USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyanın neft ixracı azalır

Bu, bazarda qiymətlərə təsir edəcək


https://img.baki-baku.az/news/2023/09/photo_8171.jpg

Dünya bazarında neftin qiymətləri ötən iki həftə ərzində təxminən 10 faiz artdıqdan sonra bazar ertəsi səhəri ucuzlaşıb. “Brent” neftinin noyabr fyuçersləri 0,19 faiz ucuzlaşaraq 1 bareli 90,48 ABŞ dollarına satılıb.

WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,53 faiz azalıb və 1 bareli 87,05 ABŞ dolları təşkil edib. Qiymətlərin sabitləşməsi OPEC+ ölkələrinin neft qiymətlərini dəstəkləyən neft tədarükünü azaltmaq səyləri ətrafında gözləntilər fonunda baş verir. Eyni zamanda, neftin əsas istehlakçısı və idxalçısı olan Çində iqtisadi canlanma perspektivləri ilə bağlı narahatlıqlar bu xammalın qiymətini sabit saxlayır. Amma bu müvəqqəti xarakter daşıyır. Çünki Rusiyanın neft ixracının azalması təsirsiz ötüşməyəcək. Artıq Hindistan Rusiyadan neft tədarükünü azaldıb: avqustda alınan neftin həcmi daha dörddəbir azalıb. Alışlarda azalma artıq üçüncü aydır ki, davam edir. 2023-cü ilin iyun ayına olan məlumata görə, Rusiya neft ixracının 36 faizini Hindistana, daha çoxunu isə Çinə göndərib.

Ümumiyyətlə, ilin birinci yarısında Rusiyadan neft ixracı minimum həddə çatıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, məsələn, iyun ayında Rusiya ötən ilin iyun ayına nisbətən iki dəfə az neft satıb. Bir il əvvəl iyunda Rusiya neft ixracatından 20,5 milyard dollar gəlir əldə etmişdi. Bu il isə bu göstərici cəmi 11 milyard 800 milyon ABŞ dolları təşkil edib. Hətta Rusiya Maliyyə Nazirliyi də etiraf edib ki, ilin birinci yarısında Rusiyanın neft və qaz gəlirləri 2022-ci ilin birinci yarısı ilə müqayisədə 47 faiz azalıb. Bu isə yalnız faktiki olaraq iki verginin nəticələrinə əsaslanır: faydalı qazıntıların hasilatı vergisi və ixrac gömrük rüsumu. Nəticədə dövlət büdcəsinə kifayət qədər vəsait daxil olmur. 

Eyni zamanda, Rusiyanın özündə də neft məhsulları qıtlığı yaranıb. Bu barədə “Reuters” agentliyi yazıb. Rusiyanın cənubundakı neft treyderlərindən biri agentliyə bildirib ki, Krasnodar diyarı, Adıgey Respublikası və Həştərxanda satışda A-92, A-95 markalı benzin və ya dizel yanacağı yoxdur. İyul ayında isə Rusiyada yanacağın qiyməti yenidən artmağa başlayıb. Bəs Rusiya bazara çıxaracağı neftin həcminini artıra biləcəkmi?  Ekspertlərin fikrincə, bu yaxın prespektivdə mümkün deyil. Çünki neft şirkətləri bacardıqları hər şeyi ixrac edib, daha çox gəlir əldə etməyə can atıblar. Rusiyada isə hasilatı asan və ucuz olan neftin ehtiyatları tükənməyə yaxındır. Neft şirkətləri sadəcə olaraq bahalı və mürəkkəb yataqlara getmirlər, sərmayə yatırmaqda maraqlı deyillər. Bu o deməkdir ki, yeni yataqlar istismara cəlb edilmir. Ona görə də ixrac etməyə kifayət qədər neftləri yoxdur ki, heç olmasa bu neftdən nəsə qazansınlar. 

Bu məlumatlar dünya bazarına təsirsiz ötüşməyəcək. İkincisi, Səudiyyə Ərəbistanı ilə Rusiyanın neft hasilatının azaltmaq haqqında razılığa gəlməsi dünya bazarında neftin qiymətinə təsir edir. İki dövlətin neft hasilatının azaldılması haqqında razılığı dünya bazarında neftin 1 barelinin qiymətinin 90 dolları keçməsinə səbəb olmuşdur. Hər iki dövlət neftin qiymətinin yüksək həddə qalmasına çalışırlar və buna hələlik nail olublar. Noyabrda OPEC+ ölkələrinin hasilatı azaltmaq barədə razılaşmanı uzadacaqlar.  Bu, hətta qışda  bir barel neftin qiymətini 100 dollaradək artıra bilər.

 Dünya bazarında neftin qiymətləri Azərbaycandan da yan ötmür. Ötən həftə ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 96,058 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 5,058 dollar və ya 5,56 faiz çoxdur.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6 faiz bahalaşıb.

Əgər uzun dövr ərzində neftin qiyməti bu və ya bundan da yüksək səviyyədə olarsa, Azərbaycan iqtisadiyyatı daha çox gəlir əldə edəcək. Neft satışından əldə olunan gəlirlərin isə böyük hssəsi qeyri-neft sektoruna və insan kapitalına yönəldilir. Ölkə başçısının bu siyasəti davam edir, sənayenin, kənd təsərrüfatının,infrastrukturun,  xidmət sektorunun inkişafı üçün əlavə investisiyalar yatırılır və insanların sosial vəziyyəti yaxşılaşdırılır.

Vüqar BAYRAMOV
iqtisadçı

– Son 3 ayda neftin dünya bazar qiyməti 22.0 faiz yüksəlib. Artıq Brent markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. Belə ki, OPEK + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür.

Neftin qiymətinin artması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?

Neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir.

Əmək haqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır

P.ƏFƏNDİYEV 




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İqtisadi təhlil