USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əhməd Qaya - toyuqlar üçün konsertdən DEMOKRATlığın YORĞUN zirvəsinədək


https://img.baki-baku.az/news/2020/09/photo_669.jpg?v=MjAyMC0wOS0xMSAxMTo0Mjo0MQ==

Əhmət Qayanın 1957-ci ilin payızında doğulduğu şərtləri düşünən zaman onun ömrünün çoxunu fəslin ahənginə uyğun keçirəcəyini təxmin etmək bəlkə də çətin deyildi. Nə parça fabrikində fəhlə kimi çalışan atasının dünyanı dəyişdirmək kimi iddiası, nə də doğulduğu Malatya şəhərindəki qırx kvadratmetrlik evlərinin dünyanın gözəlliklərinin rahatca görünə biləcəyi pəncərəsi vardı. Ola bilər, o illərdə təbiətin nemətlərini əsirgəmədiyi torpaqların gözəllikləri də ərşə çəkilmişdi. İkinci Dünya Müharibəsinin yoxsullaşdırdığı Türkiyə kiçik Əhmədin doğumundan üç il sonra cümhuriyyətin ilk böyük hərbi çevrilişinə şahid olacaq, edam kürsülərində baş nazirlərini, nazirlərini görəcəkdi. Həqiqətən həmin dönəmdə otuz dörd illik gənc dövlət çox böyük ağrılara sanki hamilə qalmışdı. Min illər ərzində din, qızıl və hətta bəzən qadın uğrunda milyonlarla insanın qanının töküldüyü Anadolu torpaqlarının acısı isə daha böyük idi.

Balaca Əhmədin balaca sazı

Ailədə beşinci - sonuncu övlad olan Əhmədin atası Adıyamandan Malatyaya iş tapmaq üçün gəlmiş kürd, anası uşaqlarını namuslu böyütməyə çalışan türk qadınıydı. Uşağın musiqiyə olan marağını atası kəşf etmişdi. Hələ altı yaşındaykən ona hardasa boyu hündürlükdə saz almışdı. Əhməd isə cəmi bir neçə ay içərisində balaca aləti ilə evdəkiləri bezdirmişdi. Hesab edirdi ki, artıq səhnəyə çıxmaq vaxtıdır. Amma insanlar onu dinləmirdi. Belədə özünə dinləyici auditoriyası müəyyənləşdirdi - ilk konsertini həyətlərindəki toyuqlara verdi. Belə çıxışlarını uzun müddət davam etdirdi.

Əhməd Qaya ilk gerçək səhnəsinə doqquz yaşında qovuşdu. Atasının işlədiyi zavodda təşkil edilmiş bayram gecəsində sanki özünü tapdı. Həmin gün fəhlələr Əhmədi dinləməyi, Əhməd isə özünü dinləyənləri çox sevmişdi.

Əhməd məktəbə gedir və boş vaxtlarında ailə dostlarının xırda musiqi mağazasında çalışırdı. Burada işlədikcə müxtəlif musiqi alətlərini və növlərini yaxından tanıma imkanı tapırdı. Dükandan Ruhi Sunun kasetlərini alan, enlibalaq şalvar geyən, uzun saçlı gənclər diqqətini çəkirdi. İllər sonra həyatından bəhs edən sənədli filmdə onlara “Sucular” dediyini söyləyəcəkdi.

Əhmədin “Sucular” adlandırdığı ictimai fəal gənclərdən biri onun haqqında mahnı qoşduğu Bəşər Böyük idi. Küçədə polis tərəfindən həbs olunmuş Bəşərə görə kədərlənmiş Əhməd “Bir Volkswagen alacam, adını Bəşar qoyacam” deyərək başlanan bəstəsiylə yüzlərlə mahnılıq repertuar üçün ilk addım atdığının fərqində deyildi.

Qorxular şəhəri İstanbul

Dolanışıq səbəbindən Qayanın ailəsi Malatyadan İstanbula pənah aparmağı qərara alır. Türkiyədə köç dövrü kimi yadda qalan bu mərələdə yüzlərlə avtobus və yük maşını şərqdən qərbdəki şəhərlərə, xüsusən də İstanbula doğru yön alırdı. Hər gün minlərlə uşaq balaca Qayanın da o zaman hiss etdiyi kimi, böyük şəhərin içlərinə saldığı qorxunu yaşayırdı. Əhməd birinci dəfə İstanbulda gördüyü dənizi böyük dərə sanmış, elə ilk gündəncə eyni dildə danışdıqları halda nitqindəki ləhcə səbəbindən özündə “o biri" kompleksini yaşatmışdı.

