USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bütöv şəxsiyyət, prinsipial insan

Milli-mənəvi dəyərlərimizin qorunmasını, tariximizin düzgün öyrənilməsini, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğini jurnalistlik fəaliyyətinin əsas qayəsi sayırdı.


https://img.baki-baku.az/news/2020/09/photo_543.jpg?v=MjAyMC0wOS0wOSAxMToyODoxNQ==

Hidayət Orucov,

Azərbaycan Respublikasının
Qırğız Respublikasında
fövqəladə və səlahiyyətli səfiri

_____________________________________________________________________________________________________

Ömür bir qatardır, yol gedir, ancaq o qatarda tək sən deyilsən, sərnişinləri var: qocası-cavanı, kişisi-qadını, fəhləsi-müsəndisi, yazıçısı-alimi... Min-min sərnişinin içində maraqlı insanlar, şəxsiyyətlər, müdriklər yadında qalır, yol yoldasına, həyat bələdçisinə çevrilir, həmişə xoş təəssüratla xatırlanır. Aradan illər keçsə də!..

1963-cü ildən mənim ömür qatarım da Azərbaycan Dövlət Universitetinin tələbəsi kimi yolumu davam etdirdi. O çağlar sanki srağagün idi. Görkəmli adamlarla ilk tanışlığın, sonrakı münasibətlərin yası o qədər də çox deyil. Əslində isə...

Sən demə, günlərin, ayların içində olanda vaxtın tez keçdiyi o qədər də hiss olunmur, fəqət qırx üç ilin uzaqlığından baxanda təəssüflənirsən ki, qatarın nə yaman sürətliymiş.

O illərdə gələcək filolaqlar da, jurnalistlər bir fakültənin usaqlarıydı (jurnalistika bölməsi "filfak"ın tərkibində idi) və bir-birimizi yaxşı tanıyırdıq, hətta "potok" dərslərimiz, mühazirə dinləməyimiz də bir yerdə olurdu. "Nəsir müəllim" adını ilk dəfə o zaman jurnalistika fakültəsinin uşaqlarından eşitmişdim. İlk vaxtlarda yüksək ziyalı, peşəkar qəzet redaktoru, ciddi, fikrini yığcam və dəqiq deməyi bacaran, ən əsası öyrətməyi bacaran tələbkar pedaqoq kimi. O da yadımdadır ki, ilk dəfə mən onu tələbələrdən imtahan götürən anlarda görmüşdüm.

...Tanınmış şair-jurnalist dostum Səyavuş Sərxanlının imtahandan çıxmasını gözləyirdim. Otağın qapısı açıq idi, hələ ki bir qız imtahan verirdi, üzü qapıya sarı əyləşmişdi, səsi bizə çatmırdı. Çöhrəsindəki ifadələrdən necə həyəcan keçirdiyi, bildiklərini müəlliminə necə dəqiq çatdırmaq istədiyi aydın görünürdü. Sonra Səyavuş imtahan verdi. O qız da, adını unutmuşam, Səyavuş da "əla" qiymət aldılar. Onlar o gün imtahan verən son tələbələr idi. Nəsir müəllim mənə baxan zaman Səyavuş "Hidayət "filfak"ın tələbəsidir, şairdir, dostumdur" deyərək, məni təqdim etdi. Nəsir müəllim bir də mənə maraqla baxdı, başıyla təsdiqlədi və bizdən uzaqlaşdı. Mən çox məmnun oldum və təəccübləndim. Görünür, Nəsir müəllim Səyavuşa gənc şair-jurnalist kim hörmət edirdi. Şübhəsiz, hər tələbə də öz gənc şair dostunu Nəsir İmanquliyev kimi görkəmli qəzet naşirinə və pedaqoqa belə yolüstü təqdim edə bilməzdi.

Nəsir müəllimin imtahanı səhv etmirəmsə, ikinci kursda olurdu və tələbə dostlarımdan, tanışlarımdan kiminsə onun imtahanına hazırlaşdığı qədər başqa imtahana hazırlaşdığını görmədim. Tələbələr Nəsir İmanquliyevdən yaxşı qiymət almağı universiteti uğurla bitirmək, jurnalistlik sənətinə yiyələnmək ümidi ilə baxırdılar. Başqa bir həqiqət də yadımdan çıxmayıb. Nəsir müəllim özünə, assistentlərinə, tələbələrə nə qədər tələbkar olsa da, imtahandan bircə nəfər də olsun tələbə "kəsdiyini" eşitmədim. Öyrədərdi, oxutdurardı, çox tələbkar yanaşardı, öyrətməyincə qiymət yazmazdı - get, bir neçə gün də hazırlaş deyərdi, amma "kəsməzdi".

