USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xəzərin sahilində söz gəzişməsində ...


https://img.baki-baku.az/news/2023/07/photo_7612.jpg

                                                                                           Fəxriyyə Lilparla      

Ölkəmin dəyəri, Bakımın nazlı mələyi Xəzərim.... Ruhum, sevgim, təlatümüm, təmkinim, həmdəmim, tarixim, şahidim və hətta şəhidim, Xəzər... Səni tanımaq, səni tanıtmaq və səni vəsf etmək hisslərin ən alisi...

      Yer kürəsində ən böyük axmaz gölü sayılan əsrarəngiz Xəzər dənizi Avropa və Asiyanın kəsişməsində yerləşir. Göl olmasına baxmayaraq dəniz adlanmasına səbəb dibində okean tipli yer qatının yerləşməsi və dəniz ölçülərinə malik olmasına  görədir. Xəzər dənizinin suyun səviyyəsinə gəlincə, çox  dəyişkəndir, hazırda, o, okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır.         Hətta qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırırdılar.

  Tarixinə kiçik ekskursiya etsək, mütəxəssislərin fikrincə Mezozoy erasının başlanğıcında 30-min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələri su basdığına görə dəniz əmələ gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi, isə Zond adalarınadək çatırmış. Lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər dənizi, Qara dəniz hövzəsindən tədricən ayrılmışdır. Amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan Samara şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlər keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi (Avropada, Asiyada və Şimali Amerikada buzlaşma dövrü və onun əriməsi prosesi) onun ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərmişdir.

     1320-ci ildə isə Xəzərin qərb sahilində tapılmış Marino-Sanuto xəritəsində belə bir yazı vardır: "Dəniz hər il bir ovuc içi qalxır və bir neçə yaxşı şəhərləri basmışdır". Göründüyü kimi haqqında danışdığımız Xəzər dənizi bu və bu kimi saysız-hesabsız faktlar əsasında deyə bilərik ki, çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir. Xəzər dənizinin geniş sahilindən İran, Rusiya, Qazaxstan, Türkmənistan, o cümlədən paytaxtımız Bakıya da pay düşmüşdür. Bu gözəl nemət öz tarixi, nefti, faunası ilə bərabər insanlarımızın ruhuna sirayət edən ayrılmaz həyat parçamızdır. Bu hər zaman bütün sahələrdə geniş əksini tapmışdır. Məhz elə bu səbəbdəndir ki, Azərbaycan mədəniyyət və incəsənətinin çoxəsrlik inkişafında  tarix boyu   Xəzər mövzusu bir çox yaradıcı insanların ilham mənbəyi olmuş, istər musiqidə, istər rəngkarlıqda, istərsə də bədii ədəbiyyatda bu mövzuya həsr olunmuş saysız-hesabsız sənət inciləri meydana gəlmişdir. Müxtəlif yaradıcı insanlar öz  əsərlərində təbiətin əvəzolunmaz Günəşi, Ayı, havası, suyu ilə bərabər əsrarəngiz  Xəzəri də özünəməxsus vəsf edərək  müxtəlif maneralarda, əhval-ruhiyyələrdə işləmişlər. Xəzərin obraz olaraq varlığı, onun ruhumuza təsiri, gah günəşin zərrin şüaları altında bərq vuran, gah da şaxtanın sazağında donan suları, dalğaları həyəcanlı, mülayim, emosional patetika ilə doludur, digərlərində isə bu duyğuları lirik, romantik təəssürat əvəzləyir.

      Xəzərin əsrarəngiz varlığını və gözəlliyini  rəssamlardan Səttar Bəhlulzadə öz “Neft daşlarının görünüşü”, “Estakada”, “Xəzər axşamları”(1959), “Xəzər gözəli”(1961) kimi bənzərsiz sənət nümunələrini yaratmaqla özünəməxsus vəsf edir. Rəssamın  “Xəzər gözəli” tablosu tədqiqatçılar tərəfindən Azərbaycan rəngkarlığında Xəzərə həsr olunmuş ən gözəl səsnət əsəri hesab olunur.  “Xəzər axşamları” əsəri də digər əsərlər kimi dərin poetik mənzərə yaradan gözəl yaradıcılıq nümunəsidir.

