USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır!”

İlham Əliyev: "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik"


https://img.baki-baku.az/news/2020/09/photo_542.jpg?v=MjAyMC0wOS0wNCAxMzowNDoxNQ==

Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir.

Heydər Əliyev

2020-ci il insanının ruhu, vicdanı qarşısında imtahan ili oldu. Ulu Tanrı haqqı dananları, inkar edənləri onların öz əli ilə sınağa çəkdi. “Mənəm Haqq!” deyənləri Nəmrudun Oduna, Fironun Atəşinə saldı. Həzrəti Musanın əsası, İbrahim peyğəmbərin övlad sevgisindən üstün imanı,  Həzrəti Məhəmmədin Meracı diri, dipdiri göründü. Tanrı evlərini siyasət, xəyanət guşəsinə çevirənlərin üzünə qapılar bağlandı. “Məni yada salın. Mən də sizi yada salaram!” buyuran Tanrının divanı quruldu...

2013-cü il mayın 10-da “Gül bayramı” idi. Cənab Prezident hər birimiz üçün əziz olan ailə üzvləri ilə Respublika Sarayının önünə xalqla görüşə gəlmişdi. Əhatəsinə toplaşan bahar, çiçək, gül qoxulu, geyimli körpələrə nəvaziş göstərən cənab İlham Əliyev balaca çiçəklərdən birini qucağına aldı. Körpə qız çiçəkdən zərif əlləri ilə onun üzünü sığallayıb dedi: “Mən Səni tanıyıram, Heydər babanın oğlusan!” Prezidentin onsuz da işıqlı simasına qəribə bir nur gəldi. Bu bir İlahi nurdu! Seçilmişlərin, peyğəmbərlərin, sərkərdə xaqanların, haqq aşıqlarının, haqqa aşiqlərin buta camına şərbət süzən Müqəddəslərin nuruna bənzər nur!

O, əl boyda, ürək boyda körpə “Sizi tanıyıram” desəydi, düşünərdim ki, müəllimləri, tədbir təşkilatçıları öyrədiblər. Amma, insaf dinin yarısıdı. Uşaq qəlbinin, könlünün səsi, nəfəsi ilə danışırdı. Heydər babasını da, Baba Yadigarını da tanıyırdı! Sevindim!

Millət, məmləkət, dövlət də insan kimidi. Yaddaşı ilə yaşayır. Heydər Əliyev əzəməti, Ulu Öndər ucalığı həmin o körpənin babasının, atasının, həm də onun özünün yaddaşı idi. Bu yaddaş yer üzünə səpələnən 50 milyondan çox, xeyirxahlığı, humanizmi, tolerantlığı özünə həyat tərzi olaraq seçən Azərbaycanlının, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa min illərdir töhfələr verən Odlar Yurdu Azərbaycanın yaddaşı – Sərkərdə-Xaqan ucalığıdı! Biz Azərbaycanlıyıq. Yazılmamış qanunlarımız var. Yaddaşımızla yaşayırıq, yeddi arxa dönənimizi tanıyırıq. Böyüklərin, Ağsaqqal və Ağbirçəklərin xeyir-duası ilə yuva qururuq. Balalarımıza babaların, dədələrin, nənələrin, anaların adını qoyuruq. Ənənələri qoruyuruq. Özümüzdən sonra balalara miras olaraq sərvət yox, təmiz ad, ləkəsiz tərcümeyi-hal qoyuruq. “Ana kimi yar, Ata kimi diyar olmaz” deyirik. Cənnəti anaların ayaqları altında bilirik. Bəy çadırımız qırmızıya boyananda “Yeddi oğul istərəm, bircə dənə qız, gəlin” deyəndə, Dədəm Qorqud dünyasından qopmuruq. Gəlini baştacı, üzüyün zümrüd qaşı bilirik. Oğula düşmən çəpəri kimi baxırıq. Ona inanır, ona güvənirik. Dar günlərdə, ağır zamanlarda süngüsünə söykənirik. Məğrurluğunu, əyilməzliyini, əzəmətini qəvi düşmənə sipər bilirik. Min illər boyu Mete xanın, Atillanın, Qəznəli Mahmudun, Alp Arslanın, Məlik şahın, Çingiz xanın, Osman Qazinin, Orxan Qazinin, Əmir Teymurun, Uluqbəyin, Sultan Bəyazitin, Fateh Mehmetin, Hüseyn Baykaranın, Sultan Səlimin, Şah İsmayıl Xətainin, Baburşahın, Süleyman Qanuninin saraylarını zinətləndirən varisləri türk xaqanlıq tarixinin altun səhifələrini yaratdılar.

“Gülüstan”, “Türkmənçay” dəhşətlərindən sonra Odlar Yurdunda xaqanları xanlar əvəz etdi. Bölündükcə bölündük. Şura hökumətindən bizə komissarlar, katiblər qaldı...

Azadlıq bir eşq şərbətidir ki, içdikcə yandırır. Yana-yana, qana boyana-boyana düz 200 il yol gəldik. 70 illik zaman kəsiyini keçdik. Müharibələr, repressiyalar, deportasiyalar gördük. Ölmədik! Ölümsüzlük alın yazımız, Tanrıdan tale payımızdı.

Ötən əsrin 60-cı illəri Ulu Öndər adlı əzəmətiylə məğrur, müdrik Azərbaycana lider – varis müqəddəsliyi ilə qədəm qoydu.

Buxovları Odlar Yurdunun qolundan, zəncirləri ayaqlarından açan sərkərdə Heydər Əliyev Əlincə qalasında, Nuhun çıxdığı torpaqda – Naxçıvanda üçrəngli hilallı - ulduzlu bayrağı dövlət rəmzi olaraq dalğalandıran, Ümid körpüsünü quran zaman əlində Quran, ruhunda TURAN türkün haqq səsinə, Azadlıq carçısına, Birlik, Bütövlük rəmzinə döndü!

Bu Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən ustad sənətkarlara, təbib filosoflara, mütəfəkkir şairlərə, el və dil bilicilərinə baş köşəsində yer verən Sərkərdə-Xaqanların ruhunun diqtəsi idi. Memar olmaq arzusu ilə yaşayan tarixçi Heydər Əliyev bunları çoxlarından çox yaxşı bilirdi. Yaddaş Memarı olaraq doğulduğunu, Seçənin Seçiləni olduğunu bildiyi kimi.

Köçə karvan, haqqa sarvan dünyada yol gəlirdi. Uzaqlardan, lap, lap uzaqlardan. Tanrı dağından Ağrı dağına, Altaylardan Anadoluya, Türküstandan İraq-türkmən ellərinə, Dədə Qorqud diyarına. “Ey, türk Oğuz Bəyləri, Millətim, eşidin! Üstdən mavi göy çökmədikcə altta yer dəlinmədikcə, sənin elini və törəni kimsə poza bilməz.

“Ey Türk! Titrə və özünə dön!” nidası ilə ulu, azman türkü ayaqda tutan Oğuz xaqan misalı O, Odlar Yurdu Azərbaycanın, Türküstanın, türk dünyasının, Şərqin haqq səsi olacaq, çiynində çar çinləri, sovet ulduzları daşısa da, ruhunda TURAN sevdası yaşadacaqdı!

Mənsub olduğu millətin, məmləkətin düz 50 il haqq səsinə dönən, Müasir Azərbaycanın Memarı özündən sonra bir Şah əsər – Azərbaycan qoyacaq, onu Varisinə - cisminin və ruhunun davamçısına əmanət edəcəkdi!

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Paşa Atatürkün: “Cismimin yiyəsi Əli Rza Əfəndidirsə, ruhumun yiyəsi Ziya Göyalpdır” sevdası bir tarixdi. Türk dövlətçilik tarixində atasına və ruhunun atasına – Ustada verilən dəyərin tarixi.

Bu gün özü bir dəyər, fikri, düşüncəsi əyar olan ən yeni Azərbaycanın memarı Prezident cənab İlham Əliyevin səadəti Qazi Mustafa Kamaldan bir qədər də ötədi. Onun cisminin də, ruhunun da yiyəsi Atasıdı – Sərkərdə - Xaqan Atası!

“Gül Bayramı”ndakı körpənin təmənnadan, konyukturadan uzaq yaddaşı Onun, Bizim dövlətimizin, millətimizin, məmləkətimizin yaddaşıdı. Bunu bizə yüz illər boyu çox görənlər olub, Yurdumuzu bölənlər, ərazi adına birliyimizi, bütövlüyümüzü pozanlar tək bir şeyi unudublar. Göy Tanrının ad verdiyi, adına Ordum dediyi türkün Birliyini, Bütövlüyünü, Törəsini pozmaq mümkünsüzdür. Türklər ölər, hicrət etməz, yaddaşından, soy və boy birliyindən dönməz. Saray dəyişər, sultan dəyişər, millət, məfkurə dəyişməz.