Türkiyənin qərbinin əhalisi artdıqca cəmiyyətin təbəqələri arasındakı uçurum böyüməkdə, siyasi qütbləşmələr güclənməkdəydi. Hər yeni gün ölkənin qərbini şərqindən ayırır, ikincini geriyə aparırdı. Əhməd isə irəlidəki İstanbul gəncliyinə yaxınlaşmağa can atır, amma onlar kimi geyinmənin özünə yaraşmadığını hiss edərək kədərlənirdi. Nə doğulduğu mühiti, tapındığı mədəniyyəti tamamilə buraxa bilirdi, nə də İstanbulu Malatyaya çevirmək imkanı vardı. Yalnız musiqisinə güvənirdi, onunla yatıb, yuxudan onunla oyanırdı. Ölkənin vəziyyəti ruhuna təsir göstərdiyi kimi, yaradıcılıq nümunələrinə də təsirsiz ötüşmürdü.

İşə başlayan zaman məktəbi buraxması Əhmədə həyatı daha çox tanıma imkanı vermişdi. Amma arzusunu yerinə yetirmək - konservatoriyada oxumaq istəyirdi. Bunun mümkünsüzlüyünü də anlayırdı. Həmin illər Əhməd Qayanın belə desək, daxili zəlzələsinin ən sarsıdıcı illəri idi.

Ötən əsrin 70-ci illərinin ikinci yarısına doğru Türkiyədə inkişaf edən ictimai müxalifət özünə dayaq nöqtəsi tapa bilmirdi. Obrazlı söyləsək, bu naməlum şəraitin soyuqluğunda ən çox üşüyənlərdən biri də Əhməd idi. Nəyin baş verəcəyinin bilinmədiyi məmləkətdə illər sonra dediyi kimi, özünü təsdiqləmək üçün mahnılar bəstələməkdə, pul qazanmaq naminə naçarcasına küçələrdə dolaşmaqdaydı. O günlərdə bədbinliyini və ümidsizliyini aradan qaldırmaq məqsədilə heç tanımadığı insanların olduğu toy salonuna girdiyini, dəli kimi özünü oradakıların içərisinə atıb ağlayaraq rəqs etdiyini illər ərzində unutmayacaqdı.

Çarəsizlikdən dirənişə uzanan yol

Başqası olmanın, çarəsizliyin birləşdirdiyi gənclər həyatı dəyişdirmək iddiaları ilə hər sahədə təşkilatlanmağa başlamışdılar. Qaya da inqilabçı yoldaşları kimi Xalq Elmləri Dərnəyinə gedib-gəlir və oradakı mədəni işlərə qoşulurdu. Dərnəkdəki yoldaşlarıyla musiqi və xalq oyunları nümayişlərini təqdim etmək niyyətilə Türkiyənin müxtəlif yerlərinə baş çəkirdi. Həmin yoldaşların bir qismini 1977-ci ilin may ayının 1-də İstanbulun Taksim meydanındakı fəhlə bayramı təntənəsində ətraf binalardan indi də kimlər tərəfindən açıldığı bilinməyən atəş nəticəsində itirmişdi. Oradan sağ-salamat xilas olsa da, dost ölümlərinə şahidliyin ilk ağrısını Taksimdə yaşamış, göz yaşı tökmüşdü.

Əhməd Qaya 1978-ci ildə 21 yaşındaykən skripka təhsilini yarımçıq qoyub, nişanlısı ilə sağollaşaraq on səkkiz aylıq hərbi xidmətə yollanır. Musiqiyə marağını və qabiliyyətini kəşf edən komandirləri onu hərbi orkestrə göndərirlər. Əsgərlikdə əvvəl qazandığı bilikləri daha da təkmilləşdirmək üçün vaxt əldə edir və bu vaxtı lazımınca dəyərləndirir.

