USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Alimin faciəsi: Akademik Heydər Hüseynov - Vilayət Quliyev "525-ci qəzet"ə yazır


https://img.baki-baku.az/news/2021/08/photo_4831.jpg?v=MjAyMS0wOC0zMCAxNDo0Mzo0NA==

Akademik Heydər Hüseynovla bağlı feysbuk səhifəmdə hissə-hissə paylaşdığım material sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etdi. Müxtəlif saytlar onu tirajladılar. Çoxsaylı şərhlər yazıldı. Ona görə qərara gəldim ki, yazının tam variantını mənə həmişə həvəslə tribuna verən möhtərəm "525-ci qəzet" ə təqdim edim.

***

1950-ci il avqustun 15-də görkəmli Azərbaycan alimi, Azərbaycan EA-nın ilk 15 qurucu üzvündən biri, ictimai elmlər üzrə vitse-prezident Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) həyatına intiharla son qoymuşdu.     

Heydər Hüseynov (1908-1950) qədim Azərbaycan şəhəri İrəvanda, zəngin tacir ailəsində doğulmuşdu. Atasını erkən yaşda itirmişdi. 1918-ci ildə böyük qardaşı Yusif ermənilər tərəfindən qətlə yetiriləndən sonra ailə Bakıya köçmüşdü. Burada Bakı Universitetini bitirmiş, həyatını bütünlüklə elmə həsr etmişdi. Azərbaycanda Sovet dövrü tarix və fəlsəfə elmlərinin, lüğətçiliyin inkişafında mühüm xidmətlər göstərmişdi. O, 1936-1940-cı illərdə keçmiş SSRİ EA Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik etmiş, 1939-1945-ci illərdə isə Filialın sədr müavini olmuşdu. Azərbaycanda müstəqil Elmlər Akademiyasının təşkilindən (1945) sonra ilk 15 həqiqi üzv-akademik sırasında yer alan Heydər Hüseynov həmin dövrdən 1950-ci ilin fevral ayına qədər həm EA-nın vitse-prezidenti, həm də Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru və Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri kimi geniş elmi-pedaqoji və ictimai fəaliyyət göstərmişdi. 

Görkəmli alimin rəhbərliyi və redaktəsi altında 2 cildlik "Müxtəsər Azərbaycan tarixi" (1943-1944), 4 cildlik "Rusca-azərbaycanca lüğət", general Ə.Şıxlinskinin "Xatirələri" (1943) kimi fundamental nəşrlər hazırlanmışdı. Azərbaycan dilində fəlsəfi terminlərin yaradılmasında və marksist filosof kadrların yetişdirilməsində də Heydər Hüseynovun xidmətləri olmuşdu. O, milli ictimai-siyasi və ədəbi-fəlsəfi fikrin Bəhmənyar, Nizami, Füzuli, A.Bakıxanov, Mirzə Kazımbəy, M.F.Axundzadə, H.Zərdabi kimi görkəmli nümayəndələri haqda çoxu ilk addım kimi dəyərləndirilə biləcək tədqiqatların müəllifidir. 

Elmi fəaliyyətinin diqqətəlayiq nümunəsi - "XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən" monoqrafiyası çapdan çıxanda H.Hüseynovun 41 yaşı vardı. Cəmiyyətimizdəki yaş kultu baxımından müəllifi hətta "gənc alim" də adlandırmaq olardı. Lakin bu "gənc alim" həmin dövrdə Azərbaycanda humanitar sahənin ağsaqqallarından sayılırdı. Amma elmi fikrə böyük töhfələr verə biləcək akademikin Heydər Hüseynov yaradıcılığının ən verimli çağında ehtiyatsızlıq və təcrübəsizlikdən doğan adi təsadüfün qurbanı oldu. "Respublikanın sahibi"nin - Mir Cəfər Bağırovun və Moskva ideoloqlarının tarixi şəxsiyyətlərə münasibətdə əsaslandıqları şablondan kənara çıxması Heydər Hüseynovun yalnız Azərbaycan deyil, az qala bütün SSRİ miqyasında növbəti xalq düşməni kimi ittiham edilməsinə gətirib çıxardı. Səbəb müəllifin yuxarıda adı çəkilən "XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikir tarxindən" monoqrafiyasında  Mirzə Kazımbəyin "Müridizm və Şamil" əsərindən, eləcə də dağlı qəhrəmanı Şeyx Şamilin şəxsiyyət, mübarizə və ideallarından bəhs etməsi, onu "qəhrəman və qəhrəmanların yaradıcısı" adlandırması idi. Bədbəxtlikdən bu, elə vaxt idi ki, müridizm mürtəce hərəkat, Şeyx Şamil isə "ingilis və türk casusu" kimi qələmə verilirdi.

