USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mirzə Nəsrulla bəyin Qırmızı xalısından 105 il sonra...


https://img.baki-baku.az/news/2023/09/photo_8665.jpg

“Ey Türk Oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki, türk ulusu, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölümsüz türk ulusu, kəndinə dön! Sən kəndinə dönəndə böyük olursan!”

Sentyabrın 25-də ulu, azman türkün, qolunun davamı Qılınc, ruhunun davamı Saz, batini əzəmətinin aynası Kəlam və Qələm olan Oğuz oğlunun Kəndinə döndüyü, “torpaq qalan, qalan hər şey yalan” nidası ilə dünyanı lərzəyə saldığı, Ərgənəqondan çıxdığı günlərdən biri idi.

Səngəri, sipəri Dərələyəz dağları, Böyük və Kiçik Ağrı dağları, İnandağ və Haçaqaya,  Asəf-Kəhf müqəddəsliyi, Zəngəzur əzəməti olan Oğuz elində, Nuhun çıxdığı torpaqda - Naxçıvanda şölən qurulmuşdu. Atabəylərin, Səfəvilərin Ustaclı qoluna bağlı Kəngərlilərin, Naxçıvanlı künyəsi - imzası ilə qələm çalan dahilərin, Möminə Xatunun, Əcəmi Naxçıvanlının diyarında bir millətin, iki dövlətin hilallı, ulduzlu bayraqları İstiqlal mücahidi Əhməd Cavada qoşulub “Çırpınırdı Qara dəniz, Baxıb türkün bayrağına” deyir, TURAN ellərinə Salam söyləyirdi.

Bir millətin, iki dövlətin deyil, Altaylardan Anadoluya, Türküstandan İraq- türkmən ellərinə, Təbrizdən Dərbəndə, Borçalıdan İrəvana “Biz türklərik, çadırımız göy qübbəsi!” nidası ilə yol gələn, Doğudan Batıya Böyük Köçün xəzinəsini daşıyan, ruhunda TURAN, əlində Quran Oğuz oğlunun haqq səsinə dönən, haqq davasına qalxan ulu, azman türkün iki qüdrətli Lideri - prezindent cənab İlham Əliyev və prezident cənab Rəcəb Tayyib Ərdoğan “Ordum var,  Yurdum var!” qüruru, vüqarı ilə Qırmızı xalı üzərindən yürüyürdü.

Yadıma 105 il öncə düşdü. Orada da bir Qüdrətli Xilaskar Ordu, bir də bir Qırmızı xalı vardı. Kazım Qarabəkr Paşa və cənab Mirzə Nəsrulla bəy Əmirovun Zəfər qüruru ilə yürüdüyü Qırmızı Xalı!
***

1918-ci ilin hər anı, hər günü bizim üçün Şanlı tarix, həm də babalarımızın - Mücahid və Şəhid babalarımızın al qanı ilə yazılan tarixdi.

Şərqin ilk Demokratik Cümhuriyyətini beşikdə boğmaq istəyən Çar Rusiyası da, Antanta dövlətləri də Türk dünyasının, Türküstanın, Osmanlının, Odlar Yurdu Azərbaycanın, türk və müsəlman mədəniyyətini çevrələyən Şərqin üzərinə yerimişdi. Bu sırada əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şimali Qafqaz xalqları da istisna deyildi. Özgürlüyünə qovuşmaq, I Pyotrun İstanbul sevdasının kökünü kəsmək üçün Dağlı Qafqaz xalqlarının Birliyi - Dağlılar Respublikası Şimali Qafqazın, Qarapapaq Türk Cümhuriyyəti Borçalının, İrəvan Müsəlman Milli Şurası Qərbi Azərbaycanın, Gəncə Milli Şurası Gəncəbasarın, Naxçıvan Milli Şurası Naxçıvanın, Araz-Türk Cümhuriyyəti Naxçıvanın, İrəvan Quberniyasının və Anadolunun istiqlal davasına qalxmış, özgürlük havasına köklənmişdi.

Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqına Əbədi İstiqlal şərbətini daddırmaq, Odlar Yurdunun ərazi bütövlüyünü qorumaq, milli dövlətçilik ənənələrini bərpa etməkdən ötrü dünya ilə üz-üzə idi. Səlib yürüşünə çıxan, min illər boyu türk-müsəlmanın soyunu kəsmək üçün kilsələrdə tədbirlər tökən, Xaçlı yürüşləri ilə yüz minlərlə insanın qanını su yerinə axıdan cəlladların Qafqazlara, ən ümdəsi Azərbaycan torpaqlarına sırıdığı erməni daşnakları soyqırım siyasətini gerçəkləşdirmək üçün bir alət idi. Kəsici alət!

Qafqaz Albaniyasının tarixinə, mədəniyyətinə, məbədlərinə, etnodil proseslərinə, multikultural dəyərlərinə Çar Rusiyasının xüsusi siyasəti ilə sahiblənən Tanrının üz çevirdiyi daşnak ermənilər 1905-1906-cı illərdə, 1918-ci ildə Osmanlıda, Azərbaycanın Güney və Quzeyində törətdikləri vəhşiliklərlə amansızlığın nə olduğunu bəşəriyyətə sübut etmişdilər.

Qafqaz Seyminin fəaliyyətə başladığı Xalq Cümhuriyyətinin qurulduğu aylarda Osmanlıda, İrəvanda, Zəngəzurda, Şərur-Dərələyəzdə, Naxçıvanda, Qarabağda, Borçalıda, Şirvanşahlığında, Qubada, Dərbənddə, Car-Balakəndə, Lənkəranda, Gəncəbasarda, Bakıda, Şəkidə, Tiflisdə, Xoyda, Mərənddə, Təbrizdə, Ərdəbildə, o taylı, bu taylı Azərbaycanda qan su yerinə axdı. Andranik Ozanyanın, Hamazaspın, Nijdenin, Dronun, Gibbonun, Doluxanovun qılıncına doğranan on minlərlə türk-müsəlman zalımın zülmünü görüb ölümün ağuşuna atıldı. Soyqırımlar, deportasiyalar insanın olduğu, insanlığın öldüyü dünyanın sərt üzü idi. Belə bir dəhşətli zamanda özünün durumu ağır olsa da xalqın ümidi Osmanlıya idi.

