USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Maliyyə intizamının təmini əsas hədəfdir - TƏHLİL


https://img.baki-baku.az/news/2021/02/photo_2848.jpg?v=MjAyMS0wMi0xNSAxMjozMDo1Nw==

“Əvvəllər rəhbəri olduğum fabrikin maliyyə hesabatlarında tez-tez problemlər meydana çıxırdı. Bəzi hallarda vergi qanunvericiliyinin tələblərinə düzgün əməl etmədiyimiz üçün sanksiyalara məruz qalırdıq. Təcrübəli bir iş adamı belə arzuolunmaz vəziyyətlərlə üzləşməmək və mühasibatlığın işini düzgün qurmaq üçün bizə auditor xidmətindən istifadəni məsləhət gördü. Müstəqil aiditorların yoxlaması nəticəsində mühasibat fəaliyyətində yol verdiyimiz nöqsanları aşkarladıq və onların rəyi əsasında aradan qaldırdıq. O zamandan hər il audit yoxlamasından istifadəni vacib hesab edirik” – Kürdəmir rayonunda yaradılmış quşçuluq təsərrüfatına rəhbərlik edən kiçik sahibkar Mahir Kərimov belə deyir.

Şəffaflıq uğurun əsasıdır

Fəaliyyətini şəffaf şəkildə quraraq arzuolunmaz problemlərdən uzaq olmağa çalışan iş adamları bu gün məhz həmkarları Mahir Kərimov kimi davranaraq  mümkün təhdid və problemlərdən uzaq olmağa çalışırlar. Əvvəllər auditor xidmətinin əhəmiyyətini düzgün dəyərləndirə bilməyən iş adamları indi bu reallığı aydın dərk edirlər: təsərrüfat subyektinin iqtisadi fəaliyyətinin, eləcə də mühasibatlıq sisteminin peşəkar auditorlar tərəfindən yoxlanması və müvafiq rəyin alınması təkcə dövlət qurumları ilə yarana biləcək problemlərdən sığortalanmaq üçün yox, ümumilikdə,  müəssisəsinin işinin rentabelli, şəffaf və səmərəli qurulması baxımından vacibdir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin əvvəlki redaksiyasına əsasən, məhdud məsuliyyətli cəmiyyətlər, eləcə də mikro və kiçik sahibkarlar illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il icbari qaydada müstəqil auditor cəlb etməli idilər. 2019-cu ildə Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklə mikro və kiçik sahibkarlar üçün bu tələb aradan qaldırılıb. Hazırda müstəqil auditin cəlb edilməsi tələbi yalnız orta və iri sahibkarlıq subyektlərinə şamil edilir. Buna rəğmən, kiçik və orta sahibkarlıq subyektlərinin audit xidmətindən könüllü əsasda istifadəyə üstünlük vermələri bu sahədə aparılan maarifləndirici tədbirlərin əhəmiyyətindən, habelə biznes sektorunda şəffaflıq və hesabatlılıq meyillərinin güclənməsindən xəbər verir.

Azərbaycan davamlı inkişaf qolunda olan ölkə kimi idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verir. Şəffaflığın təmini və səmərəli nəzarət mexanizminin yaradılması ölkədə sosial-iqtisadi inkişafın təminatının vacib şərtlərindən biri kimi çıxış edir. Auditor xidməti, bu mənada, ölkəmizdə iqtisadi təsərrüfat subyektlərinin fəaliyyətində mütəhərrikliyinin və səmərəliliyin, eləcə də dürüstlüyünvacib meyarlarındandır. İstehsal, satış, eləcə də xidmətlər üzrə ixtisaslaşmış təsərrüfat subyektləriniin fəaliyyətinin düzgün təşkili, mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun aparılması baxımından müstəqil audit yoxlamasının əhəmiyyəti böyükdür.

Audit fəaliyyəti aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur.

Mükəmməl qanunvericilik - səmərəli fəaliyyətə zəmin

Şəffaf cəmiyyət quruculuğu yolunda inamla irəliləyən, korrupsiya və digər iqtisadi cinatyətlərə qarşı qətiyyətli mübarizə aparan Azərbaycanda audit xidmətinin rolu və əhəmiyyəti düzgün dəyərləndirilir. Təsadüfi deyil ki, məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü kimi 25 il əvvəl – 1996-cı il aprelin 5-də Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlayıb. Palata müstəqil respublikamızın iqtisadi həyatında öz çəkisi, sanballı olan müstəqil qurum yer alıb və üzzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Belə bir qurumun yaradılmasının hüquqi əsasları isə 1994-cü il 16 sentyabr tarixli “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qoyulub.

