USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paytaxtımızdan Mədəniyyət Paytaxtımıza


https://img.baki-baku.az/news/2022/05/photo_7068.jpg?v=MjAyMy0wOC0yNSAxMTo1OTowMw==

                                                                                               Aslan Cəfərov,
                                                                                               Cəfər Cabbarlı adına
                                                                                              Respublika Gənclər Kitabxanasının direktoru

____________________________________________________

Dünyanın gözü yenə Şuşaya dikilib. Musiqimizin, mədəniyyətimizin, milli ruhumuzun simvolu olan Şuşada dünyanın 10 ölkəsinin musiqi təmsilçilərinin iştirak edəcəyi V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcəkdir. Bu möhtəşəm tədbirə dəvətli olduğuma görə sevincliyəm. Bu sevinci hər bir azərbaycanlıya, eləcə də türk dünyasına yaşadan möhtərəm Prezidentimizə - Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanımıza,qəhrəman ordumuza borcluyuq. Xalqımızın vətən həsrətinə dahi sərkərdəmiz-Ali Baş Komandanımız İlham Əliyev qovuşdurdu. Onun “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri Azərbaycanın müasir, çağdaş tarixinə qızıl hərflərlə yazıldı.Bu sözləri bütün dünya eşitdi. Dünya bir daha İlham Əliyevin uzaqgörən siyasətinə, onun siyasi iradəsinə və böyüklüyünə heyran qaldı. Bəli, məhz Onun siyasi iradəsi, parlaq diplomatiyası, hərbi strategiyası...nəticəsində Qarabağımıza qovuşduq.

Zəfər yolundayıq. Bu yol bizi Şuşaya aparır.Mənimlə birlikdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə Musayeva, şöbə müdirləri Tamella Məmmədova, Günay Həsənova, Nübar Cəlilova və böyük metodist Nərminə Xəlilli dağların ətəyindən, qayaların üzərindən salınan Zəfər yolu ilə üzü Şuşaya doğru gedirik.

...Ovsunlanmışam. Sirli - sehirli duyğular aləmindən ayrıla bilmirəm. Sakit bir tərzdə öz-özümə pıçıldayıram: Bu il gözəl Şuşamızın ilidir. Gözəl Şuşamız yenə də müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb. “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Azərbaycan xalqının barış niyyətinin, sülh istəyinin, möhtərəm Prezidentimizin sülhdə qərarlığının mesajıdır. Musiqi olan yerdə sülh olur, həyat olur. Bu, adi müsiqi festivalı yox, həyata cağırışdır, qurub-yaratmağa, sülh şəraitində yaşamağa çağrışdır, ölkəmizin siyasi-mədəni həyatına işıq salan bir bayramdır... musiqi bayramı.

...Həyəcanlıyam.Hiss edirəm ki, həyəcanım bütün varlığımı əsir alıb. Zəfər yolu ilə Şuşaya getdikcə, daxilimdə dalğalanan duyğularımla söhbətləşirəm. Meşələrlə əhatə olunan dağların qoynundan qıvrılaraq uzanan yollar elə bil məni səmaya qanadlandırır. Şuşaya yaxınlaşdıqca 44 günlük Vətən müharibəsini, şanlı ordumuzun rəşadətli qəhrəmanlığını xatırlayıram. Təbiət bizi, doğmalarını qarşılayır. Şuşaya yaxınlaşdıqca yağışdan sonra torpağın ətri çiçəyin ətrinə, çiçəyin ətri torpağın ətrinə qarışmışdır. Sanki burada mərd oğullarımız, sərtləşib, qayalaşıb,kainatın dəyişməz nizamı olan təbiətin gözəlliyinə gözəllik qatıb...

Zəfər yolunun bitməsinə bir qədər qalmış uzaqdan – buludların qoynunda məğrur baxışları ilə adamı heyrətləndirən nəhəng sıldırım qayalıqlar diqqət çəkir. Bura Şuşadır.Öz möhtəşəm görünüşü ilə tarixin özünə tarix yaşadan əziz Şuşa... Daşaltı kəndinin yanından keçəndə ağrılı-acılı,ancaq şərəfli və qürurlu səhnələr kino lenti kimi gözlərimin önündən gəlib keçir. İlahi, buradan oğullar necə keçib, hərəsi bir qayaya, bir daşa öz qanını töküb, o qanın suvardığı torpaqdan isə Xarıbülbül bitir... Qəhrəman oğullarımızın bu yollarla Şuşaya necə yaxınlaşdıqları, güllə yağışı altında düşmənlə necə mübarizə apardıqları, bu sərt qayalıqları necə qalxdıqları haqqında düşünürəm.Şuşanı fəth eləmək ancaq belə olarmış... Başqa cür də mümkün deyil... Bu müqəddəsliyi qorumaq ancaq müqəddəs amalları yaşatmaqla olar. Bu da Şuşanın şərafətini və əzamətini təsdiq edir.