Milli hökumətin qurucuları, üzünə Bakının Qala divarlarının qapıları bağlanan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri xalqın da, Cümhuriyyətin də nicatını Osmanlıda gördüyündən Qazi Mustafa Kamal Paşaya müraciətdə bulundu. Ona qədər bu tarixi müraciətdə iki qüdrətli lider bulunmuşdu. Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu Emin Ağa Acalov, Naxçıvan Milli Şurasının sədri cənab Mirzə Nəsrulla bəy Əmirov öz vəsaiti hesabına Osmanlıya səkkiz nəfərdən ibarət heyət göndərmiş, onların ikisi yolda erməni daşnakları tərəfindən xaincəsinə arxadan vurulmuş, bir nəfəri qarın yatalağından - qızdırmadan həlak olmuş, beş nəfər isə cənab Əmirovun məktubunu Qazi Mustafa Kamal Paşa Atatürkün dəvtərxanasına yetirmişdi. Atatürkün Azərbaycan məsələləri ilə bağlı güvəndiyi tarixi şəxsiyyətdən ikisi - Xəlil Paşa, Bəkir Sadiq Əfəndi tərəfindən cavablandırılmışdı. 

Xəlil Paşanın məktubunda deyilirdi: “Milli Komitə sədri Mirzə Nəsrulla Əmirov cənablarına. Məktubunuzu aldım. Həm şad oldum, həm də yaslandım. Sizlərin millət yolunda nə cür çalışdığınızı hər kəs bildiyi gibi (Xəlil Paşa hər kəs deyəndə şübhəsiz ki, məktubun ünvanlandığı Qazi Mustafa Kamal Paşa Atatürkü, Müdafiə naziri Ənvər Paşanı və Kazım Qarabəkir paşanı nəzərdə tuturdu. Xəlil paşa Naxçıvan məsələsinə bu üç liderin - qüdrətli tarixi şəxsiyyətin istəyi ilə inanılmış, etibarlı kadr olaraq cəlb edilmişdi. Ş.C.) bən də pək əla biliyorum. Bu xüsusda heç mütəssir olmayınız. Yenə də millət yolunda çalışmağınızdan fariğ olmayasınız. Biz gələr kardeşlərimizi zülmün əlindən alırız...” 

Qüdrətli Osmanlı türk sərkərdəsi Bəkir Sadiq Əfəndi isə Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla bəyin adına göndərdiyi teleqramda yazırdı: “Naxçıvan, Mirzə Nəsrulla xan cənablarına. Erməni alçaqlarından gördüyünüz zülm və sıxıntınız haqda məktubunuzu aldım. Bu məni çox müəyəssər etdi. Ermənilərə qarşı apardığınız mübarizə məni məmnun etdi. Bəyazidə qədər gəlmişik. Bundan sonra erməniləri hər addımda təqib edəcəyik. Ermənilərin etdikləri cinayətlərin intiqamını alacağıq. Sizə düşən vəzifə daha bir müddət səbr etmək və bu alçaqlara qarşı müqavimət göstərməkdir. Ümid edirəm ki, buna da müvəffəq olacaqsınız. Naxçıvan əhlinə məndən salam. Bəkir Sadiq Əfəndi”.

