USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Jurnalistikaya dəyər qazandıran sima

Ustad Cabahgir Məmmədlinin 80 illik yubileyinə təbrik əvəzi


https://img.baki-baku.az/news/2022/01/photo_6175.jpg

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

_____________________________________________________

Dahilərdən birinin sözüdür, müəllim o adam deyil ki, səni öyrədir, müəllim o adamdır ki, sən ondan öyrənirsən. Deməli, nəyisə öyrənmək üçün nümunələrə ehtiyac var. Bu nümunələr öyrətməklə eyni zamanda özləri də öyrənirlər və bu onların yüksəkliyə ucalmalarını təmin edir. Haqqında söz açacağımız müəllim də yüksəkdədir. Özü də bu, yalnız çoxsaylı tələbələrinin nəzərindəki yox, bütövlükdə cəmiyyətin baxışlarındakı zirvədir. Hərdən düşünürəm ki, ona zirvəni qazandıran peşədir, yoxsa peşəyə ucalıq gətirən odur? Hər bir halda düşüncəmin gəldiyi qənaət birmənalıdır:  peşə də, o da cəmiyyətimiz üçün dəyərdir. Cahangir Məmmədli böyüklükdə dəyər təsəvvür edirsinizmi?

Dəyərlər barədə fikirləşəndə gözümün önündə Həsən bəy Zərdabidən, Əli bəy Hüseynzadədən, Mirzə Cəlildən, Üzeyir Hacıbəylidən başlanmış yol canlanır. Bu yolun Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi kimi məbədi var. Demək, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov obrazlarından da söz açmaq lazımdır. Əlbəttə, Jurnalistika fakultəsinin cəmiyyətə qazandırdığı gəlmiş-keçmiş pedaqoqlar, nurlu simalar da xatırlanmalıdır. Bu günün fədakarları olan Nəsir Əhmədli, Akif Rüstəmov və digər müəllimlərimiz də həmçinin. Çünki bu nəhəng söz və yaradılıq dünyasında fərqlənmək sıradan məsələ deyil.

*** 

Nəsillərin yerdəyişməsi müşkül prosesdir. Gənclər yaşlıları, yaşlılar də gəncləri həzm eləməkdə çətinlik çəkirlər. Əslində bu, yalnız Azərbaycan üçün xarakterik deyil, aşağı-yuxarı dünyanın hər yerində oxşar vəziyyət yaşanmaqdadır. Sırf ölkəmizlə bağlı paralellər aparsaq, ziddiyyətlərin bəlkə də, ən qabarıq formada göründüyü müstəvi elə jurnalistikadır. Bu, peşənin təbiətindən irəli gəlir. Axı jurnalistika dinamikdir, daim dəyişir, yeniliyə doğru can atır.

İndiki qlobal transformasiya şəraitində media sahəsindəki dəyişikliklər özünü daha çox göstərməkdədir. Belə bir mərhələdə jurnalistika nəzəriyyəsinin praktik durumla ayaqlaşmaması kimi görüntü var. Ola bilər, elm yeniliklərdən geridə qalır. Məsələni ən müxtəlif rakuslardan izah etmək mümkündür. Ancaq 80 yaşla 18-20 yaş arasındakı vəhdət önəmlidir. Hesab edirəm ki, Cahangir müəllim elə o vəhdətin özüdür. Onun Jurnalistika fakultəsindəki missiyası böyük ölçüdə bununla bağlıdır. Sanki körpü rolunu oynayır. Məsələ yalnız onda deyil ki, yenilikləri təpədən-dırnağadək biləsən, məsələ yeniliyi bilənləri duymaqdadır. Məsələ yeniliyi hiss etməkdə, onun faydasını təsəvvürə gətirməklə kimin və ya kimlərin həmin yeniliklərə adekvat fəaliyyət göstərə bilmə potensialını müəyyənləşdirməkdə, həmin şəxslərə meydan, dəstək verməkdədir. Cahangir Məmmədli şəxsiyyətindəki duyum məhz buna söykənir. Beləcə o, nəsillər arasındakı vəhdəti də təmin etmiş olur. Cahangir müəllimlə ünsiyyətdə olan tələbə özünü yalnız tələbə deyil, gələcəyin püxtələşmiş jurnalisti, mütəxəssisi kimi hiss edir, parta arxasında əyləşə-əyləşə bunun üçün hazırlıq görür. Həm də ona görə ki, Cahangir Məmmədlinin dərsi yalnız auditoriya, yaxud fakultə ilə məhdudlaşmır.

*** 

Növbəti dərs ziyalılıqdır. Cahangir Məmmədli sözün əsl mənasında ziyalıdır - jurnalistika sənətinin Azərbaycan cəmiyyətinə qazandırdığı ziyalı. Cəmiyyətə jurnalistikanı qazandıran ziyalıdır o. Onun kimi şəxsiyyətlərin sayəsində jurnalistika ictimai münasibətlər sistemimizdə özünü təsdiqləyir, ağırlığını qoyur. Onun ziyalılığı jurnalistikanı cəmiyyətin böyük ictimai institutu olaraq təyin və təqdim edir. O, jurnalistikanın üstünlüyünü, gücünü  ictimai münasibətlər üçün katalizator olaraq göstərir. Hər sözü, hər çıxışı peşənin dördüncü hakimiyyət statusunu təsdiqləyir. Sanki klassik hakimiyyət bölgüsündəki digər üç qanad jurnalistikanın sayəsində özünə çəki-düzən verir, ümumi maraq və mənafelər naminə daha səylə, əzmlə çalışmağa köklənir. Budur Cahangir Məmmədlinin ziyalılıq xətti.