Populyar, maraqlı mətbu orqan olan "Bakı" qəzetinin baş redaktorunun gələcək jurnalistlərə dərs verməsi tələbələr üçün çox önəmli hadisə idi. O illərdə düşünürdüm ki, qəzetin mövzularını belə maraqlı, rəngarəng edə bilən, belə baxımlı və tematikaya uyğun yaratmağı bacaran bas redaktor harda formalaşıb? Sonralar məlum oldu ki, gənc Nəsir hələ iyirminci illərin ortalarında peşə məktəbində oxuyan zaman çilingər peşəsinə yiyələnəndə də mətbuatla maraqlanıb. Sonralar neft texnikumunda oxuya-oxuya "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində çalışıb. Neft texnikumu və mətbuat? O illərdə də, indinin özündə də bu adətincə səslənmir. Gənc Nəsiri mətbuata çəkən onun təbii, anadangəlmə istedadının görüntüləri idi. Ədəbi isçilikdən ədəbi şöbənin müdir müavini, söbə müdiri, məsul katib, redaktor vəzifələrinə uzanan yollar...

Nəsir müəllim mürəkkəb qəzetçilik sənətinin incəliklərinə yiyələndi, İkinci dünya savaşında da mətbuatdan ayrılmadı, siyasi işçi kimi cəbhədə iştirak edərək, "Döyüsən Krım" qəzetinin məsul katibi və hərbi hissədə tərcüməçi oldu.

İmkan tapan kimi təhsilini davam etdirdi: Moskvada Mərkəzi Qəzet Kursunu bitirdi, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini ekstren yolu ilə iki ilə başa vurdu, Moskva Ali Partiya Məktəbinin dinləyicisi oldu... Bakı şəhər Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdir müavini, Mədəniyyət Nazirliyinin Radioinformasiya Baş İdarəsinin rəisi və nazirliyin kollegiya üzvü oldu...

Bir neçə profilli təhsil, mətbuatda ideologiya sahəsində ardıcıl fəaliyyət və yuxarıda dediyim kimi, sövq-təbii jurnalistlik istedadı və marağı onu redaktor-şəxsiyyət kimi formalaşdırdı və 1958- ci ildə "Bakı" qəzeti yarananda yəqin ki, Mərkəzi Komitədə Nəsir İmanquliyevin bu yeni orqana baş redaktor təyin olunmasının müzakirəsi çox vaxt aparmadı. 1963-cü ildən çapa başlayan "Baku" qəzetinin baş redaktorluğu da ona həvalə edildi.

Nəsir İmanquliyev istedadlı, qəzetçilik sənətində dərin bilgisi, axtarışları, özünəməxsus tapıntıları sayəsində o illərdə son dərəcədə maraqlı, ən çox oxunan "Bakı"nı yaratdı və uzun illər ondan ayrılmadı. Nə üçün "Bakı"dan ayrılmadı? O vaxtlar da bu sual məni düşündürürdü. Belə mahir qəzet tərtibatçısı və redaktoru o illərin baş qəzeti sayılan "Kommunist"ə də rəhbərlik edə bilərdi və onu da "Bakı"nın səviyyəsinə qaldırardı. Ancaq "Bakı" onun övladıydı, məncə, ona görə ondan ay-rılmırdı və uzun, mənalı fəaliyyətində bu qəzetin son nömrəsinə imza atanacan da öz məqamına, peşəkarlıq səviyyəsinə, qəzet naşirliyi "dəst-xəttinə" sadiq qaldı.

"Bakı" qəzeti qısa rəsmi məlumatlarla, sosial-iqtisadi xəbərlərlə birgə elm, mədəniyyət, idman barədə operativ informasiyalar, geniş məqalələr çap edirdi. Xüsusilə milli-mənəvi dəyərlərimiz barədə çap etdiyi yazılar, ədəbi parçalar, futbol reportajları və hesabatları mənim diqqətimi çəkirdi. Ona görə Maralzəmidə də, İrəvanda da "Bakı"nı oxuyurdum.