Araz Türk Cümhuriyyətinin qurucularından biri, Naxçıvan Milli Şurasının sədri, ən çətin anlarda erməni daşnakları on minlərlə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz, İrəvan, Vedi, Göyçə, Dərəçiçək türkünün başını kəsib qanını su yerinə axıdanda açıq savaşa atılan, Naxçıvan Milli Şurasına sədrliyini Cəfərqulu xan və Böyük xan Naxçıvanskilərə həvalə edib Müdafiə Komitəsinin sədri vəzifəsini baş komandan olaraq üzərinə alan, İstanbul Hərbi Rüşdiyyəsində təhsil alıb Vətənə dönən iki oğlunu - Cabbar və Cəlili erməni daşnakları ilə savaş üçün Şərur, Dərələyəz, Nehrəm səngərlərinə yollayan, xüsusi dəvətini qəbul edib Naxçıvanın müdafiəsinə gələn Şərq Cəbhəsi Orduları komutanı Kazım Qarabəkir Paşanın əsgərləri Naxçıvana varid olmamışdan öncə onların milli hərbi geyimlərini şəxsi tikiş fabrikində tikdirən, kazarmanı şəxsi vəsaiti ilə təchiz və təmin edən, silah-sursatın alınması üçün Osmanlı Ordusuna yenə də öz vəsaiti hesabına 100 min qızıl, 200 min gümüş sikkə (hansı ki, o dövrdə Naxçıvanın ən nüfuzlu və imkanlı adamları Naxçıvan Müdaiə Komitəsinə 10 min, 5 min, 3 min vəsait, 50 put buğda, atların qidalanması üçün 15-20 put arpa ayırırdılar Ş.C.) 200 put buğda, 100 put arpa, 100 put qarğıdalı, adambaşı hər bir əsgər üçün üç sabun ayırtdıran, övladları ilə “öldü var, döndü yoxdu” deyib, canı, malı ilə haqq davasına qalxan cənab Mirzə Nəsrulla bəy Əmirovla Naxçıvanın Xilaskarı -  “Mənim gördüyüm Naxçıvan fədakardır, mərddir!” nidası ilə səngəri dağlar, sipəri fədakar, mərd adamlar olan Naxçıvanın dəyərinə, həm də əyarına dönən Kazım Qarabəkir Paşanın görüşü ilə bağlı əfsanələr dolaşır, rəsmi sənədlər, xatirə kitabları, gündəliklərsə sözdən ucaldılan abidələrdir. Gəlişi ilə erməni daşnaklarının belini qıran, tifaqını dağıdan, canına vəlvələ salan Kazım Qarabəkir Paşanın, Cəfərqulu xan Naxçıvanskinin mülkündə rəsmi qarşılanma mərasimi olur. Ona qədər Naxçıvan əhli öz böyük xilaskarının şəninə pişvaza çıxır. Ayaqları altında qurbanlar kəsir, məscidlərdə adına xütbələr oxudular. Əsgəri marşın sədaları altında törən yerinə gələn Kazım Qarabəkir paşanın ayaqları altına 250 metrlik Qırmızı ipək xalı sərilir. Xalını sərən də, sərdirən də Türkün Türkə, Naxçıvanın Osmanlıya sevdasını, sevgisini düşmənə görk edən də, bir, tək bir qüdrətli dövlət xadimi, millət, məmləkət fədaisi idi. Məhəmməd Əmin Rəsulzadə, Emin Ağa Acalov, Pənah xan Makinski, Əli xan Makinski, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov kimi tarixdə qalan, adını milli dövlətçilik tariximizə al qanı ilə yazan, milli məfkurədən milli dövlətçiliyə yol gələn, millətin, məmləkətin haqq səsinə dönən, Naxçıvan Milli Şurasının sədri, Naxçıvan Araz-Türk Cümhuriyyətinin qurucularından biri, Naxçıvan Müdafiə Komitəsinin sədri kimi 1918-1920-ci illərdə ümmətinin qanına susayan daşnaklara qan udduran, Naxçıvan polisinin və Milli Ordusunun qurulması üçün sərəncam verən, onun icrası üçün maddi vəsaitin böyük bir qismini üzərinə alan, Şahtaxtıda, Şərurda, Ordubadda, Naxçıvanda, Dərələyəzdə mövcud olan mülklərini, onlara iqamətgah olaraq bağışlayan, taxıl zəmilərini təlim köşəsinə, meydanına çevirən, Naxçıvanın ən çətin anlarında müqəddəratının həll olunduğu bir zamanda Xalq Cümhuriyyəti rəhbərliyinin Naxçıvana ezam etdiyi Mirbabayev missiyasının rəhbəri Mir Yusif Mirbabayevin Komitə üzvlərinin görüşü zamanı “Qafqaziyyədə Azərbaycan hökumətindən maəda digər bir hökumətin bulunması və olması mümkün deyil! Yaşasın Azərbaycan hökuməti!” nidası ilə Odlar Yurdu Azərbaycanın ərazi bütövlüyünün təminatçısına çevrilən, “Mudros” müqaviləsinin şərtləri və tələbləri çərçivəsində Osmanlı Qoşunları Azərbaycandan çəkilmək zorunda qaldığı, İngiltərə və Amerika hərbi birləşmələrinin Qafqazda at oynatdığı günlərdə “Erməni vilayəti” sindromu ilə Naxçıvanın üzərinə yeriyən general Haskelə, general qubernator Tomsona, onların himayəsində özünü Çar cəlladlarının kölgəsində hiss edirmiş kimi rahatlanan Andranik Ozanyana, Naxçıvana qubernator təyin olunan Varşamyana: “Biz deyirik, bu torpaqlar ta qədimdən türk-müsəlmanlara aid olub. Gəlmə ermənilər ona sahiblənə bilməz. Siz deyirsiz, ermənilərlə yola gedin, onların boyunduruğuna girin. İstədikləri kimi idarə olunun, yaşayın. Bunun üçün durub bu torpaqlara gəlməyə gərək yoxdu. Gərək qanımızla, gərək canımızla öz hesabımızı özümüz kəsərik. Naxçıvanın bir ovuc torpağını kimsələrə yem etmərik. Hələ ki, müsəlman qanına susamışlara.

 “Mudros” sənədinə qol qoyan müttəfiqlər də gərək ki, bunu bilməmiş deyildirlər!” nidası ilə tarixi dərs verən cənab Mirzə Nəsrulla bəy Əmirov idi. O Mirzə Nəsrulla bəy Əmirov ki, ulu babaları beşinci yüz ildən Naxçıvanın tarixi sakinləri, sahibləri sırasında yer almış, ulu babası Əmir Əli Nəsrulla bəy oğlu Əmirli Sultan Süleyman Qanuninin qoşunları Səfəvilərlə savaşdan sonra 1554-cü ildə, Naxçıvan yürüşü zamanı Naxçıvan ölkəsinə gələrkən onlara rəğbət göstərməklə kifayətlənməmiş, Kəngərlilərin Yurdcu və Bilici qoluna məxsus, sarayda xüsusi nüfuz sahibi olan tarixi şəxsiyyət kimi Osmanlı Ordusunun ən qüdrətli qolu, Bəktaşiliyə bağlı Yeniçərilərə mülkündə yer vermiş, Bəktaşiliyin Naxçıvanda yayılması, bəktaşilərin məskunlaşması üçün bütün imkanlarını səfərbər etmiş, onlara mülk, bağ, zəmi və kəhriz-bulaq bağışlayaraq bu torpaqlarda himayədarına çevrilmişdi. 