       Daha bir rəssam, dünyaşöhrətli azərbaycanlımız, Xalq rəssamı Tahir Salahovun yaratdıgı rəsm nümunələrində Xəzər dənizi xüsusi çalarlarla obraz olaraq təsvir edilir. Rəssamın hələ ilk yaradıcılıq işləri “Növbədən qayıdış” (1957), daha sonra “Təmirçilər” (1960), “Neftçi”, “Yeni dəniz”, əsərlərində qəhrəman dənizçilərin ölməz şücaəti , misilsiz xidmətləri öz əksini tapır. Belə bir monumental əsərlər içərisində “Xəzərdə səhər”əsərinin də özünəməxsusu yeri vardır.Rəssamın  “Xəzər sahilində” tablosu isə öz motiv və işlənməsinə görə xüsusi fərqlənir. Müasir və sadə insanın doğma Xəzərlə vəhdəti əsərin əsas süjet xəttini əks etdirir.

Şairlərin isə Xəzərimiz ən sevdalı ilham pərisidir. Daima onların ruhunu oxşayan, həsrət və vüsal dolu qəlblərinə məlhəm olan, sevgi qəhrəmanlarının görüş yeri, gözəl münasibətlərin şahidi və hətta  bir çox məqamlarda isə qəm yaddaşı Xəzər... 

- Dənizi hədiyyə verirəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin.

Göylərin şəfəqi düşdü üzünə.

- Mən isə... göyləri verirəm, - dedin...

      Böyük Nəbi Xəzri qəlbinin təlatümündən qaynaqlanan bu misralarda Xəzər şairin sanki özünə məxsusdur. O öz mənsubiyyəti ilə sevgilisinə Xəzəri hədiyyə etməyi sanki içində Xəzərə ərk edərək qeyd edir. İnsan arzularının hüdudsuzluğu onun poeziyasında zirvəyə can atan insanların real arzusu kimi tüğyan edir.

Xalq şairi, misraları mahnılarda xumarlanan Hüseyn Arif də öz yaradıcılığında  dənizin qiymətini ulu babalarımıza məxsus mənalandırma qüdrəti, ümumiləşdirmə və ümumiləşə bilən tutarlı müqayisələr yaratma istedadı ilə təqdim edir:

Dərinlikdə dəniz, genişlikdə göy,

Hərarətdə günəş, dözümdə torpaq.

     ”Bir dənizin sinəsində min bulağın sirri yatır” hikməti təbiət və gözəllik poeziyası yolunun yolçusu Xalq şairi, əvəzolunmaz misraları ilə milyonların qəlblərini fəth edən Hüseyn Arif hikməti dənizə öz dəyərini bu misralarla təsvir edir. Elə təkcə Rəsul Rza yaradıcılığında dəniz haqqında  “Dəniz”, “Dəniz, dalğalar, damlalar”, “Dənizin haqqı”, “Dənizin riqqəti”, “Dənizdən böyük”, “Dənizlərdən ayrı dəniz”, “Dəniz niyə əsəbidir”, “Dəniz haqqında nəğmələr”, “Riqqət”, “Susuzluq”, “Dənizin dənizliyi”, “Dəniz deyir”, “Səhər dənizi”, “Yuxusuz dəniz”, “Dənizin yerinə olsam”, “Dəniz və balıqçılar”, “Dəniz gecələri”, “Dənizin ad günü”, “Daha dəniz qoxulu”, “Dənizin rəngi”, “Dənizçi qoca dedi”, “Dənizin yurdu” kimi şeirləri ilə oxucularına Xəzərimizdən  sevgi payı göndərib.

       Bu və digər söz xiridarlarının qəlbindən su içən saysız-hesabsız Bakımızın nazlı dilbəri Xəzərimizi vəsf edən misralarını misal çəkmək olar. Lakin bu misraları musiqisiz, melodiyasız təsəvvür etmək mümkün deyil. Illəri və artıq qərinələri aşıb gəlmiş, ruhumuzun sığalı sözləri çox sevilən mahnıların söz müəllifi İslam Səfərli və musiqisi Ramiz Mirişli qəlbinin coşqusu “Nəğməkar dalğalar” mahnısı isə sanki Xəzərimizə sevgi örpəyi ilə oxşayır. Bütün dövrlərdə çoxsaylı müğənnilərin repertuarını zənginləşdirən bu mahnı bu gün də sevilərək dinlənilir.

