USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dövlətin səmimiyyət pozu


https://img.baki-baku.az/news/2022/01/photo_6122.jpg?v=MjAyMi0wMS0yNiAxMDoyNDoyMg==

Əvəz Rüstəmov

______________________________________________________________

Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Fərid Qayıbovun əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində Azərbaycan Boccia Federasiyasının nümayəndələri və idmançıları ilə görüşündən yayılmış şəkilləri gördüm. Təbii, dövlət qurumu öz fəaliyyəti barədə məlumat verməlidir və nazirin sözügedən kateqoriyadan olan şəxslərlə təması da işdir. Bu, öz yerində. Diqqətimi hadisənin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdəki təqdimat formaları çəkdi. Cənab Qayıbovun şəkillərinə, deyək ki, verdiyi pozlara əsasən onun səmimi məmur obrazı yaradılırdı. Ola bilər, Fərid müəllim həqiqətən səmimi insandır. Eləcə də şəkillərdə onun yanında görüntülənmiş nazir müavini Mariya Vasilyeva da həmçinin. Bunu mübahisələndirmək istəməzdim, heç yeri də deyil. Onsuz xanım Vasilyeva yüksək posta təyin edildiyi ilk vaxtlarda üzə çıxmış fotoları ilə səmimi insan təsəvvürü yaratmışdı.

Yeri gəlmişkən, həmin fotolarda F.Qayıbov da var idi. İndi xanım Vasilyeva nazirliyin fəaliyyətini əks etdirmiş fotolardadır və özünün qırmızı şalvarı ilə Fərid müəllimin belə desək, qalstuklu səmimiliyinə məxsusi rəng qatır, maraqlı çalarlar gətirir. Kim bəyənməsə də, mən istər əvvəlki, istərsə də indiki şəkilləri bəyəndim. O anlamda ki, insanlar, daha doğrusu yeni tipli məmurlar öz həyat tərzlərini nümayişə çıxarmağı xoşlayırlar. Bundan çəkinməyəcək qədər azaddırlar. Cəmiyyət üçün azadlıq mütləqdir. Bəzən onun hansı qapı və ya bacadan gəldiyi önəmli deyil.

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olmuş Mədət Quliyevin belə demək mümkünsə “şpaqat”lı fotolarını da bəyənirdim. Ümumən yüksək vəzifə tutan, müəyyən ictimai missiyaya malik şəxslərin cəmiyyətə verdikləri səmimilik mesajları təqdirəlayiqdir.

Yada salım ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də vəzifəyə yeni təyin olunanda ictimaiyyətə səmimi, yeni tipli məmur obrazında təqdim edilirdi. Hər halda şəkillərdən belə görünürdü. Cənab Babayev yaşlı pensiyaçıların əhatəsində, sanki vəzifəyə nazir yox, İsa Məsih gəlibmiş kimiydi. Son illər Sahil müəllim bu tipli şəkilləri əvvəlki intensivlikdə çəkdirməsə də, vaxtilə cəmiyyət onu belə görmüş və rəğbətlə yanaşmışdı.

İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunandan sonra sosial şəbəkələrdə onun qucağında quzu tutmuş fotosunun yayıldığı yəqin xatirinizdədir. İndi də “google”da “İnam Kərimov” yazıb axtarış verəndə həmin məhşur şəkil çıxır. O şəkil də çıxır, İnam müəllimin pambıq tarlasında, taxıl zəmisində görüntülənmiş fotoları da...

O da məlumdur ki, sosial şəbəkələrə, mediaya fokuslanmış bu sayaq hallar daha çox son beş-altı ilin məhsullarıdır. Yenə deyim, ilk baxışdan hər şey əladır. Hə də, niyə xaricdə belə hallar ola bilər, bizdə yox? Nəyisə mentalitetlə əlaqələndirməyin əleyhinəyəm. İnsan hər yerdə insandır. Əgər biz özümüzü mühafizəkar sayırıqsa, inanın, heç bir halda ingilisdən, fransızdan, italyandan, ispandan və ya digər xalqların nümayəndəsindən çox mühafazikar deyilik. Hətta bəzən onlar bizi xeyli üstələyirlər. Elə digər məsələlərdə üstələdikləri kimi. Söhbət üstələməkdən gedirsə, onlardan irəli, yaxud heç olmasa, onlarla eyni və ya bir qədər geri olsaydıq, bu yazı da meydana çıxmayacaqdı. Yekə çıxmasın, yəni mövzu diqqətimi çəkməyəcəkdi...