Bir epizod da yadımdan çıxmır: 1967, ya da 1968-ci il idi. O vaxtlar erməni təcavüzkarları yenidən fəallaşmışdılar, hətta həyasızcasına şayiələr yayırdılar ki, Qarabağla Naxçıvan guya yaxın günlərdə onlara veriləcək. Mən İrəvanda "Sovet Ermənistanı" qəzetində işləyəndə belə şayiələri eşidə-eşidə, şübhəsiz psixoloji ağırlıq içindəydim. Elə o günlərdəcə Bəxtiyar Vahabzadənin "Bakı" qəzetində bir serini oxudum. İlk misraları indiyəcən yadımdadır:

Azərbaycan oğluyam!- Adım yaşımdan qədim.

Heç kəsin toyuğuna Ömrümdə "kiş" demədim.

Kimsənin torpağında Gözüm yox, bilsin aləm,

Torpağımdan bir çərək Kimsəyə də vermərəm.

Mən qədim bir mahnıyam,

Xallarım əlvan-əlvan,

Musiqim Qarabağdır,

Sözlərimsə - Naxçıvan!

Bu yerdə bəstələnmiş Koroğlunun "Cəngi "si,

Qıratın "Üzəngi"si...

Bu şeir ürəyimə məlhəm oldu, sanki içimə inam doldu, sakitləşdim. Məni ən çox sevindirən o idi ki, ermənilərə sillə kim dəyən bu şeir "Bakı" qəzetində (ədəbi orqanların o illərdə belə şeir çap etməyə cəsarətləri çatmazdı) - Şəhər Partiya Komitəsinin orqanında çap olunmuşdu. Bu seir İrəvanda erməni ədəbi mühitində bomba kimi partladı və rəsmi qəzetdə də çap olunduğundan əsərdə deyilən fikirləri Azərbaycanın rəsmi mövqeyi kimi qəbul etdilər.

Mən Bəxtiyar müəllimə telefon açdım, təşəkkür elədim, rəsmilərin münasibətini soruşdum. "Mənə də, Nəsir müəllimə də ciddi təqiblər var. Amma Nəsir müəllim bildirmir, o, çox dözümlü və məğrur adamdır".

Aradan illər keçəndən sonra Nəsir müəllimlə görüşəndə o şeiri xatırlatdım və çap etdiyi üçün təşəkkürümü bildirdim. Bircə kəlmə demədi ki, o vaxt hansı təzyiqlər, təqiblər olub. Sanki o adi bir şeir imis.

Çünki professional idi!

Bütöv şəxsiyyət, prinsipial insan idi!

Milli-mənəvi dəyərlərimizin qorunmasını, tariximizin düzgün öyrənilməsini, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğini jurnalistlik fəaliyyətinin əsas qayəsi sayırdı. Əsl professional olduğundan professionallardan çəkinmirdi, əksinə, rəhbərlik etdiyi qəzetin şöbələrinə də peşəkarları, mütəxəssisləri, işdən xəbərdarları cəlb edirdi. Məsələn, redaksiyanın ədəbiyyat və mədəniyyət şöbəsində müxtəlif vaxtlarda sairlərdən Cabir Novruz, Nüsrət Kəsəmənli, nasir-publisist Ağəddin Mansurzadə çalışmışdılar.

"Bakı" qəzeti məndən nə çap edib? Yadıma sala bilmirəm. Çünki nədənsə bu qəzetə yazı təqdim etməmişdim. Ancaq onu xoş duyğularla xatırlayıram ki, həmişə oxuduğum bu qəzetin səhifələrində mənim haqqımda çox yazı çap olunub. Hələ İrəvanda yaşadığım illərdə çap olunan kitablarım, səhnəyə qoyulan pyeslərimin tamaşaları barədə sanballı məqalələr çap olunub. Hətta bəzən çap olunmamış yazılarım barədə də fikir söylənilib. Xatirimdədir: hələ altmışıncı illərin sonlarında Xəlil Rzanın gənc şairlərin əsərlərinə həsr olunmuş irihəcmli məqaləsində belə sətirlər vardı: "...Şeirlərini İrəvandan göndərən Hidayətin "Qoca" adlı şeirinə diqqət yetirək..." Müəllif şeiri bütöv verirdi və təqdir-fikirlərinin həcmi şeirin həcmindən çox idi... Belə yazılar qaynar Bakı ədəbi mühitindən uzaqda yaşayan gənc şairə əvəzsiz mənəvi dayaqdı və şübhəsiz, bas redaktor ona görə çap olunmamış şeirə belə geniş yer ayırırdı.