Bu mövzu ölkəmizdə film industriyasında da ən proulitet məsələ olaraq gündəmdə oldu. 1956-cı ildə ssenari müəllifi Mehdi Hüseynov, rejissoru Ağarza Quliyevin “Qara daşlar”, 1963-cü ildə ssenari müəllifi və rejissoru  Həsən Seyidbəylinin “Möcüzələr adası”,  1967-ci ilə İmran Qədimovun ssenari müəllifliyi ilə rejissor Arif Babayevin çəkdiyi “İnsan məskən salır” kimi filmləri dəniz qəhrəmanlarının şücaəti, təbii nemətimiz neftin istehsalında göstərdikləri qəhrəmanlıq nümunələri öz bədii obrazını gözəl təsvir etməklə ekran həllin tapmışdır.

      Ümumiyyətlə, bu mövzunun mühüm bir sirri də fikri eyni sistemli məcazlarla müşaiyət etmə qabiliyyətinin gücündədir. Yaradıcı insanlar eyni bir təsvir obyektini müxtəlif cəhətdən, yaxud müxtəlif təsvir obyektlərini eyni sistemli, lakin obyektin xarakterinə müvafiq ifadələrlə səciyyələndirirlər.

     Teleməkanın bir sıra kanllarında (Lider TV, Kanal S) yayımlanan müəllif və aparıcısı olduğum  “Xəzərin sahilində” verilişi öz üslub və tərz xüsusiyyəti ilə  fərqlənərək tamaşaçı kütləsinin səbirsizliklə gözlədiyi verilişlərdən biri olaraq Azərbaycanda və eləcə də ölkəmizin hüdudlarından kənarda soydaşlarımız tərəfindən sevilir. Ölkənin müxtəlif sahələrində ictimai-siyasi, mədəni sferasında özünəməxsus yeri  olan ziyalıların dəvət olunması, onların ictimaiyyətə fərqli aspektdə təqdimatı, fəaliyyət və yaradıcılıqları, bilavasitə həyat fəlsəfələri, ümümbəşəri məsələlərə aydınlıq gətirilməsi, insani dəyərlərin bu və ya digər (xatirə) formada təhlili, milli- mənəvi dəyərlər fonunda çağırışların səsləndirilməsi verilişin əsas qayəsi olaraq təqdim olunur. O cümlədən, verilişin adına uyğun məlumat genişliyi, informasiya əhatəliyi, məzmunlu yanaşmanı nəzərə alaraq  məkanın məhz Xəzər dənizinin sahilində seçilməsi tamaşaçıya daha dolğun və estetik bir təsir bağışlayır. Belə ki, mövqeyindən, dinindən, dilindən, irqindən asılı olmayaraq təbiətin əsrarəngiz gözəlliyində, xüsusən də dənizin sahilində  insanın  ruhunun sakitliyi, mənəvi dincliyin tamlığı, onun dənizlə ünsiyyəti,  öz-özü ilə danışması, özünə hesabat verməsi hər kəsə tanışdır. Məhz bu səbəbdəndir ki,  veriliş başlar-başlamaz onun  adına və  seçildiyi  məkana uyğun olaraq ənənəvi şəkildə  Xəzər dənizini həm də bədii obraz kimi təsvir edərək dəvət olunan qonağa Xəzərlə bağlı, həmçinin təbiətə münasibət barədə ilk sual verilir. Verilişdən öncə dəvət olunan qonağın Xəzər dənizinin kənarında gəzişməsi  qonağın ruhuna birbaşa sirayət etdiyindən artıq həmsöhbət səmimi ünsiyyətə köklənmiş olur. Aparıcı olaraq qeyd etdiyim “Mənim Xəzərim də sizi salamlayır”, “Xəzər də bu gün xoşallanır, xumarlanır”,”Xəzər bu gün nəsə təlatümlüdür”,  “Bu gün Xəzərimdən razı qaldınızmı?” kimi suallar dolayısı ilə Xəzər dənizinin  də bir aparıcı obrazında bədii personaj olaraq təhlil olunması verilişə xüsusi özünəməxsus rəng qatmasına səbəb olur. Belə yanaşma dəvət olunan həmsöhbətin bilavasitə veriliş boyu səmimiyyətində də öz əksini tapır. Belə ki, müəyyən siyasi- iqtisadi sferada formalaşan xüsusi mütəxəssislər üçün bu bədii mühit fərqli görünə bilər. Amma veriliş öncəsi təbiətlə ünsiyyət və aparıcının məhz bu rakursdan yanaşması qonağın görünməyən tərəflərinin üzə çıxmasına səbəb olur. Və hətta bir çox vaxtlarda dəvət olunan qonaq bunu verilişin sonunda xüsusi olaraq vurğulayır. Buna misal olaraq,müsahiblərimdən biri olan  Mətbuat Şurasının sədri Aflatun Amaşov haqqında yayımlanan verilişi viurğulamaq istərdim.  Veriliş öncəsi yalnız mətbuatdan və bu sahədə yaranan bəzi problem və perspektivlərin təhlil olunacağını öncədən düşünüb planlaşdırdırsa da  veriliş boyu isə tamamilə fərqli mövzuda, yəni  kainatdan, qalaktikadan, insan enerjisinin və varlığının müəyyən mənəvi dəyərlər kontekstində təhlilindən  danışdı. Məsələn, aparıcının “fərd və bəşəriyyət, insanın daxili və xarici dünyasının vəhdəti hansı formada tənzimlənir?” sualını MŞ-nın sədri Aflatun Amaşov özünəməxsus tərzdə belə izah edir:  “Biz fərddən çıxıb bəşəriləşsək bəzi  məsələlər meydana gələr.Nəzərə alaq ki, dünyada 8 milyarda yaxın insan var. Bu insanlar fərdlərdir. Fərdlər birləşir, nəsil yaradır, nəsil birləşir millət, xalq yaradır və beləliklə bəşəriyyət xəlq olur. Əslində Yer kürəsi çox kiçikdir. Hər şeyə rəğmən biz bəşəriyyət həm də  başqa bir varlığın olduğu yer axtarırıq. Və bunun mümkünlüyü üçün milyardlar xərclənir, NASA sərmayə qoyur, Avropa maraqlarını nümayiş etdirir. Mən adətən boş vaxtlarımda bu sayaq kitablarla maraqlanıram və çalışıram oxuyum. Qlobal mənada, siz bilirsiniz, biz Yer kürəsində yaşayırıq. Və bizim Günəş sistemimiz var. Günəş, Merkuri və s. 10-a qədər planetlə əhatə olunuruq. Və təsəvvür edin ki, Merkuridən Marsa qədər canlı varlığın yaşaması üçün müəyyən mənada mühit var. Günəşin də nə zamansa tükənə biləcəyini araşdırmaq lazımdır...”...Aparılan söhbətin bu məqamında verilişin özünəməxsus ştrixi olan “daxili səs” yəni həmsöhbətlərin bir-biri haqqında nə düşündüklərinin kadrarxası ağ-qara fonda təsviri olaraq Aflatun müəllimin “Deyəsən artıq mövzumuzun məğzi başqa səmtə yönəlir” deməsi həqiqətən də müsahibin öz dünyasına aparıcının daxil ola bilməsini uğur kimi qiymətləndirilə bilər (vaxt- 20:11-20:26 kimi). Xəzər dənizi haqqında fərdi münasibətə gəlincə, qonaq zamanında yəni çox gənc vaxtında bir dostu ilə Xəzər dənizi ilə bağlı  yaşadığı  hadisəni böyük səmimiyyətlə danışaraq xatirələrə dalması tamaşaçıya dəvət olunan həmsöhbətin cəmiyyətdə fəaliyyəti ilə bərabər eyni zamanda onun görünməyən, tamaşaçıya məlum olmayan  maraqlı tərəflərini də onlara  tanıtdırır.  Bu da özlüyündə verilişin bədii-publisitik mahiyyəti aşılamaqla yanaşı, eyni zamanda informativ yükün zənginliyindən də xəbər vermiş olur.