Yağış yağıb... Yox, bu yağış deyil, göydən yerə nur ələnib... Festivalın ikinci günü, Şuşanın başının üzərində ağ buludlar ağır-ağır hərəkət edir. Buludların hərəkətinə qayalar sanki tamaşa edir, Cıdırdüzü sehirli xalça kimi bizi səmada gəzdirir. Göydə uçduqça daxilən təmizlənirik, ruhən dincəlirik, saflaşırıq... Şuşa müqəddəs, təbiətin qoynunda saf bir şəhərdi. Burada ulu ruhların şad olduğuna əminəm. Bəli Şuşa azaddır, Şuşanın azadlığına şahid oluruq. Şahidliyimiz əbədi olsun, deyirəm...

Festival başlayır... Cıdır düzündə sərin meh əsir... hiss edirəm ki, yenilənirəm, içimdə baş qaldıran duyğular məni uşaqlığıma aparır. Hamının üzündə bir sevinc, bir xoşbəxtlik var. Sanki Şuşa bizə bütün qayğılarımızı unutdurub.Burada xoşbəxt olmayan adamı görmək mümkün deyil. Bu torpağa ayağı dəyən adamın həyata inamı artır, buranın havasını udan şəxsin ümidləri də çoxalır, ürəyi də böyüyür, arzuları da... Şuşadan ayrılmaq istəmirəm. Elə bil, burada doğulub burada böyümüşəm, uşaqlığım Cıdır düzündə keçib. Sanki yerdən uzaqlaşıb səmaya yaxınlaşmışam. Şuşa mənim ruhumun evinə çevrilib.Ruhum evini tərk etmək istəmir.Şuşa hamımızın evidir. Bu evi  yenidən bizə bəxş edənlər var.

Qəflətən gözümə bir kollektivdə çalışdığımız Günay xanım sataşır.Balaca şüşə qaba torpaq yığır.Qəribə hisslər məni öz qoynuna alıb ulu keçmişimizə aparır. Bu adi torpaq deyil. Bu torpağa igidlərimizin qanı səpələnib.Çox keçməyəcək ki, tökülən hər damla qandan bir igid boy göstərəcək.Bu torpaqda M.P.Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün, xan Şuşiniskinin...nəfəsinin hənirtisi yaşayır.Bu torpaqda onların ürək döyüntüləri eşidilir.Şuşalı Günay xanımın Cıdır düzündən götürdüyü bir ovuc torpaq da Şuşadır. O,“Şuşanı” özüylə Bakıya aparacaqdı, atasına... Babalarının, nənələrinin uyuduğu torpağın ətrini duyması üçün.Əslində bütün Azərbaycan Şuşadır.Şuşasız Azərbaycan var ola bilməz!

...Yola düşürük.Düşünürəm... Düşünürəm ki, Şuşa həm də mənim həsrətimin ən uca zirvəsi idi. O, zirvəni də fəth edə bildim.İndi Şuşada bir zirvə var.Nə yaxşı ki, indi mənim həsrətimin zirvəsində Azərbaycan bayrağı dalğalanır...Dualarımızı qəbul edən Allaha şükürlər olsun...

Şuşanın küçələri tarixin bələdçiləridi.Hər daşına bir tarix yazılıb, hər abidəsində bir sirr var.Bu tarixi, bu sirri yaxından gördüm, sir də tarix də Şuşadadır. Bu sirr başı dumanlı dağlardan anlanılır, bir də Xarıbülbüldən.
Xarıbülbülün sehrinə düşən bir də o sehrdən çıxa bilmir. Bu sehrin gücü bizim qanımızda, canımızda bir ömür yaşamağa davam edir. Buna görə möhtərəm Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq.
Mədəniyyət Paytaxtımızdan Paytaxtımıza qayıdırıq...
Yenədə qıvrılan yollar...
Gördüklərim yuxudumu, yoxsa nağılmı?
Yox, böyük bir gerçəklikdir!
“Əziz Şuşa, sən azadsan!”.
Azadlığın əbədi olsun, mənim Şuşam!




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Mədəniyyət