Bölündükcə bölünən, dilim-dilim doğranan, budaq-budaq budanan, alma kimi soyulan Odlar Yurdunda XV yüzildə Sərkərdə - xaqan doğulur, bir əlində Qılınc, birində Saz at üstə şahə qalxır. Qisas qiyamətə qalmaz deyir! Dilimiz, gülümüz, bülbülümüz olur. Ana dilimizi Saray, siyasət, mədəniyyət dili edir. Səfəvilər dövlətini qurur. O, türkün Şah İsmayıl Xətai ucalığıydı.

Ötən əsrin 40-cı illərində Təbriz darda, Dərbənd intizarda idi. Azərbaycanın üçüncü katibi, qüdrətli dövlət xadimi, məğlubedilməz, əyilməz, cəsarətli bir Sərkərdə neştərini, qələmini süngüyə çevirib Güney Azərbaycanın, dağlar diyarı Dağıstanın xilaskarına, qeyrət qalasına çevrildi. Təbriz fəlakətdən, Dərbənd səfalətdən, on minlərlə dağıstanlı deportasiyadan xilas oldu. Şah İsmayıl Xətaidən, Şeyx Şamildən, Səttərxandan, Xiyabanidən sonra Dərbəndin qala divarlarında bir şahin pərvaza gəldi. Bu güneylilərin, dağıstanlıların xilaskarı, xeyirxahı, Sərkərdə-Xaqan ucalığı polkovnik - komissar Əziz Məmmədkərim oğlu Əliyevdi. Təbrizdə “göydə Allah, yerdə Əziz Əliyev” deyən türklərin səsinə səs Dağıstandan, Dərbəndin qala divarlarının ətəyindən gəldi. Moskvada Stalini tanımayan dağlılar “göydə Allah, yerdə Əziz Əliyev” dedi!

1990-cı ilin 20 yanvar dəhşətlərində, Bakı öz qanına boyananda xalq “göydə Allah, Moskvada Heydər Əliyev” dedi. Ömrü boyu sədaqətlə xidmət etdiyi quruluşa, cəlladlar səltənətinə millətinin, məmləkətinin günahsız tökülən qanını bağışlamayan Heydər Əlirza oğlu Əliyev Səttərxanın “Azərbaycan gec qızan bir daş qazana bənzər, o gec qızar, gec də soyuyar!”, Şeyx Məhəmməd Xiyabaninin “Özünü dərk edən ölümsüz millətə ölüm yoxdur!”, Şah İsmayıl Xətainin “Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni” nidası ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Partiya biletindən, rejimdən imtina etdi. Bu ölümü gözə almaq idi.

Ona qədər təbabətdən siyasətə yol gələn iki qüdrətli dövlət xadimimiz – Nəriman Nərimanov və Əziz Əliyev Ölüm-Qalım savaşına çıxmış, millət, məmləkət sevdasına qurban getmiş, quruluşun, rejimin əcəl şərbətini içmişdi. Uzun müddət ölkənin təhlükəsizlik komitəsinə rəhbərlik etmiş general Heydər Əliyev bunları bilirdi. Hətta ən incə məqamlarına, detallarına qədər.

Onun bir sərkərdə-xaqan ucalığı, Azərbaycanlı qüruru, məğrurluğu, türk əzəməti, əyilməzliyi, şərqli mərhəməti, məhəbbəti var idi. Bu dar gündə, ağır zamanda əli yerdən, göydən üzülən Millətinin, Məmləkətinin haqq səsinə dönmək imandan idi. Vətəni sevmək imandadı, Dövlət qalan, qalan hər şey yalandı müqəddəsliyini darda, intizarda olan, Lenin meydanını Azadlıq meydanına, Dostluq parkını - 1918-ci ilin Bakı qırğınları zamanı Şəhidlərin dəfn olunduğu əski Çəmbərəkənd qəbristanlığını Şəhidlər Xiyabanına çevirən xalq ondan öyrənmişdi.

“40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdı” nidası ilə Xilafət ordusuna qarşı düz 20 il mücadilə edən, qolları budananda “Azərbaycan, Azərbaycan, Azərbaycan” sevdası ilə səhraların Azadlıq carçısına çevrilən Babək Xürrəmi, dərisi soyulub rəngi saralanda din libaslı dinsizlərin, imansızların “Şair rəngin saraldı, qorxdun elə bil” sualına, sual qarışıq heyrətlə “Bədbaxtlar, mən əbədiyyət üfüqlərində doğan Günəşəm. Günəş qürub edəndə rəngi saralar” cavabı, al qanı, budanan qolları ilə türkün ləyaqət tarixini yazan Seyid İmadəddin Nəsimi onun qürur mənbəyi, tarixin o üzündən, qədim-qayım yaddaşından qopub gələn səsi idi!    

Sevə-sevə, vüqarla bütün yazılarımda yada saldığım üç qüdrətli türk kişisi də var ki, imperiyalar qabağında məğrurluğumuzun, məğlubedilməzliyimizin, əyilməzliyimizin simgəsi, bəlgəsidi.

Dərbənd Şeyxülislamı Qasım Kazım bəyin varisi, Molla Saleh Bilicinin, Molla Əbdüləziz Hüsgəncinin, Şeyx Məhəmməd Bəhreyninin şəyirdi, İ.Beryozin, İ.İvanov, N.İlminski kimi qüdrətli şərqşünasların ustadı, Lev Tolstoy, Nikolay Çernişevski kimi müqtədir qələm sahiblərinin ən yaxın dostu, Kazan Universitetinin Şərqşünaslıq bölümünün qurucusu, ayrı-ayrı vaxtlarda Kazan və Peterburq Universitetlərinin kürsülərindən iyirmi ildən çox Şərq ədəbiyyatı, tarixi, mədəniyyəti və dilləri ilə bağlı mühazirələr oxuyan, Çar Nikolayın hüzurunda belə, “Şərqi xilas edəcək, tərəqqi etdirəcək insanlar Şərqin özündən çıxmalıdır” gerçəyini cəsarətlə dilə gətirən, üç dəfə Çar tərəfindən Rusiyanın ən ali təltifinə - Demidov mükafatına layiq görülən, “Türk-tatar dilinin qrammatikası” əsərini “Mən qürur duyuram ki, Azərbaycanlıyam!” nidası ilə başlayan, “Dərbəndnamə”si ilə millət, məmləkət sevgisinə, qəhrəmanlıq, cəsarət və ləyaqət, məğrurluq və yenilməzlik tariximizə “Şeyx Şamil və müridizm” əsəri ilə abidə ucaldan Mirzə Kazım bəy Qəhrəman idi. Əsərinə “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən Qəhrəmandır!” epiqrafını seçib 20 il Çar Rusiyasına qarşı mücadilə edən bir məğlubedilməz sərkərdənin, mücahidlər, müridlər Ustadının adını tutmaq nə qədər cəsarət idisə, bir müsəlman şeyxini, imamını qəhrəmanı, üstəlik “qəhrəmanlar yetirən Qəhrəman” adlandırmaq bir o qədər böyük qəhrəmanlıq, cəsarət idi. Azərbaycanlılığı ilə qürur duyan Mirzə Kazım bəy bunu bacarmışdı. O, özü də bir Qəhrəman idi. Rusiya kimi nüfuzlu elmi məktəbləri olan alimlərin içərisində tək və yeganə Türk, Müsəlman, Azərbaycanlı idi. Mirzə Kazım bəy qələmini süngüyə çevirib elm məbədlərini fəth etmişdi. Bu səbəbdən də bütün elmi dairələrdə əsərləri senzuradan kənar dərc olunur, fikri, düşüncəsi, elmi qənaəti müzakirəsiz qəbul edilirdi. Qafqazlıların imamı Şeyx Şamil düz 20 il Çar Rusiyasının başının bəlası, İstanbula uzanan yolda alınmaz qalası olmuşdu. On minlərlə dağlı Çar Rusiyası ilə mücadilədə şəhid olacağını bilsə də İnamının, İmamının, Şeyxinin eşqinə qayaların dibindən, ağacların kölgəsindən durub qılınc sıyırır, dağların quşqonmazında qartal kimi səkirdi.

Deyirlər, müridinin bir kəlməsi ilə dağlar diyarında səngərə, sipərə dönən müridlərin imanından, inamından heyrətlənən Çar Nikolay aulunu qandan, məhv olmaqdan qorumaq üçün qılıncını qına qoyan Şeyx Şamili sarayında qonaq edir: “Sizi süfrəmin başında görməkdən qürur duyuram” kəlamı ilə dağlıların Mürşidi – kamilinə ehtiram göstərən zaman ondan dağların əzəməti, dağlıların vüqarı ilə: “Mən də, Sizi süfrəmdə qonaq etsəydim qürur duyardım” cavabını eşidir. Cəsarətdən heyrətlənən Çar: “Böyük Adam! Böyük Adam! Böyük Adam! nidası ilə sükuta dalır.