Onun bu xidmətləri Osmanlı dövləti tərəfindən yüksək qiymətləndirilmiş, Qanuni Süleymanın xüsusi göstərişinə, fərmanına əsasən tiul torpaqlarıyla mükafatlandırılmışdı. Səfəvi dövləti üzərinə Osmanlının bu 12-ci yürüşündən sonra da yürüşləri olmuş, hər bir yürüşün döyüş meydanın mərkəzi Naxçıvan olsa da, Naxçıvan bu dəhşətli qardaş qırğınlarından yerlə-yeksan olunub xarabalığa çevrilsə də, Qanuninin qanuna - fərmana münasibət dəyişməmişdir. Ayrı-ayrı sultanların dövründə Xıdır paşanın, Ömər ağanın, Əhməd paşa Ciqaloğlunun, Nadir Cəfər paşanın, hətta Səfəvi Osmanlı savaşlarında Səfəvilərin, Əfşarların əlinə keçən, Kəngərli tayfasına bağlı Rzaəddin xanın, Şəfi xanın, Məmmədrza xanın, Nadirqulu xanın (Nadir şahin Əfşar - Ş.C.) təyin etdiyi hakimlərin, öz əzazilliyi ilə seçilən bu torpaqların tarixi sakinləri və sahibləri kəngərilərin qənimi Mirzə Rzanın, Naxçıvanın nüfuzlu yörə hakimi, hətta Nadir şah Əfşarın tacqoyma ərəfəsində belə iştirakı şəninə sığışdıramayan, qəzəbləndiyi zaman göz çıxarıb insanları dünya işığından məhrum etdiyinə görə onun təyin etdiyi hakimlərin, vəkillərin əhali ilə davranışına etiraz edib, Mərkəzi hökumətə tabe olmayan Vəliqulu xan Kəngərlinin, Naxçıvan ölkəsinin müvəqqəti hakimi Ağa Həsənin, 1747-ci ildə Nadir şah Əfşarın dövləti süquta uğrayandan sonra yerli feodallara (o sıradan Yurdcu qoluna bağlı feodal-mülkədarlar üstünlük təşkil edir. Saray mühafizələri, xanın xüsusi müdafiə dəstəsinin əksər üzvləri Əmirli zadəgan-hərbiçilərdən təşkil edilirdi. Ş.C.) arxalanıb Ağa Həsəni hakimiyyətdən uzaqlaşdıraraq özünü Naxçıvan xanlığının müstəqil xanı elan edən Heydərqulu xanın və övladları, Kəngərli və Naxçıvanski soyadını daşıyan əksər xanların dövründə də onun toxunulmazlığı qalmış, xüsusi imtiyaz sahibi olaraq sarayın nüfuzlu şəxsləri ilə eyni məqama sahib olmuşdur.

Mətləbdən uzaq düşmədən qeyd edim ki, həmin o tarixi görüşdə Xilaskarlıq Missiyasının rəhbərinin - komutanı Kazım Qarabəkr Paşanın Naxçıvanın, Zəngəzurun xilaskarının şərəfinə təşkil olan Bayram törənində - göz aydınlığı mərasimində Milli Şuranın sədri Cəfərqulu xan Naxçıvanski Paşaya Xoş gəldin nitqini, Müdafiə Komitəsinin sədri, nüfuzlu dövlət xadimi, qüdrətli Baş Komandan cənab Mirzə Nəsrulla bəy Əmirov isə göz aydınlığı – Bayram nitqini edir. Osmanlı dövlətinə, Qazi Mustafa Kamal Paşa həzrətlərinə, onun tarixi məktublarına Xəlil Paşa və Bəkir Sadiq Əfəndi vasitəsilə düz səkkiz dəfə cavab məktubları ünvanlayan Müdafiə naziri cənab Ənvər Paşaya, Kazım Qarabəkir Paşaya, Osmanlı Ordusuna və sinəsini düşmənə sipər edib Vətən torpağının bir qarışını erməni daşnaklarına verməyən Naxçıvan igidlərinə, hər halı ilə Ordunun arxasında duran, sonuncu tikəsini belə qəhrəman əsgərlərlə paylaşan Naxçıvan əhlinə minnətdarlıq edib. Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr, Qazilərə can sağlığı arzulayaraq Savaşlarda Şəhid düşən min əsgər ailəsinin himayəsini, Əsgər və Qazilərin dava-dərman xərcini öz üzərinə aldığını bəyan etməklə kifayətlənməyib. Üzünü qəhrəman Türk Ordusuna, Naxçıvanlı igidlərə, Xilaskar Komutana - bu gün bütün Naxçıvanın yerini gözünün üstündə, ürəyinin başında bildiyi, Qafqaz İslam Ordusunun Komutanı Nuru Paşa kimi səcdəsinə durduğu Kazım Qarabəkir Paşaya tutub, bir türk, Azərbaycan kişisinə, kəngərli paşasına layiq dağların qulağına sırğa olacaq əzəmətli səslə söyləyib: “Bundan sonrada tökülən hər bir müsəlman qanı üçün can almaq, qan almaq gərəkdir. Yoxsa, “Türk düşmanı olan xainlər özünü qəhrəman sanar. Namərdi gəldiyi yerə qədər qov ki, qarşısındakının kim olduğunu anlasın! Qoy bunu bütün dünya eşitsin: Türkün türkə qara sevdası bəndənin Allah, övladın ana, qardaşın qardaş istəyidir.”

Belə bir tarixi səhnə, Tanrıya, Millətə, Məmləkətə xoş gedən məqam bir də həmin qanlı ilin 16 sentyabrında, Təzə Pir Məscidinin minbərində yaşanmışdı. Sentyabrın 15-i Bakı işğaldan azad olunduğu gün Cümhuriyyətin Gəncədən Bakıya yolu açıldı. Gəncəli Cavad xanı iki oğlu ilə bir yerdə şəhid edən Sisyanovun başı Bakının qala divarlarının önündə leşi ilə bir yerdə yerə sərilib Qacarlar sarayına müjdə tabağında göndərildiyi kimi Andranik Ozanyanın, Çar cəlladlarının, Bakı neftinə əl qoyan Avropa, Amerika missionerlərinin, ordu birliklərinin muradı gözündə qaldı. Osmanlıların “Kamyonu yan gəldi, gəncəliyə can gəldi, Gəncənin oğlanları Bakı üçün can verdi”. 

