USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hər böhranın ortasında böyük bir fürsət var


https://img.baki-baku.az/news/2020/08/photo_384.jpg

Koronavirusa yoluxma tendensiyasının dünyadakı son artış trendi pandemiyanın yeni fazaya qədəm qoyduğunu deməyə əsas yaradır. Müxtəlif peyvənd xəbərləri mətbuatda dövr etsə də, mötəbər təşkilatlar hələ bir müddət də virusun həyatımızın tərkib hissəsi olacağına dair proqnozlar verir. Bu hal isə “2-ci və 3-cü dalğa” adlanan yeni mərhələlərin fonunda məhdudlaşdırıcı tədbirlərin davam edəcəyini göstərir. Bu baxımdan, biznes ekosistemini istənilən üsul və vasitə ilə robustlaşdırmaqla, yaxın gələcəkdəki itkiləri minimallaşdırmaq, habelə informasiya kommunikasiya texnologiyalarının prosesə inteqrasiyası ilə biznes subyetklərini dayanıqlı formaya gətirərək, onların vəziyyətə reaksiya potensialını adekvatlaşdırmaq mümkündür.

Pandemiya dövründəki müşahidələrə əsasən deyilə bilər ki, iqtisadi dövriyyənin minimallaşması nəticə etibarı ilə ən çox kiçik və orta sahibkarlıq subyektlərinə zərər verir. Bu subyektlərin sırasında geyim ticarəti ilə məşğul olanlar üçün vəziyyət heç də ürəkaçan deyil. Şübhəsiz ki, 6 aydır davam edən karantin rejimi səbəbindən bütün sferalarda fəaliyyət göstərən müəssisələr bu və ya digər formada təsirlənirlər. Rəqəmlərlə ifadə etsək, koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Lakin geyim sektorunun spesifikliyi, onun əsasən mövsümi məhsullar üzərində öz fəaliyyətini qurması, müəyyən istehlakçı seqmentinə xitab etməsi, əmtəə alğısında əvəzetmə prinsipinin mövcudluğu bu sahəyə əlahiddə diqqəti tələb edir.

Dünyada geniş vüsət alan elektron ticarətin geyim sektoruna da sirayət etməsi perspektivdə yeni fürsətlər yaradır. Başqa sözlə, insanlar artıq heç bir fiziki mağazaya müraciət etmədən asanlıqla istədikləri məhsulu internet satış platformaları üzərindən satın alma imkanına malikdirlər. Bu nöqteyi-nəzərdən, online ticarət vərdişi olan cəmiyyətlərdə, pandemiyanın biznes ekosisteminə, xüsusilə geyim ticarəti kateqoriyasına təsirlərini müəyyən mənada neytrallaşdırmaq daha asan oldu. Nəzərə alsaq ki, son dövrlərdə Türkiyədə yerləşən “e-ticarət” platformalarından satınalma dövriyyəsində Azərbaycandan olan istehlakçılar payı nəzərəçarpacaq dərəcədə yüksəlib, o zaman artıq azərbaycanlı istehlakçılarda da qeyd etdiyim, onlayn alğı-satqı vərdişlərinin müəyyən mənada formalaşdığını demək üçün ciddi əsaslar yaranır. Nazirlər Kabinetinin qərarı ilə sözügedən qəbildən olan məhsullara müəyyən limitin tətbiqinə başlanılması isə ölkə daxilində bu sferada tamamilə yeni situasiyanı bərqərar etmişdir. Bu addım yerli platformaların meydana çıxması üçün kifayət qədər münbit zəminin şərtlənməsinə səbəb oldu. Lakin mövcud vəziyyətdə, real sektorun imkanları və baxış bucağı nəzərə alındıqda, dövlətin bura müdaxiləsinin zərurəti açıq-aşkar görünür.

İqtisadiyyat ziddiyyətlər və fürsətlər toplusu, iqtisad elmi isə bu maneələr arasından ümumi maraqlara xidmət edən ən optimal variant seçmə sənətidir. Azərbaycanın geyim sektorunun bugünkü vəziyyəti, pandemiyanın qeyri-müəyyənliyi və dayanıqlı onlayn satış platformasının mövcud olmaması kimi faktorlar, yuxarıda qeyd etdiyim kimi dövlətin müdaxiləsini zəruriləşdirir. Burada müdaxilə dedikdə, maddi-texniki onlayn infrastrukturun, o cümlədən logistika şəbəkəsinin yaradılması və onun inzibatçılığı kimi proseslərin idarəedilməsi nəzərdə tutulur. Bu halda, Kiçik və Orta biznesin inkişafı Agentliyinin qəyyumluğunda yaradılacaq onlayn satış platforması ilkin dövrdə geyim sektorunu əhatə etməklə, alıcılarla satıcılar arasında şərti bir mağaza rolunu oynaya bilər. Qardaş Türkiyə təcrübəsinə əsasən deyilə bilər ki, bu qəbildən olan platformaların fəaliyyəti məhz təklif artıqlığının mövcud olduğu mühitdə geniş vüsət alır. Karantin rejiminin fonunda geyim satışının minimallaşdığını və əksər mağazaların anbarlarının dolu olduğunu nəzərə alsaq, ölkəmizdə də qardaş ölkədə olduğu kimi “e-ticarət” tendesiyasının yayğınlaşacağını demək mümkündür.

Respublikamızda platformanın bütün təşkilati, logistika və ödəmə məsələləri KOBİA tərəfindən həll edilərsə və bu platformanın biznes əməliyyatları bütövlükdə, “Ümumi Keyfiyyət İdarəetməsi” prinsipləri əsasında formalaşdırılarsa, orta dövrdə həm azərbaycanlı sahibkarların böhrandan qazanclı çıxması təmin edilə, həm də Azərbaycanda rəqəmsallaşmanın inkişafına çox ciddi töhfə verilə bilər. Növbəti mərhələdə isə bu platformanın əhatə dairəsi gündəlik tələbat məhsullarına qədər genişləndirilə bilər. Türkiyədə bunun bir çox uğurlu nümunəsi mövcuddur.

İstənilən halda, koronavirusun hələ uzun müddət özünün neqativ təsirləri ilə həyatımızın tərkib hissəsi olacağı aşkardır. Onun yaradacağı böhran və kataklizmlər isə müasir dövrdə bəşər övladının ən vacib sınaqlarından hesab edilə bilər. Albert Eynşteyn “Hər böhranın ortasında böyük bir fürsət var” dedikdə, zənnimcə bu tip situasiyaları nəzərdə tutub. Bu baxımdan, ölkəmizin geyim sektorunda yaranmış böhranı fürsətə çevirmək üçün onlayn satış platformasının yaradılması proseslərin müsbət istiqamətdə inkişafına rəvac verə bilər.

Nicat Muradzadə,

İstanbul Universitetinin bakalavrı

Mənbə: AZƏRTAC




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

İqtisadi təhlil