Baxın, bu milli genefondu qorumaq üçün qılıncı qına qoymuş bir Mücahidin, Mürşidin cavabıydı. Çar Nikolay onu süfrəsinin başında gördüyü üçün qürur duyduğunu dilə gətirir. Şeyx Şamil isə bu gün də, dağlar diyarında qonaq olduğunu etiraf etməyənləri süfrəsində qonaq edə bilməməyin kədərini yaşayır. Təkcə yaşamır, onu Çarın üzünə vurmaqdan çəkinmir. Siz mənim diyarımda QONAQSINIZ kəlamını dilə gətirməyə özündə cəsarət tapır.

Hər bir qüdrətli, məğrur insan, mütəfəkkir Şərqli, əyilməz Qafqazlı üçün bir dünya, qəhrəmanlıq dastanı olan bu əhvalata birini də əlavə etmək istəyirəm: deyirlər, Nikolayın tacgüzarlığında Rusiyanın bütün əyalətlərinin nüfuzlu adamları iştirak edir, Çara hədiyyələr təqdim edirmiş. Azərbaycanın qüruru, vüqarı Hacı Zeynalabdin Tağıyev yaxınlaşanda protokol rəhbəri Hacının rus dilini anlamadığını düşünüb: “Tağıyev – vəhşi xalqın nümayəndəsi” təqdimatını verir. Dönüb sərt baxışlarla adını tutub xalqını aşağılayan aşağı təfəkkürlü saray əyanını süzən, Tağıyev rus dilində: “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli keçmişi, zəngin tarixi vardır”, cavabını verib Çara ərmağanını təqdim edir...

Deyirlər, tək bircə o sərt baxışa, cavaba görə Çar Nikolay həmin gün etikadan kənar davranışına görə o əyanı saraydan sürgün edir. Böyük tikə yeməyib, böyük söz danışmağın cəzasını verir...

Onu da deyirlər ki, bu mərasimdən sonra Tağıyev Azərbaycanda ilk teatrı, Qız Məktəbini qurur, milli mətbuatı milli məfkurənin sütununa çevirmək üçün Çarı razı sala bilməsə də, xanımına bir ovuc brilliant hədiyyə göndərməklə “Kaspi” mətbəəsini satın alır. Həsən bəy Zərdabinin, Ömər Faiq Nemanzadənin, Məhəmməd Ağa Şahtaxtlının, Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Cəlil Məmmədquluzadənin düşüncələrinin davamına çevrilir. Milli mətbuatın, milli məfkurənin, milli dövlətçiliyin inkişafı, millətin cəhalətdən qurtuluşu üçün sərvətini sərmayə edir. Şərqin ilk Demokratik Cümhuriyyətinin qurulması üçün əlindən gələni əsirgəmir,  millətin oyanışını məmləkətin qurtuluşu kimi qəbul edir.

Müharibələrdən, repressiyalardan, deportasiyalardan keçən Azərbaycanın növbəti etirazı onun özü qədər əzəmətli Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə imperiyaları yerindən oynadır. “Şərqi xilas edəcək, tərəqqi etdirəcək insanlar Şərqin özündən çıxmalıdır”, “Mən qürur duyuram ki, Azərbaycanlıyam”, “Mən də, Sizi süfrəmin başında qonaq etsəydim qürur duyardım”, “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli keçmişi, zəngin tarixi vardır” deyib Çar Rusiyasının üzünə duran, mənsub olduğu millətin haqq səsinə dönən Mirzə Kazım bəyin, Şeyx Şamilin, Hacı Zeynalabdin Tağıyevin, “Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə yoxdan bir dövlət qurub, bayraq yapan M.Ə.Rəsulzadənin, “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, orada yaşayanlar qan qardaşlarımızdır”, “Ya gəlin Dağıstanı, Dərbəndi birlikdə xilas edək, ya da gəlin birlikdə ölək” nidası ilə tarix yaradan polkovnik Əziz Əliyevin ruhunu cisminə geyib gələn Ulu öndər Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində ana dilində nitqi ilə tarix yaratdı. Bu rus dilinin hakimi mütləq olduğu, bütün dövlət idarələrində yazışmaların, kargüzarlıq işlərinin həmin dildə aparıldığı bir dönəmdə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam”. “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” deyən Birinci katibin general Heydər Əlirza oğlu Əliyevin Şura hökumətinə etirazıydı. Bu həm də Qafqazlarda, Azərbaycanda QONAQ olduğunu boynuna almayanlara görk idi. Göz dağları, düyünləri isə qabaqda idi...

Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycan olan, Azərbaycançılıq məfkurəsi ilə milli dövlətçilik tariximizin mühüm mərhələsinə imza atan Ulu öndər Heydər Əliyevi hər kəs həm də iki müqəddəs hissinə görə böyük ehtiramla xatırlayır. Onun biri və birincisi ana dilini dövlət dili elan etməsi, onun mənsub olduğu, özü kimi qədim-qayım xalqın adı ilə çağrılmasına nail olması, Konstitusiya hüququ verməsi, ikincisi isə milli-mənəvi dəyərlər tariximizi yaradan qüdrətli sənət-söz adamlarını himayə etməsi, onların adlarının əbədiləşdirilməsi, abidələrinin ucaldılması, xatirə muzeylərinin qurulması istiqamətində cəsarətli addımlar atması idi.

Ulu Öndər hakimiyyətinin birinci mərhələsində 70-80-ci illərdə bunlara nail oldu. Dövrünün poeziya dili olan fars dilində qələm çaldığına, əsərlər yazdığına görə onu özününküləşdirmək istəyənlərə görk olsun deyə, Bakının qala divarlarının önündə ucaldılan iki əzəmətli abidəyə - Nizami Gəncəvinin heykəlinə və şairin adını daşıyan Ədəbiyyat Muzeyinin sırasına Nizami metrostansiyasının əlavə olunması, onun dahi Nizaminin əsərləri ilə süslənməsi yeraltı və yerüstü dünyanın, ruhlar səltənətinin Sultanı Şeyx Nizami Gəncəvinin ünvanını dünyaya bəyan etdi. Elə həmin 70-ci illərdə Mövlana Məhəmməd Füzulinin abidəsinin ucaldılması ilə səhraların Bayat boylu Söz Sarvanının, ərəb, fars və türk dillərində divanların ustadının yurd müqəddəsliyi, ərəb dilinin  saray, mədəniyyət, siyasət və poeziya dili olaraq qəbul edildiyi, türkcənin aşağılandığı XIV-XV yüz illərdə bu dildə incə ruhlu qəzəllər, əsərlər yaradan, divanlar bağlayan Seyid İmadəddin Nəsiminin milli kimliyi ilə bağlı suallara son qoydu.

37-ci ilin dəhşətli repressiyalarında TURAN və QURАN müqəddəsliyinə qurban getmiş Hüseyn Cavidin nəşinin Sibir çöllərindən Vətənə gətirilməsi, ata yurdu Naxçıvanda torpağa verilməsi, Cavidlər Məqbərə Kompleksinin ucaldılması Ulu öndər Heydər Əliyevin mənəvi dəyərlər tarixi qarşısında ən böyük xidmətlərindən idi.

Azərbaycanı ikiyə bölən, rus və fars imperiyası arasında yağmalayan yağılar KQB-nin zabiti, sədri kimi çiyinlərində çar çinləri daşısa da, qəlbində türk sevdası, ruhunda bütöv Azərbaycan nidası gəzdirən general Heydər Əliyevi yaxşı tanımamışdı. Güvənib Birinci katib təyin etdiyi bu qüdrətli şəxsiyyət tez bir zamanda onun ümidlərini puça çıxarmışdı. Aqrar ölkə, kapitalizm formasiyasından uzaq feodal zümrəsi kimi qəbul etdirmək istədiyi Azərbaycan qısa zaman kəsiyindən sonra qüdrətli iqtisadi potensiala, intellekt kapitalına malik ölkəyə, sənaye mərkəzinə çevrilmişdi.

Çənbərəkənd qəbristanlığını Dağüstü parka çevirən, Azərbaycan xalqının cəlladı S.M.Kirova abidə ucaldan Şura hökumətinə görk olsun deyə Ulu Öndər elə həmin Dağüstü Parkda “Gülüstan” sarayını ucaltdı. O dövrün dövlət tədbirləri üçün nəzərdə tutulan saraya gələn qonaqlar sarayın tavanını süsləyən səkkiz guşəli ulduzlara baxıb Oğuz elini TURAN edən türklərin qüdrətini etiraf etdiyi kimi, “Gülüstan” adından boylanan, Azərbaycanı ikiyə bölən imperiyaların xəyanətini düşünməmiş deyildi. Bu bir Heydər Əliyev yaddaşı idi. Səsi Təbrizdən, sədası Dəmirqapı Dərbənddən, nidası Nuhun çıxdığı torpaqdan, kədəri, dərdi Qarapapaq elləri Borçalıdan gəlirdi. Onun S.M.Kirovun abidəsindən bir baş yüksək ucaltdırdığı bir abidə isə Səttərxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Əziz Əliyev kimi dövlət xadimlərinin xatirəsinə, milli dövlətçilik tariximizin memarlarının ruhuna ehtiramın əlaməti idi. Bu Nəriman Nərimanovun qranitdən yonulan, Qılınc və Qələm sevgisinə ucalan abidəsi idi. Abidə, heykəl ucaltmaq, sağlığında abidəyə, daşa, yaddaşa çevrilmək Ulu Öndərin alın yazısı, Tanrıdan tale payı idi.

