USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə çoxşaxəli əməkdaşlıq

Ölkəmizdə indiyədək 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyulub


https://img.baki-baku.az/news/2023/09/photo_8119.jpg

Prezident İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu maliyyə qurumunun Azərbaycandakı fəaliyyəti və ölkəmiz üçün prioritet istiqamətləri diqqət mərkəzində oldu. Müzakirə zamanı bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, həmçinin Orta Dəhlizdə əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Eyni zamanda, AYİB ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı, bankın ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə ayırdığı kreditlərin vacibliyi qeyd olundu.

Göründüyü kimi, sözügedən bankın respublikamızdakı fəaliyyəti çoxşaxəlidir. Energetika Nazirliyində AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterinkin baş­çılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə də bu barədə ətraflı danışılıb. Tədbirdə maliyyə qurumu ilə enerji sahə­sində çoxistiqamətli əməkdaşlıq yüksək qiymətləndirilib. Bu sahədə Azərbaycan–AYİB əməkdaşlığının genişləndirilməsi imkanları və bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr barədə müza­kirələr aparılıb. 

Görüşdə, həmçinin 240 meqavat gücündə “Abşeron-Xızı” Külək Elektrik Stansiyası, “Xəzər–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası ilə bağ­lı son vəziyyət nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi”nin Avropa Komissiyası tərəfindən dəstəkləndiyi və Avropa maliy­yə institutlarının layihədə iştiraka maraq göstərdikləri qeyd edilib. 

Yeri gəlmişkən, Avropa Yenidənqur­ma və İnkişaf Bankının ölkəmizə cid­di maraq göstərməsi bir sıra amillərlə əlaqədardır. Əvvəla, respublikamızın əlverişli coğrafi məkanda yerləşməsi, eləcə də tranzit yüklərin daşınması üçün müasir infrastruktura malik olması bu baxımdan diqqət çəkir. Belə bir əlveriş­li şərait səbəbindən mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azər­baycanla əməkdaşlıq etməyə calışan beynəlxalq maliyyə qurumlarının və dün­ya ölkələrinin sayı da ilbəil artır. AYİB-in respublikamızla yükdaşımalar sahəsində sıx əməkdaşlıq qurmasını da məhz bu məqam şərtləndirir. Bankla Azərbaycan İnvestisiya Holdinqi arasında razılıq əldə edilməsi–niyyət sənədi imzalanması da bu məsələdən qaynaqlanır. Bu əmək­daşılıq mövcud nəqliyyat dəhlizləri üzrə Azərbaycanın dəniz, avtomobil və dəmir yolu nəqliyyatının iştirakı ilə multimodal daşımaçılığın səmərəliliyini artıraraq iq­tisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək. 

Qeyd edək ki, 2023-cü ilin birinci rübü üzrə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 52 milyon 474 min 100 ton təşkil edib ki, bu da 2022-ci ilin birinci rübü ilə müqayisədə 6,4 faiz çoxdur. Hesabat dövründə daşı­maların 8,5 faizi (4 miyon 442 min 400 tonu) tranzit yüklər də daxil olmaqla də­mir yolunun payına düşüb ki, bu da əv­vəlki ilin müvafiq dövrünə nisbətən 16,6 faiz artıqdır. 

Cari ilin ilk rübündə Azərbaycanın dəniz nəqliyyatı ilə 1 milyon 824 min 300 ton yük daşınıb. Bu isə ümumi daşımala­rın 3,5 faizi deməkdir. Bundan əlavə, cari ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə 37 min 300 ton, avtomobil nəqliyya­tı vasitəsilə 28 milyon 374 min 700 ton yük daşınması da ümumi yükdaşımaların 54,1 faizi deməkdir. Gələcəkdə Şərqi Zə­gəzur dəhlizinin istifadəyə verilməsindən sonra Azərbaycanın nəqliyyat sektorun­da yükdaşımaların həcmi xeyli artacaq. Bu da ölkəmizdə yaradılan nəqliyyat hablarına yönəldiləcək investisiyaların səmərəliliyinin daha da yüksəlməsinə sə­bəb olacaq.

