USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mətbuat dahisi


https://img.baki-baku.az/news/2021/07/photo_4399.jpg

“Öz sənətini sevən adamdır”, “Sonsuz həvəsi, qəlbinin döyüntüsü onu bu sahəyə gətirmişdir”, “Öz biliyi, zəhməti, mütaliəsi, istedadı ilə yüksəlmişdir sənətinin zirvəsinə”, “Peşəsinə olan məhəbbəti onu öz sənətindən uzaqlaşmağa qoymamışdır”, “Jurnalistikanın inkişafında böyük xidmətləri olmuşdur”.

Bu cür sözləri hər sənət sahibi haqqında söyləmək olmur. Ancaq bütün bu deyimləri Milli mətbuatımızın inkişafında, jurnalist kadrların yetişdirilməsində böyük xidmətləri olan Şamil Məmməd oğlu Şahməmmədova mübaliğəsiz aid etmək mümkündür.

Bəri başdan deyim ki, Şamil müəllim sənətini sevənlərə ornəkdir, onlara bariz nümunədir. Bunu isbat etmək üçün onun ömürnaməsindən kiçik bir epizodu diqqətə çatdırıram. Şamil Şahməmmədov Gəncə şəhərində (keçmiş Kirovabadda) orta məktəbi gümüş medalla bitirdikdən sonra 1953-cü ildə böyüklərinin məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə verir və müvəffəqiyyətlə müsabiqədən keçərək universitetə qəbul olunur. Gənc Şamil buna bir yandan sevinsə də, digər tərəfdən qəlbi o qədər də şadlanmır. Özü demiş, onun “əzablı” günləri bundan sonra başlamışdır. Çünki Şamil bütün varlığı ilə  jurnalist olmaq istəyirdi.

Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Ş. Şahməmmədov fizika-riyaziyyat fakültəsində I-ci kursu başa vurduqdan sonra o vaxtlar universitetin həmin fakültəsinin dekanı vəzifəsində işləyən Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, əslən Gədəbəyli olan Qoşqar Əhmədova müraciət edir və ona jurnalistikaya böyük həvəsi olduğunu bildirir. Qoşqar müəllim Şamili diqqətlə dinlədikdən sonra müstəqil həyata yenicə qədəm qoyan, riyaziyyatı da çox mükəmməl bilən bu gəncin həqiqətən jurnalistikaya daha çox fayda verəcəyini düşünür və sevimli tələbəsinin istəyini nəzərə alaraq onun filologiya fakultəsinin jurnalistika şöbəsinə keçirilməsinə köməklik göstərir.

Hələ orta məktəbin 4-cü sinfində oxuyarkan dövri mətbuatda məqalələri çıxan Ş.Şahməmmədov universitetdə fərq imtahanları verərək yeni dərs ilindən olur jurnalistika şöbəsinin tələbəsi. Elə tələbəlik illərindən də başlayır jurnalistik fəaliyyətinə. Onun imzası tez-tez qəzet səhifələrində görünür, reportajları radio dalğalarında səslənir. O dövrün mətbuat orqanlarına yeni nəfəs gətirən Şəmil təcrübəli jurnalistlərin, qədirbilən redaktorların diqqətindən yayınmır. İnsan sərrafı, bacarıqlı və ötkəm redaktor kimi tanınan, özünün yenicə yaratdığı “Bakı” axşam qəzetinin redaktoru Nəsir İmanquliyev Ş.Şahməmmədovu hələ universiteti bitirməmiş - 4-cü kursdan redaksiyaya işə dəvət edir. O, 1957-ci ilin sonundan - paytaxt qəzetinin hələ I-ci nömrəsi çapdan çıxmamış - ştatlı işçi kimi “Bakı” axşam qəzetinin redaksiyasında əmək fəaliyyətinə başlayır. Necə deyərlər, anadangəlmə jurnalist olan Ş.Şahməmmədov üçün geniş iş cəbhəsi açılır. Paytaxtımızın ilk mətbu orqanı olan “Bakı”nın birinci nömrəsinin buraxılışında iştirak edir. Bəli, Ş.Şahməmmədov həm özü “Bakı”da püxtələşir, həm də “Bakı”nın, sonra isə “Baku”nın təşəkkül tapmasında böyük xidmətlər göstərir.

Şamil müəllim ədəbi işçi vəzifəsindən axşam qəzetlərinin redaktorluğunadək yüksəlmişdir.

Tale elə gətirmişdir ki, mən də Şamil müəllimlə eyni redaksiyada çalışmışam. Özü də nə az, nə çox, düz 20 il. İlk məqaləm də məhz Şamil müəllimin “Ş.Ş.” dərkənarı ilə çapa göndərilmiş və “Bakı” qəzetində dərc olunmuşdur.

  Şamil müəllim həmişə tövsiyə edərdi və indi də məsləhət görür ki, qəzet məqaləsini konkret faktlar əsasında, özü də yığcam yazmaq lazımdır. Ona görə də Şamil müəllimin özü haqqında yazdığım bu məqalədə də həmin prinsipi pozmaq istəmirəm. Doğrudur, Şamil müəllimin barəsində o qədər zəngin xatirələrimiz var ki, onları yazmaqla qurtaran deyil və bunlar böyük bir povestin, romanın mövzusudur. Hazırda üzərində işlədiyim “Bir az da özümüzdən” kitabımda onun haqqında geniş söhbət açacağam. İndi isə onun bir jiurnalist, qayğıkeş insan, bilikli ziyalı kimi xarakterinin bəzi cizgilərini diqqətə çatdırıram.

Şamil Şahməmmədov ensiklopedik biliyə malik jurnalistdir. Bu onun müxtəlif mövzularda yazdığı məqalələrində də açıq-aydın görünür. Onun hər bir yazısı rəvandır, aydın, oxunaqlı dildə yazılmışdır və yeni sözlərlə, ifadələrlə zəngindir. Şamil müəllim güclü redəktə qabilliyətinə malikdir, gözəl tərcüməçidir. İstər siyası mövzuda, istərsə də bədii yazı olsun, onun üçün fərqi yoxdur, müəllif fikirlərinə, yazı stilinə toxunmadan materialı yüksək səviyyədə redəktə edir. Onun əlindən çıxan yazıya heç kəs, necə deyərlər, “qulp” qoya bilməz. Zəngin söz ehtiyatına malik olan bu publisist-jurnalistin təcrübəsindən yüzlərlə gənc bəhrələnmişdir. Və onlar yazılarında diqqətli, məsuliyyətli olmaqda Şamil müəllimə minnətdardırlar.

Bir şeyi xüsusi vurğulamaq istəyirəm. Şamil müəllimin redaktə etdiyi məqalədə nə ifadə, nə təşkilat adlarının səhv yazılışına, nə də faktların təhrifinə rast gəlmək mümkün deyil. Stilistik, orfoqrafik xətalardan isə söz açmağına dəyməz. Çünki səhvləri tutmaq üçün gözlərində sanki güclü maqnit olan Ş.Şahməmmədovun diqqətindən xırda şeylər belə yan keçə bilməz.

Şamil Şahməmmədov görkəmli jurnalist Nəsir İmanquliyevin etibar etdiyi əməkdaşlardan biri, mən deyərdim ki, birincisi idi. O da öz növbəsində həm universitet, həm də həyat müəlliminin tövsiyələrindən və təcrübəsindən daim bəhrələnmişdir. Təsadüfi deyildir ki, Nəsir müəllim 30 illik redaktorluqdan sonra pensiyaya çıxdıqda onu məhz öz varisi Şamil Şahməmmədov əvəz etmişdir. Şamil müəllim bu vəzifəni ləyaqətlə yerinə yetirmişdir.

Şamil müəllim hansı vəzifədə, hansı mətbuat orqanında çalışmasından asılı olmayaraq sadəliyi, mərdliyi və sərtliyi ilə seçilmişdir. O, insanlara qayğı göstərməyi, işçilərin sosial şəraitini yaxşılaşdırmağı özünə borc bilirdi. Şamil müəllim bu xüsusiyyətləri məhz öz hamisi Nəsir İmanquliyevdən əxz etmişdir. Redaktor olduğu müddətdə öz nüfuzundan istifadə edərək “Bakı” qəzetinin 4 işçisinə yeni mənzillər ayrılmasına nail olmuşdur.

 Şamil Şahməmmədovun siyasi uzaqgörənliyi, idarəçilik qabiliyyəti, jurnalistik məharəti yuxarı dairələrin diqqətindən yayınmamışdır. O, bir vaxtlar respublikanın aparıcı mətbu orqanı olan “Kommunist” qəzetində redaktoru əvəz edəndə də, AZƏRTAC-ın direktoru olanda da öz bacarığını nümayiş etmişdir. AZƏRTAC məhz onun zamanında təşəkkül tapmış, müasir dövrün tələbləri səviyyəsində yeni layihələr çərçivəsində təzədən qurulmuşdur. Hazırda Azərbaycanın bu Baş Dövlət İnformasiya Agentliyini - AZƏRTAC-ı Şamil müəllimin yetirmələri - həmin qurumun baş direktoru Aslan  Aslanov və baş direktorun birinci müavini Dağbəyi İsmayılov yüksək səviyyədə, peşəkarlıqla idarə edirlər.

Görkəmli jurnalist Şamil Şahməmmədovun əməyi yüksək qiymətləndirilmişdir. Milli mətbuatımızın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Ş.Şahməmmədov eyni zamanda Prezident təqaüdünə layiq görülmüşdür. Bundan əlavə o, uzun müddətli fəaliyyəti zamanı müxtəlif yaradıcılıq müsabiqələrinin laureatı olmuş, mükafatlar, diplomlar, Fəxri fərmanlar almışdır.

Milli mətbuatımız günü ərəfəsində həmkarımız, görkəmli ustad jurnalist Şamil Şahməmmədovu səmim qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti arzulayırıq.

Ənvər Məşədiyev




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Ənvər Məşədiyev