Səni bu hüsnü-camal ilə, bu lütf ilə görüb,

Qorxdular həqq deməyə, döndülər insan dedilər.

Bu, 650 il öncə Seyid İmadəddin Nəsiminin Tanrının təcəlla etdiyi insana sevgisindən örnəkdir. Ulu Öndər bütün addımları ilə mənsub olduğu millətin, məmləkətin haqq səsi – həqiqət carçısı idi. Nəsimi Allahı insanda görüb, onu ilahiləşdirəndə haqqı deyir, kamil insanı haqqdan bilirdi. Onun 600 illik yubileyi də ötən əsrin 70-ci illərinə təsadüf etmişdi. O dövr bizə kimləri, nələri bəxş etmədi? Daha doğrusu, kimləri bizə qaytarmadı? Mirzə İbrahimov, Üzeyir Hacıbəyov, Səməd Vurğun, İlyas Əfəndiyev, Rəsul Rza, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Arif Məlikov, Tofiq Quliyev, Rəşid Behbudov, Zeynəb Xanlarova, Bəxtiyar Vahabzadə, Mövlud Süleymanlı, İsa Hüseynov, Məmməd Araz, Xəlil Rza Ulutürk, Ədil İsgəndərov, Eldar Quliyev, Xəyyam Mirzəzadə, Rasim Balayev, Hidayət, Anar, Sabir Rüstəmxanlı və adlarını sadalamadığımız onlarla fitri istedad sahiblərinin, onların mənsub olduğu millətin, məmləkətin haqqını Azərbaycanın o zamankı Birinci katibi onun özünün haqqına asi çıxan, yurdunu bölən yağılardan aldı. Keçici bayraqları, orden və medalları, SSRİ-nin ən ali mükafatlarını sarayın baş köşəsinə gətirdi.

“Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş qürub etdikcə rəngi saralar”. Ta uşaqlıqdan, ağlım təzə-təzə kəsəndən bu sözləri əzbər bilmişəm. Təkcə mən yox, kəndimizdə hamı bilirdi: müəllim, həkim, kolxozçu, suçu, fəhlə, qoca, cavan, uşaq. Hamının bircə televiziya kanalı vardı – Azərbaycan Televiziyası. “Dədə Qorqud”, “Axırıncı aşırım”, “Babək”, “Dəli Kür”, “Nəsimi” kimi milli koloriti, üsyankar ruhu, təəssübkeşlik hissi ilə bir dünya, sərhədləri bağlı, qolları buxovlu Azərbaycanın əbədi istiqlalına inamla, ümidlə dolu bir ümman olan filmlər buradan göstərilirdi. Biz bunu 1989-cu ildə Topxanada qırılan bir armud ağacı – daha doğrusu, Yaddaş Ağacı üçün ayağa qalxanda, Lenin meydanını Azadlıq meydanına çevirəndə, Leninin, Kirovun abidəsini aşıranda, 20 Yanvar şəhidlərini Təzə Pir məscidində göz yaşları ilə yuyub al qanımızla kəfənləyib Xəzərin sahilidən çiyinlərimizdə deyil, ürəyimizin başında Şəhidlər Xiyabanına qaldıranda yaşadıq.

Azərbaycan əbədi istiqlala qovuşanda bildik ki, yuxarıda qeyd etdiyim qalın-qalın kitablara, təzkirələrə, cüngələrə, bəyazlara bərabər filmlər məhz Ulu öndər Heydər Əliyevin diqtəsi, iradəsi, himayəsi ilə çəkilir, insanları yaddaşa qaytarır, qurtuluşa səsləyirmiş. Bu bir Azalıq Aşiqinin dastanı idi.

O, tarixlə müasirlik arasında körpüyə çevrildiyi kimi, “Gəmidə oturub gəmiçi ilə dava edirdi”. Bu davanı Babək Xürrəmi, Həllac Mənsur, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Şeyx Cəmaləddin Əfqani, Qubalı Fətəli xan, Gəncəli Cavad xan, Mirzə Kazım bəy, Şeyx Şamil, Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Səttərxan, Seyid Cəfər Pişəvəri, Əziz Əliyev kimi qüdrətli fikir və düşüncə sahibləri, dövlət xadimləri yüz illər boyu aparmış, Səməd Vurğunun dili ilə: “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan, Azərbaycan?!” demişdi.

“Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir, mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” nidası ilə millətinin qüdrət və cəsarət rəmzinə dönən Ulu öndər Heydər Əliyev hakimiyyətinin ikinci mərhələsində milli-mənəvi dəyərlərimizin memarına çevrildi. Quruculuq, qoruyuculuq, xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi.

Tarix təkrarlandı. “Kitabi-Dədə Qorqud Dastanı”nın, Mövlana Məhəmməd Füzulinin, Xoca Nəsirəddin Tusinin adına şölənlər quruldu. Şərqin, Türk dünyasının, Azərbaycanın mənəvi dəyərlərinin qorunması, himayə edilməsi, tədqiqi, təbliği istiqamətində mühüm addımlar atıldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar, Xocalı dəhşətləri ilə amansız mücadilədə belə Ulu Öndər milli-mənəvi dəyərlərin qoruyucusuna çevrildi.

Beynəlxaq İpək Yolu layihəsinin, TRASEKA və TASİS proqramlarının, “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars neft-qaz kəmərlərinin işə düşməsi ilə ölkəmiz blokadadan çıxdı. Millət səfalətdən, məmləkət fəlakətdən xilas oldu. Ölkəmizi parçalamaq, bölmək istəyən seperatçı qüvvələrə, şimaldan və cənubdan “əsən qara yellərə” Ulu Öndərin cəsarət dərsi verildi.

90-cı illərin Ölüm-Dirim savaşından qalib çıxan, özü ilə birlikdə Naxçıvanın xilaskarına çevrilən, tikib qurduğu Bakının – Baş şəhərin qapısı üzünə naxələflər tərəfindən bağlansa da, xalqa arxalanan, xalqa inanan, Vətənin ən dar günündə Böyük Qayıdışı ilə Xilaskarlıq, Xeyirxahlıq missiyasını üzərinə alan Ulu Öndər, “Öldü var, döndü yoxdur” nidası ilə “Ölüm ya qalım dilemması” qarşısında qalan, torpaqları işğal edilən, milli genefondu tükənmək üzrə olan, on minlərlə şəhid verən, əlləri göydən, yerdən üzüləndə göydə Allah, Naxçıvanda Heydər Əliyev deyən millətin, məmləkətin səsinə səs verdi.

1993-cü ilin o ağır, dəhşətli günlərində, ölkəni erməni daşnaq hücumları, vətəndaş qarşıdurması, separatçı qüvvələrin hiyləgər siyasəti cənginə aldığı bir zamanda – Heydər Əliyev qartal qanadlarını Vətənin, Odlar Yurdunun üstünə sərdi. Onu qanadlarına alıb göylərə qaldırdı, iflasdan, fəlakətdən, səfalətdən qorudu. Bir zamanlar nəşini çiyinlərinə alıb Torpaq müqəddəsliyinə, Vətən sevgisinə qovuşdurduğu Cavid Əfəndinin dili ilə:

Kəssə, hər kim tökülən qan izini,

Qurtaran dahi odur, yer üzünü.

- nidası ilə üzü Gəncəyə - Cümhuriyyətimizin Baş şəhərinə getdi. Ölümü gözə alaraq “el bir olsa, zərbi kərən sındırar” deyib Xalqa arxalandı, Xalqa arxa oldu. “İgid sərkərdə olsa gedərmi ordu bada?” hikmətinə tapınan millət, məmləkət Xilaskarına güvəndi, inandı. Bu inam yeni Azərbaycanın tarixini yaratdı. Ulu Öndərin iradəsinə, cəsarətinə, Vətən sevgisinə bağlı tarixini!

İnqilablar, repressiyalar, deportasiyalar, müharibələr, texniki- tərəqqi, elmi yeniliklərlə yadda qalan XX yüz ilin 40-cı illəri Azərbaycan, ümumən dünya üçün qan və intiqam dövrü idi. İkinci Dünya müharibəsi, 1941-45-ci illərin dəhşətləri, Hitler Almaniyasının bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək cəhdi, imperialist qüvvələrin yanacaq və energetika uğrunda mübarizəsi insanlığı fəlakətlə üz-üzə qoymuşdu.