AYİB-in ölkəmizlə əməkdaşlığında əsas istiqamətlərdən biri də bərpaolunan enerji layihələrinin həyata keçirilməsidir. Bank tərəfindən aparılan tədqiqatlar da bu sahəyə marağı gücləndirir. Belə ki, maliyyə qurumunun araşdırmalarında Azərbaycanda ekoloji cəhətdən təmiz hidrogen istehsalının məqsədəuyğun olması öz təsdiqini tapır. Bununla bağlı AYİB-in dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkətinin Azərbaycanın hid­rogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də mühüm önəm daşıyır. Başqa sözlə, adıçəkilən şirkətin hesa­batında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alır.

Onu da qeyd edək ki, AYİB indiyədək Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub. Ümumi in­vestisiyaların 13 faizi özəl sektorun payı­na düşüb. Bank son illərdə bərpaolunan enerji layihələrinə daha çox diqqət ye­tirib. Belə ki, maliyyə qurumu təkcə 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro investisiya qoyub ki, həmin vəsaitin də 71 faizi “yaşıl iqtisadiyyat”ın inkişafına, bərpaolunan enerji mənbələ­rinə yönəlib. 

Sonda AYİB-in ölkəmizlə sıx əmək­daşlığına əsaslanıb deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi si­yasətin nəticəsi olan əlverişli investisiya mühiti öz bəhrəsini verir. Məhz bunun nə­ticəsidir ki, son illər ölkəmizə investisiya yatıran şirkətlərin sayı getdikcə artır, in­vestorların coğrafiyası genişlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1995-2022-ci illər ərzində Azərbaycan iqtisadiyyatı­na 323 milyard 104 milyon dollar inves­tisiya qoyulub ki, bunun da 50,5 faizi və ya 163 milyard 222 milyon dolları xarici investisiyalar olub.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Avropa Yenidənqurma və İn­kişaf Bankı (AYİB) 1991-ci ildən fəaliyyətə başlayıb. Ötən müddət ərzində əsasən, keçmiş sosialist ölkələri və Mərkəzi Asiya dövlət­lərinə bazar iqtisadiyyatına keçid məqsədilə kredit və texniki yardım üçün kredit, həmçinin ianələr ayı­rıb. 

Azərbaycan 1992-ci ildən mərkəzi ofisi Böyük Britaniyada yerləşən AYİB-in üzvüdür. Bu bey­nəlxalq maliyyə institutu indiyədək Azərbaycanda 168 layihə həyata keçirib, ölkəmizə yatırdığı investisi­yaların dəyəri 3,6 milyard avroya çatıb. Bankın layihələrinin 50 faizi enerji sahəsini əhatə edir. Maliyyə qurumunun səhm fondunda Azər­baycan Dövlət Neft Fondunun 100 milyon dollarlıq kapitalı saxlanılır. 

Böyük Britaniyanın paytax­tı London şəhərində 2019-cu ildə keçirilən AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti çərçivəsində Azərbaycan Respublikası Hökumə­ti ilə bu maliyyə institutu arasında ölkəmizin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Re­gional Tərəfdaşlıq Fondunda (E5P) iştirakı ilə əlaqədar ianə haqqında, həmçinin respublikamızın AYİB-in donorları icmasına qoşulması ilə bağlı sazişlər imzalanıb. 

Adıçəkilən fondun əsas fəaliy­yət istiqamətlərinə bərk məişət tul­lantılarının idarə edilməsi, küçələ­rin işıqlandırılması, bərpaolunan enerji mənbələrindən, o cümlədən biotullantılardan istifadə, mərkəzi istilik enerjisi sisteminin inkişafı, su təchizatı və çirkab sularının tə­mizlənməsi, eyni zamanda, şəhər nəqliyyatının inkişafı, ictimai və yaşayış binalarında enerji effektiv­liyi tədbirləri kimi layihələrə maliyyə vəsaitinin ayrılması daxildir.

Avropa Yenidənqurma və İnki­şaf Bankı ölkəmizdə ən çox krediti enerji sahəsinə yönəldib. “Cənub Qaz Dəhlizi” QSC-yə 500 milyon ABŞ dollarınadək kredit ayırıb. Bu kredit TANAP layihəsi üzrə öhdə­liklərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bank texniki yardı­mı ilə bərpaolunan enerji üzrə hər­racların keçirilməsinə dair dəstək layihəsinin həyata keçirilməsinə də xüsusi əhəmiyyət verib. 

Vaqif BAYRAMOV




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

İqtisadi təhlil