Əhməd əsgərlikdən döndükdən sonra həyatının, ümumən Türkiyə həyatının ən böyük zərbəsi ilə üzləşir. 1980-ci ilin 12 sentyabr səhəri ölkə yuxudan marşların sədaları altında oyanır - hərbi çevriliş baş verir. Bütün hökümət kabineti və prezident həbsə atılır, küçələrdə isə sanki bir ov başlayır. Əhmədin yoldaşlarının çoxu tutularaq naməlum yerlərə aparılır. Gedənlərdən xəbər almaq mümkünsüz işə çevrilir. Həmin dövrdə təxmini hesablamalara görə, 600 min adam müxtəlif səbəblərlə həbsxana həyatına məhkum edilir. Minlərlə insan işgəncədən həyatını itirir, qaçaq yollarla xaricə gedib başqa-başqa ölkələrə sığınır.

Əhməd həbs olunmur, amma yalqız qalır. Çünki yoldaşları, demək olar ki, tanıdığı hər kəs qazamatda, yaxud bilinməyən yerlərdəydi. 1981-ci ildə isə həyatında daha bir ağır hadisə yaşanır - atası dünyasını dəyişir. Həmin vaxt Əhməd artıq evli idi. Çətinliklərə öyrəşmiş Qaya dərdlərini musiqiyə çevirib izah etmək, həbsdəki dostlarına səsini çatdırmaq istəyir. Amma artıq dolandırmaq məcburiyyətində olduğu bir ailəsi də vardı.

1982-ci ildə Əhməd-Əminə cütlüyünün qız övladı dünyaya gəlir. Adını Çiğdəm qoyur. Qaya bu hadisə münasibətilə qoşduğu bəstədə Çiğdəmin doğulduğu dünyanın pisliklərinə ağlamamasının, gələcəklə bağlı ümidlərini yaşatmasının vacibliyini vurğulayır: “Ağlama bəbəyim, ağlama sən də, ümid səndə, sabah səndə ... Çox uzaqda elə bir yer var, o yerlərdə xoşbəxtliklərin paylaşılmasına hazır həyat var ...”

Lakin Əhmədin qızına verə bildiyi yalnız bu nəğmə olur. Tezliklə Əminə çətinliklər səbəbindən Çiğdəmi götürərək evi tərk edir və beləcə cütlük bir-birindən ayrılır. Qaya tamamilə tək qalır. Qızını isə 1985-ci ildə çox böyük çətinliklərlə buraxdığı “Ağlama bəbəyim” adıyla çıxan albomunda yaşadır. Ardınca İstanbulun o günlərdəki ən nüfuzlu salonlarından biri olan Şan Teatrında konsert verir. Teatr binası gözlənilməz izdiham meydanına çevrilir.

“Ağlama bəbəyim” ağladır

“Ağlama bəbəyim” albomu çıxar-çıxmaz müsadirə olunur, Əhməd isə həbsə düşür. Məhkəmədə hakim onun eyni adlı mahnıdakı “çox uzaqda elə bir yer var, o yerlərdə xoşbəxtliklər” sözlərinə ilişir. Qayadan o gözəl yerlərin harada olduğunu sorurlar… Amma albomdakı qəhrəmanlıq mahnısı onu həyata vəsiqə almamaq təhlükəsindən qurtarır. Əhməd azadlıqdan məhrum edilsə də, albom belə demək mümkünsə, sərbəst buraxılır. Qəzetlərdə gedən “Əhməd Qayanın qadağan edilən “Ağlama bəbəyim” adlı albomu məhkəmə qərarı ilə sərbəst buraxılıb” sərlövhəsi musiqi toplusuna olan marağı ikiqat artırır. Sənət əsəri əvvəl həbsxanalarda, sonra küçələrdə inanılmaz populyarlıq qazanır. Əslində albom yüz minlərlə siyasi məhbusun və onların ailələrinin səsi, böyük ölçüdə hayqırtısı idi.

Həbsdən çıxdıqdan sonra Qayanın “Acılara yapışmaq” adlı ikinci albomu işıq üzü görür və heç bir reklamsız-filansız dildən-dilə düşməyə başlayır. Toplu ağlagəlməz satış rəqəmlərinə imza atır. Əhməd bu xoşbəxtliyi onun sənətini də sevən Gültənlə birgə yaşayır.