Cahangir Məmmədli ziyalılığında jurnalistika, bütövlükdə söz və ifadə azadlığı üçün təəssübkeşlik motivləri ön plandadır. Nəzəri baxımdan peşə cəmiyyətin inkişafı və tərəqqisi üçün katalizatordursa, demək, onun işləkliliyi tam anlamıyla təmin edilməlidir. Bunun üçün o, kənar təsirlərdən uzaq durmalı, müstəqilləşməlidir. Müstəqilləşməlidir ki, ümumi maraqlar naminə daha güclü və ciddi şəkildə səfərbər oluna bilsin. Axı Cahangir Məmmədlinin jurnalistika nəzəriyyəsinin tətbiqi meydanı kimi gördüyü məkan cəmiyyətin özüdür. Cəmiyyət-dövlət-vətəndaş oxu. Buna görə mövcud xüsusdakı fikirlərini yorulmadan açıqlayır. Media sahəsindəki sui-istifadələrə, xoşagəlməz hallara qarşı mübarizə aparır, prinsipiallıq göstərir. Onun bu istiqamətdəki hər çıxışı peşənin yad ünsürlərdən təmizlənməsi, saflaşması naminə çağırışdır, həyəcan təbilidir.

Cahangir müəllimin jurnalistika təəssübkeşliyində söz, onu demək, onu düzgün şəkildə cəmiyyətə çatdırmaq əzmi aydın görünür. Jurnalistikanın silahı tənqiddir. Cahangir Məmmədli o silahın lazımi anda işlədilməsindən sanki zövq alır. Ədalətli tənqidə, hətta ən sərt çalarları olan ədalətli tənqidə necə rəğbətlə yanaşdığına diqqət yetirmişəm. Tənqidi ruhlu yazıları böyük həvəslə incələyərkən, az qala, hər nüansın üzərində dayanıb onun peşəkarlıq baxımından nə dərəcədə tutarlılığını vurğulayarkən bir növ rahatlıq tapır, sevinir. Ona görə rahatlıq tapıb sevinir ki, həmin yazının faydalılığını görür. Təbii, Cahangir müəllim üçün jurnalistikanın sırf məharət təntənəsinə, sözün deyilmə və çatdırılma texnikasındakı incəlik və səlistliyə şahidlik böyük zövq və yaşantıdır. Çünki o, əsl söz adamıdır, sözə elmilik gətirən adamdır.

*** 

Cahangir Məmmədli dəyərli elm xadimidir. Dərslikləri, monoqrafiyaları, media fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən kitabları, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış saysız-hesabsız məqalələri ömrün jurnalistikaya sərf edilmiş böyük hissəsi üçün sanki tamamlayıcı funksiya yerinə yetirməkdədir.

Cahangir Məmmədlinin elmi yaradıcılığı bir növ elmlə publisistikanın vəhdətidir. Bu istiqamətdəki fəaliyyətini nəzərdən keçirərkən onun ölkəmizin, bütövlükdə dünyanın jurnalistika cameəsindəki prosesləri necə həssaslıqla izlədiyini görmək mümkündür. O nəinki media sahəsində cərəyan edənləri dərindən izləyir, eyni zamanda müşahidələrini sistemləşdirir, onlar üçün elmi libas biçərək sahəyə fundamentallıq gətirir. Onun müasir jurnalistikamız, cəmiyyətimiz qarşısındakı xidmətlərini sadalayarkən bu məqamları xüsusi vurğulamağa ehtiyac var.

***

Cahangir Məmmədlinin doğma yurda, el-obaya bağlılığı ayrıca mövzudur. İllərlə Qarabağ niskilini, Ağdam həsrətini necə böyük yanğı ilə daşıdığını, kövrəldiyini, içindəki dərdi ört-basdır etmək, ətrafa yansıtmamaq üçün necə çətinliklər çəkdiyini görmüşəm. Nə xoş ki, qismətdə Cahangir müəllimin 80 yaşını haqladığı bir zamanda Qarabağı, Ağdamı azad görmək də varmış. Deməli, indiyədək keçirdiyi yubileylər bir yana, 80 illik yubileyin bir başqa təntənəsi var.

Uca Tanrı böyük müəllimimizə, peşəkar jurnalistikamızın dəyərli ustad simasına cansağlığı versin. Sağlam canla jurnalistikamız qarşısındakı fədakar əməyini davam etdirsin. Ömrünə və peşəsinə yeni-yeni təntənəli anlar qazandırsın. Qazandırsın, çünki Cahangir Məmmədli şəxsiyyətinin həyat və yaradıcılığındakı qazanc və fayda ictimai və mənəvi anlam daşımaqla bütövlükdə cəmiyyətə məxsus dəyərdir, ənənədir. Allah dəyərlərimizi qorusun!

Mənbə: "525-ci qəzet"




Redaktorun seçimi

Paytaxtımızdan Mədəniyyət Paytaxtımıza
  • Mədəniyyət
  • 15:28 25.05.2022
Paytaxtımızdan Mədəniyyət Paytaxtımıza

Əflatun Amaşov