“Gülüstan”, “Türkmənçay” dəhşətləri ilə ikiyə parçalanmış Azərbaycan daha ağır günlərini yaşayırdı. Bakının, Təbrizin, Dərbəndin taleyi həll olunurdu.

Hitler Almaniyası Berlindən Mozdoka qədər irəliləmişdi, Sovet İttifaqının, Böyük Britaniya və İngiltərə Krallığının, Amerika Birləşmiş Ştatlarının, Almaniyanın İranda – Güney Azərbaycanda toqquşan maraqları Xəzər dənizini, Bakını bir anın içərisində barıt çəlləyinə çevirə bilərdi.

Təbriz intizarda, Dərbənd qubarda, Bakı darda idi. 1941-ci ilin payızında İrandan gələcək təhlükənin qarşısını almaq üçün Moskvada – Mərkəzdə plan cızılırdı. Təbrizin, Güney Azərbaycanın, Bakı neftinin, Xəzər hövzəsinin taleyini sıradan bir siyasi rəhbərə etibar etmək olmazdı.

Ölkənin Səhiyyə Komissarı, Tibb İnstitutunun qurucusu, müxtəlif fasilələrlə iki dəfə rəhbəri olmuş, 1937-ci ildə repressiyanın ən ağır günlərində Bakı Universitetinin rektoru kimi sınaqlardan çıxmış, xilaskarlıq, xeyirxahlıq, peşəkarlıq nümunəsi tək etalona çevrilmiş Azərbaycan K(b)P MK-nın üçüncü katibi polkovnik Əziz Əliyev Azərbaycan və Sovet İttifaqı rəhbərinin arxalandığı, inandığı, etibar edib etimad göstərdiyi tək və yeganə kadr idi. Əzəməti, cəsarəti, ləyaqəti, təşkilatçılıq məharəti ilə dövrünün bir çox dövlət xadimlərinə örnək olan professor Əziz Əliyev təbabətdən siyasətə yol gəlmişdi. Əqidəsi, məsləki ilə sınaqlardan çıxmışdı.

Təbrizin, Güney Azərbaycanın, ümumən Sovet İttifaqının İrandakı, Xəzər hövzəsindəki, Yaxın Şərqdəki taleyini ancaq ona, onun iradəsinə, analitik təfəkkürünə, uzaqgörən siyasətinə, sərkərdə ucalığına etibar etmək olardi.

Bu etibarı, etimadı doğrultmaq üçün Sovet İttifaqı missiyasının – “Əziz Əliyev qrupu”nun rəhbərinə - komissar Əliyevə uzun müddət gərək olmadı. Cəmi altı aya Güney Azərbaycanda vəziyyət dəyişdi. Sovet İttifaqının İrandakı mövqeləri möhkəmləndi. Təbrizdə ana dilində mətbu orqan, məktəb, sosial - səhiyyə obyektləri quruldu. Səttərxandan, Xiyabanidən sonra Milli hərəkatın təməli qoyuldu. Oyanış, Qurtuluş dastanı yazan Güney Azərbaycanda iki yüz ildir hüquqları tapdanan, ana dilində yazmaq, oxumaq, danışmaq haqqı əlindən alınan yüz minlərlə güneyli Birlik, Bütövlük nidası ilə göydə Allah, Təbrizdə komissar Əziz Əliyev dedi! Bu Təbrizin oyanışı, əbədi qurtuluşu üçün Komissar Əliyev adlı Milli Liderinə inamın ifadəsi idi. Komissar Əliyevin təməlini qoyduğu Milli Hərəkat konsepsiyası 1946-cı ildə Milli hökumətə çevriləcəkdi. Tək bircə bu fakt Sovet İttifaqını, İranı, İrandakı diplomatik missiyaları nigaran qoyurdu. Sovet rəhbərliyi komissar Əliyevin əzəməti fonunda itən nüfuzunu qorumaq üçün İran rejiminin təkidi ilə 1942-ci ilin yazında onu geri çağırır. Onunla birlikdə İrandakı, Yaxın Şərqdəki təsir dairəsini bütünlüklə itirir. 1946-cı ildə Sovet Qarnizonunun İrandan çıxması ilə nəticələnən hadisələr Sovetlərə Komissar Əliyevsiz illərin dəhşətini yaşadır.

Polkovnik Əziz Əliyevin Vətənə - Bakıya dönüşündən, Sovetlərin İrandakı siyasi səhfindən sonra SSRİ rəhbəri 1942-ci ilin payızında Dağıstan dəhşətləri ilə üzləşir. Moskvaya, Mozdoka qədər irəliləyən Hitler Almaniyası nəyin bahasına olursa olsun, Bakını, Bakı neftini ələ keçirmək üçün Şimali Qafqazda möhkəmlənir. Qroznı neftini nəzarət altına alır. Qafqaz qan çanağına dönür. Dağıstanın bir addımlığında olan faşist hərbi birləşmələri maneəyə rast gəlməsə bir azdan Dərbəndi, Mahaçqalanı tutacaq, Bakıya doğru irəliləyəcəkdi. Şeyx Şamil hərəkatına, 37-ci ilin dəhşətli repressiyalarının qurbanlarına görə Sovetlərə inamı itən, incik düşən dağıstanlıları ümumi düşmənə qarşı səfərbər etmək də asan deyildi. Üstəgəl, Dağıstan İosif Stalindən üz çevirmişdi. Axısqa türklərindən, Krım tatarlarından, Çeçen, inquş və balkarlardan sonra dağlıların deportasiyası gündəmdə idi. Sibir çöllərində, Türküstan qırgəzlərində xüsusi şəhərciklər üçün yerlər ayrılmışdı. Dağıstanlılar Şura hökumətinə inamsızlıqda, Osmanlı, ingilis, alman xəfiyyəsi ilə işbirliyində ittiham olunur, onlara “pantürkist”, “panislamist” damğası vurulurdu.

Dağlar diyarının, dağların özü qədər əzəmətli, məğrur, məğlubedilməz, şərin-böhtanın hədəfində olan insanları qalın meşələrə, quşqonmaz zirvələrə çəkilib onu düşmən sayan gavurun dəyirmanına su töküb, səngərlərinə sipər olmaqdan imtina etmişdi. Lap dünya dağılsa, qan su yerinə axsa da Sovet İttifaqının Şimali Qafqazda, Dağıstanda arxası boşalmışdı. Dağlar, qalalar, vüqarlı insanlar diyarında itən nüfuzunu qaldırmaq üçün kadrı da yox idi. Moskvadan, Mərkəzdən göndərdiyi ən etibarlı kadrlar da, etimadını doğrulda bilmirdi. Ağır illər, dəhşətli günlər özü də qafqazlı olan İosif Stalini Şərqin böyük mütəfəkkir alimi, Mirzə Kazım bəyin “Şərqi xilas edəcək, tərəqqi etdirəcək insanlar Şərqin özündən çıxmalıdır” hikmətinə tapınmağa vadar edir. Və Azərbaycan K(b)P MK-nın üçüncü katibi, Güney Azərbaycanda, Təbrizdə siyasi rəhbər kimi böyük işlər görən polkovnik - komissar Əziz Əliyevi Dağıstan Vilayət Partiya Komitəsinə birinci katib, Mahaçqala Müdafiə Şurasına sədr, 47-ci və 58-ci Ordunun hərbi şuralarının sədri təyin edir. Bakı Dairəsi Havadan Müdafiə Qüvvələrinin hərbi şurasının üzvü olan polkovnik Əziz Əliyev 840 min nüfusu olan, 80-dən çox xalqı, etnik qrupu birləşdirən “Göydə Allah, yerdə Ağsaqqal” deyən Dağıstanın, dağlıların, onların simasında Sovet İttifaqının, Azərbaycanın Xilaskarına, Xeyirxahına, Qurtuluş Memarına çevrilir!

Çar Rusiyasından, Şura hökumətindən üz çevirən, Allahı tanımayan, quruluşdan imtina edən dağlılar Komissar Əliyevin simasında məğrur, müdrik, əyilməz, qeyrətli, mərhəmətli, ədalətli rəhbər qazanır. Məhz Əziz Əliyevin iradəsi, cəsarəti, səmimiyyəti 130 min dağlının səfərbər olmasına rəvac verir. 25 mindən çox dağlı igid faşizm üzərində qələbəyə görə SSRİ-nin ən ali mükafatlarına, orden, medallara layiq görülür. Şura hökumətinin Şeyx Şamilin, Hacı Muradın varisləri kimi damğaladığı dağlı igidlərin beş mindən çoxu Sovet İttifaqı Qəhrəmanı adını alır. Polkovnik Əziz Əliyevin xeyir-duası ilə qurulan məşhur Melitopol Diviziyası onun təqdim etdiyi bayrağı Mahaçqaladan Berlinədək uğurla daşıyır, Reyxstaqın binasına sancır.