     Digər bir müsahib hər zaman müəyyən hadisələrə öz şəxsi prizması ilə fərqli yanaşan, böyük tamaşaçı auditoriyası önündə  formalaşmış stereotip olaraq, ciddi müsahibələri ilə fərqlənən siyasi politoloq Rasim Musabəyovun Xəzər dənizinə münasibəti və məhz Xəzər dənizinin sahilində aparıcı ilə həmsöhbət olması xüsusi maraq doğurur. Veriliş öncəsi aparıcıya “Axı mən nə danışa bilərəm?” deyə tərəddüdü veriliş boyu qətiyyən öz əksini tapmır. Müsahib verilən suallara səmimi prizmadan yanaşır və həyatının xoş xatirələrini bölüşərək deyir:  “Uşaq vaxtı çox dəcəl olmamışam, amma bu Xəzərin sahilində çoxlu qaçmışam və velosiped sürmüşəm. Bu gün də o günləri çox sevgi ilə xatırlayıram. Mən uzun illər vətəndən kənarda yaşamışam və Xəzərdən ayrı düşmüşəm. Bu gün isə hər gün 2 saat mütləq çalışıram Xəzərin sahilində gəzim. Bu mənim bədənimin və ruhumun möhkəmliyi üçün vacibdir” (Vaxt-2:56- 3:09 ) . Göründüyü kimi artıq səmimi başlayan söhbət öz axarı ilə müxtəlif mövzulara keçid alaraq davam edir. Və bu da verilişin daxili dramaturji strukturunu daha da zənginləşdirir.

