından daha təhlükəsiz və dayanıqlı təchizatla təmin edəcək.

Yeni qaz kəməri Nişdəki mövcud Serbiya şəbəkəsini Bolqarıstanın paytaxtı Sofiyadakı şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir. Diametri 700 millimetr olan borunun  maksimum təzyiqi 55 bar təşkil edir. Kəmərin gücü Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabər olan 1,8 milyard kubmetr təbii qazı vurmağa imkan verəcək.

Boru kəmərinə Nişdən əlavə, Bela Palanka, Pirot və Dimitrovqradda daha üç ölçmə stansiyası da daxil olacaq. Bu da həmin şəhərlərdə yaşayan sakinlərə, eləcə də məktəblərə, xəstəxanalara və digər müəssisələrə istilik və sənaye istehsalı üçün qaz təchizatı əldə etməyə imkan verəcək.

Mirbağır YAQUBZADƏ

Ekspert rəyi

İlham ŞABAN,

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atırıq. Bu o deməkdir ki, rəsmi Bakı əvvəllər olduğu kimi, indi də Avropa İttifaqı ölkələri ilə uzunmüddətli enerji əməkdaşlığını gerçəkləşdirmək üçün hökumət səviyyəsində fəal iş aparır.

Ölkəmizin qaz ixracına nəzər saldıqda, ilk növbədə, “Şahdəniz” yatağında hasilata başlanılmasını qeyd etmək lazım gəlir. Belə ki, bu yataqda ilk qazın çıxarılması ilə Azərbaycan özünün potensialını ortaya qoya bildi. Beləliklə, 2007-ci ildən etibarən ölkəmiz qaz idxalçısından ixracatçısına çevrildi. Azərbaycan qazının ilk alıcıları isə Gürcüstan və Türkiyə oldu. TANAP-ın işə düşməsi ilə Azərbaycan qazı Türkiyənin Avropa sərhədlərinə qədər gedib çatdı. Daha sonra TAP boru kəmərinin çəkilib istismara verilməsi ilə Azərbaycandan səmt götürən “mavi yanacaq” Avropa bazarlarına doğru axmağa başladı. Məlum olduğu kimi, 2020-ci ilin sonuncu günündən etibarən Yunanıstan və İtaliyaya, 2021-ci ildən Bolqarıstana qaz nəqlinə başlanıldı.

Artıq ölkəmiz hər il qaz satdığı ölkələrin coğrafiyasını genişləndirir. Bu ildən isə Rumıniya qoşuldu. İlin sonuna qədər gözlənilir ki, Macarıstan da kommersiya idxalına başlasın. Tezliklə Serbiya da Azərbaycan qazını qəbul edəcək. Serbiya – Bolqarıstan qaz İnterkonnektorunun istismara verilməsi ilə bağlı Avropadakı mövcud formalizmlər yerinə yetirilməlidir. Ancaq istənilən halda bu boru kəmərinin istismara verilməsi Azərbaycan qazının coğrafiyasının genişləndirilməsi yönündə atılan addımdır. Çünki ölkəmiz qaz istehsalçısı kimi öz xammalını bazarda satmaq imkanı qazanır.

Belə ki, bu ölkə gələn il üçün Azərbaycanla 400 milyon kubmetr qazın alqı-satqısı ilə bağlı kommersiya sazişi imzalayıb. Eyni zamanda, Serbiya 2027-ci ildən bu qaz həcmlərini 1 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Azərbaycan qazının növbəti alıcıları siyahısında daha iki Avropa dövləti var. Bu, Slovakiya və Albaniyadır. Slovakiya 1 milyarda kubmetr, Albaniya isə 700 milyon kubmetr qaz almaq niyyətindədir. Hələlik, kommersiya sazişi imzalanmasa da, hazırda bu istiqamətdə işlər gedir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