Səmimilikdən danışırdıq axı. Onun cəmiyyətə hesablanmış fərqli nümayiş formalarını tapmaq lazımdır. Cəmiyyət bunun acıdır. Amma necə? Bir halda ki, islahat adı altında minlərlə vətəndaşın pensiyası, təqaüdü kəsilirsə, demək olar hər sahə ilə əlaqədar narazılıq dalğası vaxtilə bəh-bəhlə gənc nazirləri reklam edən sosial şəbəkə profillərindən püsgürürsə, bunun harası səmimiyyət olur?

Əlbəttə, islahat dediyimiz məsələlər cəmiyyətlərdə birmənalı qarşılanmaya bilir. Prosesin tərəfdarları olduğu kimi, əleyhidarları da tapılır və ikincilər ciddi cəhdlə çomaqlarını hərəkət edən arabanın təkərlərinin arasına soxurlar. Ondan danışmıram ki, ölkəmizdə irəliyə doğru hərəkət niyə araba hərəkəti effekti yaratmalıdır ki, kimsə sürətin azlığından onun çarxına nə isə edə bilsin. Hər halda avtomobil sürətlidir. Ondan da söz açmaq istəmirəm ki, niyə bizdə avtomobildir, xaricilərdə raket. Rəhmətlik Mirzə Ələkbər Sabir vaxtilə danışıb və onun yüz ildən çoxdur şeir şəklində gündəmə gətirdiyi fikirlər bu gün də aktuallığını saxlayır. Dəyişiklik üçün bəxtimiz gətirsə, yalnız zaman lazımdır. Özü də zaman ancaq idarəçiliyə yanaşma tərzinin deyil, bütövlükdə hər bir fərdin dəyişməsi naminə vacibdir. Bunu isə yüz faiz bir nəsil görməyəcək...

Amma bir nəsil müstəqil Azərbaycan dövlətini gördü. Dövlətçiliyin, dövlət anlayışının necə ola biləcəyini hiss etdi. Bu anlayış onun üçün xoş olmaya da bilərdi, xoş gəlməsi də mümkün idi. Zatən sahillərin, inamların, mədətlərin, fəridlərin və başqaların səmimi pozlarını tərifləyənlərin, onların xalqla iç-içə olduqları görüntülərinə rəğbət bəsləyənlərin tapıldığına görə məlum oldu ki, mütləq əksəriyyət əvvəllərin sifəti gülməz məmur tipindən bezib. Amma çörək və tamaşa lazım idisə, insanlar yalnız tamaşanı gördülər. Ortada çörək yoxdur.

Təhsil nazirimiz Emin Əmrullayev. Adam tamaşadır, qəşəng-qəşəng cümlələr qurub danışır, özünün məktəbə getdiyi dövrlə indiki mərhələ arasında hansısa paralellər aparır, hərdən gedib xarici təcrübəyə çıxır, ancaq onun məktəblərində yenə süpürgə pulu, fond pulu, nə bilim nə pulusa adı ilə dilənçilik edilir. Tamaşanı göstərən odur, çörək anlayışı məktəb direktorlarının baxışlarındakı kimidir. Yəni təhsil əvvəl necə idisə, yenə də eyni vəziyyətdədir. Hələ bir qədər də pisləşib. Bu durumda deyilə bilərmi ki, kimsə Emin müəllimin islahat arabasının çarxına çomaq soxur? Ümumən bu çomaq soxanlar varsa, niyə bu adamlar hər sahədə belə güclüdürlər?

Təkrarlayım, bəli, biz bir nəsil olaraq müstəqil dövlətimizi, onun ərkanını gördük. Deyək ki, əvvəllərin sərt sifətli, özünü boğan məmur tipinə baxmaqdan gözümüz yoruldu, belə dövlət əxlaqını bəyənmədik. İstədik ki, bizim də baş nazirimiz Hollandiyanın baş naziri kimi işə velosipedlə gedib-gəlsin. Deyə bilmərəm, işə gələndə ayaqqabını corabsız geyinən məmur arzulamışdıq ya yox, amma bu baş verdi. Vəlvələdən ya zəlzələdən. Özü də səmimilik, yenilikçilik adı altında. Hamılıqla yedik bu səmimiyyəti. Amma bir şey dəqiqdir - səmimilik şəkillərdə yeyilir. Ortada real iş olmayanda o şəkillərin doğurduğu effekt yalnız və yalnız ikrahdır. Yəni şəkil çəkdirməkdənsə, iş görmək zamanıdır, iş, iş, iş...




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV