USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vısotski: SSRİ-nin sakitliyini xırıltısı ilə pozmuş dahi


https://img.baki-baku.az/news/2020/09/photo_500.jpg

O, Rusiyada olduğu kimi, Azərbaycanda da xatırlanır, sevilir. Mahnıları, müxtəlif filmlərdəki rolları və xırıltılı səsi ilə. Zənnimizcə, bu mənada təkcə məşhur «Görüş yerini dəyişmək olmaz» filmindəki rolunu yada salmaq yetərlidir.

O, nə vaxtsa kasıb, tanınmayan adam olmuşdu. 75 rubl maaş və hər konsertdən 9 rubl 50 qəpik qonarar alırdı. Əslində sonra da varlanmadı. Axı, onun kimiləri maddi cəhətdən varlanmırlar. Var-dövlətləri tamaşaçı, seyrçi sevgisi və məhəbbəti olur.  Məşhur sovet yazıçısı, ictimai xadimi, aktyoru və müğənnisi Vladimir Vısotski həmin sevginin hər şirinliyini dadanlardan olmuşdu. 

V.Vısotskinin yaxın dostlarından olan Vadim Tumanov xatırlayırdı: «Biz Volodya ilə alkaqol, əyyaşlıq və narkotika haqqında çox söhbət açırdıq. Onun bununla bağlı vəziyyətini biləndə xahiş etdim ki, tərgitsin. Gülümsəyərək cavab verdi ki, istənilən saniyə xoşagəlməz vərdişlərdən uzaqlaşa bilər. Ancaq bir gün səhər tezdən etiraf etdi: pis bir şeydən danışmaq istəyirəm. İki həftədir, sınayıram, deyəsən atmağı bacarmıram. Özüm də qorxuram…»

Əlbəttə, bütün bunlar, dostlarının onu vanna otağında bərk-bərk sarıyaraq pis vərdişlərdən uzaq tutmağa çalışdıqları vaxtlar sonra olacaqdı. Rus mənşəli fransız müğənnisi Marina Vladinin çox acizanə şəkildə Vısotskini Fransaya aparması və öz evində dustaq saxlamaq cəhdi də həmçinin.

***

Visotskinin valideynləri gərgin fikir ayrılıqları səbəbindən ayrılmışdılar. Boşanmaları da çətin olmuşdu. Məhkəmənin qərarı ilə Volodya atasının yanında qalmışdı. Lakin ikinci həyat yoldaşı heç də sakit təbiətli olmayan anasından da ayrılmırdı və valideyninin çətinliyindən ona da pay düşürdü - bir neçə dəfə içki düşkünü olan atalığının kobud rəftarıyla üzləşmişdi.

Vladimir məktəbi bitirdikdən sonra Moskva Mühəndis-Tikinti İnstitutuna daxil olur. Həyatını 180 dərəcədə dəyişmək qərarını da orada verir. Sənədlərini institutdan götürüb otolorinqoloqdan aldığı arayışla birgə Moskva Bədi Teatrına təqdim edir. Əlbəttə, gözəl musiqi duyumuna söz ola bilməzdi, müğənnilik səsi barədə isə eyni fikri söyləmək olmurdu. Amma 17 yaşından özü ilə gəzdirdiyi gitarası ilə dayanmaq bilmədən çalır və oxuyurdu. Gitaranı anası ad gününə hədiyyə etmişdi.

Ardınca həyatında İza oldu. İza Jukova. Vısotskinin övladını itirən İza. Qadın onunla eyni kursda oxumuşdu. Sonradan Jukova çox cansıxıcı bir tərzdə Vısotskinin həyatı ilə bağlı intervülər verirdi.

Ümumiyyətlə, müğənninin həyatında qadınlar çox böyük rol oynamışdı. Bu, heç də təsadüfi deyildi. Çünki qarşılarında dayanan kişi hədsiz enerjiyə, indi deyildiyi kimi, xarizmaya malik idi, insanı özünə çəkirdi. Görünür, Vısotskinin pərəstişkarlarından biri təsadüfən deməmişdi ki, müğənni səhnəyə çıxanda döşəmə sanki ayağının altından qaçır.