Sərmayəsini milli məfkurədən milli dövlətçiliyə körpü edən Millət Qurucusu olaraq dövlət qurucularının Fikir Atasına çevrilən Hacı Zeynalabdin Tağıyevin xüsusi göstərişi, həm də istəyi ilə Təzə Pirin axundu Ağa Əlizadə ilə Nuru Paşa Bakı əhlinə gözaydınlığı vermək üçün minbərə qalxdı. Bu iki cüt tarixi şəxsiyyətin, əyilməz türkün Naxçıvanda Mirzə Nəsrulla bəy Əmirovla Kazım Qarabəkir Paşanın, Bakıda Ağa Əlizadə ilə Nuru Paşanın Tanrıdan və yolunda hər cür cəfaya tabladıqları Millətdən aldıqları mükafat idi. Bu həm də onların ana südü kimi halal haqları idi!

Çar cəlladları Bakı qırğınlarına Hacı Zeynalabdin Tağıyevlə, 1914-cü ildə Bakı qubernatorunun göstərişinə baxmayaraq Təzə Pirin minbərinə qalxıb Osmanlı əleyhinə fətva verməkdən imtina edib Osmanlıya ianə toplamaq üçün müraciət edən Axund Ağa Əmizadənin (O tarixi müraciətdən sonra bakılı qızlar belə nişan üzüyünü ianə etmişdi. Toplanan yardımlar Hacı Zeynalabdin Tağıyevin və Şəmsi Əsədullayevin gəmiləri ilə Osmanlıya - Sarıqamış hadisələrindən zərər çəkib zülüm görmüş binəva türklərə yetirilmişdi. Ş.C.) üstünə yeriməklə başlanmışdı. Lənkəran Hərbi Gəmi Qarnizonunda xidmət edən Məhəmməd Tağıyevin öldürülməsi isə Hacı Zeynalabdin Tağıyevi sındırmağa hesablanmışdı. Tağıyev şəxsi gəmisini göndərib oğlunun cənazəsini gətirtmiş, Təzə Pir məscidində yudurtmuş, kəfənlətdirmiş, son duasına Axund Ağa Əlizadəyə tutdurmuş, Çəmbərəkənddə dəfn etdirmək üçün cənazəsini çiyninə almışdı. Məhəmməd Mart soyqırımının Çəmbərəkənddə dəfn olunan ilk Şəhidi idi!

Çar və Antanta cəlladları, Tomson başda olmaqla erməni daşnakları Tağıyevdən sonrakı hədəf kimi Təzə Pirin Axundu Ağa Əlizadəni seçmişdi. Xəzər dənizindəki gəmidən açılan atəş Təzə Pirin minbərini dağıtmış, Ağa Əlizadəni göydə Allah, yerdə Millət, Məmləkət sevgisi qorumuşdu. Sonra qan su yerinə axmışdı. Gələcəkdə Cümhuriyyətin və Sovet dövrünün Şeyxülislamı kimi tarix yaradan Axund Ağa Əlizadə tarixi missiyasını ləyaqətlə yerinə yetirmiş, on minlərlə Bakı Şəhidini, qırğınların günahsız qurbanlarını Tağıyevin ayırdığı kəfənlik parçalarla kəfənləmiş, su və torpaq müqəddəsliyinə qovuşdurmuşdu. Eyni missiyanı Naxçıvanda cənab Mirzə Nəsrulla bəy Əmirov yerinə yetirmiş, toxuculuq fabrikinin anbarlarının qapılarını din xadimlərinin üzünə açmış, kəhrizlərini,  iki hamamını şəhidlərin yuyulub kəfənlənməsi üçün ayırmış, yaralı əsgərlərin sarğısı, şəhid ailələrinın əyin-başına sərf olunacaq toplarla parça bağışlamışdı.

Qafqaz İslam Ordusunun, Nuru Paşanı və silahdaşlarının şərəfinə ziyafət Hacı Zeynalabdin Tağıyevin mülkündə verilmiş, Paşanın sarayına daxil olduğu yola ipək xalı döşəmiş, Ordunun gələcəkdə görəcəyi işlər, Cümhuriyyətin Bakıya köçürülməsi kimi məsələlər də Tağıyevin mülkündə müzakirə olunmuşdu. 

Naxçıvanda bu missiyanı iki tarixi şəxssiyyət yerinə yetirmişdi: Cəfərqulu xan Naxçıvanski və Mirzə Nəsrulla bəy Əmirov. Bu müzakirələrin nəticəsi olaraq Naxçıvanda Hərbi Rüşdiyyə qurulmuş, Milli Ordunun möhkəmlənməsi, Milli Müqavimət Hərəkatının güclənməsi, rabitə və səhiyyə sisteminin qurulması, hüquq-mühafizə və ədliyyə orqanların, polisin təşkili, milli təhsil siyasətinin yürüdülməsi, iqtisadi-sosial tərəqqinin təməllərinin atılması kimi məsələlər gündəmə gətirilmişdi.