"Staliniada" kitabının müəllifi, filosof Y.Borev mövcud münasibətin başlıca səbəbini Stalinin yoluxduğu hər yerdə və həmişə düşmən axtarmaq xəstəliyində görürdü. O yazırdı: "40-cı illərin sonunda Stalinin Şamili türk və ingilis casusu elan etməsi nəticəsində onun çarizmə qarşı apardığı milli-azadlıq mübarizəsinə qara yaxma kampaniyası başlandı. Şamilin ifşasının əsası Stalinin Azərbaycandakı satrapı Bağırovun "Kommunist" qəzetindəki çıxışı ilə qoyuldu. Bu məqsədlə bir neçə azərbaycanlı alim arxivlərdən Şamili ləkələməyə imkan verən materiallar toplamaq məqsədi ilə Moskvaya və Leninqrada göndərildi. Sonra isə haqqında digər məqalələr meydana çıxdı. Məşhur avar şairi (Rəsul Həmzətov nəzərdə tutulur - V.Q) də xoşqulluq nümunəsi göstərib Şamil əleyhinə poema yazmaqla bu kampaniyaya qoşuldu. Sonralar Xruşşovun "ilıq rejimi" dövründə o, xalqının böyük oğluna ləkə yaxdığına görə peşmançılığını dilə gətirmişdi. Şamil keçmişə tuşlanan casus axtarışlarının qurbanı olmuşdu".

Y.Borevin göstərdiyi yalnız səbəblərdən biridir. Əslində, Stalinin və onun erməni-gürcü çevrəsinin Şeyx Şamilə nifrətinin əsasında Qafqazın bütün müsəlman əhalisinə bəslənən ögey münasibət və etinasızlıq dayanırdı. Bu regionu başdan-başa xristianlaşdırmaq düşüncəsi Stalinə və onun "qafqazlı həmyerlilərinə" əsla yad deyildi. Əksər Şimali Qafqaz xalqlarının və Məshəti türklərinin tarixi torpaqlarından deportasiyası, azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarından çıxarılması, onların nəzərdə tutulan, lakin baş tutmayan kütləvi köçürülmə planı, Azərbaycanın Şimalı ilə Cənubunu birləşdirmək imkanından istifadə olunmaması və s. ilk növbədə bu məqsədə xidmət edirdi.

Lakin Şimali Qafqazla bağlı planlarının həyata keçirilməməsində Stalinə bir sıra digər amillərlə birlikdə Şamilin dağlılar arasındakı kultu da müəyyən maneçilik törətmişdi. Stalin yaxşı bilirdi ki, dağlı xalqlarının iradəsini qırmaq üçün ilk növbədə tapındıqları bütü sındırmaq lazımdır. Həmin büt isə xalq arasında əsrarəngiz şöhrətini qoruyub saxlayan Şeyx Şamil idi. Şamili ləkələməklə, onu soydaşlarının gözündən salmaqla Qafqaz tarixinin işıqlı səhifələrindən birini də qapatmaq olardı. Çünki Şamil daim yaşayan canlı əfsanə kimi azad və üsyankar qafqazlı ruhunda öz əbədi yerini tutmuşdu. Köləlik zəncirini bir az da bərkitmək üçün bu əfsanəyə birdəfəlik son qoymaq, onu bayağılaşdırmaq, boş, puç və cəfəng bir şey olduğunu sübuta yetirmək lazım idi. 