Əhmədin üçüncü albomu “Şəfəq türküsü” adıyla çıxır. Cəmiyyətin bəlalarına diqqət çəkən, haradasa sistemin tənqidinə yönələn bu toplu Qayanın populyarlığını, eyni zamanda başağrılarını da artırır, onun müxtəlif sorğu-suallara çəkilməsinə, ard-arda həbs məhkumiyyətlərilə üzləşməsinə gətirir. Həmin illərin Türkiyəsi üçün Əhməd Qaya ən yaxşı tanınan və çox müzakirə edilən ad idi. 1987-ci ildə “Şəfəq türküsü” bir yaşına çatanda Gültən-Əhməd cütlüyündən dünyaya qız uşağı gəlir. Adını Melis qoyurlar və uşağın doğulması Əhmədə ikinci dəfə atalıq hissini yaşadır ki, bu hiss sənətkarın yaradıcılığında yeni məhsuldar dövrün başlamasına səbəb olur. 1987-ci ildə işıq üzü görmüş “An gəlir” albomu qəzetlərdə dərc edilmiş musiqi reytinqlərinin zirvəsində yer alır. Həmin ilin noyabrında çıxmış “Yorğun demokrat” adlı toplusu ilə sanki barıt çəlləyinə od vurur. Albom dəfələrlə mühakimə xarakterli müzakirələr predmetinə çevrilir. Qaya fundamental müxalifliyini səlist notlarla uğurlu şəkildə ortaya qoyur, mövcud sistemlə barışmadığını, solçu mahiyyətli mübarizəsinin müvəqqəti xarakter daşımadığını təfsilatı ilə isbatlayır. Konsertlər, albomlar bir-birini əvəzləyir. 1988-ci ilin avqustunda “Baş qaldırıram”, 1989-cu ilin aprelində isə konsert qeydlərindən ibarət daha bir albomu bazarlara çıxır.

1990-ci ildə ilk dəfə böyük səhnədə çıxış şansı əldə etmiş Əhmədin Gülhanə parkındakı konsertinə 70 mini biletli olmaqla ümumilikdə 150 min dinləyici toplaşır. Konsert böyük təlatümlərə gətirir. Polis atəş açır, çoxlu sayda adam yaralanır. Əhməd tamaşaçılardan birinin sarı-qırmızı-yaşıl rəngli kürd simvollu bayraq dalğalandırması səbəbindən mühakiməyə çəkilir. Nəzərə almaq lazımdır ki, 80-ci illərin sonuna doğru Türkiyədə 1980-ci ildə qurulmuş sistemdə yumşalmalar baş versə də, müəyyən demokratikləşmə meylləri nəzərə çarpsa da həbsxanalar hələ də 12 Sentyabr məhbusları ilə dolu idi.  

Özəl televiziyaların çoxalması Əhməd Qayaya özünü ilk ağızdan izah etmə fürsətini verdiyi kimi, onun içindəki yeni sənət nümunələrinin insanlara daha yaxından çatmasına da şərait yaradırdı. Bu müddətdə klipləri də geniş seyriçi auditoriyasının toplanmasında mühüm rol oynayırdı. Əhmət artıq Türkiyənin haqqında ən çox danışılan, ən məşhur və albomları ən çox satılan sənət adamlarından birinə çevrilmişdi. Müxalif ruhlu şəxs olaraq bu vəziyyəti doğru qiymətləndirməyin zəruriliyini dərk edir, hər addımında ictimai xarakter daşıyan mesajlarını ünvanlayırdı. Hamı bu adamın doğru bildiklərini özünə xas üslubuyla söyləmək bacarığına heyran idi. Bir çoxları özünü ona oxşadır, Qaya kimi saqqal saxlayır, geyinir, danışır, hətta oxuyurdu da. Təbii ki, sənətkarı tənqid edənlər də az deyildi.

Solçu Əhmədin dünyada ən çox maraqlandığı ölkə Kuba idi. 1993-ci ildə həyat yoldaşı Gültən, qızı Melis və bir qrup yaxın tanışı ilə Kubaya 1 May Dünya Zəhmətkeşlərinin Həmrəylik Gününü qeyd etməyə gedir. Orada sənət adamları və hökumət rəsmiləri ilə görüşür. Geri dönəndə Kubanın məşhur “Tropikana” qrupunun üzvlərini Türkiyəyə dəvət edir. Daha sonra Əhməd gəlirinin hamısını kubalı uşaqlara verdiyi 16 konsertlik turne gerçəkləşdirir. Bu dövrdə bosniyalı uşaqlar, danimarkalı fəhlələr üçün baş tutmuş proqramlara qatılır. Avropanın demək olar, hər ölkəsində müxtəlif yardım konsertləri verir.