İrəvanda və Bakıda nəşr olunan kitablarım barədə də görkəmli müəlliflərin dəyərli məqalələri çap olundu bu qəzetdə. Nəsir müəllimlə bir görüş isə heç yadımdan çıxmır. 1978-ci ilin noyabr ayında İrəvan Azərbaycan Teatrı öz qədim və zəngin tarixində ilk dəfə Bakıya qastrol səfərinə gəlmişdi. Bu səfər Bakıda da, İrəvanda da çox qeyri-adi və heyrətlə qarşılandı. Yüksək ideya-bədii tutumlu, professional səviyyəli tamasalar Azərbaycan tamaşaçılarını heyran etmişdi. Görkəmli adamlar, alimlər, yazıçılar İrəvan Teatrının tamaşalarına maraqla baxdılar. Və bir axşam qəzet redaktorlarının, demək olar, hamısı mənim "Məhəbbət yaşayır hələ..." pyesimin tamaşasına baxırdılar. Tənəffüsə, Musiqili Komediya Teatrının direktoru Bala Qasımovun kabinetində çay içəndə Nəsir müəllim məndən soruşdu:

- Hidayət, siz nə üçün bizim qəzetə yazı vermirsiniz?

Bu sözləri görkəmli redaktorun mənə verdiyi mükafat kimi qəbul etdim:

- Nəsir müəllim, Sizə elə minnətdaram! - dedim, - haqqımda ardıcıl yazılar çap edirsiniz, üzüm gəlmir - sonrasını zarafata salmaq istədim - qorxuram mənim yazılarıma yer tapılmaya.

Ürəkdən güldüm və hamı bu gülüşə qoşuldu. Sonra əlavə etdim: "Nəsir müəllim, "Bakı" həmişə mənlə gəzir. Maralzəmidə, Zəngəzurda abunə yazılıb almısam, İrəvanda yaşadığım çox illərin hamısında abunəçiyəm. Sizə minnətdaram belə qəzet üçün".

Tamaşadan sonra Nəsir müəllim əsər barədə quruluş, rejissor şərhi, aktyor oyunu haqqında maraqlı fikirlər söylədi. Hiss olunurdu ki, teatr sənətini dərindən bilir. İki gün ötdü, "Bakı" qəzetində "Məhəbbət yaşayır hələ..." tamaşası barədə irihəcmli resenziya çap olundu. Onu da deyim ki, İrəvan Teatrının qastrolunu ümumiyyətlə, bütün mətbuat, televiziya, radio yaxşı işıqlandırdı, ancaq bu səfər barədə ən çox material çap edən qəzetlərdən biri "Bakı" idi. Bu da Nəsir müəllimin Azərbaycandan kənarda fəaliyyət ocağımızın uğurlarının təbliğinə diqqətinin ifadəsiydi.

Nəsir İmanquliyev XX əsrdə Azərbaycan jurnalistikasının tarixinin öyrənilməsi, nəzəri əsaslarının işlənib hazırlanması, dərsliklərin yazılması sahəsində müstəsna xidmətləri olan alim-publisist, pedaqoq və redaktor idi. Onun elmi, pedaqoji, jurnalist irsinin çoxsahəli fəaliyyətinin tədqiq olunması çağdaş publisistkamızın inkişafına kömək edərdi. Və nəhayət, Nəsir müəllim özünəməxsus güclü, iradəli, mübariz şəxsiyyət kimi çox maraqlı insan idi, onun haqqında xatirələr yazılsa və çap olunsa, maraqla qarşılanar.

Bu, fikrimcə, çox vacibdir. Axı xatirələr yalnız xatirə qəhrəmanının özgün cəhətlərini, ömür yolunu, əsərlərində, fəaliyyətində görünməyən iç dünyasının cizgilərini bu günə çatdırmır, həm də çağdaşların, xüsusilə böyüməkdə olan nəsillərin vətəndaş kimi, şəxsiyyət kimi formalaşması prosesinə, tərbiyəsinə yardım edir.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mədəniyyət