Kazım Qarabəkir Paşa özü ilə birlikdə Naxçıvana qardaş sevgisini, Vətən sevdasını, ümidi, inamı, etibarı gətirmişdi. O, bu əzəmətli diyarda özünün da qeyd etdiyi kimi “fədakar, mərd” diyarda mərd, fədakar insanlarla - sonsuz torpaq, vətən sevgisi ilə Süngünün və Qələmin vəhdətində dövlətlər quran Mirzə Nəsrulla bəy Əmirov, Abbasqulu bəy Tahirov, Heydər Əkbərov, Cəfərqulu xan Kəngərlinski, Böyükxan Kəngərlinski,  Hacı Abdulla Şeyxov, Tağı Nağdəliyev, Şeyx Kərim Axundzadə, Cabbar Kələntərov, Vəli ağa Kəngərlinski, Məhəmməd xanNaxçıvanski, Hacı Mehdi Bağırov, İsgəndər Nağıyev, Mirzə Bağır Əliyev, Mirzalı bəy Bektaşov, Hüseyn Cavid kimi mücahidləri, fikir və düşüncə sahibləri ilə tanış olmuşdu. Onların adını qəlbinə yazmışdı. Xatirələrini ürəyində daşımışdı. İki tarixi şəxsiyyəti isə heç zaman unutmamışdı. Onun biri və birincisi cəsarətin, ləyaqətin, hüdudları məlum olmayan millət, məmləkət sevgisinin ünvanı, “Naxçıvan savaşaraq şəhid düşər, erməni boyunduruğuna girməz. Bunu bilmərrə ingilislər, amerikalılar, hər gün Şəhid düşən binəva müsəlmanların harayına gecikənlər də anlasın!” “Mən qulluq edib hökumət yürütsəm gərək mən deyən ola: Məsələn, desəm filan kəndin əhalisi gərək toplanıb atəşə tutulsun, filvör əmələ gələ!” nidası ilə erməni daşnaklarına Şərur düzündə Laçınlı Sultan bəydən betər dərs verən, iclas apardığı yerdə: “Ermənilər mülkümüzə od vurub. Mülk alışıb yanır. Xanə əhli atəş içindədir” xəbərinə soyuqqanlılıqla “İndi bütün Naxçıvanı od tutub yanır!” deyən, həmin şikayət sözlərini təkrar eşidəndə qəzəbli səslə əlini masaya çırpıb: “Dedim, axı, bütün Naxçıvan od tutub yanır!”  söyləyən, “Ermənilər gəmidə Məhəmmədə qıydılar” xəbəri veriləndə isə: “Məhəmməd də müsəlmandır!” cavabı ilə Övlad sevgisini Vətən, Torpaq sevgisinə fəda edən, milli teatrın, ilk Qız Məktəbinin, çoxsaylı mətbu orqanlarının qurucusu kimi tarix yaradan Hacı Zeynalabdin Tağıyevin taleyinin Naxçıvan üzünü yaşayan Mirzə Nəsrulla bəy Əmirov idi. 

***

İkinci tarixi şəxsiyyət isə: “Turanı qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” sevdası ilə qələm çalan, eynən onun kimi 37-ci ilin Qırmızı Terrorunun qurban olan Hüseyn Cavid idi. Cavid Əfəndi!

Bu tarixi görüşdən, Allaha xoş gedən iltifatdan və ülfətdən sonra da Naxçıvanda qan su yerinə axdı. “Fədakar, mərd Naxçıvan” dözdü, tabladı. O, hər dost əlini uzatdıqca erməni daşnaqları daşa döndü. Yaxşılığa yamanlığı əməl dəftərinə yazdı. Naxçıvan “Mudros” bəlasından qurtulmamış “Gümrü”, “Moskva” dəhşətlərini yaşadı. “Naxçıvan Şərqin qapısıdır!” kəlamı ilə tarixdə qalan, dəyərlərin əyarına çevrilən Kazım Qarabəkir Paşa Atatürkün xüsusi göstərişi ilə yenidən Naxçıvanda, Qafqazlarda göründü. Qazi Mustafa Kamal Paşa ona “Naxçıvan Türkün qapısıdır!” həqiqətini əmanət etmişdi. Qars müqaviləsi ilə Osmanlı Türkiyəsi səngəri dağlar, sipəri fədakar, mərd adamlar olan Naxçıvan üçün də, sərhədləri bağlı, qolları buxovlu Azərbaycan üçün də alınmaz qala oldu. Kim onun üstünə gəlsəydi üzərinə yeriyər, Xızırın atına minib Ağ atlı oğlana dönərdi! 

1990-cı ilin 20 Yanvar dəhşətlərinin sorağı Moskvadan və Naxçıvandan gəldi. Bundan sonra Azərbaycanın ən ağır günlərində, dizində təpərə, düşmənə sipərə ehtiyacı olanda Ulu Öndər Heydər Əliyev tək və yeganə oğlu, mənəvi və siyasi varisi ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. İllərlə sədaqətlə xidmət etdiyi Kommunist Partiyasından da, partiya biletindən də imtina etdi. İmtina qarışıq Mixail Qarbaçov rejiminin sifətinə sərt bir şillə vurdu. Bu şillədən çox “Osmanlı Tokatı!” idi. Onun acısını, ağrısını min illər boyu yörəsindən asılı olmayaraq Gündoğar ölkələrin -Şərqin üzərinə yeriyənlər dadmışdı. Şura hökumətinə ikinci şillə Naxçıvandan, Nuhun çıxdığı torpaqdan gəldi. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, xanım Səkinə Əliyevanın imzası ilə tarixi Bəyanat yayıldı. “Qars bəyannaməsi”nə istinad edən Naxçıvan Ali Soveti SSR-dən çıxmaq haqqında qərar alır, bütün Naxçıvan SSRİ-dən imtinada bulunur, Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq üçün özgürlüyünü bəyan edirdi! Bu da bir “Osmanlı Tokatı!” idi. Amma ondan həm də Tomirisin, Möminə xatunun, Zahidə xatunun, Gözəl Cəlaliyənin iyi, ətri gəlirdi!

Çar cəlladlarına daha bir sərt cavabsa Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk aylarında, çətin günlərində Türkiyənin 8-ci prezidenti, unudulmaz Turqut Özaldan gəlir. Üçüncü bir dövlətin bu müharibəyə müdaxiləsinin dünya müharibəsinə çevriləcəyini dilə gətirən, açıq-açığına erməni daşnaklarını müdafiə edən marşal Yevgeni Şapoşnikovun “Əgər başqa bir tərəf (yəni Türkiyə) müharibəyə girərsə III dünya müharibəsi qaçılmaz olacaq”, deyərək Türkiyəyə sərt dillə Rusiyanın adından xəbərdarlıq edəndə Turqut Özal “Silahlar atəşlənərsə ermənilər nə edə bilərlər? Türkiyəyəmi girərlər?” cavabı ilə ona Fateh Mehmet dərsi vermişdi.

