USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rəbbim vallah səni xoşbəxt yaratdı... - Anna Bartkulaşvilinin 70 illik yubileyinə


https://img.baki-baku.az/news/2022/06/photo_7100.jpg

 

 

 

 

 

 

 

 

 

Fəxrəddin Meydanlı

_______________________________________________________

Elə millətlər var ki, başqa bir millətin-xalqın nümayəndəsi bu və ya digər səbəblər üzündən onların əhatəsinə düşərsə, onu (gəlməni) müəyyən təsir və üsullarla öz dillərinə, dinlərinə, milli adət-ənənələrinə uyğunlaşdırmaqla-sünii assimliyasiyaya məruz qoymağı milli maraqları hesab edirlər. Hətta bu gəlmə adam müəyyən zaman keçdikdən sonra, öz kimliyini unudaraq, yerli əhalinin bir parçasına çevrilmiş olur.

Bu baxımdan Azərbaycan ölkəsini istisna kimi qəbul etmək olar. Belə ki, son illərdə dünya çapında dəbə minmiş “dini kulturalizm” məvhumu çoxmillətli Azərbaycan ölkəsində bütün dövrlərdə mövcud olmuş və başqa millətdən-dindən olan insanların dillərini, dinlərini və adət-ənənələrini qoruyub saxlamalarına nəinki maneələr törədilməmiş, əksinə onlara dəstək verilmişdir.

Baxmayaraq ki, Azərbaycanda rəsmi olaraq milli-dövlət dili Azərbaycan dilidir və bu ölkədə yaşayan hər kəs-milliyyətindən asılı olmayaraq rəsmidə bu dildə danışmağa və yazmağa borcludur. Amma biz azərbaycanlılardan kimsə başqa millətdən olan insanların dilini bilərsə, hörmət əlaməti olaraq onunla öz doğma dilində danışmağa üstünlük verərik, necə ki, rusdilli vətəndaşlarımızla (hətta rusdilli azərbaycalılarımızla da)  rus dilində danışmağı zəruri sayırıq ki, bununla da həmin insanlarda bir növ dilimizə laqeyidlik və bir də arxayınlıq yaratmış oluruq.

Amma elə vətəndaşlarımız da var ki, qeyri millətdən-dindən olmalarına baxmayaq, öz dini etiqadlarına sadiq qalmaqla yanaşı, bəzi hallarda azərbaycanca, azərbaycanlıdan daha təmiz-səlis danışmağı bacarır, adət-ənənlərimizi mənimsəyərək onlara hörmətlə yanaşır ki, bununla da öz sevgisini biruzə verməklə yanaşı, milli əhalinin də böyük sevgisini qazana bilir.

Haqqında söhbət açmaq istədiyim şəxs bu qəbildən olan insanlardır desəm, məncə onu tanıyanlar mənimlə razılaşmış olarlar.

Ötən əsrin 60-cı illərinin sonlarında Gürcüstanın Borçalı mahalının Kaziret-Bolnisi rayonunun Ayorta kəndində orta məktəbi müvəffəq qiymətlərlə bitirən yeniyetmə Anna, nədənsə  sənədlərini vətəndaşı olduğu ölkənin ali orta ixtisas məktəblərinə yox, məhz Azərbaycana gələrək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət universitetinin) Filalogiya fakultəsinə təqdim etməyə üstünlük verir. O, qəbul imtahanlarını uğurla verərək, həmin fakultənin rus bölməsinə qəbul olunur.

Anna doğulub boya-başa çatdığı mahalda yerli əhali olan borçalı türkləri ilə azdan-çoxdan təmasda olsa da, düşdüyü yeni mühitdə qısa bir zamanda Azərbaycan dilini öyrənməyə müvəffəq olmuş, gündəlik əhatəsində olduğu yerli tələbə yoldaşlarının sevgi və sayılarını öz üzərində hiss etmiş və öz səmimi davranışı ilə onların hörmət və rəğbətini də qazanmışdır.

