USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mistikamı, reallıqmı? Reallıq!


https://img.baki-baku.az/news/2022/03/photo_6612.jpg?v=MjAyMi0wMy0yOCAxMToyNTowOA==

Etibar Cəbrayıloğlu

__________________________________________________________

Kim deyirsə uşaqlıq xatirələrimdən yaddaşımda heç nə qalmayıb yəqin ki, qeyri-səmimilik edir. Kiçik yaşlarımızda bizi əhatə edən insanlar, yaxından-uzaqdan seyr etdiyimiz hadisələr, eşitdiyimiz nağıllar, mistik, real əhvalatlar, sağımızda-solumuzdakı təbiət… Onların hər birindən hansısa məqamlar, detallar kodlaşaraq yaddaşımızda qalıb. Təbii ki, hamı bu xatirələri istedadlı şəkildə qələmə ala bilmir, bədii əsər ortaya qoymaq gücündə deyil…

Əflatun Amaşov bunu bacarıb. Mətbuat Şurasının sədri, Əməkdar jurnalist, sabiq deputat kimi yaxından tanıdığımız dostumuz bu illər ərzində qəlbində yaşatdığı uşaqlıq xatirələrini bədii ədəbiyyata gətirib. “Qanıq, Hasan, bir də Qaragöz” adlı povestinin birinci kitabını artıq oxucuların, peşəkar təndiqçilərin  ixtiyarına verib. Əsər “Ulduz” jurnalı ilə “Mücrü” nəşriyyatının birgə layihəsi kimi çap olunub. Yeri gəlmişkən, bu işdə əməyi keçən hər kəsin, xüsusi ilə naşir Müşfiq Xanın, layihənin rəhbəri “Ulduz” jurnalının baş redaktoru, dəyərli şairimiz Qulu Ağsəsin zəhmətini bir oxucu minnətdarlığı ilə qeyd edirəm.

Qoşa Qarın ətəyinə varanda…      

Müəllif məktəbli yaşında yay tətili zamanı nənəsinin yanında keçirdiyi günləri belə xatırlayır: “…Yayda axşamlar gec gəlsə də, yuxumuz ərşə çəkilərdi. Bilirdik ki, nənəm öz şirin avazı ilə nağlı nağıla qoşub bizi uyduracaq. Bilərəkdən yatmazdıq, ha çalışardıq yenisini söyləsin. O da yaradıcılığını işə salardı, nə vaxtsa eşitdiklərini nağıllara düzüb danışardı. Sürüyə cuman canavarları Qanıq təkbaşına necə pərən-pərən salarmış, kimlərin arabasının quyquğunda cinlər oturarmış və sair, və ilaxır. Səhərlər də yaxamıza sancaq taxardı ki, cinlər bizə yaxın durmasın. Onda mən sevmişdim Qoşa Qarı. Özümü ona borclu saymışdım. Elə o vaxtdan Qoşa Qar mənim üçün yaranışın mərkəzidir…”

Əflatun Amaşov “Qanıq, Hasan, bir də Qaragöz” povestini yaddaşında qoruyub-saxladığı bu duyğular əsasında qələmə alıb. Filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinın qeyd etdiyi kimi, təkcə bir məqamı, bir məkanı və bir dövrü deyil, bütövlükdə milli dəyərləri özündə əks etdirən obrazların uzaq keçmişindən bu gününədək keçdiyi həyat yolu bu kiçik həcmli povestdə böyük panoramada özünü göstərməkdədir: “… Hadisələrin baş verdiyi diyar, bu yerlərin müxtəlif xarakterli insanları, yeri gəldikcə dil açan heyvanları, bir-birini əvəz edən nəsillərin əvəzedilməz, dəyişilməz dəyərləri povestin süjetinə qəribə bir dinamizm verir və bu dinamikada bütöv bir xalqın, millətin xarakteri açılır…”

Əsər barədə Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun da fikirləri maraqlıdır: “… Əflatun özünün insan (və cəmiyyət) fəlsəfəsində o yerə gəlib çıxır ki, yer üzündə (ümumən kainatda) bir-birinə təsir edən paralel dünyalar mövcuddur. Həmin təsirlər bəzən o dərəcədə həlledici olur ki, dünyalardan birinin harmoniyasına xələl gəlir. O zaman hərcmərclik, faciələr, insanların siniflər, tayfalar, zümrələr şəklində üz-üzə dayanması baş verir…”