Ötən əsrin 40-cı illərinin sonunda rəsmi Sovet ideologiyasının Şeyx Şamil və dağlıların milli-azadlıq hərəkatı əleyhinə başlatdığı qarayaxma kampaniyasının əsasında gələcəyə hesablanmış bu məkrli Stalin planı dayanırdı. 

Bədbəxtçilikdən Heydər Hüseynovun dolayısı yolla Şamil hərəkatına münasibətin də yer aldığı "XIX əsr Azərbaycanda ictimai-siyasi fikir tarixindən" monoqrafiyası belə bir şəraitdə işıq üzü görmüşdü.

1940-cı illərin sonu Heydər Hüseynovun triumf dövrü idi. 4 cildlik "Rusca-Azərbaycanca" lüğətə görə 1948-ci ildə 2-ci dərəcəli Stalin mükafatına layiq görülmüşdü. Bir il sonra isə 733 səhifəlik "XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikri tarixindən" monumental monoqrafiyası çap olunmuşdu. 
Bəlkə də kitab ümumittifaq miqyasında diqqəti çəkməsəydi, görkəmli alim taleyin gözlənilməz zərbələrindən kənarda qala bilərdi. Amma belə olmadı.

1947-ci ildə müasirlərinin "ədəbiyyat naziri" adlandırdıqları SSRİ Yazıçılar İttifaqının birinci katibi, Stalin Mükafatları Komitəsinin sədri A.Fadeyev Nizami Gəncəvinin müharibə səbəbindən təxirə salınmış 800 illik yubileyində iştirak məqsədi ilə Bakıya gəlmişdi. Burada o, dostu Səməd Vurğun vasitəsi ilə H.Hüseynovla da tanış olmuşdu. Ciddi və işgüzar alim A.Fadeyevə xoş təsir bağışlamışdı. Tanışlıq tədricən səmimi münasibətlərə çevrilmişdi. Başıbəlalı kitabı çapdan çıxanda H.Hüseynov onun ilk nüsxələrindən birini ithaf sözləri ilə Moskvaya, A.Fadeyevə göndərmişdi. Fadeyev əsərlə tanışlıqdan sonra onu ictimai elmlər sahəsində 1950-ci il Stalin mükafatına (III dərəcə) təqdim etmişdi. Müvəffəqiyyətdən başı gicəllənən müəllif "respublikanın xozeyinini" məsələdən xəbərdar eləməyi yaddan çıxarmışdı. M.C.Bağırov hadisədən yalnız yeni Stalin mükafatları laureatlarının adları "Pravda" qəzetində çap olunanda xəbər tutmuşdu. Başının üstündən iş görüldüyünə, həm də bunu inanıb irəli çəkdiyi şəxsin etdiyinə görə onun hirsindən necə zəncir çeynədiyini təsəvvür etmək çətin deyil. 

O dövrdə EA-da, H.Hüseynovun rəhbərlik etdiyi İctimai elmlər bölməsinin elmi katibi vəzifəsində çalışmış şair-tərcüməçi İmran Seyidov mənə danışmışdı ki, "Pravda"da Stalin Mükafatları Komitəsinin qərarı və yeni laureatların adları çap olunduğu gün səhər tezdən M.C.Bağırov akademiki Mərkəzi Komitəyə çağırtdırmış və istənilən adamı vahiməyə salan isterik monoloqdan sonra mükafata layiq görülən monoqrafiyanı sözün həqiqi mənasında onun başına çırpmışdı. Qalın və parıltılı kağızda çap olunmuş foliant isə yetərincə ağır idi...

İmran Seyidovun dediyinə görə, həmin gün "xozeyinin" yanından qayıdan Heydər Hüseynov böyük sarsıntı içində olmuş, kabinetinə çəkilib hönkür-hönkür ağlamışdı. Ona su gətirən İ.Seyidova hıçqırıqlar içində "İmran, predstavləeşğ, on dvajdı  udaril menə kniqoy po qolove" -demişdi.

Tək qalanda isə damarını kəsib intihar etmək istəmişdi. Amma birinci dəfə onu qurtarmaq mümkün olmuşdu.

"Həddini aşmış" alimi cəzalandırmaq baxımından çıxılmazlıqdan əl atılmış özünəqəsd də "xozeyinə" az görünmüşdü. M.C.Bağırov dostluq əlaqələri saxladığı Lavrenti Beriyanı işə qatmışdı. Hər yerə əli çatan Beriyanın müdaxiləsi nəticəsində məsələ böyüyüb Kreml səviyyəsində müzakirəyə çıxarılmış və Stalin Mükafatları Komitəsinin tarixində sonralar bir də təkrarlanmayan (və təəssüf ki, yeganə presedent də bizimlə bağlı olan) hadisə baş vermişdi: SSRİ Nazirlər Sovetinin qərarı ilə mükafat heç bir cinayət törətməmiş sahibindən geri alınmışdı.

Y.Borev "Staliniada" kitabında yazır: "Bu, artıq rəsmən elan olunmuş Stalin mükafatının geri alınması ilə bağlı ilk təsadüf idi və həmin təsadüf bizim ölkədə torpağın adamın ayağının altından necə asanlıqla qaçdığını aydın göstərirdi. Stalin dövrünün meyarları baxımından Sovet cəmiyyəti qarşısında böyük xidmətləri olan professor Elsberqin (tanınmış ədəbiyyaşünas, bəzi məlumatlara görə uzun illər  SSRİ DTK-nin informatoru - V.Q.) 1950-1951-ci illərdə Hüseynovun mükafatı geri alınandan sonra necə həyəcanlandığı indi də gözlərim önündədir".

Lakin mükafatın geri alınması da M.C.Bağırovun qəzəbini soyutmadı. Heç şübhəsiz, onun göstərişi ilə Heydər Hüseynova qarşı təqiblər başlandı. Əsas hədəf kimi isə Şeyx Şamilə və dağlılar hərəkatına münasibət götürülürdü. Təqiblər həm ideoloji, həm də şəxsi planda aparılırdı. Alimin qardaşı həbs edilmişdi. Öz ətrafındakı halqa isə günü-gündən daralırdı. Tutduğu bütün vəzifələrdən azad edilmişdi. Faktiki ev dustağına çevrilmişdi. H.Hüseynovun simasında yeni xalq düşməninin tapıldığı artıq heç kəsə sirr deyildi.

Müharibənin bir qədər səngidib arxa plana keçirdiyi terror dalğası 40-cı illərin sonunda yenidən cəmiyyəti silkələməyə başlamışdı. Həm də bu dəfə əsas hədəf kimi yaradıcı adamlar - ziyalılar, alimlər seçilmişdi. M.Zoşşenko və A.Axmatova, "Zvezda" və "Leninqrad" jurnalları, V.Muradelinin "Böyük dostluq" operası haqqında məlum partiya qərarları həmin dövrdə çıxmışdı. "Leninqrad işi" deyilən qondarma ssenari quraşdırılmış, məşhur iqtisadçı A.İ.Voznesenski başda olmaqla bir qrup dövlət adamı həbs edilib güllələnmişdi.  "Həkimlərin işi" adlanan başqa bir ssenari gündəlikdə idi. Bir sözlə, bütün ölkə miqyasında 1937-ci ilin təkrarına ciddi hazırlıq görülürdü. Yalnız tiranın ölümü cəza maşınının bütün dəhşəti ilə işə düşməsinin qarşısını aldı. Amma buna baxmayaraq, keçmiş SSRİ-nin digər regionlarında olduğu kimi, 1950-ci ildə yenidən gündəmə gələn repressiya dalğası Azərbaycandan da qansız-qadasız ötüşmədi.