        Ümumiyyətlə, kino və televiziya dramaturgiyasının strukturları bir sıra dünya miqyaslı  nəzəriyyəçilər üçün də hər zaman əsas məsələlər kimi təhlil olunmuşdur. Robert  Marktli, Melani Filipps, Kris Xartli, Con Trebi, Sild Fild, Loyos Eqri kimi mütəfəkkirlər məhz televiziyada mövzu maraqlarını önə çəkərək yeni struktur dəyişiklərini təklif etmişlər.

        Televiziyanın informasiya funksiyasının cəmiyyətdə əhəmiyyətli yeri, təqdim olunan informasiyanın məzmun etibarilə effektivliyini nəzərə alaraq  məhz “Xəzərin sahilində” verilişində də bir neçə xüsusi buraxılış hazırlandı ki, bu da öz növbəsində fərqlilik və müxtəliflilik yaratdı. Və yuxarıda qeyd olunan nəzəriyyəçilərin yeni dramaturji struktur dəyişikliyi nəzərə alındı. Buna misal olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın foyesində yazıçı-dramaturq Əli Əmirli ilə müsahibə incəsənət sahəsində ən çox təhlil olunan ədəbi mühit yenilikləri, teatr repertuarı, tamaşaçı marağı, mövzu zənginliyinin təhlili öz əksini tapdı. Məkan olaraq niyə məhz teatr foyesi ..? Çünki, demək olar ki, ədəbiyyat və incəsənət sahəsinin bir sıra məqamları məhz foyedə təhlil olunur, müzakirələr aparılır. Və bu daha obyektiv fikirlər hesab olunur.  Hətta məhşur “teatr asılqandan başlayır” fikrini də bura şamil etmək olar.

         Daha bir veriliş nümunəsi isə məhz söylənilən bu parametrləri nəzərə alaraq dəvət olunan qonağın boş, tamaşaçısız  teatr zalında, səhnədə Xalq artisti Əjdər Həmidovla çəkildi. Niyə boş zal və niyə səhnədə yalnız iki həmsöhbət..? İstənilən yaradıcı insanın, xüsusən də akyorların ən ali mükafatı tamaşaçı alqışıdır. Hətta bir sıra tematik müzakirələrdə hər zaman birmənalı şəkildə qeyd olunur ki,  bəzi məqamlarda əsərin zəif olamasına baxmayaraq peşəkar yaradıcı heyətin, akyor plastikasının  əzmi sayəsində zəif hesab olunan əsər böyük auditoriya məhəbbəti qazana bilir. Məhz bu səbəbdən də boş teatr salonunu doldura bilmək əzmini nəzərə alaraq teatr zalı qarşısında səhnədə Xalq artisi ilə aparıcı bu və ya digər məsələlərə aydınlıq gətirir. Göründüyü kimi veriliş  bədii-etetik ahəngə və harmoniyaya söykənərək öz müxtəlifliyi ilə tamaşaçı marağını qazanmağa çalışır.