Oxucu yazıçıya inananda…

Əflatun Amaşovun ilk bədii əsərinin bəzi hisslərilə sosial şəbəkədə tanış olmuşdum və mənə yetərincə maraqlı gəlmişdi. Müəllifin dost hədiyyəsi kimi avtoqrafla göndərdiyi birinci kitabla bu günlərdə baş-başa qalmaq fürsətim oldu. Bir daha əmin oldum ki, Əflatun bəy ömrü boyu bu əsərə doğru yol gəlirmiş. Moskvada ali təhsil alanda da, jurnalist kimi çalışanda da, RUH Jurnalistlərin Müdafiə Komitəsinə başçılıq edəndə də, Mətbuat Şurasının sədri olanda da, Milli Məclisin üzvü kimi parlamentdə təmsil olunanda da ürəyində bu əsərin qəhrəmanları ilə baş-başa qalıb. Dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı da həmin qəhrəmanları göz önünə gətirib. 

Yəqin elə ona görə də hava limanında İstanbuldan uçan təyyarə ilə gələcək Güllünü səbirsizliklə gözləyən, yurd yerində onun üçün xüsusi alaçıq quraşdıran, bazardan iri güzgü alan Hasan da, gözəl bir qıza çevrilən cinin işvə-nazına aldanıb onunla evlənən və sonra isə özünü qayadan atan Vəli də, babasının adını daşıyan Qoja da, təhsilini Xorasanda alan Molla Ayvaz da, Sənəm arvad da, hava limanında “Suliko” mahnısını oxuya-oxuya keçən bir dəstə gürcü də, sovet hakimiyyətinin kolxoz quruluşu ilə razılaşmayıb silahlı müqavimət göstərən və sərhədi adlayıb Türkiyə tərəfə keçməyi bacaran İmamalı kişi də, kommunist Şərifov da,  Arpaçayı keçərkən rus əsgərlərinin xurcunda güllələdiyi körpə Fatma və Sona da diri və canldır.

Yeri gəlmişkən, povestdəki İmamali mənə istedadlı yazıçımız, mərhum Fərman Kərimzadənin “Qarlı aşırım” əsərindəki Kərbalayi İsmayıl obrazını xatırlatdı. “Qanıq, Hasan, bir də Qaragöz” povestinin birinci kitabını oxuyarkən  gələcəkdə okeanların, dənizlərin, çayların, hətta Daş Bulağın da istidən qaynayacağı barədə insanları xəbərdar edən Qanıq adlı itə də, sonuncu istəyi canına əziyyət verən çatıdan qurtularaq yolun o biri tərəfindəki yamyaşıl bağa-parka qaçmaq olan Qaragöz adlı danaya da, “…Siz də bizim kimi yaşayacaqsınız, müharibənin nə olduğunu unudacaqsınız, qan tökülməyəcək, dünya malında gözünüz qalmayacaq, nifrət, intiqam, məkr, paxıllıq qəlbinizdən uzaq olacaq”-deyib dilə gələn Mələkə də  inanmağım gəldi. Və kitabı oxuyub başa çatanda Xalq yazıçısı Kamal Abdullanın “Oxucu yazıçıya inananda ədəbiyyat yaranır” kəlamını bir daha xatırladım.

Əflatun Amaşovun ilk bədii əsərində müəllifin yaranışın mərkəzi hesab etdiyi Qoşa Qar dağı, Daş Bulaq, Qurd Ölən Yer, Göy qaya, Arpaçay, “Dəli qəbiristanlığı” təkcə hamının gözlə gördüyü adicə coğrafi yerlər deyil, həm də yaddaş kodumuzda mistik məkanlardır.

Müəllif oxucuları inandırır ki, Tanrı canavarı canavar, iti də it yaradıb. Tanrının işinə müdaxilə fəlakət gətirir: “İnsan nə karədir ki, Tanrının işinə qarışsın, canavar törəməsini itə, maralı inəyə çevirsin?”

 “Qanıq, Hasan, bir də Qaragöz” povestinin birinci kitabı xoş bir mesajla bitir-Səhər özü ilə böyük ümidlər gətirirdi…

Məhz bu ümidlə də kitabın sonrakı hissələrini gözləməyə dəyər.

Qoşa Qara salam olsun!

Mənbə: Bakivaxti.az




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Etibar Cəbrayıloğlu