1950-ci il iyul ayının 14-15-də Bakıda, Filarmoniyanın Yay salonunda Azərbaycan ziyalılarının yığıncağı keçirildi. Rəsmi məlumatlar toplantının işində iki min nəfərə qədər ziyalının iştirak etdiyini, Rəyasət heyətində Azərbaycan KP MK-nın katibi M.C.Bağırovun, Nazirlər Sovetinin sədri T.Quliyevin, Ali Sovetin sədri N.Heydərovun oturduqlarını, yığıncağı Azərbaycan KP MK-nın katibi T.Yaqubovun açdığını xəbər verir. Yığıncaqda M.C.Bağırovun "Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında" adlı geniş, belə hallarda deyildiyi kimi, proqram xarakterli məruzəsi dinlənilmişdi. Məruzə ətrafında müzakirələrdə professor C.Xəndan, Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini V.Səmədov, Azərbaycan EA Ədəbiyyat İnstitutunun direktoru, professor M.A.Dadaşzadə, akademik M.Topçubaşov, Azərbaycan Yazıçılar İttifaqının sədri M.İbrahimov, dilçi-professor M.Şirəliyev, yazıçı M.Hüseyn, şair-akademik S.Vurğun, professor Ə.Dəmirçizadə və b. çıxış etmişdilər. 
İclasa qədər respublikanın elmi idarə və təşkilatlarında, yaradıcı ziyalılar arasında güclü "hazırlıq" işi aparılmışdı. EA institutlarındakı və ali məktəblərdəki yığıncaqlarda H.Hüseynov və onun xatalı qəhrəmanı haqqında "ifşaedici rəylər" toplanılmış və dəqiqliklə sənədləşdirilmişdi. 
Həmin rəylərdən bəzilərini müəlliflərin adını göstərmədən təqdim edirəm.

Dilçilik İnstitutunun elmi katibi, ÜİK(b) üzvü... : "Azərbaycanın ictimai təşkilatlarının Hüseynova Stalin mükafatı laureatı adının verilməsi haqqındakı qərarının ləğvi ilə bağlı tələbləri və bunun ardınca Stalin Mükafatları Komitəsinin, habelə SSRİ Nazirlər Sovetinin müvafiq qərarları tamamilə ədalətli addımdır. Çünki Hüseynov həqiqətən kitabında müridizmi ideallaşdırmış, Şamil hərəkatının tarixi mənasını təhrif etmiş, öz burjua-millətçi tərəddüdlərinə meydan açmışdır. 

Hüseynov tərəfindən Şamilin xalqın seçdiyi mütərəqqi xadim kimi qiymətləndirilməsi antimarksist mövqedir".

MELİ (Marks, Engels, Lenin İnstitututu - V.Q.) Azərbaycan Filialının baş elmi işçisi, ÜİK(b)P üzvü... : "Hüseynov axır vaxtlar çox həddini aşmışdı, heç kimlə hesablaşmırdı. Hətta iş o yerə çatmışdı ki, Azərbaycan KP(b) MK-nın başı üzərindən kitabını Moskvaya, Stalin mükafatına təqdim etmişdi. Hələ bu azmış kimi, o, Elmlər Akademiyasının binasında intihara cəhd kimi alçaq bir hərəkətə yol verərək bizdə guya alimlərin sıxışdırıldıqlarını, guya onların müdafiə məqsədi ilə müraciət edəcəkləri bir yerin olmadığını sübuta yetirməyə çalışmışdı.

Hüseynov təsadüfən yüksəlmiş adam idi və buna görə də baş verənlər təsadüfi sayılmamalıdır. Bunu tez və ya gec gözləmək lazım idi".
Azərbaycan Tibb İnstitutu Histologiya kafedrasının müdiri, ÜİK(b)P üzvü ... : "Hüseynovun vicdansız adam olduğu aşkara çıxır, çünki o, Türkiyənin və İngiltərənin casusu Şamili ideallaşdırmaq fikrinə düşmüşdü. Yalnız vicdansız adam belə bir işi Stalin mükafatına təqdim edə bilərdi".