Kürd məsələsinin Qayası

90-cı illərdə Türkiyədə kürd məsələsi baş qaldırır. Ölkənin şərq və cənub-şərq vilayətlərində PKK ilə türk ordusunun mübarizəsi qısa zamanda təsirini bütün məmləkətə göstərməyə başlayır və indiyədək davam edən daxili müharibəyə çevrilir. Həmin dövrdə kürd deməklə PKK demək az qala eyniləşdirilir. Milyonlarla kürd və türk uzun illərdir, dost olaraq yaşadıqları coğrafiyada bir-birinə yad olan qüvvəyə çevrilir. Bu, elə bir dövr idi ki, PKK ilə əlaqəsi olmasa da, kürd dilinin və mədəniyyətinin qəbulunun, ona hörmət göstərilməsinin vacibliyini söyləyən bir çoxları vətən xaini adlandırılır. Əhməd Qaya belə xainlərdən birinə çevrilir.

Qaya çıxışlarında Türkiyə Cümhuriyyətinin bölünməsini deyil, daha da güclənməsini arzuladığını deyir, tam demokratik ölkədə hər irqdən olan insanla qardaşlıq şəraitində yaşamaq istəyini dilə gətirir. Vurğulayır ki, dövlət ölkədə kürdlərin də yaşadığını anlamalı, kürd dilini və mədəniyyətini tanımalı, şərqdə kürd əhalinin sıx məskunlaşdığı yerləri daha yaxşı təhsil və həyat şərtləri ilə təmin etməlidir. Heç bir zaman, heç bir təşkilatı dəstəkləmədiyini, sənətinin qurumlardan üstün mövqedə dayandığını bildirir, yalnız “kürd deyə bir şey yox” fikirlərinə qarşı çıxırdı. Mətbuatda “kürd” rubrikalı “Əhməd Qaya başlıqları” da sərtlik qazanırdı.

1996-cı il. Qayanın “Ulduzlar və yakamoz” adlı yeni yaradııcılıq məhsulu ölkənin ən çox satılan albomlarındandır. Hər musiqi toplusu hadisə olduğu kimi, hər söylədiyi fikir də böyük olaya çevrilirdi. Kürd dili və kürd mədəniyyətinə rəğbət ruhlu çıxışları ilə diqqət mərkəzinə gələn Əhməd artıq istənilən mövzuya münasibətilə də hədəfdəydi.

Ərdoğanı müdafiə və küskünlükdən yaranmış “Giderim”

Türkiyədə radikal İslam və radikal sol baxışlar həmişə  bir-birə zidd qütblərdə dayanıblar. 1997-ci ildə İstanbulun bələdiyyəsinə rəhbərlik etmiş, indi Türkiyənin prezidenti olan Rəcəb Tayyib Ərdoğan mitinqdə oxuduğu şer üzündən mühakimə olunaraq 9 ay həbsə məhkum edilir. İslamçılar bu hadisəyə münasibətdə sərt mövqe tutarkən, solçu cəbhədən kimsə səsini çıxartmır. Belə bir vaxtda Qaya “demokratiya hamımız üçündür. Düşüncə azadlığının mənim üçün nə qədər var olması lazımdırsa, Tayyib bəy üçün də o qədər olması lazımdır. Kimsə oxuduğu bir şer səbəbindən azadlıqdan mərum olunmamalıdır!” söyləyərkən bu dəfə sol qütbün əks reaksiyalarıyla üzləşir. Əhməd islamçı tələbələrin universitetlərə baş örtükləri ilə girmələrinə icazənin verilmədiyi dönəmdə “mən adi paltar geyinə bilirəmsə, o da hicab taxa bilər” bildirdikdə qəzetlərin köşə yazılarında demokratiya və azadlıq anlayışlarıyla əlaqədar dərin mübahisənin başlandığı elan edilir. Ardınca Qaya hayqırır: “Məni sağçılar sevməz, məni solcular sevməz, məni islamçılar sevməz, yaxşı qardaşım, mənim albomlarımı alan milyonlar, konsertlərimə gələn on minlər kimlərdir?”