Polkovnik Əziz Əliyev dağlar diyarına qədəm qoyanda Dağıstanın da, dağlıların da ağır günləri idi. Həkim, alim, müəllim, dövlət xadimi Əziz Əliyev özü ilə birlikdə dağlar diyarına inam, etibar, məhəbbət, mərhəmət gətirdi. Əyilməzliyin, cəsarətin, ləyaqətin, imanın və inamın bəlgəsi olan dağlılar Ona, onun iradəsinə, qardaş məhəbbətinə, sədaqətinə, məğrurluğuna, müdrikliyinə inandı.

Qəhrəmanlar yetirən qəhrəman Şamilin ruhunun davamını onda gördü. Göydə Allah, yerdə Qurucu Əziz deyib ona tapındı. Məhz onun bir sözü, çağırışı ilə səngərlərə sipər oldu. Əlinin qabarı, alnının təri ilə arxa cəbhəni ön cəbhənin, Mahaçqalanı, Dağıstanı Azərbaycanın, Bakı neftinin alınmaz qalasına çevirdi. Polkovnik Əliyevin Sərkərdə-xaqan ucalığına söykəndi. Səngəri dağlar, sipəri boz qalalar olan dağlılar Göydə Allah, Dağıstanda Əziz Əliyev dedi.

Məhz onun iradəsi, cəsarəti, Vətən sevgisi “Hər şey cəbhə, hər şey qələbə üçün!” deyən Sovet İttifaqının Dağlar diyarında alınmaz qalası oldu. Ağıla gəlməyənlər başa gəldi. O ağır, dar günlərdə Dağıstan yenidən quruldu. Məktəblər, elm-tədris mərkəzləri, sosial-səhiyyə obyektləri, mədəniyyət ocaqları tikilib istifadəyə verildi. 80-dən çox xalqın sənəti, mədəniyyəti, teatrı, mətbuatı yoxdan var oldu. Mərkəzin, Stalinin Mikoyan-Beriya cütlüyünün diqtəsi ilə haqsız yerə şərlədiyi Dağlar diyarına, dağlılara inamı, etibarı artdı. Repressiyanın, müharibənin dəhşətlərini yaşayan dağlılar deportasiya, sürgün əzabından xilas oldu.

Məhz Əziz Əliyevin iradəsi, cəsarəti, təşkilatçılıq məharəti ilə Dağların üzündən qara buludlar çəkildi, dağlıların üstündən şərin, böhtanın pərdəsi götürüldü. Dağıstanın birliyi, bütövlüyü, törəsi pozulmadı. Dağlıların kürəyinə düşmən xəncəri saplanmadı, satqın, xəyanətkar, fərari damğası vurulmadı. Tanrı onu bu dünyaya sevməyə, sevindirməyə, yıxılanı qaldırmağa, dağılanı qurmağa, inam, ümid olmağa gətirmişdi...       

1993-cü ilin yazı, 1941-ci ilin Güney Azərbaycandakı, 1942-ci ilin Dağıstandakı payızını xatırladırdı. Naxçıvandan – Nuhun çıxdığı torpaqdan, Əlincə qalasının ətəyindən qopan, Bakıya qədəm qoyan Xilaskar polkovnik - komissar Əziz Məmmədkərim oğlu Əliyevin oğul əvəzi kürəkəni, düşmən çəpəri  idi. Oğul ruhunun atasına – QAYNATASINA çəkmişdi!

Təbrizdə, Dərbənddə qanı kəsən, şərin-böhtanın yuvasını dağıdan, öncə güney türklərini, sonra da bir milyona yaxın dağlını sürgünün, səfalətin, fəlakətin əlindən alan Ruhunun Atası kimi Ulu Öndər də Qayıdış Qurtuluş dastanı ilə tarixlə müasirlik arasında körpü olan Azərbaycanın yeni tarixini yazacaqdı. Hələ Moskvada, Nazirlər Soveti sədrinin müavini olarkən türksoylu xalqların haqq səsinə dönərək Kunanbayevin, Nazarbayevin xilaskarına, xeyirxahına çevrilən, onların siyasi taleyini, onlarla birlikdə Qazax xalqının gələcəyini həll edən Heydər Əlirza oğlu Əliyev türk dövlətləri ilə Azərbaycan arasında körpü olacaq, qonşu İran İslam Respublikasına Azərbaycan rəhbəri kimi qədəm qoyarkən Xəzər dənizini Mazandaran gölü adlandıran rejimin rəhbərinə etiraz edərək, Təbrizin qədim Azərbaycan şəhəri olduğunu söyləməkdən çəkinməyəcək, bir Varis ucalığı, əzəməti ilə “Səfəvilər dövləti müasir Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələdir və onu bizim ulularımız qurublar” kəlamını dilə gətirməklə bu torpaqların tarixi sakinlərinin türklər, Azərbaycanlılar olduğunu sərkərdə-xaqan ucalığı ilə dilə gətirəcəkdi.

O ağır, dar günlərdə Azərbaycanın işğal altında olan bölgələrinə əsgərlərlə, qaçqın və məcburi köçkünlərlə görüşə gedən: “Ya biz Qarabağı birlikdə azad edəcəyik, ya da birlikdə Şəhid olacağıq!” nidası ilə Ali Baş Komandan əzəməti, vüqarı sərgiləyən Ulu öndər Heydər Əliyev bu cəsarətli addımları, nitqi ilə polkovnik - komissar Əliyevin səsinə səs verəcəkdi. 52 il öncə Dağıstana, dağlar diyarına qədəm qoyan sərkərdə, polkovnik - komissar,  I katib Əziz Əliyev dağlı Ağsaqqallar, Cavanlarla ilk görüşündə: “Ya gəlin birlikdə Dağıstanı, Dərbəndi xilas edək, ya da gəlin birlikdə ölək!” demişdi.

Hər iki liderin – Mahaçqala Müdafiə Şurasının sədri, katib, Baba, polkovnik Əziz Əliyevin, Ali Baş Komandan, Prezident, Ata, general Heydər Əliyevin əzəmətini, cəsarətini, əyilməzliyini, məğlubedilməzliyini, vətənpərvərliyini, millət, məmləkət sevgisini 2003-cü ildən sonra bir Azərbaycanlı olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin simasında qürur hissi ilə yaşadıqca Azərbaycanlı, türk olduğunla fəxr edirsən. “Türkiyə yoxdur, Mən burdayam!”, “Türk dilli xalqlar və ölkələr arasında birliyin daha da gücləndirilməsini istəyirik. Bu bizim tariximiz, mədəniyyətimiz və köklərimizdir”. “Bizim İrəvan, Təbriz, Dərbənd, Bakı, Şamaxı kimi qədim tarixə malik şəhərlərimiz vardır” nidası, “Qarabağ Azərbaycanındır və nida işarəsi” cəsarəti ilə ali kürsülərə qalxan, humanitar forumlarda, konfrans və simpoziumlarda, müxtəlif ölkələrin dövlət başçıları, nüfuzlu siyasi xadimlərlə görüşlərdə dik duruşu, vüqarlı görünüşü, səlis nitqi, məntiqi, analitik təfəkkürü, ədalətli mövqeyi, unudulmaz çıxışları, Ali Baş Komandan, Sərkərdə-xaqan ucalığı ilə Bayrağımıza, Bayraqdarımıza yaraşan Liderin varlığına, törəyişinə, gəlişinə şükür edirsən. Genetik kodların diqtəsini etirafda bulunursan. Səsimiz, nəfəsimiz, uğur, qələbə rəmzimiz olan bir Liderə sahib olduğumuz üçün qürur duyur, düşünürsən: Dərbəndə, Təbrizə, Borçalıya, İrəvana bölünən, Şüşə könlünə Qarabağ düyünü, dağı çəkilən, Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran Odlar Yurdu Azərbaycanın XX yüz ildə bir soya bağlı üç qüdrətli lideri – dövlət xadimi Əziz Əliyev, Heydər Əliyev, İlham Əliyev əzəməti olmasaydı, milli dövlətçilik tariximiz bu qədər ehtişamlı olardımı? Bakıdan Təbrizə, Təbrizdən Dərbəndə, türk dünyasına Gündoğandan Günbatana, İpək Yolu boyunda binə tutan Odlar Yurdundan dünyaya yollar görünərdimi? Hilallı - ulduzlu bayrağımız nəhəng dövlətlərin önündə dalğalanardımı?