        Daha bir misal. Dünyaca məhşur, ölkəmizdə bir sıra memarlıq abidələrinin , o cümlədən  Əcəmi metrosu, Akademik Z.Əliyeva adına Milli- Oftolmologiya İnstitutunun, H.Əliyev adına Hava limanının, Tele qüllənin, Naxçıvanda H. Cavid məqbərəsi, bir neçə mikrorayonların  və bu kimi bir sıra dəyərli infrastruktur binalarının, monumental əsərlərin müəllifi, Azərbaycanın baş memarı Rasim Əliyevlə müsahibə isə verilişlər silsiləsində ən çox seçilən özünəməxsuslugu ilə fərqli verilişlərdən oldu. Belə ki, veriliş boyu yaranmış səmimiyyətdən təsirlənən müsahib bütün həyat və fəaliyyətini,o cümlədən şəxsi xatirələrini böyük sevgi ilə danışır. Verilişin sonunda aparıcı: “-Rasim müəllim, biz ruhumuzu əlimizdə töhfə tutaraq sizin qəlbinizin qapısını döydük və qəlbinizin astanasında durduq. Necə düşünürsünüz, sizin qəlbinizə daxil ola bildikmi?” sualına Baş memar Rasim Əliyev xoş bir təbəssümlə “- Əlbəttə, sizin suallarınız məni çox düşünməyə vadar etdi. Dərin mənalı suallar idi . Və mən bir daha öz həyatımı gözdən keçirdim . Ətraflı danışmağa çalışdım. Siz məni sanki imtahan etdiniz” deyə xüsusi yumorla yaranmış bu müsahibəyə öz qiymətini verdi (vaxt-37:49- 39-11). Bu verilişin özünəməxsusluğundan  təsirlənən böyük şəxsiyyət, Baş memar Rasim Əliyev Lider Tv rəhbərliyinə müraciət edərək  onun 85 illik yubileyin keçiriləcək  Bakı Muğam Mərkəzində təşkil olunan yubiley gecəsində məhz onunla hazırlanan “Xəzərin sahilində” verilişinin tam olaraq yayımlanmasını arzu etdiyini bildirdi. Və adıçəkilən Bakı Muğam Mərkəzində böyük auditoriya qarşısında təqdim olunan veriliş xüsusi rəğbətlə alqışlandı. Və beləliklə, belə bir hadisənin televiziya tarixində yaşanan bir ilk olaraq uğurlu ekran nümunəsi kimi  xüsusi vurğulandı.

       Umumilikdə, dəvət olunan qonaqların Akademik, biologiya elmlər doktoru, təbiətşünas alim Qara Mustafayev, bəstəkar və uşaq mahnılarının mahir yaradıcısı Oqtay Zülfüqarov, yazıçı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor  Siyavuş Kərimi, Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, “Qaya” qrupunun rəhbəri (mərhum) Rauf Babayev, millət vəkilləri Ziyad Səmədzadə, Musa Quliyev, Fazil Mustafa, Qənirə Paşayeva, Azərbaycan Dövlət  Muqili  Teatrın  direktoru Əliqismət Lalayev, Xalq artistləri Arif Babayev, Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Nəzakət Teymurova və bu kimi çox dəyərli ziyalıların insani keyfiyyətləri ilə təqdimatı cəmiyyətə, xüsusən də gənc nəsillərə  daha yaxından tanıdılması verilişin əsas meyarlarından biridir.

     Kütləvi İnformasiya vasitələrinin bir sahəsi və xüsusi istiqaməti olan televiziyada mədəni-maarifləndirmə yükü daşıyan müəllif proqramların bədii- estetika, məzmun əhatəliyi, informativ zənginliyi xüsusi səciyyələndirilir.

      Televizyanın digər informasiya vasitələrindən fərqi estetik meyarların mühüm element kimi önə çəkilməsidir. Təqdim olunan istənilən proqram və verilişlərin mövzu ahəngi, görüntü və aparıcı uyğunluğunun vacibliyi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan “Xəzərin sahilində” verilişinin bədii-estetik həlli, veriliş boyu istifadə olunan musiqi fonu, aparıcının dəvət olunan qonağa və təhlil olunan mövzuya uyğun geyim tərzinin, imicinin seçilməsi verilişin bütövlüklə həmahəngliyi əsas predmetdir. Belə ki, aparıcının siyasi-iqtisadi, elmi-publisistik  sahəni özündə  əks etdirən həmsöhbətlə müsahibəsində ciddi diplomatik üslubda geyimə, incəsənət sahəsinin təhlil olunacağı verilişdə isə xüsusi kokteyl üslubunda geyimə üstünlük verməsi  verilişin bədii-estetikasının, informasiya əhatəliyinin, məzmunlu yanaşmanın tam həllinin tapmasının təcəssümüdür.

        Beləliklə, kitləvi informasiya vasitələrinin ayrılmaz və ən vacib sahəsi olan televiziyanın bütün dövlərdə müxtəlif cərəyanlara xüsusi gücünü nəzərə alaraq  belə qənaətə gəlmək olar ki, dramaturji struktur, informasiya zənginliyi, estetik meyar, mövzu əhatəliyinə malik  olan istənilən proqram, veriliş və süjet böyük auditoriya qarşısında uğurlu ekran təcəssümünü tapa bilər.

 

                                                              

                                                                                              Fəxriyyə Lilpar

                                                                                                 Tele-jurnalist




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət