USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Siz teatrı sevirsinizmi? - Əli Əmirli yazır...


https://img.baki-baku.az/news/2021/08/photo_4765.jpg?v=MjAyMS0wOC0zMCAxNTozNDoyMw==

İl yarımdır teatr öz funksiyasını yerinə yetirə bilmir, ağır məxmər pərdələr qapanıb. Divarlar alqış səslərinə həsrət qalıb. İnternet vasitəsilə tamaşaların göstərilməsi də təsəlli ola bilmədi. Teatrın sehri, tilsimi canlı ünsiyyətdə, səhnə ilə tamaşaçı arasındakı hisslər, emosiyalar mübadiləsindədir. Səd heyif, biz bu sehrdən məhrum olmuşuq. Teatra xidmət edən yüzlərlə, minlərlə insan sevdiyi, həyatını həsr etdiyi işindən-peşəsindən uzaq düşüb: dramaturqlar, rejissorlar, aktyorlar, rəssamlar, bəstəkarlar, xoreoqraflar, teatrşünaslar və əlbəttə ki, teatrı sevən tamaşaçılar. Məşq yox, tamaşa yox, hər bir teatrda bayram olan premyera yox. Bu gün həm teatr sahəsində, həm də kinoda çox güclü, istedadlı gənc nəsil yetişib, onların özlərini, sənətlərini göstərmək üçün  meydanları yoxdur. Mədəniyyət Nazirliyində kadr islahatları olub və davam etməkdədir, amma 27 dövlət teatrı işləmirsə, konsert salonları ağzıgünə qalıbsa, nazirlik bu sahədə nəyə qabil olduğunu necə göstərməlidir?

Şəxsən bir dramaturq kimi mənim özümə gələndə, elə Bakının üç əsas teatrının repertuarında yeddi əsərim fəal repertuardadır. Pandemiyadan qabaq ayda azı 10-12 tamaşam oynanırdı. Bu tamaşalar indi, faizsiz depozitə qoyulub, deməli, mənə həm mənəvi cəhətdən, həm də maddi cəhətdən, zərbə deməzdim, ziyan  dəyir. Əlbəttə, teatr işləməsə də, mən yazıram, dramaturqun işi  kollektiv yox, fərdidir, yazı prosesində ona rejissor, aktyor, səhnə lazım olmur. Bəlkə əvvəlki həvəslə, entuziazmla yazmıram,  çünki hər bir əsərin tamaşaya qoyulması dramaturq üçün yeni  yaradıcılıq impulsudur, mənəvi stimuldur.  Buna baxmayaraq, nə qədər qəribə olsa da, pandemiya yeni əsərlərin yaranmasına mane ola bilmədi. "Pərdəsiz" adlı pyesim "COVİD"in ən qızğın vaxtında yazıldı, bu mövzu məni çoxdan düşündürürdü. Əsər teatr aləmində bir vaxtlar çox məşhur olmuş tanınan simaların həyatından bəhs edir. "Ağdamda nəyim qaldı?" romanımdan sonra yenə də nəsrdən aralanmışdım. "Pərdəsiz"dən sonra bir daha qələmi nəsrdə sınadım, "Mələk əmi" adlı novellam yazıldı. Hər iki əsər həmişə olduğu kimi, ilkin olaraq "Azərbaycan" jurnalında çap olundu. Daha bir pyesi 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən sonra yazdım. "Bircə addım"ın yazı prosesi çox çətin başa gəldi, finalı tapmaqda ciddi çətinlik yaşadım. Pyesi bitirəndə mənə elə gəldi ki,  bu müqəddəs müharibənin iştirakçısı olmuşam. Fasiləsiz oyun kimi düşünülmüş əsər cəbhədən qəhrəman kimi qayıtmış əsgərin və onun ailəsinin gözlənilməz emosional gərginliklərlə zəngin dramını əks etdirir. Pandemiya dövründə yazılmış bu əsərlərin, xüsusilə Vətən müharibəsi mövzusunda olan "Bircə addım"ın tamaşaya qoyulmasını çox istərdim, amma və lakin... 

Bir məqam hamı kimi məni də narahat edir və haqlı sual doğurur. Toylar çalınır, adamlar yeyir-içir, sərxoş olur, rəqs edir, qucaqlaşıb öpüşür və heç bir qərar, heç bir nəzarət, cərimə onların bir-biri ilə yaxın təmasının qarşısını ala bilmir, ala da bilməz. Restoranlar, marketlər, iri ticarət mərkəzləri işləyir. Bu ayaqdan yanaşanda ən təhlükəsiz ictimai yer elə teatrdır. Burda yemək-içmək yox, sərxoş adama rast gəlməzsən, tamaşaçılar bir-birilə qucaqlaşmır, öpüşmür, tamaşa zalı da kifayət qədər genişdir, tamaşaçıların bir-birindən aralı oturmasına kifayət qədər yer-məsafə var. Onlar maskada da otura bilərlər. Deməli, hər bir teatra heç olmasa həftədə 1-2 tamaşa oynamağa icazə verilə bilər, bu, həm teatrların xeyrinə olar, həm də tamaşaçıların.

Toya gedənlərdən COVİD pasportu istəyirlər, bunu teatrda  tətbiq etmək daha asandır, onsuz da qapıda tamaşaçıların giriş biletləri yoxlanır, onda COVİD pasportunu da tələb etmək olar.  

O da məlumdur ki, dövlət qurumlarının əksəriyyətində, o cümlədən, teatrlarlarda da əməkdaşların əksəriyyəti vaksin olunub. Bu dediklərimiz göstərir ki, ciddi təhlükə mənbəyi teatr deyil, indiki halda bəlkə toyxanalar və restoranlardır. Bununla belə, mən bu müəssisələrin işləməsinin də əleyhinə deyiləm, orda minlərlə adam həqiqətən zəhmət çəkir, əməkhaqqı alır, ailə saxlayır. Elə musiqiçilərin də vəziyyətini nəzərə almalıyıq. Azərbaycanda müğənni heç yerdən qonorar almır, disklərinin satılmasından gəlir götürmür, konsertləri borcla və ya gizli sponsorlar hesabına başa gəlir. Onların yeganə gəlir yeri toylardır, restoranlardır. Qazandıqları da halaldır. Onlar rüşvət almır, dövlət büdcəsindən oğurlamır, zəhmət çəkir, müqabilində zəhmət haqqısını  alır, heç kəsin də cibinə girmirlər. 

Bütün bunlar göstərir ki,  Operativ Qərargahın qəbul etdiyi qərarlar həmişə adekvat deyil. Odur ki, teatrların və konsert salonlarının fəaliyyətinə birbaşa məsul olan Mədəniyyət Nazirliyi  Operativ Qərargaha məsələnin çox ciddi olduğunu anlatmalı və teatrların işinin bərpasına nail olmalıdır.
Bu yerdə mən teatrla istənilən formada əlaqəsi olan hər bir kəsdən, o cümlədən, teatr tamaşaçılarından sual edirəm: Siz teatrı sevirsinizmi? Belinskidən iqtibas etdiyim bu suala müsbət cavab alacağıma əminəm. Odur ki, hamı səsini qaldırmalı və teatrların işinin bərpa olunmasını tələb etməlidir.

"525-ci qəzet", 24 avqust, 2021




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Əli Əmirli