Qanunun 2-ci maddəsinə əsasən, audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Eyni zamanda bu maddədə qeyd olunur ki, audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

4-cü maddəyə əsasən, sərbəst auditor Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququ əldə etmiş fiziki şəxsdir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Qanunun 8-ci maddəsinə görə, auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən, bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Nəhayət, qanunun 9-cu maddəsinə qeyd olunur ki, Auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılır.

Auditorlara yüksək etimad təzahürü

Auditorlar Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir. Bu Əsasnamə 1995-ci il 19 sentyabr  tarixində Milli Məclisin qərarı ilə təsdiqlənib. Əsasnaməyə əsasən, Palata auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır. Auditor xidmətinin haqqı qeydiyyatdan keçmiş sərbəst auditorlar və auditor təşkilatları ilə müəssisə və təşkilatlar arasında bağlanmış müqavilələr əsasında, hüquq-mühafizə və digər orqanlar tərəfindən müəssisə və təşkilatlarda təftiş və yoxlamalar aparmaq məqsədilə auditorlar cəlb olunduqda isə həmin orqanlar tərəfindən müvafiq qaydada ödənilir.

Əsanaməyə görə, Palatanın əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən, qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

Auditorlar Palatası ölkə ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin ”Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir; sərbəst auditorların və auditor təşkilatlarının uçotunu aparır; ölkədə auditor xidməti ilə məşğul. olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir; auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komissiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir; təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatlarına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir; auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir; auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir; audit aparılmasına dair təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır və s. tədbirləri görür.

90-cı illərin ortalarında iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, bu neqativ hallara qarşı qanunverici bazanın formalaşdırılması Auditorlar Palatasının səmərəli fəaliyyətini təmin edib.. Bu baxımdan ulu öndər Heydər Əliyevin 9 avqust, 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında», habelə 1996-cı il 17 iyun tarixli, «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə», 1999-cu il 7 yanvar tarixli «Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» fərmanları, eləcə də 1998-ci il 27 yanvar tarixli «Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» sərəncamı açıq və şəffaf cəmiyyət quruculuğuna xidmət etməklə, korrupsiyaya və iqtisadi cinayətkarlığın digər formalarına qarşı səmərəli mübarizəyə ciddi təkan verib.

İslahatlar keyfiyyətcə yeni mərhələdə

Ulu öndərin əsasını qoyduğu çoxşaxəli islahatları 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ötən 18 illik fəaliyyətində şəffaflıq, korrupsiya və çirklu pulların leqallaşdırılmasına qarşı mübarizə tədbirləri mühüm yer tutur. Ötən dövrdə Azərbaycan Avropa Şurasının «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında», «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında», Birləşmiş Millətlər Təşkilatının «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» və «Korrupsiya əleyhinə» konvensiyalarına qoşulub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında 13 yanvar 2004-cü il tarixdə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun qəbul edilib, habelə 3 sentyabr 2004-cü il tarixdə «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) imzalanıb. Dövlət başçısının 2004-cü ildə imzaladığı müvafiq fərman əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılmasının korrupsiya hüquqpozmaları ilə mübarizə baxımından əhəmiyyəti olub.

2005-ci ildə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yaradılması və ötən dövrdəki fəaliyyəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Ölkə Prezidenti tərəfindən müxtəlif illərdə imzalanmış “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı”, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı», Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı», "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" və Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” kimi sənədlər Auditorlar Palatasının da üzərinə mühüm vəzifələr qoyub.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılması, habelə «ASAN xidmət» mərkəzlərinin fəaliyyətə başlaması, mərkəzi və yerli icra hakimiyyəti strukturlarında şəffaflığa, hesabatlığa, “Açıq cəmiyyət” quruculuğu prinsiplərinə əsaslanan çevik idarəetmə modelinin formalaşdırılmasının aparılan kadr siyasətinin başlıca hədəfini təşkil etməsi də xüsusi qeyd olunmalıdır. Yeni kadr təyinatlarının korrupsuya, rüşvətxorluq və digər bürokratik amillərə qarşı başlanmış mübarizənin tərkib hissəsi olması və müsbət nəticələr verməsi sevindiricdir.

Azərbaycan Prezidentinin 2018-ci ilin 11 aprel seçkilərindən sonra müəyyənləşdirdiyi yeni idarəetmə meyarlarına uyğunlaşmaq istəməyən, xəbərdarlıqlardan nəticə çıxarmayaraq korrupsiya və digər hüquqazidd əməllərini davam etditrən məmurlar barəsində sərt ölçülərin götürülməsi, habelə onların cinayət məsuliyyətinə cəlb olunmaları cəmiyyətdə müsbət reaksiya doğurur.