Min illərdir səlib yürüşünə çıxanlar, Şərqdə doğan Günəşi öz iradəsinə tabe etdirmək istəyənlər Azərbaycanı yardım alan yox, yardım edən, işğal edən yox, işğalçı ilə cəngi-cidada olan, sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfələr verən, xeyirxahlığı, yaxşılığı, tolerantlığı, multikulturalizmi həyat tərzinə çevirən, dünyanı cənginə alan pandemiya dönəmində böyük yunan filosofu Platonun “Xalqı yaşat ki, dövlət yaşasın”, Ulu Öndərin “Azərbaycanda dövlətin mənbəyi xalqdır”, “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” hikmətinə tapınaraq “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” nidası ilə Xalq-Dövlət Birliyini, Lider-Xalq Bütövlüyünü bəşəriyyətə sübut edən, Azərbaycanı yenidən xeyirxahlığın, yaxşılığın, mərhəmətin, məhəbbətin ünvanına çevirən, yoxsulluqdan, sosial - səhiyyə problemlərindən əziyyət çəkən ölkələrə əl uzadan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının rəhbəri kimi Şərqin, Türk dünyasının, Avropa ölkələrinin liderinə çevrilən Prezident cənab İlham Əliyev varlığı, əzəməti, mərhəməti, xeyirxahlıq, yaxşılıq dolu qəlbi ilə qüdrətli sərkərdə xaqanlar, sənət-söz adamları, fikir və düşüncə sahibləri yetirən, dinlərin, sivilizasiyaların, mədəniyyətlərin məskəni, tolerantlığın ünvanı olan Məmləkəti­mizin, Millətimizin haqq səsi oldu. “Eşqdir, mehrabı uca göylərin, Eşqsiz ey dünya nədir dəyərin?”, “Dilbəra, mən səndən ayrı, təndə canı neylərəm, Mülki -malı, tacı-taxtı, xanimanı neylərəm” hikməti ilə ümumbəşəri dəyərlər xəzinəsini əsərləri, incə ruhlu qəzəlləri, divanları ilə zənginləşdirən mütəfəkkir - şairlərin, fikir və düşüncə sahiblərinin vətənindən olduğunu sübut etdi.

Yer üzünü Adəmdən Xatəmə - 124 min peyğəmbər, dörd səma kitabı ilə şərəfləndirən, “Əşrəfim!” dediyi insanı bircə “Ol!” kəlamından xəlq edən Ulu Tanrı Odlar Yurdu Azərbaycanı peyğəmbərlərin, pirlərin, övliyaların məskəni olaraq seçdiyindən idi ki, onların türbələri, məqbərə kompleksləri, xanagahları daha çox məhz bizim yurdumuzdadır. Müqəddəs kitablarda adı çəkilən nemətlərin əksəriyyəti ölkəmizdə mövcuddu. Qəlbi dağların, bol sulu çayların, yaşıl yaylaqların, sıx ormanların, gen çöllərin yaxasında obalar, oymaqlar binə tutub, sərt, sıldırım qayalar, min illəri yola salan çopur qalalar barımızın, bərəkətimizin, qeyrətimizin Vətən, Torpaq sevgimizin nişanəsidi.

Dünya bina olandan Təbriz qeyrətimizin, Dərbənd cəsarətimizin, Gəncə məhəbbətimizin, Bakı mərhəmətimizin Baş şəhəri olub. Üsyanların, üsyankarların şəhəri Şamaxıda, Şirvanşahlığında Xaqanilər, Nəsimilər, Seyid Əzimlər, Sabirlər, Abbas Səhhətlər, Məhəmməd Hadilər doğulub. “Vətəni sevməyən insan olmaz, Olsa da ol şəxsdə vicdan olmaz”, “Yox millətimin imzası bu imzalar içində”, “Millət necə tarac olur olsun, nə işim var? Düşmələrə möhtac olur olsun, nə işim var?” deyən qüdrətli Kəlam və Qələm sahibləri soyuqqanlı, xalqdan uzaq başda duranları qınaq hədəfinə çevirib. Millət, məmləkət uğrunda cəngi-cidalara hazır olan süngüsü qeyrəti, sipəri cəsarəti, libası ləyaqəti, məqamı millət, məmləkət sevgisi olan Ali Baş Komandan cənab İlham Əliyev bu ağır, dar günlərdə Şeyx Ədabalı müqəddəsliyinə büründü. Osmanlının ən ağır dönəmində Ədəbalı gələcəyin Qazisinə, Osmana üz tutub söyləmişdi: “İnsan dərdi qədər böyükdür”, “Torpağı su ilə qarışdırarsan palçıq, Şəhid qanı ilə yoğurarsan Vətən olar!” demişdi.

Osman Qazi yüz minlərlə şəhid verib qəmin karvanına, dərdin sultanına çevrilsə də, Osmanlı imperiyasını qurdu. Vardığı məmləkətlərdə, tutduğu torpaqlarda dinindən, dilindən asılı olmayaraq hər kəsi öz övladı, qardaşı, ata-babası, ana-nənəsi kimi qəbul edən, məscid, kilsə, sinaqoq demədən Tanrı evi bilib səcdəyə gedən Mete, Atilla, Alp Arslan, Əmir Teymur, Sultan Səlim, Sultan Bəyazit, Sultan Süleyman, Şah İsmayıl Xətai də bu müqəddəs yolu getdi. Haqqa, haqqın sevdiyi insana xidmətdə bulundu. Şəriətdən mərifətə, mərifətdən həqiqətə körpü oldu.

2020-ci il insanının ruhu, vicdanı qarşısında imtahan ili oldu. Dünyanın siyasi mənzərəsini dəyişmək üçün gecə-gündüz kilsələrdə, sinaqoqlarda tədbir tökənlər, Şərqdə doğan Günəşi iradəsinə tabe etmək istəyənlər, islamın Birliyini, Bütövlüyünü bildiyi kimi yozmaq, düzmək yolunda çarpışanlara hələ də “Min bir gecə nağılları”nda yata-yata yanı yağır olanlara Göylərdən bir İlahi soraq – mesaj yollandı. Ulu Tanrı haqqı dananları, inkar edənləri onların öz əli ilə sınağa çəkdi. Robot adamlarla, bioloji müharibələrlə bəşəriyyəti sarsıdanları “Mənəm Haqq!” deyənləri Nəmrudun Oduna, Fironun Atəşinə saldı. Həzrəti Musanın əsası, Lut peyğəmbərin duası, quş dili bilən Süleymanın incə ruhu, Tanrının əzablardan, ağrılardan üzüağ çıxarıb şad etdiyi Əyyubun sevdası, Məryəmin İsası, İbrahim peyğəmbərin övlad sevgisindən üstün imanı,  Həzrəti Məhəmmədin meracı diri, dipdiri göründü. Tanrı evlərini siyasət, xəyanət guşəsinə çevirənlərin üzünə qapılar bağlandı. Qüdsün qüdsiyyətini, Kəbənin müqəddəsliyini Adəm övladına çox görənlər “Qurani -Kərim”in Bəqarə surəsinin 147-ci ayəsini yada salmaq zorunda qaldı. “Məni yada salın. Məndə Sizi yada salaram!” buyuran Tanrının divanı quruldu...

Yaşadığımız günlər, aylar deyir: Dünyaya, İnsanlığa yeni düzən gəlir!

Dünya yoxdan var olalı insanların üzünün suyu töküləndə, həya pərdəsi götürüləndə, yer üzünü fitnə-fəsad bürüyəndə, işığı qaranlıq, xeyiri şər, məhəbbəti nifrət bürüyəndə, mərhəməti, şəfqəti etinasızlıq, biganəlik əvəz edəndə, inam, etibar itəndə, oğul atanın, kiçik böyüyün, millət dövlətin üzünə ağ olanda Tanrı dünyaya düzən gətirmək, insanları qopduğu yola döndərmək üçün Elçilər, Peyğəmbərlər, Səma kitabları göndərir. Göndərdiklərinin hər birini Gündoğandan – Şərqdən seçir. Məhəbbətin, mərhəmətin məkanından. Tanrının yer üzünə mələklərin qanadında endirib, peyğəmbərlərin ruhundan cücərtdiyi müqəddəs kitablar da bunu buyurur. İçərisində oluduğumuz illərdə Şərqin gözünə daman qan dünyanı tutdu. Tanrı dərgahının qapılarını bağladı. Cəhənnəm əzabını insana insan əli ilə yaşatdı. Ərəfat körpüsündən keçə bilməyənlərin, dünyaya meydan oxuyanların əli üzündə qaldı. Haram tikə yeyənlər, mənəm-mənəm deyənlər, təntənələri sevənlər, yasda toyun, toyda mələklərin donunu geyənlər sadəliyin əzəmətindən gözəl heç nəyin olmadığını dərk etdi. Ölkənin I vitse - prezidenti Mehriban xanım Əliyevanın dedikləri tarix oldu: “İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır. Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

Hər qaranlıqda bir işıq, hər şərdə bir xeyir var. Məmləkətimizi, küçələrimizi, çox zaman haram yerinə çevirdiyimiz iş yerimizi dövlət, içimizi, nəfsimizi göydə mələklər, suda pərilər yudu.