"Pioner" qəzeti redaksiyasının əməkdaşı, ÜİK(b)P üzvü, şair... : "Bu Stalin Mükafatları Komitəsinin qərarının ləğvi ilə bağlı ilk təsadüfdür. Hüseynov tək özünü deyil, bütün respublikanı biabır etmişdir. 

Heydər Hüseynovu ictimai və fəlsəfi elmlər sahəsində bir nömrəli mütəxəssis sayırdılar, daim diqqət və qayğı göstərirdilər. Lakin bütün bu zəhmətlər hədər getdi. Onun hərəkəti bağışlanmaz səhv deyil, cinayətdir".

"Azərnəşr"in direktoru, ÜİK(b)P üzvü ... : "Heydər Hüseynovu həmişə Azərbaycanın bütün qalan alimlərindən bir baş yuxarı tuturdular. O, elmi fikrin digər nümayəndələri üzərində özünəməxsus diktator idi. Gərək ona bu şəkildə əndazəsini aşmağa imkan verilməyəydi. Bu, səhv idi və indi həmin səhvin nəticəsi göz qabağındadır. O, əsaslı iradları öz alim ləyaqətinə qarşı yönəldilmiş təhqir kimi qəbul edirdi və nəticədə özünəqəsd kimi yaramaz bir provakasiyaya əl atdı. Çox güman Hüseynov bu hərəkəti ilə Azərbaycan KP(b) MK-nın rəhbərliyini zərbə altında qoymaq istəmişdi. Ancaq o, zənnində yanılmışdır".

Belə baltanı kökündən vuran donos-rəylər az deyil.

Və təbii ki, bu qaragüruhçu çıxışlar qorxudulmuş, küncə sıxışdırılmış kabinet ziyalısını intihara sövq etmək üçün yetərli idi.

C.Bağırovun qəzəb və hiddəti təkcə akademik Heydər Hüseynova deyil, onunla bu və ya digər şəkildə əməkdaşlıq edən digər tanınmış Azərbaycan ziyalılarına qarşı da çevrilmişdi. Onların sırasında kitabın redaktoru və ön sözün müəllifi akademik A.O.Makovelski, akademik M.İbrahimov, professor M.A.Dadaşzadə, yazıçı M.Hüseyn də vardı. "Xozeyin" hətta Mirzə İbrahimovun kitab müəllifinə ünvanlanmış şəxsi məktubunu da iki min nəfərlik auditoriya qarşısında oxumağı məqbul saymışdı. 

Məktubda qeyri-adi bir şey yox idi. Mirzə İbrahimov həmkarını uğurlu əsər münasibəti ilə təbrik edir, gələcəkdə bu istiqamətdə axtarışlarını davam etdirməyi məsləhət görürdü. Yeri gəlmişkən, Mirzə İbrahimov iclasda da fikirlərindən imtina etməmişdi. Doğrudur, vəziyyətdən çıxmaq üçün müxtəlif üsullara əl atmışdı, lakin həmkarına qarşı siyasi ittiham irəli sürməmişdi. M.C.Bağırovun zəhmi və xofu qarşısında M.A.Dadaşzadə və Mehdi Hüseyn də duruş gətirmişdilər. 

Məmməd Arifin nəvəsi Zümrüd xanım Dadaşzadə babasına söhbətinə istinadən yazır: "Filarmoniyadakı iclasda Bağırov məhz M.Arifə Hüseynovu ifşa edən məruzə ilə çıxış etməyi tapşırmışdı. Amma M.Arif tənqiddən yayınaraq, rəhbəri olduğu institutun işləri haqqında danışmışdı. Bağırov bir neçə dəfə onun sözünü kəsib: "Arif, perexodi k suti - mətləbə keç" - demişdi. Nəhayət, hirslənib: "Arif, tı xuje, çem Qeydar Quseynov, tı- tureükiy şpion", - deyə çığırmışdı. Deyilənə görə, tribunadan düşəndən sonra, Arif müəllimin əyləşdiyi sırada və onun arxasında heç kim qalmamışdı. Sonra da Məmməd Arif işdən, partiyadan, Yazıçılar İttifaqının üzvlüyündən azad edilmişdi".  