Ümumən aurası kənardakıları təsirə salırdı. Belə təsirə düşənlərdən biri də ikinci həyat yoldaşı Lüdmila Abramova olmuşdu. Tanışlıqları çox maraqlı vəziyyətə təsadüf etmişdi. Hər ikisi Sankt-Peterburqda (o zamankı Leninqradda) hoteldə qalırdı. Bir dəfə Lüdmila gecə vaxtı hotelə qayıdarkən girəcəyə yaxın yerdə üstü-başı pis gündə olan içkili adama rast gəlir. Çalışır ki, ondan tezliklə uzaqlaşaraq içəri girsin. Amma Vısotski qadını qabaqlayır - salam. …yekunda Lüdmiladan pul istəyir. Çünki restoranda ona təqdim edilən hesabda həddən artıq böyük məbləğ yazılmışdı və müğənnidə həmin məbləğ yox idi. İş burasındadır ki, Lüdmilada da pul olmamışdı. Ancaq o, böyük fədakarlıq göstərərək barmağındakı yüksək əyarlı qızılı Vısotskiyə uzatmışdı. Daha sonra birlikdə hotel otağına qalxmışdılar. Vladimir onun üçün mahnı oxumuşdu. Bu arada qadına evlilik təklif etmək də ağlına gəlmişdi. «Onlar heç vaxt ayrılmadılar. Baxmayaraq ki, Vısotskinin həyatında daha bir qadın da olmuşdu. Lüdmila Vladimirə onun sifət cizgilərinə malik övladlar bəxş etmişdi». Müğənni və şairə Veronika Dolinanın Vısotskiyə həsr etdiyi şerində təxminən bu fikirlər yer alır.

Daha sonra şöhrətin zirvəsinə doğru yol başlanır - böyük şöhrət yolu. «Ümumxalq Volodyası»nı bütün ölkə hədsiz dərəcədə sevirdi, onu yorulmadan eşidirdi. Deyilənə görə, bu adamı dinləmək istəyənlər içərisində «böyük adamlar» vardı. Bu sırada SSRİ rəhbəri Brejnyevin də adı çəkilir.

Xruşşov üçün oxumuşdu. Hətta sovet rəhbərilə birgə yaxşıca içmişdi də. Elə həmin vaxtlar idi, həmkarları xatırlayır ki, Vısotski qastrol səfərlərindən birində şəhərə çıxmışdı. Hər yandan «Vısotski», «Vladimir», «Volodya» sədaları eşidilirdi. O, isə ortada Spartak kimi irəliləyirdi. Sanki döyüşdən qalib ayrılmış qladiatordur.

Vladimir Vısotski fantastik iş qabiliyyətinə malik insan idi. Cəmi 42 illik ömür yoluna ümumilikdə 800 şeri, istər Qərbdə, istərsə də SSRİ-də buraxdığı musiqi valını, həmçinin iki ssenarini, hekayələri, radio çıxışlarını, rejissor işlərini, kinoda 27 rolu, saysız hesabsız mahnıları və ekran əsərləri üçün onlarla bəstəni sığışdırmışdı. Teatrda da rolları olmuşdu. Əlbəttə, konsertləri xüsusi vurğulanmalıdır. Bu adam bir gündə bəzən 5-6 dəfə konsert proqramı ilə çıxış etməyi bacarırdı. Hər birində də eyni emosiyanı yaşayırdı - barmaqları, sifət cizgiləri, hətta saç düzümü də tamaşaçı üçün köklənirdi. Qeyri-adi hərəkətlərinə görə çıxış etdiyi teatrın rəhbərliyinin iradları ilə də üzləşirdi. Ümumən Taqank teartının rəhbəri Yuri Lyubimovla sözü düz gəlmirdi. Bir dəfə Vısotskinin əlindən möhkəm hirslənmiş Lyubimov özünün aktyor-müğənninin töhmətləri ilə dolmuş qeyd dəftərini hamının gözü qarşısında yandırmışdı. Təbii ki, sonradan yeni dəftər də tutmuşdu. Əhlikef Vladimir onu ilk baxışdan gülüş doğuran dəli olmaq həddinə çatdırmışdı.

Müğənni özü də oxuyarkən sanki dəliyə çevrilirdi. Təsadüfi deyil ki, şair Andrey Voznesenski deyirdi ki, «Vısotski ifa edəndə insanın bütün qorxuluğunu öz üzərinə götürür, paklaşdırır. Amma bu mühitdə onun özü də xəstələnə bilər. Elə hamının gözünün qarşısındaca. Bu adamda nəyisə başdansovdu etmək, azacıq da olsa, boşluq vermək deyilən anlayış yoxdur».