Bu acı gerçəkdən, Osmanlının sərt üzündən bir il sonra isə hər şey dəyişəcək, Ulu Öndər Moskvadan böyük dönüşü ilə Naxçıvanın Xilaskarlıq Missiyasını üzərinə alacaq, “Ümid körpüsü”nü quracaq, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəllə əl-ələ verib tarixi təkrarlayacaq. Cənab Mirzə Nəsirəddin bəy Əmirovun, Kazım Qarabəkir Paşanın iradəsini Qazi Mustafa Kamalın Naxçıvan istəyini gerçəyə çevirəcək. “Bir millət, iki dövlət!” nidası ilə “Müasir Azərbaycanın Memarı olaraq tarix yaradacaq!”, Ən yeni Azərbaycanın memarına, Qarabağın Xilaskarına, bütün zamanlarda inandığı, güvəndiyi, arxalandığı, arxasında dağ kimi dayandığı Xalqına düz olan, doğru olan yolu göstərəcəkdi!

“Atəşkəs”ə, “Əsrin müqaviləsi”nə, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” neft-qaz kəmərlərinin, Böyük İpək Yolu layihəsinin, Bakı Tbilisi Qars Dəmir yolu xəttinin gerçəkləşməsi üçün mümkün olmayanları da mümkünə çevirəcəkdi!

Vaxtı çatanda, Ömürə vəfa qalmayanda: “Mən İlham Əliyevə özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiklərimi o çatdıracaq!” nidası ilə Lider-Varis ənənəsinin milli dövlətçilik tariximizdə mühüm məqam olduğunu sübuta yetirəcəkdi!

Ulu Öndərin, dünyanın ən böyük Azərbaycanlısının görmək, gerçəyə çevirmək istədiyi tək və yeganə arzusu vardı: Azərbaycan bayrağını Şuşa qalasında, Xudafərin körpüsündə, Zəngəzur dəhlizində görmək! Tanrı Ata vəsiyyətinə əməl edən Varisinə bunları nəsib edib. Xaqan Atasını Fəxri Xiyabanda ziyarət edən, Ali Baş Komandan hesabatını verən Prezident cənab İlham Əliyev Nuhun çıxdığı torpaqda erməni daşnaklarının 18-ci ildəki soyqırımları zamanı Zəngəzurdan Naxçıvana deportasiya olunmaq, köçmək zorunda qalan, elə gözəl və özəl diyarda da torpaq müqəddəsliyinə qovuşan babası Əlirza Əliyevin ziyarətində bulundu. Onun nigaran ruhunu şad edəcəyini Lider-Varis əzəməti, Baba-nəvə müqəddəsliyi ilə pıçıldadı. Elə olmasaydı “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə, Naxçıvandan Zəngəzura, Zəngəzur dəhlizindən Osmanlıya, Osmanlıdan Turana, Turandan türk dünyasına, Doğudan Batıya yollar görünməz!

Səngəri dağlar, sipəri fədakar, mərd adamlar olan “Naxçıvan savaşaraq şəhid düşər, erməni boyunduruğuna girməz. Bunu bilmərrə ingilislər, amerikalılar, hər gün Şəhid düşən binəva müsəlmanların müdafiəsinə gecikənlər də anlasınlar” nidası ilə imperiyaların qabağında dik, dimdik dayanan, cənab Mirzə Nəsrulla bəy Əmirovun da mənsub olduğu Kəngərli ərənləri Dağlıq Qarabağ münaqişəsinin, daha doğrusu müharibəsinin ən çətin günlərində Liderinə, Ulu Öndərə “İgid sərkərdə olsa, gedərmi ordu bada?” inancı ilə tapınmazdı. Səngərlərə sipər, düşmənlərə çəpər övladlarını Şəhid verdikcə Daşa, Yaddaşa dönən, hər daşı, qayası, çınqıl, qum dənəsi belə cəngi-cidalar görən Naxçıvanı, Şəhid qanına boyanan, hər toxunduğun budağından bir Şəhid ruhu quş olub uçan Odlar Yurdu Azərbaycanın bir parçasını Şərqin, Türkün qapısı, TURANın pəncərəsi, nəfəsliyi kimi qorumazdı. Fədakar mərd Naxçıvan 105 il sonra Mirzə Nəsrulla bəyin, Kazım Qarabəkir Paşanın ayaqları altına döşədiyi Qırmızı Xalını yenidən sərdi. Xalıdan iki “Ağ Atlı, Atları qanadlı, dili bayatılı keçdi! “Vətən yaxşıdı, köynək kətan yaxşıdı. Dünya cənnət olsa da, yenə Vətən yaxşıdı!” nidası ilə taleyin sərt üzündən özü öz torpaqları ilə həmsərhəd olan Odlar Yurdu Azərbaycanın, Qarabağın Xilaskarları, Xızır əleyhissəlamdan badə alan Ərləri, Ərənləri keçdi! Deyilənlər gəldi başa!

Uzaqdan, lap, lap uzaqlardan Xəzərin qoynundan Nargin adasından bir Ər qopmuşdu. 37-ci ilin dəhşətlərini də, dağılan törəsinin kədərini də, tərki-vətən balalarının niskilini də, istintaq təcridxanasındakı işgəncələri də, alnına sıxılan güllənin ağrı-acısını da unudub üzünü canında can dediyi, Azərbaycan dediyi Millətinə, məmləkətinə tutub Orxon - Yeniseydəki daş kitabəni vərəqləyir, “Ey ölümsüz türk, türk ulusu! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Kəndinə dön! Sən kəndinə dönəndə böyük olursan!” deyirdi. Dünyanın ən böyük, ən əzəmətli Bayraq dirəyinə, Bayrağına baxıb: “Bayraqları bayraq üstə yapan qandır. Torpaq uğrunda ölən varsa Vətəndir!” deyir, Vətəni bizdən sonra gələcək nəsillərə, nəvə-nəticələrə, kötücələrə əmanət edirdi! 