Bütün bunlar şəraitin mürəkkəbliyinə baxmayaraq, 50-ci illər Azərbaycan ziyalılarının simalarını qorumaq üçün bəzən hətta riskli addımlar atdıqlarının nümunəsi sayıla bilər. Məhz belə münasibətlərinə görə iclasın qətnaməsində bir sıra ziyalıların Heydər Hüseynovun şəxsinə və zərərli əsərinə münasibətdə prinsipsiz mövqe tutduqları qeyd olunmuşdu. 

Amma təbii ki, zəif etirazlar əvvəlcədən hazır olan hökmün qarşısını ala bilməmişdi. Belə şəraitdə tamamən ruhdan düşmüş, təklənmiş, sarsılmış və yəqin ki, həyatından, elmi karyerasından daha çox ailəsinin, xanımı ilə üç kiçik yaşlı qızının aqibətini düşünən Heydər Hüseynov Filarmoniyadakı iclasdan düz bir ay sonra - əvvəldə də deyildiyi kimi, 1950-ci il avqustunda Mərdəkandakı kasıbyana bağında intihar etdi. Deyilənə görə, EA-dakı ilk intihar cəhdindən sonra qoca anası onu qarabaqara izləyir, dəhşətli niyyətinin qarşısını almaq istəyirmiş. Qarının bütün səylərinə baxmayaraq, bu, mümkün olmamışdı...

M.C.Bağırovun hökmü ilə mükafatı əlindən alınandan, işdən çıxarılandan sonra Heydər Hüseynovun "kitabının bağlandığı" artıq heç kəsə sirr deyildi. Təəssüf ki, o zaman da, indi də bizdə "kitabı bağlananların" müdafiəsinə qalxanlar günün günorta çağı çıraqla axtarılanlar qədər azdır. 
Amma yox!

Göründüyü kimi, hətta  M.C.Bağırovun yanında Heydər Hüseynova qara yaxmaqla bağlı plana zidd gedənlər olmuşdu.

Cəmiyyətdə isə təkcə donosbazlar söz sahibi deyildilər. Vicdanlı adamlar hətta izləndiklərini bilsələr də, dəhşətli ədalətsizliyə laqeyd qalmamışdılar.  

Azərbaycan SSR Dövlət Təhlükəsizliyi naziri A.Yemelyanovun M.C.Bağırova 24 may 1950-ci il tarixli "tam məxfi" məktubunda belə cəsarətli şəxslərin fikirlərindən nümunələr gətirilmişdi. 

Yuxarıda istinad etdiyimiz donos müəlliflərindən fərqli olaraq onların adlarını mütləq xatırlatmaq  lazımdır:

Memarlıq namizədi, Azərbaycan EA İncəsənət İnstitutunun Memarlıq şöbəsinin müdiri, bitərəf Qəzənfər Əlizadə: "Komitənin (Stalin Mükafatları Komitəsi - V.Q.) məlumatında Şamil hərəkatına verilən qiymət məni xeyli təəccübləndirdi. Şeyx Şamil Nikolay Rusiyası kimi irticaçı bir qüvvənin qarşısında təbii ki, kiməsə arxalanmalı idi.

Mən milli-azadlıq hərəkatının nə olduğunu aydınlaşdırmağa çox çətinlik çəkirəm. Hüseynov özündən heç nə yazmayıb. O, sadəcə, indiyə qədər Şamil hərəkatına münasibətdə mövcud olan nöqteyi-nəzəri təsdiq edib". 

Azərbaycan SSR EA Coğrafiya İnstitutunun baş elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Hüseyn Mamayev (görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin bacısı oğlu - V.Q.) mövqeyini daha sərt ifadə etmişdi: "Hüseynovu göyə qaldırdılar. Oradan da yerə çırpdılar. Zavallı Şamil 30 il çara qarşı mübarizə aparmışdı. İndi də deyirlər ki, Türkiyə ilə İngiltərənin casusu olub. Əlbəttə, bunlar çox gülməlidir. 