Vısotskinin nüfuzu artdıqca hakimiyyətin də onu rəqib kimi görmək əzmi artırdı. İdeyaları  və baxışları birmənalı qarşılanmırdı. O, mahnıları ilə dövrü anladırdı, insanları sanki oyadırdı. Eyni zamanda Vısotski barədə kitab müəllifi Vladimir Koreçkinin dediyi kimi, onun mahnıları faciələri yaşamağa kömək edirdi. Sovet quruluşu isə faciələrin duyulması üçün ideal məkan deyildi və bu məkan tam varlığı ilə müğənniyə qarşı qarşı cəbhə açırdı. «Mənə açıq müharibə elan ediblər. Çünki sakitliyi pozmuşam. Ona görə ki, bütün ölkəyə xır-xır xırıldayıram. İstəyirlər ki, təkərimin çiynimin üzərində olduğunu sübut etsinlər».

Ardınca afişalı rəsmi konsert proqramlarına qadağalar başladı. Onu Yazıçılar və Bəstəkarlar İttifaqlarına buraxmadılar. Adlar vermədilər. Kino çəkilişlərinə dəvət etmədilər. Mahnılarını efirlərdən yığışdırdılar. Hətta filmlərdə onun müəllifi olduğu müsiqi parçalarını da «qayçıladılar». Bütün bunlara münasibəti isə belə olmuşdu: «İstəyirəm ki, hər yerə buraxsınlar!».

Vısotski otuza yaxın filmdə rol alıb. Bu adam hələ təxminən 70 rolundan da məhrum olub. Məsələn, o, Leonid Qaydayın «12 stul»unda Ostap Benderi canlandırmalı idi. Ancaq filmin çəkilişlərinə bir gün qalmış Qaydayı çağırıb demişdilər ki, Vısotski olmaz! Nəticədə Benderi Arçil Qomiaşvili oynamışdı.

«Qaçış»da Xludovu canlandırmalıydı, yekunda həmin rol Vladislav Dvorjeçkiyə tapşırıldı. Tarkovskinin «İvanın uşaqlığı»nda və «Andrey Rublyov»unda sınaq çəkilişlərinə dəvət olunmuşdu. Hətta bəyənilmişdi də. Ancaq etiraz və etiraz. «Sannikovun torpağı»ndakı çəkilişdən ən son anda məhrum edilməsinə səbəb ifa etdiyi mahnının «Alman dalğası» radiosunda səslənməsi olmuşdu. Daha sonra aktyoru Qərbin təsirinə uğramaqda suçlamışdılar. Sovet İttifaqı Kommunist Partiyası onun barəsində mənfi tonlu çoxsaylı qərarlar çıxarmışdı. Belə halları sadalamaqla bitmir.

Vladimir Vısotski ömrünün son günlərinədək oxudu. 1980-ci ilin iyul ayının 25-də dünyasını dəyişəndə bir çox pərəstişkarları onun növbəti konsertinə bilet də almışdılar. Həmin vaxt Moskvada Yay Olimpiya Oyunları keçirilirdi. Ölümü barədə xəbər isə yalnız iki qəzetdə yayımlandı. Çünki Sovet kütləvi informasiya vasitələrinə məsələ barədə yazmamaq göstərişi verilmişdi. Çıxış etdiyi teatrın girəcəyində isə yazılmışdı: «Aktyor Vladimir Vısotski dünyasını dəyişib».

Hakimiyyətin Vısotskinin ölümü barədə səs-səmir yayılmaması istəyinə rəğmən vəfat etdiyi gün işlədiyi Taqank teatrının önündəki meydan və yaxınlığındakı küçələr izdihama qərq oldu. İnsanlar günlərlə dağılışmaq bilmədi. Hamı böyük sənətkarı son mənzilə yola salmaq, onu anmaq üçün toplaşdı. Vladimir Vısotski Moskvadakı Vaqankov qəbirstanlığında torpağa tapşırıldı. Verə bilmədiyi sonuncu konsertinə biletləri isə heç kəs geriyə qaytarmadı. Həmin biletlər dahi müğənnidən, böyük və qeyri-adi insandan yadigar kimi saxlanıldı.

"Baki-Baku.az"




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Mədəniyyət