Milli Prioritetlər – yeni hədəflər

Dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəd Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının hazırlanması məramını önə çəkməklə yanaşı, şəffaf idarəetmə modelinin reallaşdırılmasına da xüsusi diqqət ayırır. 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsi olaraq insan amilinin sosial-iqtisadi islahatlarda ön plana keçməsi fonunda Milli Prioritetlərdə məhkəmə-hüquq sisteminin fəaliyyətində şəffaflığın artırılması; haqsız rəqabətin qarşısının alınması; dövlət investisiyaları və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi; idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi; korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşdırılması məsələləri əksini tapıb. Şübhəsiz, Milli Prioritetlərdən irəli gələn vəzifələr Auditorlar Palatasının da xüsusi diqqət mərkəzindədir.

Palatanın cəmiyyətdəki rolunu düzgün müəyyənləşdirən dövlətimizin rəhbəri İlham Əliyev deyib: “Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolu getdikcə artır. Müstəqil audit maliyyə və vergi intizamının gücləndirilməsində, vəsaitlərin təyinatına uyğun və qənaətlə xərclənməsində aşkarlığı təmin edən əsas vasitələrdən biridir. Eyni zamanda, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir”.

Müasir çağırışlar fonunda ölkəmizdə aparılan iqtisadi islahatların səmərəliliyi, ilk növbədə, idarəetmənin bütün pillələrində şəffaflığın yüksək səviyyədə təmin edilməsi ilə şərtlənir. Dövlət büdcəsinin vəsaitlərindən düzgün, ünvanlı istifadə baxımından mükəmməl nəzarət mexanizmlərinini formalaşdırılması, maliyyə intizamının gücləndirilməsi xüsusilə aktualdır. Təcrübə göstərir ki, şəffaflığın olmaması bir tərəfdən korrupsiya və başqa qanunsuz yollarla gəlir əldə olunmasına, digər tərəfdən isə haqsız rəqabətə, sərbəstliyin məhdudlaşmasına, idarəetmə heyətinin, məmurların qanunsuz gəlir əldə etmələrinə, büdcə vəsaitlərinin mənimsənilməsinə gətirib çıxarır.

İqtisad elmləri doktoru professor Əlican Babayev bizimlə söhbətində bildirdi ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mükəmməl strategiya nəticəsində ölkəmiz son illər böyük uğurlara imza atıb: “Açıq hökumət prinsipləri bu strategiyanın ayrılmaz hissəsi olaraq dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutur. Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan, ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını formalaşdıran “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin edib”.

İqtisadçı alim hesab edir ki, Azərbaycan Respublikasının Auditorlar Palatası ötən illərdə şəffaflığı önə çəkən milli fəaliyyət planlarından irəli gələn mühüm vəzifələrin icrasında mühüm rol oynayıb: “Palatanın fəaliyyət istiqamətlərinə ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək verilməsi; auditor xidmətini tənzimləyən normativ hüquqi aktların və digər qanunvericilik aktlarının müddəalarına uyğun olaraq təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığın təmin edilməsi; qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə işinə yardım göstərilməsi; auditorlar tərəfindən ölkəmizin qanunvericilik aktlarına, beynəlxalq audit standartlarına, peşə etikası qaydaları və normalarına riayət edilməsi; auditor xidmətlərinin göstərilməsi zamanı yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması və digər mühüm vəzifələr aiddir”.

Şübhəsiz, iqtisadi inkişafın hazırkı mərhələsində ölkədə müstəqiil audit xidmətindən könüllü istifadə mədəniyyətinin yüksəldilməsi, təsərrüfat subyektləri ilə Auditorlar Palatası arasında münasibətlərin sivil, şəffaf əsasda qurulması, qarşılıqlı etimad mühitinin formalaşdırılması tədbirləri xüsusilə diqqət mərkəzindədir. Bu tədbirlərin strateji hədəfi, ümumilikdə, dövlətin qanuni mənafelərinin daha çevik və mükəmməl mexanizmlər əsasında qorunması, müasir dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla sivil, müasir, çevik və münaqişəsiz audit sisteminin formalaşdırılmasıdır. Bu baxımdan, ölkəmizdə ikili mühasibatlığın ləğvi, gəlirlərin düzgün bəyan edilməsi, hesabatların reallığının və şəffaflığının artırılması, kölgə iqtisadiyyatının azaldılması istiqamətində tədbirlər Palatanın xüsusi diqqət mərkəzindədir.

 

 

 

Samir Mustafayev,
Əməkdar jurnalist

Məqalə Azərbaycan Respublikası Auditorlar Palatasının yaranmasının
25-ci ildönümü münasibətilə elan olunmuş müsabiqəyə təqdim etmək üçündür

 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Samir Mustafayev