Küskünlük sənətkarın yaradıcılığına da təsir göstərir və 1998-ci ildə həyat yoldaşı Gültənlə birgə yaratdıqları GAK studiyasında (Gültən Ahmet Kaya) yazdıqları “Dosta düşmənə qarşı” albomu ərsəyə gəlir. Tezliklə bu toplu da satış rekordlarını qırır. Albomdan “Giderim” və “Qorxuram” adlı parçalar indinin özündə də böyük maraqla qarşılanmaqdadır. Bu arada “Qaçqın” adlı film çəkmək də istəyir. Hətta kino və teatr xadimləri olan dostları ilə məsləhətləşmələr aparır, çəkiliş üçün uyğun məkanlar axtarır. Amma…

Qaya üçün “10 fevral varfalameyi” və vətən xaini damğası

1999-cu ilin 10 fevral gecəsi. Türkiyənin ən məşhur sənətçilərinin və simalarının olduğu bir salonda ölkənin ən yaxşılarının mükafatlandırılma mərasimi baş tutur. Tədbir “Show TV”dən canlı yayımlanır. Hər kəs sırayla çıxıb mükafatını alır. Növbə Əhməd Qayaya çatır. İlin müğənnisi adına layiq görülmüş Qaya səhnəyə alqışlarla çıxır, mükafatını alır, "Giderim" mahnısını oxumaq üçün mikrofonu əlinə alır və qarşıdakı həyatında dərin iz buraxacaq çıxışını səsləndirir: “Mən bu mükafat üçün İnsan hüquqları dərnəyinə, media təmsilçilərinə, bütün Türkiyə xalqına təşəkkür edirəm. Yeni hazırladığım və önümüzdəki günlərdə yayımlayacağım albomda kürtcə bir mahnı söyləyəcəyəm və bu mahnıya klip çəkəcəyəm. Aramızda bu klipi yayımlayacak ürəkli televiziya əməkdaşlarının olduğunu bilirəm, yayımlamasalar, Türkiyə xalqı ilə necə hesablaşacaqlarını bilmirəm”.

Bu sözlərdən sonra mərasim zalına dərin sükut çökür. 10 Fevral gecəsi sanki Varfalamey gecəsinə çevrilir – həmin vaxtadək heç bir sənət adamının üzləşmədiyi qorxunc ssenari yaşanır. Qaya “Giderim”i bitirdikdən sonra salonu etiraz səsləri bürüyür. Ona sağdan-soldan çəngəl-bıçaq atmağa başlayırlar. Həyat yoldaşı Gültənin və yaxın tanışlarının oturduğu masaya çətinliklə yaxınlaşa bilir. Bu qarışıq vəziyyətdə kameralara Əhmədin yalnız acı gülümsəməsi yansıyır. Qaya zalı tərk etmək məcburiyyətində qalır. Qəzetlərin, televiziyaların gözündə isə həqiqi vətən xaininə çevrilir. Ortaya bu deyimi alovlandıran məsələ də atılır. Qayanın 1993-cü ildəki Berlin konsertində Türkiyə torpaqlarının bir hissəsini Kürdüstan kimi göstərdiyi iddiası və konsertdən foto qoyulur. Şəklin montaj olduğunun, sənət adamının isə həmin il ümumiyyətlə Almaniyaya getmədiyinin deyilməsinə qulaq asan tapılmır. Prokuror müğənnini vətənə xəyanətdə ittiham edərək ona 13 il yarım iş istəyir. Əhməd məhkəmə zalında 12 səhifəlik çıxış edir: “Başqa bir dildə, məsələn, italyan, ərəb və ya ingiliscə mahnı söyləyəcəyimi desəydim, yenə vətən xaini elan edilərdimmi? Sizcə, hər yerdə eşitdiyimiz, danışılan bu dili tutalım mən bilməyim, bu dili bilən, bu dildə danışan milyonlarla insanla eyni torpaqda olmağım kimi obyektiv həqiqət varsa, bu dildə bir mahnı oxumaq istəyim Türkiyə xalqının, övladlarımın qarşısında vətən xaini kimi günahlandırılmamı tələb edir?!”