Bu il Şərqin ilk mətbu orqanı - “Əkinçi”nin 145, Alman faşizmi üzərində qələbənin 75, Baş Elmi Məbədimizin – Milli Elmlər Akademiyasının 75, dar günlərdə Mələyimiz olan təbiblərin dərs aldığı Tibb Universitetinin 100 illik yubileyidir. Şəriətdən mərifətə, mərifətdən həqiqətə yol gələn ustadlarımız milli məfkurədən milli dövlətçiliyə uzanan yolda milli mətbuatı sütun hesab etdi. Qurani - Kərimin “Şuara” və “Qələm” surələri ilə Tanrının Qələm və Kəlam müqəddəsliyi ruhumuzun qida yeri oldu. “And olsun Sözə!”, “And olsun Qələmə!”, “And olsun Kəlama!” müqəddəsliyinə tapınanlar “Abidin bir günlük ibadətini zahidin 60 gününə bərabər bildi”.

Yaşadıqlarımız, çəkdiklərimiz, çəkib çevirə bilmədiklərimiz cisminizi, qəlbinizi, ruhunuzu suya çəkin, kamili cahilə, işığı qaranlığa, xeyiri şərə, məhəbbəti nifrətə, yaxşını pisə, halalı harama qurban verməyin, millətinizi, məmləkətinizi, dövlətinizi, taleyinizi insafsızlara, imansızlara, zalımlara, qəsbkarlara etibar etməyin, özünüzə, yaddaşınıza, qüdrətli keçmişinizə, işıqlı sabahlarınıza inanın, yaxşını, yaxşılığı, xeyirxahlığı, işığı, Xilaskarı özgə yerlərdə, özgə qövümlərdə axtarmayın deyir.

Sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoqu, elmin təhsilə inteqrasiyası, demokratiya pərdəsi altında səlib siyasəti qloballaşan dünyanın nicatı, xilası deyil. O Azərbaycan Prezidentinin vurğuladığı gerçəyin batini gözəlliyində, əzəmətindədi: BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

 “Şərqdə İslam, Avropada müsəlman görmədim” gileyi ilə bəşəriyyətin nicatını Birlikdə, Bütövlükdə, Qardaşlıqda görən Şeyx Cəmaləddin Əfqani söyləyirdi: “Sultani aləm elmdir, elm olmuş, elm olaraq qalacaqdır”, “Əgər alim doğrudan da, həqiqi alimdirsə, deməli o, nur mənbəyidir”. Mustafa Kamal Paşa Atatürk vəsiyyətində deyirdi: “Mən mənəvi miras olaraq heç bir ehkam, heç bir doqma, heç bir donmuş və qəliblənmiş qayda qoymuram. Mənim mənəvi mirasım elm və ağıldır.  Məndən sonra mənim mirasımı mənimsəmək istəyənlər bu təməl, məhvər üzərində ağıl və elmin rəhbərliyini qəbul edərlərsə, mənəvi mirasçılarım olarlar”. “Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə millətinə, məmləkətinə, ümumiyyətlə dünyaya düz olan, gerçək olan yolu göstərən Avropa qiyafəli müsəlman, qüdrətli türk - Ulu öndər Heydər Əliyev varisini təkcə xaqan deyil, həm də nitqi, məntiqi, analitik təfəkkürü, ensiklopedik biliyi ilə seçilən Milli Lider olaraq yetişdirdi. Məhz o, qüdrətli Liderin simasında biz Birlikdən gözəl səadətin, Bütövlükdən şirin nemətin, İnsan sevgisindən, İlahi eşqdən uca məhəbbətin, məğrurluqdan, ləyaqətdən, xeyirxahlıq, yaxşılıqdan və Azadlıqdan qiymətli sərvətin olmadığını hiss etdik.

Vətən, torpaq, istiqlal uğrunda mücadilədə Oğul doğular da, Oğul ölər də. Xain siyasəti ilə torpaq gavur əlində keçər də, işğaldan azad edilər də. Önəmli olan odur ki, millət içindən, məmləkət düşünən beynindən, başından çökməsin. Prezident cənab İlham Əliyev bir Lider, daha doğrusu dar günlərin, ağır zamanların dayağı kimi bəşəriyyətə sübut etdi ki, “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır”, “Azərbaycan gec qızan bir daş qazana bənzər, o gec qızar, gec də soyuyar!”, “Ölümsüzlüyünü dərk edən millətə ölüm yoxdur!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Ya biz birlikdə Qarabağı azad edəcəyik, ya da birlikdə Şəhid olacağıq!”, “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir”, “Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır!”, “Bizim üçün önəmli olan ərazi bütövlüyümüzdür”, “insan amilidir”, “vətəndaş məmnunluğudur!”

Bütün bunlar bir liderə, özü də ənənələrə sədaqət hissi, yaddaşı ilə yaşayan bir ölkə başçısı üçün ən ali keyfiyyətləri özündə ehtiva edən amillərdir.

40-cı illərin dəhşətləri içərisində dağlar diyarı Dağıstanın, dağlıların, Xəzər hövzəsinin, Bakı neftinin, Azərbaycanın xilası üçün “Mümkün olmayanları belə mümkünə çevirən” polkovnik komissar Əziz Əliyev sərkərdə-xaqan ucalığı ilə deyirdi: “İNSAN XARAKTERİNİN  DƏYƏRLƏRİ ELƏ ÇƏTİN GÜNLƏRDƏ AÇILIR!!”

Bu çətin günlər, ağır zamanlar, bizi bizdən, özümüzdən edən Milli Liderimizi bir qüdrətli dövlət xadimi, sərkərdə-xaqan, Ali Baş Komandan – Prezident kimi xalqa yenidən tanıtdı. Xalq ona, onun iradəsinə, cəsarətinə, ləyaqətinə, millət, məmləkət sevgisinə arxalandı, Ulu Öndərin dediklərini yada saldı: “Azərbaycanın taleyi etibarlı əllərdədir”. “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!”

Bir az əvvələ qayıtmaq istəyirəm. Şeyx Şamillə bağlı düşüncələrə. Deyirlər, Qafqaz Qartalını süfrəsində qonaq edərkən qürur duyduğunu dilə gətirən Çar Nikolay ondan gücünün, qüdrətinin, mayasının nəyə bağlı olduğunu soruşur. Şeyx Şamil dağlı vüqarı, ləyaqəti, yaddaş sevgisi, yurd - yuva, ailə - ocaq müqəddəsliyi ilə cavab verir: “Əvvəl Anam, sonra Əyalım, sonra da Aulum mənə inandı!”

Biz bir türk, Azərbaycanlı, müsəlman olaraq yaddaşımızla, yurd-yuva, ailə-ocaq dəyərlərimizlə yaşayırıq. “Gül bayramı”nda Prezidentə “Mən Səni tanıyıram, Heydər babanın oğlusan!” sevincini yaşadan körpənin yaddaşına bir daha heyrət etdim. Xaqan olmaq, xaqan Atası unudulmamaq gerçəkdən səadətdir.  Bu səadəti ölkə başçısına bir anın içərisində yaşadan körpə düz demişdi. Onda nə belə dar günlər, ağır zamanlar, nə də dünyanı cənginə alan bəlalar vardı. Bizi bu bəladan o körpənin belə yaddaşı olan Heydər Babanın Oğlu çıxardı! Ölkə başçısına, ona inanan, güvənən, cisminin və ruhunun Atasının, Təbrizin, Dərbəndin xilaskarı Babasının, gözlərə nur, qəlblərə işıq verən Anasının ruhu, “Hər bir qüdrətli kişinin arxasında bir qüdrətli qadın dayanır” nidası ilə ömür-gün yoldaşının yollarına nur çiləyən, arxasında dağ kimi dayanan Xatununun, Xalqının duası, inamı yar oldu! Bundan sonra da olacaq!

Bu dar, ağır günlərdə nə yaxşı ki, O, vardı və nə yaxşı ki, bundan sonra da Var olacaq! O, bizim Dədə Qorqud müdrikliyimiz, Əziz Əliyev məğrurluğumuz, Ulu Öndər ucalığımız, Baba Yadigarımızdır!

Elə olmasaydı 200 illik əsarətə, “Gülüstan”, “Türkmənçay” dəhşətlərinə son qoymaq üçün balanslaşdırılmış siyasətdən imtina etməz, üzünü Tanrının TURAN  və QURAN müqəddəsliyinə tutmaz, yunan səfiri qəbul edərkən Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsində dəstəkləyirik.” gerçəyindən boylanmaz, xaqan atasının “Bir millət, iki dövlət” hikmətinə tapınmaz, 20-ci yüzilin əvvəlində Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun şanlı əsgərlərinin üzünə 21- ci yüzilin əvvəlində Azərbaycanın, Güney Qafqazın qapılarını açmaz, Nuhun çıxdığı torpaqda – Naxçıvanda “Mehtər marşı” səslənməz, Təzəpir məscidində yenidən  Nuru paşanın, Xəlil paşanın, Kazım Qarabəkir paşanın ruhuna dualar oxunmazdı. Bu böyük Cəsarət, həm də ləyaqətdi! Onu ancaq O, edə bilərdi. “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir.” nidası ilə tarix yaradan Ulu Öndərin Varisi!

Şərəf Cəlilli,
"Baki-Baku.az" saytının redaktoru




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Şərəf Cəlilli