USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Üç pulyoxtyor - TƏFSİLAT


https://img.baki-baku.az/news/2021/11/photo_5646.jpg?v=MjAyMS0xMS0xNSAxNjozMjo0MQ==

Son günlər Azərbaycan nazirlərinin verdikləri açıqlamalar gündəm olmaqdadır. Bu baxımdan iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun söylədikləri maraq doğurmaqdadır. Siyahıya əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayev də qoşulub. Kimdən əskikdir? Heç kimdən...

Əslində M.Cabbarov daha səmimi təsir bağışlayır. Nazir danışır, izah verir, baxırsan ki, sırf öz sahəsinə aid olan məqamlardan söz açır. Bircə məsələ odur ki, adam Azərbaycan insanının gələcək üçün ümüdlərinin üzərindən xətt çəkir. Başqaları kimi bildirmir ki, hər şey yaxşı olacaq. Bahalaşmanın, hətta qıtlığın belə anonsunu verir. Ona diqqətlə qulaq asan adam indidən gərək makarondan, undan, şəkər tozundan, qənddən filan alıb yığsın zirzəmiyə hazırlıq görsün. Çünki Mikayıl müəllim deyir ki, pis və daha pis arasında seçim etməliyik. Bəli, neft və milyonlar səltənətinin iqtisadiyyat nazirinin söylədiyi budur. Yenə də bildirək ki, o, səmimi təsir bağışlayır. Ona görə səmimidir ki, gələn il vəziyyətin acınacaqlı olacağını, hökumətin seçiminin isə pis üzərində qurulacağını vurğulayır, bununla da bir növ xəbərdarlıq edir – pisi sizə hökumət verəcək, gedin başınıza çarə qılın, bəlkə özünüz yaxşı nə isə ortaya çıxardınız...

M.Cabbarovdan fərqli olaraq maliyyə naziri Samir Şərifov qətiyyən səmimi təsir bağışlamır. Nazir deyir ki, rüsumların artımı qiymət artımına təsir göstərməyəcək. Şedevr sözü var onun – bir qəpik də bahalaşma yoxdur. Əlbəttə, nazirin sözünə qarşı marketlərin birindəki satıcının sözünü qoymaq o qədər də yaxşı qarşılanmaz. Ancaq nə edək, həmin satıcının hər gün malların üzərinə vurulan qiymət göstəricilərini dəyişdirməyindən necə təngə gəldiyini, deyindiyini gördük. Soruşanda dedi ki, elə mal var qiyməti hər həftə, eləsi də var, hər gün dəyişir, azalmır ha artır. Yazıq neynəsin, Samir müəllimin söylədiklərindən xəbərsizdir, səhərdən axşamacan marketdə təpik döyür. Yeri gəlmişkən, deyingən satıcının əmək haqqı 240 manat idi...

Samir Şərifov büdcə müzakirələri zamanı torpaq sürüşmələrindən də danışdı, avtobusların elektrik mühərriki ilə işləməsinin vacibliyindən də. Sağ olsun, jurnalist dostlarımız xəbərdə sərlövhəni gözəl seçiblər. İlk baxışdan düşünürsən ki, maliyyə naziri niyə torpaq sürüşməsindən, yaxud avtobuslardan danışmalıdır? Bəli, əslində danışmamalıdır. Onun işi ayrılmış büdcə vəsaitinin xərclənməsinə, hesabatlılığa nəzarət etməkdir. Ancaq deyir ki, torpaq sürüşməsinə səbəb evlərin tikintisində yol verilən nöqsanlar, kimlərinsə sürüşmə zonasında ev tikintisinə icazə verməklə qanunu pozması və sairdir. Yəni torpaq sürüşür, evlər yararsız hala düşür, nəticədə dövlət əhaliyə konpensasiya ödəyir.