Bir də bilirsinizmi nə deyirdi: “Vətəni sevməyən insan olmaz, olsa da ol, şəxsdə vicdan olmaz! Milləti, Məmləkəti İlahi eşqlə sevin. Sevginizdən, istəyinizdən mükafat gözləməyin! O sizin haqqınızdırsa, gəlib sizi tapacaq, sizi tapmasa da, Varislərinizə qürur yaşadacaq!”

Qoyun onu da söyləyim: Ötən əsrin 18-ci ilində Naxçıvan, Naxçıvan qarışıq Azərbaycan darda, intizarda idi. Tanrı Azərbaycan Xalq Cümhuruyyətinin, Naxçıvan Milli Şurasının, Naxçıvan Müdafiə Komitəsinin, Naxçıvan Araz-Türk Cümhuriyyətinin qurucularını, Məhəmməd Əmin Rəsulzadəni, Qazi Mustafa Kamal Paşanı, Ənvar Paşanı, Nuru Paşanı, Kazım Qarabəkir Paşanı, Xəlil Paşanı, Bəkir Sadiq Paşanı, Türkiyənin XI alay komandanı Sürəyyə Paşanı yolladı.

Ötən əsrin sonlarında Naxçıvan iqtisadi-siyasi blokadada, düşmənlə cəngi-cidada, ölüm-qalım savaşında idi. Tanrı Ümummilli lider Heydər Əlirza oğlu Əliyevi, Naxçıvanın “Ümid Körpüsü” - unudulmaz Süleyman Dəmirəli göndərdi. 30 illik intizardan sonra Qarabağın, Şərqi Zəngəzurun, Qərbi Azərbaycanın, İrəvanın, Naxçıvanın “Gözü yolda, könlü intizarda”, qolları buxovda idi. Əlləri yerdən, göydən üzülmüşdü. Bizim işimiz haqq işidir! Biz Zəfər çalaçağıq! Qarabağ Azərbaycandır! Kimsənin bir qarış torpağında gözümüz yoxdur, kimsəyə də bir qarış torpaq vermərik! nidası ilə səngərlərə sipər, düşmənlərə çəpər olan olan türkün, Odlar Yurdu Azərbaycanın haqq davasını Zəfərlə başa çatdıran Müzəffər Ali Baş Komandan, Prezindent İlham Əliyevi, Turanın, Türk dünyasının, Doğunun haqq səsi, ədalət carçısı, dünyanın beşdən böyük, haqqdan kiçik olduğunu sübut edən, təhdidlərə, təzyiqlərə, hücum və terror aktlarına baxmayaraq yer üzünü iradəsi ilə heyrətləndirən, könülləri cəsarəti, ləyaqəti, İlahi eşqi ilə fəth edən “Biz türklərik, bir ölər, min dirilərik”, “Torpağı su ilə qarışdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olan!”, “Səfər bizin, Zəfər Allahındır!” nidası ilə Fateh Mehmetdən sonra “Fətih Dastanı”nı yazan Rəcəb Tayyib Ərdoğanı yetirdi!

Üç yüz ildir Qafqazlarda qan tökən, türk-müsəlman qanına susayan erməni daşnaklarına da, onların havadarlarına da tarixi dərs 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqəyə başa çatan anti-terror əməliyyatları zamanı  Dağlıq Qarabağda - Xankəndinin yaxasında verildi. Zəngəzur dəhlizində,  Nuhun çıxdığı torpaqda,  Səfəvi-Osmanlı, Rusiya-İran, Rusiya-Türkiyə Birinci və İkinci Dünya savaşında tarix yaradan Kəngərli süarilərinin diyarında da veriləcək! Düşməni gəldiyi yerə qədər qovan Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Qüdrətli Ordusu bir millətin, iki dövlətin Özgürlük, Birlik, Bütövlük rəmzinə dönən hilallı, ulduzlu bayraqlarının bir daha enməməsi üçün “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə Ağrı dağından, Haça dağdan, İnan dağdan asacaq! Naxçıvanın ən yeni tarixini yazacaq! Naxçıvandan İrəvana, Odlar Yurdu Azərbaycandan Osmanlıya, Osmanlıdan Turana, Türküstandan Çin Səddinə, Böyük İpək Yolundan - Gündoğandan Günbatana yollar görünəcək! Könüllərdə, qəlblərdə ilahi eşqin, insan sevgisinin, birliyin, bütövlüyün, dostluğun, qardaşlığın toxumları əkiləcək. İnsan insanı sevəcək! Şərqin, Zəngəzurun min incisindən biri, qüdrətli filosof-şairi Mir Həmzə Seyid Nigarinin səsi gələcək: İnsanın insanı sevməsi Allahı sevməsidir! Ulu Tanrı Yer üzünü bircə “Ol!” kəlamından, sonsuz, hüdudları məlum olmayan sevgisindən yaradıb!

Bineyi qədimdən Naxçıvan nicatım deyib gələnlərin diyarı olub. Nuhun çıxdığı torpaqdan Asəf-Kəhf müqəddəsliyi boy verib. “İrəvanda xan qalmadı, Gəncədə sultan qalmadı” kədərinə alışan Oğuz oğlu “Arazı ayırdılar, qan ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” həsrətinin qara donunu da buralarda çıxarıb. Sərhəd məftillərini söküb! Bu özəl və gözəl diyar “Gülüstan”dan, “Türkmənçay”dan üzü bu yana  Savalanda yatan İgidin atına süvar olacağı günün təşnəsidi!

İsti, qora bişirən Naxçıvan həm də ilğımların diyarıdı. İlğım bineyi - qədimdən səhralara sultan olan Şərqli müsəlmanın, türkün ümidi olub! Ümid İnam, İnam Böyük Zəfərdi!

Şərəf Cəlilli




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Şərəf Cəlilli