İndi Suvorov haqqında sərgilər təşkil olunur. Qəzetlər Azərbaycan zəhmətkeşlərinin onun vəfatının 150 illiyini qeyd etməyə hazırlaşdıqlarını yazır. Bütün bunlar ancaq ona görədir ki, Suvorov türklərin kökünü kəsməklə məşğul olub. Hər şey tərsinə çevrilib.

Mirzə Kazımbəy Azərbaycanda yeganə layiqli professor olub. Hazırda ona qarşı çevrilmiş çıxışlar məndə yalnız hiddət oyadır".

ÜİK(b)P üzvü, Azərbaycan Pedaqoji İnstitutunun SSRİ tarixi kafedrasının assisienti Əsəd Dilbazi də akademik H.Hüseynova qarşı kampaniyaya kəskin etirazını bildirmiş, ziyalılara münasibətdə "terrora" qayıdış təhlükəsinin baş qaldırdığından danışmışdı: "Bizdə indi nə isə ağlasığmaz işlər baş verir. 1937-ci ilin qaydalarını bərpa ediblər və yenidən ziyalılara qarşı terrora əl atıblar. Heydər Hüseynov Ümumittifaq miqyaslı böyük alimdir. Amma onu elə vəziyyətə gətiriblər ki, intihara cəhd edib".

Yaponiyanın ədəbiyyat üzrə ilk Nobel laureatı (1968) Yasunari Kavabata yazırdı: "İnsanın dünyaya yadlaşma dərəcəsindən asılı olmayaraq intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal təsir bağışlasa da, müqəddəs hesab oluna bilməz".

Heydər Hüseynov nə ideallıq, nə də müqəddəslik iddiasında idi. O, sadəcə bir alim və insan ömrü yaşamaq istəyirdi. Amma buna imkan verilməmişdi. Digər yandan taleyin istehzasına bax ki, ilk baxışdan çox müdrik görünən yuxarıdakı sitatın müəllifi Kavabata özü də həyatına intiharla son qoymuşdu.

Doğrudan da, ilahinin yolları gözəgörünməz və dərkedilməzdir.

Filosof-alimin həyatına qəsd məsələsinə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi, baş tutmamış intihar cəhdi olmuşdu. Bəlkə də böyük sarsıntı, ümidsizlik xofu və həyəcan siqnalı kimi səslənən həmin cəhddən sonra H.Hüseynova şəfqət və qayğı ilə yanaşılsaydı, ən azı azı həyatına qəsd etməklə "günahlarını yuduğu" deyilsəydi, XX yüzillikdə Azərbaycan elminin və mədəniyyətinin payına düşən faciələrdən birinin qarşını almaq olardı. 

Hansı şəraitə düşməsindən asılı olmayaraq insanın özünə əl qaldırmasını qəhrəmanlıq adlandırmaq çətindir. Eyni zamanda, bu qeyri-adi, faciəvi qərarı qəbul edən insanların hərəkətlərinə necə deyərlər, "post-faktum" qiymət vermək, aradan illər keçəndən sonra ədalətli münsif fikrinə düşmək üçün də bizim hər hansı mənəvi haqqımız və səlahiyyətimiz yoxdur. 

Bizə sadəcə acı keçmişə görə  təəssüflənmək qalır.

Aradan onilliklər keçsə də, Heydər Hüseynovun EA-nın Fəlsəfə və Hüquq İnstitutunda işləyən və ara-sıra rastlaşdığım, bir neçə dəfə həmsöhbət olduğum  qızı Sara xanımın sifəti indi də gözlərim önündən çəkilmir. Sanki ata itkisi, ailənin yaşadığı bütün qorxu, dəhşət və iztirablar bu sifətdə həkk edilmişdi...

 

 

 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Mədəniyyət