Samir müəllim qənaət etmək istəyir. Eləcə də elektrik mühərriki ilə işləyən avtobuslara keçidin zəruriliyini vurğulayanda qənaət barədə düşünür. Loru desək, pulu aparıb axmaq-axmaq yerlərə xərcləməyin – söyləyir. Nazir düz deyir, ancaq problem ondadır ki, o, özünü yaxşı halda adi bir mühasib kimi aparır, pis halda isə biznesmen olaraq çıxış edir. Təxminən belə - mən niyə avara-avara işlərə pul xərcləməliyəm? Bir daha bildirək ki, maliyyə nazirinin işi pulun hara, nə üçün ayrıldığını müəyyənləşdirmək deyil, ayrılmış pulun düzgün xərclənməsinə nəzarəti həyata keçirməkdir. İndiki halda, nazir deyə bilər ki, məsələn Bayıldakı torpaq sürüşməsi ilə əlaqədar ayrılmış 10 milyon pul hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində xərclənməyib və ya düzgün xərclənməyib. S.Şərifov indiyədək hansısa maliyyənin düzgün xərclənmədiyinə dair açıqlama verib?

Son nöqtəni qoyan əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevdir. M.Cabbarov təqribən dedi ki, vəziyyət pisdir, əl çəkin, bizlik heç nə yoxdur. S.Şərifov da “pul yoxdur” məntiqi ilə çıxış edir. Pul yoxdursa, S.Babayev də prosesə öz töhfəsini verməlidir. Hərçənd o, töhfəni lap əvvəldən verməyə başlayıb. Pensiyasını kəsdiyi insanların “Respublikanski” xəstəxananın qarşısında növbə gözləmələri adi hal alıb. Onlar Sahil müəllimin işçilərinin təlimatına uyğun olaraq təkrar müayinədən keçmək üçün rayonlarından xəstəxanaya üz tutublar. Xəstəxananın həyətində uzanan kim, beş metr yol gedib tənqnəfəs olan kim, qucaqda gələn, şalvarının balağını qaldırıb çürümüş ayağını göstərən kim – doludur belələri. Sən demə, hamısı da fırıldaqçıymış, pensiyaları saxta imiş. Nə kəramətdirsə, həkimin cavabı da elə deyir. Yəni bir həftə xəstəxanada yatan ağır şəkər xəstəsi cavabı götürüb Sahil müəllimin yerli mərkəzinə yaxınlaşır və təsdiqlənir ki, adama pensiya düşmür. Nə isə, sözümüz o idi ki, Sahil müəllim də pula qənaət xidməti aparır. Aparır və deyir: “Bizim hesablarımız göstərir ki, 2035-ci ildə Azərbaycanda orta ömür uzunluğu 78 yaşa çatacaq”.

Diqqət edək, M.Cabbarov bildirir ki, vəziyyət pis olacaq, bahalaşma, qıtlıq anonsu verir, Sahil müəllimin hesablamaları isə orta ömür uzunluğunu 78-ə çatdırır. Necə olur bu? Marketdə qiymətlər qalxır, Mikayıl müəllim konkret deyir ki, vəziyyət pisdir, daha pis gözlənilir, bəs bu vətəndaş nə tapacaq, nə yeyib-içəcək ki, ömrü uzun olacaq? Elementar məntiq olmalıdır axı.

Əlbəttə, S.Babayevin məntiqi başqa cür işləyir. Əvvəla, çox güman, düşünür ki, 2035-ci ilədək nazir postunda qalacaq. 78-ə çatmanı isə birdən-birə yox, mərhələli təsəvvürə gətirir. Demək, cənab Babayev 2035-ci ilədək hər il asta-asta pensiya pulundan qənaət edəcək. Hesablayaq, bir aydan sonra 2022-ci ildir. Orta ömrün, yəni elə həm də pensiya yaşının 78-ə çatmasına 13 il qalıb. İndi pensiya yaşı 65-dirsə, gələn il 66-ya, o biri il 68-ə çatacaq. Beləcə dövlətimiz qənaət edəcək. Bu da Sahil Babayevin düşüncəsi. Bax, onu da deyək ki, insafsızlıq olmasın. Ola bilər, Sahil müəllim Azərbaycanda əhalinin daha çox ömür sürməsini, daha gec qocalmasını arzuladığından belə danışır. Yəni kim istəsə, bu variantı da deyirik ki, inansın. Əlbəttə inana bilirsə.

Baki-Baku.az




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

İqtisadi təhlil