Gürcü qızı Anna hələ gənc olmasına baxmayaq, elə həmin illərdə də bir azərbaycanlı oğlanın sevgisinə tuş gəlmiş və tələbə ikən ailə həyatı qumağa qərar vermişdir. Anna xanımın bu cütlükdən bir qızı dünyaya gəlmiş və bu gənc ailə çox nümunəvi və xoşbəxt ailələrdən sayılmışdır. Anna xanımın qızı öz ailəsiylə Amerika Birləşmiş ştatlarında yaşamaqla, o iki qız övladını da intellektli gənclər kimi, Amerika ziyalı mühitinə inteqrasiya eləyə bilmişdir...

Bizim Anna Barkulaşvili ilə tanışlığımızın tarixçəsi yaxın on beş ilə təsadüf eləsə də, Anna xanımla elə ilk zamanlardan aramızda yaranan səmimi və təmənnasız dostluq ünsiyyəti, bizim bir-birimizlə tanışlığımızın daha qədimdən olduğu təəsüratı yaradır.

Anna xanım uzun illər ali təsil məktəblərində müəllimlik etmiş, ayrı-ayrı dil kurslarında azərbaycan, gürcü, rus və ingilis dillərini tədris etmiş, Azərbaycan Mətbuat Şurasının  eksperti qismində fəaliyyət göstərmiş və bütün fəaliyyəti dövründə yuxarıda adları çəklilən dillərə və o dillərdən tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş və bu fəaliyyəti hazırda da davam etdirməkdədir.

Anna xanım böyük Azərbaycan dramaturqu Cəlil Məmmədquluzədənin əsərlərini, hətta mürəkkəb dil üslubuna mənsub olan Aşıq Dirili Qurbaninin şeirlərini, eləcə də müasir Azərbaycan şairlərindən Elçin İsgəndərzadənin və Yusif Dirilinin şeirlərini azərbaycan dilindən gürcü dilinə; böyük gürcü ədibi İlya Çavçavadzenin əsərlərini və gürcü şairi Medeya Kaxidzenin şeirlərini gürcü dilindən azərbaycan dilinə;  böyük türk şairi Nazim Hikmətin və müasir türk şairi Fatma Xatunun şeirlərini türk dilindən rus dilinə; müasir Azərbaycan şairlərindən Fəxrəddin Meydanlının, Sara Göyçəlinin və Malik Əhmədoğlunun şeirlərini azərbaycan dilindən rus dilinə; gürcü şairi Qalaktion Tabidzenin və ərəb yazıçısı, professor-doktor Yusif Ezeddin İsanın əsərlərini rus dilinə tərcümə etmiş və bütün bunları “Волшебный мост” toplusunda çap elətdirmişdir.

Anna Bartkulaşvili həm də gözəl şeirlər müəllifidi. O, təkcə öz doğma dili olan gürcü dilində yox, həm də azərbaycan və rus dillərində də şeirlər yazır ki, onun şeirləri “Наедине”, “Звёзды не гаснут”, “Лунный свет”, “Блюз Дождя” “Осенний вальс” kimi kitablarında yer almışdır.

Anna xanım həm də nasirdir. Onun publisstik yazıları oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Anna Barkulaşvilin bu qəbildən olan nəşrlərindən   “Образование сегодня”, “Люди и судьбы”, “О поэзии”, “На волне позитива”, “Благополучие неблагополучно опуcтившихся”, “О свободе печати”, “Незабываемые фиалки”, “Русский фактор в Азербайджане”, “Cемья и свобода”, “Эпидемия заголовок”, “Чистый воздух”, “О счастье” və ekologiya ilə bağlı çoxsaylı məqalələrini misal göstərmək olar.

Bundan başqa, Anna Bartkulaşvili “caucasusjournalists.net” Azərbaycan saytını təmsil edərək, Qarabağdakı problemlərin həlli ilə bağlı layihənin gerçəkləşdirilməsində yaxından iştirak etmiş və onun bu əməyi bir jurnalist kimi bir çox dövlət orqanlarının təltifləri ilə qiymətləndirilmişdir.

El dili ilə demiş olsaq, Anna xanım “çox yaxşı adam”dır. Bu sözün əsil mənasında belədir. Anna xanım, qəlbi təmiz, ruhu rəvan, dostcanlı, qayğıkeş, qonaqpərvər, ziyalı və kübar bir xanımdır.

O kin-kidurət bilməz, kimsənin xətrinə dəyməz, dostlarla-o cümlədən mənimlə də tez-tez əlaqə saxlıyar, həl-əhval tutar, öz dost xidmətlərini təklif edər...

Anna xanımın evində qonaq olarkən səni elə bir istiqanlılıqla əhatə edər ki, saatlarla oturduğunu unudar və bu xoş mühitdən ayrılmaq istəməzsən.

Anna xanım hansı mövzuda danışarsa, bunu çox peşəkarlıqla edər və onun hər söhbətindən mütləq ki, özünçün bir mətləb ehtiva etmiş olarsan. O, fəlsəfi düşüncə sahibidir. Dediyi, yazdığı hər sözün arxasında dərin məna və ziyalı fikri dayanır.

O həm də çox inancıl adam, irfan sahibidir. O uzun müddətdir ki, tək yaşamasına baxmayaraq, özü demiş-iman və güman yerinin Uca Yaradan olduğu, Ona sığındığı qənaətindədir...

Anna xanımın respublika miqyasında təntənəli şəkildə qeyd edilən 60 illik yübileyinə yazdığım - “Gürcü gözəli-Azərbaycan gəlini” adlı publisistik yazım, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və nə xoş ki, Anna xanımın 65 illik yubileyinin keçirildiyi ədəbi-bədii məclisin aparıcısı da mən olmuşam.

12 iyun 2022-ci il tarixdə Anna Bartkulaşvili 70 illik həyat, 50 illik yaradıcılıq yoluna bir baxış-bir hesabat vermək ərəfəsindədir. Mənim düşüncəmə görə Anna xanım bu ömür piramidasının bugünkü zirvəsindən yetmiş il pillə-pillə qalxdığı ömür yoluna baxarkən, heç bir utanc gətirə biləcək məqamla qarşılaşmayacaq, əksinə-şərəfli bir qadın ömrü, ziyalı ömrü, ədib ömrü yaşadığı ilə qürur duymağa haqqı olacağını aydınca görə biləcəkdir.

Əziz və hörmətli Anna xanıma Allahın onun taleyinə yazdığı ömür payının bugündən sonrakı dönəmini də bax beləcə-alnıaçıq, üzüağ, şərəflə və təbii ki, daha da məhsuldar ədəbi yaradıcılqla yaşamasını və ona Uca Allahdan güc, qüvvət, səbr, əzm və intəhasız enerji verməsini arzu edirəm.

Dəyərli Anna Barkulaşvili, əziz dost!

Səkkizinci, doqquzncu və sonrakı onluqları da cansağlığı və könül xoşluğu ilə xırdalamağınızı və hər yaşanan yeni günün yaddaqalan olmasını diləyirəm.

Yetmiş il astaca yetişdi-çatdı,
Həyatın mənalı, o qatba-qatdı.

Rəbbim vallah səni xoşbəxt yaratdı-

hamıya yanaşdın sən isti qanna,
Anna.

Müəllim adına şərəf gətirdin,

Həm yazdın-yaratdın, tərəf gətirdin.

Ulu sələfinə, xələf gətirdin-

bu günə çatmısan, sən adla-sanna,

Anna.

Gələcək həyatın boyansın rəngə,

Həyat mübarizə, gir onla cəngə.

Həmişə yüklən sən, gözəl ahəngə-

keçsin də günlərin, xoş məqam-anna,

Anna.

 Allahdan çox istə, O çox verəndi,

Yaxşını-yamanı, yaxşı görəndi.

Arzunu-istəyi gözəl biləndi-

doğsanı xırdala, sən yüzü yanna,

Anna.

 Ay gürcü gözəli, azər gəlini,

Sən qaynaq eylədin dost ellərini.

Bilirsən, Meydanlı çox sevir səni-

məni tərif eylə, istərsə danna,

Anna.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Mədəniyyət