USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mayamidə “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş olub


https://img.baki-baku.az/news/2023/07/photo_7673.jpg

ABŞ-ın Florida ştatının Mayami şəhərində Azərbaycana həsr olunmuş “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitənin dəstəyi və Florida Azərbaycanlıları İcmasının təşkilatçılığı ilə baş tutan tədbirdə türk diasporunun da nümayəndələri iştirak ediblər.

Görüşdə Komitə sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Florida ştatında geniş məlumatlandırma kampaniyası apardıqlarına görə icma üzvlərinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələrini xatırladan Komitə sədri dövlətimizin başçısının “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, yaxşı olar” fikrinə diqqəti cəlb edib.

Sonra xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin, mədəniyyətinin daha güclü və mütəşəkkil şəkildə Florida ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında ətraflı məlumat verib. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət istiqamətlərindən danışıb.

Tədbirdə Florida Azərbaycanlıları İcmasının rəhbəri Esmira Bayramova, Nova Southeast Universitetindəki Azərbaycanlı Tələbələr Assosiasiyasının idarə heyətinin üzvü Lalə Orucova və Cənubi Azərbaycan əsilli yazıçı, “Jirtdan’s Halloween” kitabının müəllifi Dərya Hodai çıxış ediblər. Onlar təmsil etdikləri təşkilatların fəaliyyətindən və gördükləri işlərdən söhbət açıblar.

Rəsmi hissədən sonra tarixi Vətənini dünyada təmsil edən, ABŞ-da yaşayan azərbaycanlı musiqiçi Xan Bəyli (Şirvan Ağabəyli) Azərbaycana həsr olunmuş “Vətənin nəğmələri adlı” solo konsertlə çıxış edib. Konsertdə “Səslə məni”, “Sevirəm, “Azəri torpağı”, Azərbaycan maralı”, “Gəl yanıma”, “Reyhan”, “Yalan” və digər Azərbaycan xalq və bəstəkar mahnıları səsləndirilib. Tədbir iştirakçıları Xan Bəylinin və onu müşayiət edən musiqiçi qrupun ifasını alqışlarla qarşılayıblar.

Konsertdən sonra soydaşlarımız Azərbaycanın tarixi və coğrafi önəmini, eləcə də Şərq-Qərb mədəniyyətini özündə ehtiva edən müasir musiqi mərkəzi olduğunu nümayiş etdirən konsertin soydaşlarımızın bir araya gəlməsində mühüm rol oynadığını diqqətə çatdırıblar. Bundan sonra da mədəniyyətimizi xaricdə təbliğ edən azərbaycanlı musiqiçilərin konsertlərinin daha çox təşkil edilməsinin vacibliyini bildiriblər.

Qeyd edək ki, Azərbaycan əsilli Xan Bəyli Ukraynada doğulub. Onun ailəsi 1980-ci illərin sonunda Azərbaycandan Ukraynaya köçüb. İlk musiqi təhsilini Ukraynada alıb, sonradan Azərbaycanda və Bostonda təhsilini davam etdirib. Berkli Musiqi Kollecini bitirib. Öncə Nyu-Yorkda, indi isə Florida ştatında fəaliyyət göstərir. Onun repertuarında əsas yeri Azərbaycan mahnıları tutur. O, ABŞ-dakı bütün konsertlərində doğma yurdun nəğmələrini ifa edir.

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanı təbliğ etmələri məqsədilə mədəniyyət, incəsənət və idman sahəsində xüsusi istedadı olan diaspor nümayəndələrinin fəaliyyətini dəstəkləyir.




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Mədəniyyət