Ə.Qaya 1999-cu ildə Türkiyə ilə İstanbul hava limanında dost-tanışlarının yolasalma mərasimi olmadan sağollaşır və Fransaya üz tutur. Parisdə yaşadığı müddətdə konsertlərini verir, çıxışlarını davam etdirir. Mətbuat yenə də onun fikirlərinə istinad edir, dedikləri ilə müxtəlif manipulyasiyalara yol verir. O, “mənim hesabım türk xalqıyla, ya da Türkiyə Cümhuriyyəti ilə deyil, mənim problemim özüm kimi ağlayan kürd xalqı ilədir” deyərək car çəkir. Türkiyədə isə ona 3 il 9 ay həbs cəzası verilir. Bu, geri dönmənin mümkünsüzlüyü anlamına gəlir. Müğənni həmin andan başlayaraq artıq hər çıxışında barəsindəki hökmün ədalətsizliyindən də danışır.

Sol romantizmin sonu

Ə.Qaya Parisdə bir il yaşayır. Qürbət məmləkətdə heç sevmədiyi təklikdə qalır. Sanki hər şey başlanğıcdakı kimiydi - sakit və səssiz. Anası, həyat yoldaşı və övladları tez-tez onunla görüşə gəlsələr də, qürbət yenə də qürbət idi. Ötən hər gün isə onu Türkiyədən uzaqlaşdırır, dönüşü qeyri-mümkünə çevirirdi. Daxilində isə kürtcə mahnının yer aldığı albomunu çıxarmaq istəyi vardı. Amma görməli olduğu işi heç cür özününküləşdirməyi bacarmırdı. Çünki bu işin görülməli olduğu məkandan uzaqdaydı... Nəhayət, Hamburqda bir səsyazma studiyası ilə danışır. Dekabr ayında (2000-ci il) nəyin bahasına olursa-olsun albomu çıxarmağa qərar verir.

2000-ci ilin oktyabrın 28-də Qaya ailəsi Parisdə Əhmədin 43-cü doğum gününü qeyd edir. Həmin vaxt müğənni çətin saydığı tipik sürgün həyatının, zaman-zaman yaşadığı ağır stressin gətirdiyi xəstəlikdən əziyyət çəkirdi. Ağrıları get-gedə şiddətlənirdi.

Həyat yoldaşı Gültənlə birgə noyabrın 17-i xəstəxanada müalicə kursu keçmək qərarına gəlir. Türkiyədən olan hədsiz media marağına əhəmiyyət verməyən cütlük yekunda “Kanal 7”yə müsahibəyə razılıq verir. Telekanalın aparıcı siması olan Əhməd Hakanın görüş üçün noyabrın 16-da Fransaya gəlməsi qərara alınır. Bundan bir gün öncə isə müğənnin həkim yanında olur, səhhəti ilə bağlı məsləhətləri dinləyir. Amma sən saydığını say, gör, fələk nə sayır. Gültən noyabrın 16-ı səhər Parisdə qaldıqları evdə qəfil qopan səs-küyə oyanır. Əhmədi dəhlizdə uzanmış vəziyyətdə görür. Qayanı xilas etmək üçün göstərilmiş səylər nəticəsini vermir – illərin müğənnisinin yorğun və incik ürəyi yenidən işləmək istəmir.

Bəli, Əhməd Qaya 43 yaşında dünyaya əlvida deyir. 43 ildə biri sağlığında işıq üzü görməmiş 18 albom, 200-ə qədər mahnı, Türkiyə xalqının yaddaşında ən az bir misra buraxıb gedir. Ürəyinin içindəki hüznü daşıya bilməyib dayandığı günün ertəsi onu son mənzilə yola salmaq üçün Parisə Türkiyədən və Avropanın hər yerindən 30 mindən çox pərəstişkarı toplaşır. Həmin vaxtın qəzetlərindəki manşetlərdə “Kürtcə kaseti çıxara bilmədi”, “Ürək xəstəliyindən öldü”, “Əhmət Qaya ürəyinə məğlub oldu”, “Sürgündə öldü”, “Məmləkətinə küsgün getdi”, “An gələr, bitər məhəbbət”, “Ürəyimizdəsən” və nəhayət, “Yorğun demokrat öldü” kimi başlıqlar yer alır. Bəli, ölən 43 illik ömrün bir ilinin qürbətindən YORĞUN düşən DEMOKRAT idi.

"Baki-Baku.az"




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Mədəniyyət